Ermənilər işğal
olunmuş
ərazilərdə ekoloji
terror törədirlər
Flora və fauna məhv
olmaq təhlükəsilə üzləşib
Ermənilər
tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ekoloji terror davam etdirilir. İşğal olunmuş
ərazilərə nəzarət edən Ermənistan
oradakı real ekoloji vəziyyəti
qəsdən gizlədir və ona görə
həmin vəziyyət haqqında konkret məlumat
əldə etmək mümkünsüz olub. Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı
Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl,
Füzuli və Ağdam
rayonlarının əraziləri insan nəzarətindən
kənardadır, əkilib-becərilmir və ona
görə də böyuk ekoloji
fəlakətə səbəb olur.
Ermənistan
ərazisindən başlayan çayların demək olar ki,
hamısı Azərbaycanın Kür-Araz çaylarına və
oradan da Xəzərə tökülür. İllər boyu bu
ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz suları
ilə Azərbaycanın çaylarını çirkləndirir.
Qafan mis-molibden
yataqlarından Boxçuçaya
axıdılan zərərli çaylar,
Ermənistan AES və s. Azərbaycanın
ekologiyası üçün daimi təhlükə mənbəyini
yaradırlar. Ermənistan AES-də istifadə olunan
sular sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür. Bu stansiyanın işlənmiş
radioaktiv tullantılarını Azərbaycanın
işğal olunmuş
rayonlarının ərazilərində basdırılması
haqqında məlumatlar mövcüddur. İşğal olunmuş
dağlıq ərazilərdə hərəkət edən
ağır hərbi texnika, çoxlu miqdarda atılan
mərmilər, bastırılmış minalar
bu ərazilərin torpaq
örtüyünə və bitki aləminə
güclü zərər vurmuşdur.
Ermənilər tərəfindən dağ meşələri ucdantutma
qırılaraq qonşu ölkələrə
daşınır, nadir bitki
və heyvanların kökü kəsilir.
İşğal olunmuş
ərazidən başlayan suvarma
kanallarının qarşısının kəsilməsi Azərbaycanın
dağətəyi rayonlarının kənd təsərrüfatına
ağır zərbə vurur. Deyilənlərdən
aydın olur ki, işğaldan insanlarla
yanaşı Azərbaycan təbiəti də böyük
zərər çəkir. Ermənistanın həyata keçirdiyi işğalçı siyasəti
Azərbaycan təbiətinə, bioloji
müxtəlifliyə, bütövlükdə regionun
ekoloji durumuna ciddi ziyan vurur,
ətraf mühitin deqradasiyası ilə nəticələnən
fəsadlara gətirib çıxarır. Bu
azmış kimi ermənilər tərəfindən
işğal altında olan
ərazilərində mütəmadi yanğınlar törədilməklə
ətraf mühitə ciddi ziyan
vurulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əldə
olunan məlumata görə, 1988-93-cü
illər ərzində Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub. İşğal olunmuş
ərazilərdə qalmış ümumilikdə 261 min hektar meşə, o cümlədən 13 min
197 hektar qiymətli meşə
sahələri, 215 ədəd təbiət abidəsi, 5 ədəd
geoloji-paleontoloji obyekt,
hündürlüyü 45 metr,
diametri 6-8 metrədək, yaşı 120
ildən 2000 ilədək olan
pasportlaşdırılmış 145 Şərq
çinarı və digər təbiət abidələri talan olunaraq əksəriyyəti
məhv edilib. İşğal
olunmuş ərazilərdə 460 növdən
çox yabanı ağac
və kol bitkiləri bitir.
Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı,
Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar
şamı, adi xurma, söyüdyarpaq
armud və s. növ ağaclar işğal olunmuş ərazilərdə məhv
edilərək dünya
florasının xəzinəsindən
silinmək üzrədir.
Eyni zamanda, bu ərazilərdə
"Azərbaycan Respublikasının
Qırmızı Kitabı"na
daxil edilmiş məməlilərin 4, quşların
8, balıqların 1, amfibiya
və reptililərin
3, həşəratların 8, bitkilərin 27 növü
qorunurdu ki, bunların da xeyli hissəsi artıq məhv edilib. Böyük əhəmiyyətə malik
xüsusi mühafizə
olunan təbiət ərazilərinin 70 min 388,6 hektarı
- Bəsitçay və
Qaragöl dövlət
təbiət qoruqları,
Arazboyu, Laçın,
Qubadlı və Daşaltı dövlət
təbiət yasaqlıqlarının
ərazilərində olan
qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri
bu gün də işğalçı
ordunun tapdağına
məruz qalaraq məhv edilir.
İşğal olunmuş ərazilərdən
keçən təbii
su mənbələrimiz
də Ermənistan tərəfindən həddindən
artıq çirklənməyə
məruz qalır. Araz və
Kür çaylarının
qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan
tərəfindən ən
ağır formada çirkləndirilməsi nəticəsində
sözügedən çaylarda
canlı aləmin yaşayışı üçün
ciddi təhlükə
yaranıb. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji
əhəmiyyətə malik
bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı
7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının
yaylaqlarında Böyük
Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl,
İşıqlı Qaragöl
və Ağdərə
rayon ərazisində (Tərtərin
qolu olan Torağaçayda) Qaragöl
kimi şirin su mənbələri çirkləndirilir, dağıdılır
və nəticədə
unikal bir ərazi ekoloji fəlakət həddinə
çatdırılıb. İşğal olunmuş ərazilərdəki
17 ədəd hidroloji
məntəqədə hidrometeoroloji
müşahidələr dayandırılıb
və hidrometeoroloji müşahidə bazası
sıradan çıxarılıb.
Ermənilərin işğal
altında saxladığı
torpaqlarda ümumi həcmi 631 milyon m3 olan 10 su anbarı,
o cümlədən Tərtər
çayı üzərində
inşa edilmiş, su tutumu 560 milyon
m3 olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış
Sərsəng su anbarı baxımsızlıqdan
sıradan çıxmaq
üzrədir. Uzun müddətdir
ki, texniki qurğulara xidmət göstərilmədiyindən, qəza
vəziyyətində olan
Sərsəng su anbarından aşağıda,
dağətəyi və
aran hissədə yerləşən yaşayış
məntəqələrində yaşayan 400 min əhali təhlükə altındadır.
Su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları
nəzərə alınmadan
əhalisi azərbaycanlılardan
ibarət olan kəndlərə buraxılır
və nəticədə
yaşayış məntəqələri,
kənd təsərrüffatı
sahələri və kommunikasiya xətləri qışda su altında qalır. İsti yay mövsümündə
isə illik su normasının 10-15%-i buraxılır ki, bu da
kəskin su qıtlığı, əkin
sahələrinin suvarılmasında
problemlər yaradır,
yaşıllıqlar quruyaraq
məhv olur. Qeyd olunan faktları
nəzərə alaraq,
Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanın
sərhədyanı rayonlarının
sakinlərinin qəsdən
sudan məhrum
edilməsi ilə bağlı 2085 (2016) nömrəli
qətnamə qəbul
edilib. Qətnamədə vacib humanitar
problem nəzərə alınaraq,
Ermənistan silahlı
qüvvələrinin sözügedən
regiondan dərhal çıxarılması, müstəqil
mühəndis və hidroloqlar tərəfindən
yerində təhqiqat aparılmasının təmin
edilməsi tələb
edilib.
Azərbaycan Respublikasına aid və işğal altında saxlanılan torpaqlardakı
bütün növdən
olan təbii sərvətlər talan edilərək ərazidən
çıxarılır. Burada
163 faydalı qazıntı
yataqları, o cümlədən
5 qızıl, 7 civə,
2 mis, 1 qurğuşun
və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı
üçün xammal,
12 əlvan və bəzək daşları,
10 mişar daşı,
21 üzlük daşı,
9 gil, 20 sement xammalı, 8 müxtəlif
növ tikinti daşları, 6 əhəng
xammalı, 10 qum-çınqıl,
4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan
külü,16 yeraltı şirin
su və 11 mineral su yatağı yerləşir ki, bu sərvətlər vaxtilə ölkənin iqtisadi potensialında mühüm əhəmiyyət
kəsb edib və illərdir ki, ermənilər tərəfindən talan edilir. Qeyd olunan
yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 205,3 ton qızıl,
251,1 ton gümüş, 1 788,2 ton civə, 37,3 min ton qurğuşun,
191,6 milyon m3 mişar daşı, 7,3 milyon ton gəc, 61,4 milyon m3 üzlük daşı,
18,9 milyon m3 gil, 46,7 milyon m3 tikinti daşı, 193,1 milyon m3 qum-çınqıl, 18,0 milyon
m3 perlit, pemza-vulkan külü, 129,8 milyon ton
soda istehsalı üçün
əhəngdaşı, 282,3 milyon ton sement xammalı, 434,4 min m3/gün
yeraltı şirin su və 7 805 m3/gün mineral su və digər növ faydalı qazıntı ehtiyatları
aşkar edilib.
Təmas
xəttində yerləşən
Ağdam, Füzuli, Cəbrayıl, Tərtər
və Xocavənd rayonlarının əraziləri
erməni işğalçıları
tərəfindən düşünülmüş
şəkildə od vurularaq yandırılır. Ermənilər
tərəfindən mütəmadi
olaraq törədilən
yanğınlar nəticəsində
110 min hektardan çox
münbit torpaqlar məhv edilib, ətraf mühitə və canlı təbiətə əhəmiyyətli
dərəcədə ziyan
vurulub. Azərbaycan Respublikası ərazilərinin
Ermənistan silahlı
qüvvələrinin işğalı
nəticəsində itki
və tələfatlarının
qiymətləndirilməsi üzrə
İşçi Qrupu
tərəfindən aparılmış
ilkin qiymətləndirməyə
görə biomüxtəlifliyin,
meşələrin məhv
edilməsi, torpaqların
sıradan çıxarılması,
istifadədən məhrum
olunması, ətraf mühitin, o cümlədən
su mənbələrinin
çirkləndirilməsi ilə
bağlı, eyni zamanda faydalı qazıntı yataqlarının
talanı nəticəsində
təbiətə dəymiş
ziyan işğal dövrü ərzində
244,4 milyard ABŞ dolları
həcmindədir.
Nurlan
Olaylar.- 2018.- 14 sentyabr.- S.12.