AYNALI
TÜFƏNGİN NAĞILI...
Bakının işğaldan azad
edilməsinin 100 illiyi
Tovuz rayonunun Əlimərdanlı kəndində
bir ev var. Adi
kənd evlərindən biridi. Kənddəki digər evlərdən zahiri
görünüşünə görə elə də çox fərqlənmir. Amma
bu evin mərhum sahibi Ələsgər Musayev
həmkəndlilərindən fərqli bir
ömür yaşayıb. Çox
maraqlı və mənalı, elə o qədər
də məşəqqətli həyatı olub...
Bu evdə düz 100 ildi köhnə bir aynalı tüfəng müqəddəs əşya kimi qorunub saxlanır. O, Çanaqqala savaşında şəhid olmuş Şaynalı adlı türk əsgərinin olub. 100 yaşlı bu tüfəngi mən illər öncə elə həmin evdə görmüşəm. Qəribə bir görünüşü var. İndiki silahlara bənzəmir. Tüfəngin ön hissəsində və arxasında güzgü var. Aynalı tüfəng bu kəndə - bu evə necə gəlib? Sualımın cavabını və digər maraqlı faktları sonralar Ələsgər Musayevin mərhum qızı, uzun müddət Bakının Nizami rayonundakı 1 saylı uşaq evinin direktoru işləmiş, pedoqoji elmlər namizədi, Əməkdar müəllim Leyla Məmmədovadan öyrəndim.
İlk mükafat
1918-ci ildə Azərbaycanı daşnak quldurlardan və bolşevik hərbi birləşmələrdən xilas etmək üçün köməyə gələn Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Qazax, Ağstafa, Tovuz, Şəmkir ərazisindən keçərkən yerli əhali onları böyük məhəbbətlə qarşılayıb, hətta onların sıralarına qoşulanlar da olub. Onlardan biri də Ələsgər Musayev olub. Leyla xanım danışırdı: "Atam o zaman yaraşıqlı, ucaboylu, pəhləvan cüssəli, 19 yaşında bir gənc idi. Türk qoşunları Tovuzdan keçərkən atam Əlimərdanlı kəndi ilə rayon mərkəzi arasındakı 8 kilometrlik məsafəni piyada gedib ki, türklərə baxsın. Əyinlərində əsgər paltarı, çiyinlərində tüfəng olan igid türkləri görəndə atamın qanı cuşə gəlib. Elə ordaca qərar qəbul edib ki, türklərlə birlikdə döyüşsün. Kimin nə deyəcəyini, valideynlərinin razı olub-olmayacaqlarını belə düşünmədən türk zabitinə yaxınlaşıb sıralarına qatılmaq istədiyini bildirib".
Bölük komandiri Qədir Əfəndi ona yaxınlaşıb ərklə danışan bu oğlanı başdan-ayağa diqqətlə süzüb. Ələsgərin boy-buxunu, uca qəməti, iti baxışı, cəsarəti onun çox xoşuna gəlib. Hətta bu oğlan ona tanış gəlib, kim olduğunu xatırlamağa çalışıb: "Allah, Allah... Yoxsa, bu, Şaynalıdı?.. Yoxsa mən yuxu görürəm?.. İnsan necə də bir-birinə bənzəyərmiş"?! (Çox güman ki, Qədir Əfəndinin dediyi mehmetciyin adı Şahin Ali olub, Ələsgər Musayev onu Şaynalı deyə tələffüz edirmiş - Z.N.)
Leyla xanım atasının xatirələrindən söz açarkən deyirdi ki, atam türk zabitinin onu diqqətlə, başdan-ayağa sualdolu baxışlarla süzməsindən şübhələnib, qorxuya düşüb. Fikirləşib ki, görəsən nə qəbahət işlətdi ki, zabit ona belə şübhəli baxır? O, Qədir Əfəndinin bu qəribə baxışının səbəbini az sonra anlayacaq.
Komutan əsgərləri yanına çağırıb deyir ki, bu dəliqanlı bizimlə birlikdə döyüşmək istədiyini bildirir. Adı Ələsgərdi. Amma mən ona bu gündən sonra Şaynalı Ələsgər deyəcəm. Bilirsinizmi niyə? Çünki Canaqqala savaşında şəhid olan Şaynalı adlı qəhrəman əsgərimizə çox bənzəyir, sanki onun ekiz tayıdı. Mən onu görən kimi Şaynalını xatırladım, hətta bir an mənə elə gəldi ki, o ölməyib, burda bizimlədir. Haydı, dəliqanlı, keç əsgərlərimin sırasına!
O gündən Şaynalı adını daşıyan Ələsgər bu adın məsuliyyətini canına hopdurub damralarında daşıyıb və onun şərəfini qorumağa çalışıb. Və o, azərbaycanlı Ələsgər deyil, anadolu türkü olan Şaynalı olaraq qəlbində baş qaldıran nifrətin ağırlığını daşnaklardan azad etdikləri yaşayış məntəqələrində onları qarşılayan insanların üzündə gördüyü sevincin təsiri altında özündən uzaqlaşdırıb.
Qədir Əfəndi şəhid Şaynalının qorxmaz, igid, vətənini canı-qanı qədər sevən, onun yolunda şəhid olan bir döyüşçü olduğunu, hər kəsdən seçildiyini fürsət düşdükcə Ələsgərə danışırdı. Qanlı döyüşdə düşmən mərmisindən bədənləri parça-parça olan, tikələri belə ələ gəlməyən Çanaqqala əsgərlərindən söhbət açırdı. Danışdıqca da gözlərindəki kədərə qarışmış qürur hissi aydınca sezilirdi: "18 mart döyüşü bəlkə də dünya hərb tarixində ən qanlı, ən dəhşətli döyüş idi. İngilislər və fransızlar dənizdən quruya çıxdılar. Təpələrin arxasından hücuma keçdilər. Amma biz gavurlardan qorxmadıq. Tüfəngimizə süngü taxıb əks hücuma keçdik, onları dənizə tökdük, zəfər qazandıq". Ələsgər bu söhbətləri dinləyə-dinləyə özünü Şaynalının yerində hiss edir və bu adın Tovuza gəlməsindən, hörmətindən, xüsusilə də bu qədər əsgərin içindən seçilib ona verilməsindən dolayı qürur duyurdu. Bu ad onun həyatının ilk mükafatı idi. Bu ad onun ömür yolundakı ən dəyərli titul idi.
Bu ad illər sonra həm də başına gələcək bəlaların səbəbkarı olacaq. Amma Şaynalı Ələsgər son nəfəsinə qədər Çanaqqala döyüşçüsünün adını pasportundakı rəsmi adından üstün tutacaq və bundan qürur duyacaq, yorulmayacaq, usanmayacaq...
Əmanət
Qafqaz İslam Ordusunun Göyçay yaxınlığındakı Qaraməryəm kəndini ələ keçirmiş düşmənlərlə döyüşünü Şaynalı Ələsgər bir ömür unutmadı. Həmin döyüşün odu-alovu, dəhşəti xırda detallarına qədər yaddaşından silinmədi. 1918-ci ilin iyun ayı idi. Qaraməryəm, Ağsu şossesi və Müsüslü-Kürdəmir dəmir yolu ətrafında qanlı döyüşlər gedirdi. Türklər düşmənlə döyüşdə canlarından keçir, "uf" demədən şəhid olurdular. Göydən od yağırdı, aclıq, susuzluq əsgərləri əldən salsa da ruhdan düşmür, son güllələrinə, son nəfəslərinə qədər döyüşürdülər. Çanaqqala kimi bir döyüşdə tarixi qələbə qazanmış türklər üçün bu savaş da növbəti alın yazıları idi. Uzun-uzun yolları arxada qoymuş, şəhərlər, kəndlər keçmiş Çanaqqala döyüşçüləri yenə də canlarını fəda etməkdən çəkinmirdilər. Axşama yaxın Qaraməryəm demək olar ki, düşməndən təmizləndi. Döyüşdə 300-ə yaxın şəhidin qanı torpağı "suvardı". Həmin gün Şaynalı Ələsgər taleyini dəyişən, həyatına naxış vuran aynalı tüfəngi ilk dəfə əlinə aldı.
Şaynalı Ələsgər sonralar aynalı tüfənglə bağlı gizlincə, qonşuların eşitməyəcəyi tərzdə, az qala pıçıltı ilə ailəsinə belə danışacaq: " Axşamüstü Qədir Əfəndi məni yanına çağırdı, əvvəlcə təşəkkür etdi. Mən bunun səbəbini soruşmadım. Çünki qayda belə idi, dinmədən, əlavə sual vermədən sona qədər komutanı dinləməlisən. O mənə bir tüfəng göstərib dedi ki, əlindəki silahı ver mənə, götür bu tüfəngi - Şəhid Şaynalınındı. Bu tüfəngə layiq ola biləcək döyüşçü sənsən. Çox xoşbəxt idim. Komutanın bu hərəkəti mənə xoş gəldi. Unutmayacağım təsirli bir hadisə idi. Tüfəngi əlimə alanda gördüm ki, üstündə güzgü var. Diqqətlə baxdığımı görən Qədir Əfəndi dedi ki, dəliqanlı, bu, başqa silahlara bənzəməz. Çanaqqala belə aynalı tüfənglərin sayəsində keçilməz oldu, düşmənlər o torpağa ayaq basa bilmədilər".
Şaynalı Ələsgər bu əhvalatı ailə üzvlərinə danışandan sonra tüfəngi doğma balası kimi bağrına basacaq və deyəcək: "Bilirəm məni həbs edəcəklər, bəlkə də öldürəcəklər. Aynalını sizə əmanət edirəm. Onu qoruyun, heç kimə verməyin "...
Son məktub
Bir dəfə Leyla xanım mənə əski ərəb əlifbası ilə yazılmış bir kağız parçası göstərib dedi ki, bu, atamdan qalan ən qiymətli xatirədir. Şəhid Şaynalının yazdığı məktubdur. Şəhid olmamışdan bir gün əvvəl yazıb, amma məktub sahibinə yetişməyib. Vaxtilə Qədir Əfəndinin bu məktubla bağlı atasına söylədiklərini Leyla xanım dilə gətirdi:
-18 martda baş verən şiddətli döyüşdən bir gün əvvəl Şaynalı məktub yazıb. Atasına ünvanladığı məktubda sabah qanlı bir döyüş olacağını və bəlkə də bu savaşdan sağ çıxmayacağını yazan Şaynalı onu da əlavə edib ki, əgər şəhid olsa üzülməsin. Əksinə oğlu ilə qürur duysun. Vətən torpağında əbədi yatacaq oğlunun yoxluğu onu əyməsin. Amma o, məktubuni göndərə bilməyib. Döyüşdə ağır yaralanan Şaynalı son nəfəsində məktubu Qədir Əfəndiyə verib ki, atasına göndərsin. Tale elə gətirib ki, Şaynalı gözlərini əbədi yumandan 5-10 dəqiqə sonra Qədir Əfəndi də yaralanıb. Onu xəstəxanaya çatdırıblar. Bir müddət müalicə alandan sonra yenidən orduya qayıdan Qədir Əfəndinin sonralar da imkanı olmayıb ki, şəhidin məktubunu valideynlərinə göndərsin. Əslində istəyirmiş ki, müharibədən sonra mehmetciyin ailəsi ilə görüşüb məktubu versin. Amma döyüşdən-döyüşə, cəbhədən-cəbhəyə yollanan Qədir Əfəndi ürəyinin üstündə gəzdirdiyi məktubu özü ilə ta Azərbaycana qədər gətirib. Bölük komandiri Şaynalı Ələsgərə deyib ki, inşaallah Bakını azad etdikdən sonra vətəninə dönən kimi ilk işi şəhid Şaynalının məktubunu atasına vermək olacaq. Oğlum, Ələsgər, - deyib, - bu məktub türk tarixinin şanlı səhifələrindən biridi. Üç ildi onu özümlə daşıyıram. Bəlkə də məni gücləndirən, stimul verən şəhidimin məktubudu. Gəncəcik Şaynalının ruhu həmişə mənimlədi. Onu çox sevirdim. Şaynalının baxışları gözümün önündən çəkilmir. Sonuncu sözləri hələ də qulağlarımda səslənir.
Amma Çanaqqalada məğlub olmayan, Azərbaycanda zəfər qazanan Qədir Əfəndinin arzusunu amansız ölüm gözündə qoyub.
Vəsiyyət
O gün Göyçay rayonunun Bığır kəndi ətrafında susuzluqdan dodaqları quruyan, nəfəsi təngiyən əsgərin təkcə dili deyil, gözləri də yalvarırdı - bir damçı su üçün. O gün ətrafda partlayan bombalardan, az qala yağış kimi yağan güllələrdən, başlarına yağan top mərmilərindən qorunmaq olurdu, amma günəşin beyinləri yandıran istisinə tab gətirmək mümkün deyildi.
-Su... su...
O gün komutan Qədir Əfəndi də yaralı idi. Amma onu incidən yarası deyildi, "su" deyə pıçıldayan əsgərinin iniltisi ağrıdırdı onu. Susuzluqdan özü qovrulsa da əsgərinin belə əlacsız qalmasına dözə bilmirdi, sanki ürəyi sinəsindən qopurdu. Sürünə-sürünə uzaqlaşdı. Bir qədər sonra geri döndü. Əlindəki qabın içində olan 3-5 damçı suyu dodaqları parçalanan əsgərinə içirtdi. Amma gec idi, çox gec... əsgər son nəfəsini verirdi. Qədir Əfəndi nalə çəkdi, səsi uzaqlarda əks-səda verdi. Onun əsgərləri gözünün qabağında can verirdilər. Susuzluqdan ölürdülər. Komutan əlaczıs qalmışdı. Ətrafda suyu xatırladan bir əlamət belə yox idi. Qanlı savaşın içində Allah sanki, susuzluqla əsgərləri sınağa çəkirdi.
Bir neçə saat sonra Qədir Əfəndi bu "sınaqdan" çıxa bilmədi. Komutanda artıq dözüm qalmamışdı, susuzluğa tab gətirə bilmirdi. Şaynalı Ələsgər Qədir Əfəndiyə su tapmaq ümidilə özünü ora-bura çırpdı. Su tapmadı ki, tapmadı. O, gözlərini əbədi yumdu. Amma son nəfəsində gözlərini tovuzlu əsgərin üzünə zilləyib "Şaynalı... məktub..." sözlərini güclə pıçıldadı. Sanki vəsiyyət edirdi. Bu dəfə də Şaynalı Ələsgər nalə çəkdi. Onun səsi Acıdərəyə, Bığıra səs saldı... Onda 1918-ci il ilin iyul ayı idi.
O, komutanını qucağına alıb bir neçə addım irəlilədi. Sonra geri döndü. Nəyisə xatırlamağa çalışdı. Yerə oturdu. Qədir Əfəndinin başını dizlərinin üstünə qoyub üzünə baxdı. Çox sevdiyi komutanının öldüyünə inanmaq istəmirdi. Köynəyinin cibindən bir kağız parçası çıxardı. Bu, şəhid Şaynalının son məktubu idi. İki damla göz yaşı yanaqlarından süzülüb əlindəki kağızın üstünə düşdü... sətirlər qarışdı. Qədir Əfəndinin arzusu ürəyində qaldı. Şəhid Şaynalının məktubu yenə də sahibinə yetişmədi. Şaynalı Ələsgər məktubu köynəyinin cibinə qoydu - eynən Qədir Əfəndi kimi - ürəyinin üstünə...
Şaynalı Ələsgər susuzluqdan ölən Qədir Əfəndini əlləri ilə dəfn etdi. Elə adam var ki, çox sevdiyi, candan bağlandığı birisinin yoxluq adlı yükünü ömrünün sonunacan böyük bir ağrı ilə ürəyinin başında gəzdirir. İllah da ki, bu şəxs onun taleyini dəyişdirən, gözünü açan, dünyaya baxışını dəyişən, kim olduğunu özünə göstərən birisi olanda, bu itkinin yerini heç nə ilə doldurmaq olmur. Onun təsəllisi yalnız həmin insanın işıqlı xatirəsi, bir də özündən sonra yadigar qalan əşyaları olur. Qədir Əfəndi Şaynalı Ələsgər üçün elə bir VARLIQ idi ki, ömrünün sonunacan onu unutmadı. Komutanından ona yadigar qalan aynalı tüfəng və şəhid məktubu yaşadığı ömürdə bir talisman kimi taleyini müşaiyət etdi. (Şaynalı Ələsgərin daha bir talismanı da var idi. Bu, Bakının azad edilməsindən sonra Nuru Paşanın ona verdiyi altun medal idi. Bir ömür pencəyinin yaxasından açmadığı həmin medalı atasının ölümündən sonra Leyla xanım dünyanın ən qiymətli əşyası kimi evində saxlayırdı).
Sovetlər dönəmində Şamaxıdakı, Göyçaydakı türk şəhidlərinin məzarını ziyarət etmək qadağan idi. Amma Şaynalı Ələsgər bu qadağalardan qorxmurdu. Bakıya Kürdəmir yolu ilə deyil, Şamaxı yolu ilə gedirdi. Bığırdakı, Acıdərədəki türk şəhidlərinin məzarlarını ziyarət edirdi. Erməni daşnaklarına, rus bolşeviklərinə qarşı döyüşdüyü bu yerlərdə onun da izləri var idi. Hər dəfə ora gedəndə acı xatirələrin məngənəsindən çətinliklə çıxırdı. Sevimli komutanının məzarı başında göz yaşlarını saxlaya bilmirdi. Leyla xanım danışırdı ki, atam hər dəfə bu məzarları ziyarətə gedəndə özü ilə su aparırdı - Qədir Əfəndinin məzarına çiləmək üçün. Sanki bununla da sevimli komutanına olan vəfa borcunu ödəməyə çalışırdı.
65 illik həbs
Bakı azad edildikdən sonra Şaynalı Ələsgər Tovuza özü ilə üç qiymətli əşya apardı: aynalı tüfəng, şəhid Şaynalının məktubu və altun medal. Şaynalı Ələsgərin bu dünyadakı arzularından biri, bəlkə də birincisi o idi ki, Qədir Əfəndinin çatdıra bilmədiyi məktubu aparıb şəhid Şaynalının valideynlərinə versin. Çox istəyirdi bunu. Amma mümkün deyildi. Sovetlər dönəmində "Türkiyə" deyənin az qala dilini kəsirdilər, ən yaxşı halda isə ona "pantürkist" damğası vururdular. Şaynalı Ələsgər də bir ömür bu "damğa" ilə yaşadı. Bir ömür bu "damğa"nın acısını çəkdi.
Türk ordusunun tərkibində Bakının azad edilməsi uğrunda ermənilərə qarşı döyüşdüyünə görə sovet hökuməti Şaynalı Ələsgəri bağışlamadı. Onu işgəncələrə, təqiblərə, təhqirlərə məruz qoydu. Amma Şaynalı Ələsgər aynalı tüfəngini sovet hökumətinə vermədi. 30-cu illərdə NKVD-nin əlinə keçməsin deyə bağda torpağa basdırdı. 1941-1945-ci il müharibəsindən sonra onu torpaqdan çıxarıb evinin yuxarı başına qoydu. Amma çuğul ölməyibmiş. Hökumətə xəbər çatdırıb ki, aynalı tüfəng yenə Şaynalı Ələsgərin evinin baş ucundadı. O da var ki, dünya yaxşılardan xali deyil. Başqa bir həmkəndlisi Şynalı Ələsgəri qorumaq üçün aynalını təkrar gizlətməyi məsləhət görür. Aynalı tüfəng bu dəfə də bağda gizlədilir - ot tayasının arasında. Milislər hər yanı didik-didik edirlər, evin axtarmadığı bir yerini qoymurlar. Allah şəhid Şaynalının xatirəsinin tapdanmasına imkan vermir. Sonralar da təhlükə hiss edən anda gah qonşuda, gah zirzəmidə, gah da tövlədə gizlədilən aynalı tüfəngin faciəsi sahibinin faciəsi ilə "qoşa addımlayıb". Düz 65 il "həbsdə" qalan aynalı tüfəng 1991-ci ildən sonra "azadlığa çıxır", necə deyərlər gün üzü görür. Leyla xanım onu yenidən ata evinin baş divarından - Şaynalı Ələsgərin şəklinin yanından asır.
Türk ordusunun azərbaycanlı əsgəri ömrünün 1936-cı ildən sonrakı zaman kəsiyində bağışlanmadı ki, bağışlanmadı. Sovet höküməti Şaynalı Ələsgəri müxtəlif bəhanələrlə həbs etdi. Amma o nə aynalı tüfəngini, nə şəhid Şaynalının məktubunu, nə də 1918-ci ilin qanlı döyüşlərini, əsgər dostlarını, komutanını unutmadı. Hətta qorxmadan həbsxana yoldaşlarına o günlərdən danışdı, qəhrəman türklərin şücaətindən bəhs etdi. O, doqquz il həbsdə yatdı. Lakin üzünə bağlanan bütün qapılara rəğmən torpaq uğrunda, vətən yolunda xidmətini gizlətmədi, bunu ömrünün şərəf tarixi saydı.
Bu şərəfi zinətləndirən isə onun aynalı tüfəngi oldu. O aynalı tüfəng ki, Çanaqqala zəfərindən 103 il keçməsinə baxmayaraq, indi də bir azərbaycan türkünün soyadını yaşadan Musayevlər nəslinə, 81 yaşında dünyasını dəyişmiş Şaynalı Ələsgərin nəvə-nəticələrinə şərəf gətirir.
P.S. Vaxtilə doğulduğum kəndə bitişik qonşu Əlimərdanlı kəndində Şaynalı Ələsgərin evində gördüyüm tüfəngin üstündəki güzgüyə-aynaya çox təəccüblənmişdim. Bir neçə il əvvəl təsadüfən öyrəndim ki, həmin güzgünü tüfəngin üstünə Çanaqqala qazisi Əli Dəmirəl düzəldib. Döyüşdə məğlub olmuş düşmən öz tüfəngini səngərdə qoyub qaçıb. Tüfəngi tapan mehmetciklər silahın arxa hissəsində güzgü olduğunu görürblər. Əli Dəmirəl deyib ki, o da tüfəngə belə ayna qoya bilər. Elə də edib. Lakin Əli Dəmirəl ingilislərdən fərqli olaraq tüfəngin iki tərəfinə də güzgü qoyub. Və bundan sonra qəhrəman əsgərin düzəltdiyi aynalı tüfənglərdən hər manqaya bir dənə verilib. Ki... onlardan biri də şəhid Şaynalıda (Şahin Alida) olub.
Üç il sonra isə həmin aynalı tüfəng Şaynalı Ələsgərin tale pasportuna çevrilib...
Züleyxa NADİR
Olaylar.- 2018.- 15-17 sentyabr.- S.12-13.