15 sentyabr -
Bakının qurtuluş günü
Bu gün tarixlərə
yazıldı
15 sentyabr Bakının
tarixində ən unudulmaz və şərəfli səhifələrdən
biridir. Mənbələrdə rəsmi
adı Qurtuluş Günü kimi qeyd olunan bu tarixin Azərbaycan
üçün əvəzsiz əhəmiyyəti var. 1918-ci il sentyabrın 15-də böyük Türk qəhrəmanı
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Islam Ordusu və
Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik
işğalından azad edib. Bu qələbə
ilə həm ölkəmizin müstəqilliyinə yaranacaq
ciddi təhlükə aradan qalxmış, həm də
Bakı və ətraf rayonlarda erməni-bolşevik
ağalığına son qoyulmuşdur. 1918-ci il martın 30-da Bakıda başlanan kütləvi
qırğınlar 12 mindən artıq günahsız
insanın, o cümlədən çoxlu sayda qoca, qadın və
uşağın öldürülməsi ilə nəticələnmişdi.
Tarixi faktlar o gün paytaxtın Türk əhalisinə
tutulan divanın dünyanın ən vəhşi vandalizmləri
ilə müqayisə oluna biləcəyini sübuta yetirir.
O dəhşətli günlərin şahidi olmuş Kulner
familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə
bunları yazmışdı:
"Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə
soxularaq hər kəsi öldürür, qılıncla
parçalayır, süngü ilə dəlmə-deşik
edirdilər.
Qırğından bir neçə gün sonra bir
çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin
qulaqları, burunları kəsilmiş, qarınları
yırtılmış, orqanları
doğranmışdı..." Gənc
qadınların diri-diri divara mıxlanması, ermənilərin
hücumundan sığınmağa çalışan iki min
nəfərin yerləşdiyi şəhər xəstəxanasının
yandırıldığı da bu dəhşətli faktlar
sırasındadır.Quduzlaşmış ermənilər
müdafiəsiz insanları, xüsusən qadınları daha
ağır işgəncələrlə
öldürürdülər. Azərbaycanın
böyük sənətkarı Nəsibə Zeynalova xatirələrində
deyirdi ki, o gün azğınlaşmış ermənilər
onun baba mülkünə daxil olub, həyətdə
çörək bişirən nənəsini təndirə
atıb yandırmışdılar. Amma bu
soyqırımı həyata keçirən qaniçənlər
təkcə insanları qətlə yetirməklə kifayətlənmirdilər.
Onlar şəhərin ən görkəmli məscidi
sayılan Təzəpir məscidini aramsız top atəşinə
tutub dəlik-deşik etmiş, Bakının ən möhtəşəm
memarlıq incilərindən olan "Ismailiyyə"
binasını yandırmış, Şirvanşahlar
Sarayını güllə yağmurundan tanınmaz hala
salmış, "Açıq söz", "Kaspi",
"Baku" qəzetləri redaksiyalarını
dağıtmışdılar. Bu faciənin
miqyası yalnız Bakı şəhəri ilə məhdudlaşmamışdı.
Bu ərəfədə Şamaxıda, Qubada, Xaçmazda,
Hacıqabulda, Salyanda, Zəngəzurda, Göyçayda, Lənkəranda,
Muğan bölgəsində, Dağlıq Qarabağ və
başqa bölgələrdə qətlə yetirilən
insanların sayı 50 mindən artıq idi. Aprel ayında Quba
qəzasına göndərilən daşnak dəstələrinin
komandiri Hamazasp bildirmişdi: "Mən erməni
xalqının qəhrəmanı və onun müdafiəçisiyəm...
Mənə Xəzər dənizindən Şahdağadək
olan ərazidə bütün müsəlmanları məhv
etmək əmri verilmişdir".1918-ci il aprelin 29-da
Gümrü yaxınlığında əsasən,
qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3
min nəfərlik azərbaycanlı köçü pusquya
salınaraq, son nəfərinədək məhv edilmişdi. Cəlladlar ölkənin Türk soylu müsəlman
əhalisinə olan nifrətini həm də dini ziyarətgahları
darmadağın etməklə göstərirdilər. Şamaxıda Cümə məscidi də daxil
olmaqla əksər mədəniyyət abidələri
yandırılmış və uçurulmuşdu. O
dövrdə göydələn minarələri olan Irəvan
məscidləri şəhərin əsas siluetini səciyyələndirən
qurğulardan idi. Irəvan qalasında ən qədim
məscid 1510-cu ildə Şah Ismayılın əmri ilə
inşa olunmuşdu. 1918-ci ildə ermənilər həmin
məscidə müsəlmanları dolduraraq, od
vurub yandırdılar. Məscid insanlarla birgə
tamamilə yanıb külə döndü. Belə bir zamanda Bakıya köməyə
çağırılan Osmanlı Türkiyəsi Avropa
dövlətlərinin etiraz etməsinə baxmayaraq, qardaş
ölkəyə köməyini əsirgəmədi.
1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini
şərəflə yerinə yetirən Türk ordusu
Bakının azad olunması üçün həyata
keçirdiyi hərbi əməliyyatlarda 1200-dən çox
şəhid verdi.
Bəs bu
hadisə hansı şəraitdə və necə baş verdi? Birinci Dünya Müharibəsinin sonlarına
doğru Osmanlı Dövlətində və Çar
Rusiyasında həm ideloji dəyişiklik, həm də parçalanma
prosesləri başlamışdı. Bu mərhələdə
Qafqazda milli hərəkatların güclənməsinə
paralel olaraq bölgədə mərkəzi hakimiyyətin zəifləməsi
və bölgəni nəzarətində saxlamağa
çalışan müxtəlif qüvvələrin fərqli
siyasətləri qanlı günlərin yaşanmasına səbəb
olmuşdu. Rusiya imperiyasından ayrılmağa
çalışan Qafqaz xalqlarının ortaq dövlət
qurmaq arzuları istiqamətindəki fəaliyyətlər,
müxtəlif qüvvələrin bölgəni nəzarətdə
saxlamaq üçün xüsusilə erməni təşkilatlarının
köməyindən istifadə etmə cədləri və ermənilərin
"Böyük Ermənistan" xəyalı istiqamətində
heç bir prinsip gözləmədən hamıyla və hər
cür əməkdaşlığa getmələri
ucbatından uğurla aparıla bilmirdi. Anadolunun
şərqində, Qafqazda, Cənubi Azərbaycanın müxtəlif
yerlərində Türklər qətliama məruz
qalırdılar. 1918-ci ilin mart ayında
ermənilər tərəfindən həyata keçirilən
qətliamlar ən vəhşi səviyyəyə
çatdı. Sadəcə Rəvan
Xanlığı ərazisində 197 kənd darmadağın
edilmiş, 100 mindən artıq Azərbaycan Türkü ya
öldürülmüş, ya da başqa mahallara qaçmaq məcburiyyətində
qalmışdı. Bakı quberniyasında
33 yaşayış məntəqəsi tamamən, 196
yaşayış məntəqəsi isə ciddi dərəcədə
dağıdılmışdı. Bakı
və ətrafındakı yaşayış yerlərinə
divan tutulduqdan sonra Bakı Soveti əsasən ermənilərdən
təşkil olunmuş mütəşəkkil dəstələri
Gəncə üzərinə hücuma hazırlayırdı.
Bu şəraitdə, 1918-ci il may
ayının 28-də isə AXC elan olundu. Həmin illər
Anadolu Türkləri üçün də ən ağır
illər idi. Birinci Dünya Müharibəsində
məğlub olması Osmanlı Dövlətinə baha
başa gəlirdi. Bu dövrlərdə tarixi ərazilərinin
çoxunun itirilməsi bir yana, Birinci
Dünya Müharibəsinin qalib dövlətləri və
Türk torpaqlarında gözü olan qonşuları
İstanbulda işğal idarəsi quracaq, Anadolunun itirilməsi
təhlükəsi yaranacaqdı. Amma
bütün bunlara baxmayaraq, Anadolu Türkləri Qafqazdakı
və Türküstandakı qardaşlarını unutmayacaq,
onların müstəqilliyi üçün əlindən gələni
edəcəkdi. Qafqaz İslam Ordusunun meydana gəlməsi
Rus əsarətindən qurtulub Türkiyəyə keçən
Avstraliyalı bir zabit 1917-ci il dekabrın
29-da 6-cı Ordunun Komandanı Xəlil Paşa ilə görüşərək
Qafqazdakı vəziyyət barədə ona məlumat
vermişdi. Xəlil Paşa o zabiti Ənvər
Paşa ilə də görüşdürmüşdü.
Avstraliyalı zabit ilə görüşdən sonra Ənvər
Paşa həm Qafqazdakı din və qan qardaşlarının
onlara duyduğu ehtiyac, həm də regiondakı mövcud
şəraitin köməklik göstərmək
üçün münasib olduğu barədə ciddi qənaətə
gəlmişdi. Bu məqsədlə həmin ərəfələrdə
Liviyadan İstanbula ezamiyyətə gələn qardaşı
Nuri Killigil (Nuri Paşa) və Şövkət bəyi Azərbaycana
və Dağıstana göndərmək və Azərbaycanda
qardaşlarını xilas etmək üçün ordu
yaratmaq qərarını verdi. Ənvər Paşa
1918-ci ilin əvvəllərindən başlayaraq Qafqazdakı
Türk və Müsəlman əhalini qorumaq və
Bakını işğaldan xilas etmək üçün bir
ordu qurulması istiqamətində işlərə
başladı. Amma bir yandan da bu planın
Qafqazda və Bakı neftində gözu olan İngilis və
Alman qüvvələrinin reaksiyasına səbəb
olmasından ehtiyat edirdi. Buna görə də
qurulacaq ordunun yerli ordu görüntüsünə sahib
olmasını planlayırdı. Ancaq bu
planın xeyli vaxt alacağını gördüyü
üçün (çünkü Çar Rusiyası
dövründə Azərbaycanın öz hərbi birləşmələri
yox idi. Çar Rusiyasından Azərbaycana
sadəcə 300-ə yaxın yaxşı təlim
almış zabit kadrları qalmışdı. Amma kiçik zabit heyəti olmadan onlar ümumi ordu
formalaşdırılması üçün kifayət
etmirdi. Osmanlı Ordusu gəlməmişdən
əvvəl Gəncədə zabit məktəbinin ilk sinifi təşkil
olunmuşdu. Amma Osmanlı ordusu bunu daha da
inkişaf etdirdi və zabit köməkçisi məktəbi
şəklində qurdu.) Azərbaycana Türk hərbi
hissələrini göndərməyə qərar verdi. Nuri Paşanın
komandanlığında xüsusi hərbi birləşmə təşkil
olundu. Heyət 1918-ci il mayın 8-də
Təbrizə gəldi. Yol boyu bir neçə
yerdə (xüsusilə Urmiyədə) Ermənilərin qətliamlarının
önlənməsi üçün müəyyən
döyüşlər olmuşdu. Heyət
mayın 20-də Araz çayını keçib Zəngəzura
çatdı. Nuri Paşa bu bölgədəki
erməni qətliamlarından dəhşətə gəlmişdi.
Zabitlərindən bir hissəsini bu bölgədə
saxladı, bir neçəsini isə Naxçıvan bölgəsinə
göndərdi. Mayın 24-də Yevlaxa,
25-də isə Gəncəyə çatdılar. Burada ordunun quruluşunda müəyyən dəyişikliklər
edildi. Qafqaz İslam Ordusu ayaq
basdığı hər yerdə Azərbaycan xalqının
böyük sevgisi ilə qarşılaşdı. Xalq uzun müddətdir gözlədiyi xilaskarına
qovuşmuşdu. Qeyd edək
ki, hələ aprel ayında Ənvər Paşa Azərbaycan
nümayəndləri ilə görüşündə
Qafqazda federativ, ya da konfederativ bir dövlətin
qurulmasının bölgənin xeyrinə olacağını
və qardaşı Nuri Paşanının Təbrizə,
ordan da 300 hərbi təlimatçı ilə birlikdə Gəncəyə
getməsi barədə təlimat verdiyini qeyd etmişdi. İyun
ayının 4-də Osmanlı Dövləti ilə AXC
arasında dostluq müqaviləsi imzalandı. Müqavilə bir sıra digər məsələlərlə
yanaşı Azərbaycana hərbi yardım göstərilməsini
də nəzərdə tuturdu. Ənvər
Paşa ilə Məmməd Əmin Rəsulzadə
arasındakı görüşdə Azərbaycana ilk
yardım kimi 2 milyon Türk Lirəsi həcmində borc da
verildi. Bu
müqavilədən sonra 9-cu Ordunun 5-ci Qafqaz Firqəsi
(diviziyası) Gümrüyə, ordan Qazaxa və nəhayət
Gəncəyə gəldi. Bu ordu və
onlara qoşulan Azərbaycanlı könüllülərdən
ibarət Qafqaz İslam Ordusu yaradıldı. Ümumən Qafqaz İslam Ordusuna Nuri Paşa rəhbərlik
edirdi. Xüsusi olaraq 5-ci Qafqaz Firqəsi
Mürsəl Paşanın komandanlığına keçdi və
ordunun tərkibi gücləndirildi. Qafqaz
İslam Ordusu müəyyən təşkilatlanma və
hazırlıqlardan sonra Azərbaycanın AXC-nin nəzarətində
olmayan müxtəlif şəhərlərinin, o cümlədən
Bakının azad edilməsi istiqamətində
döyüşlərə başladı. Qafqaz
İslam Ordusu 14 sentyabrı 15 sentyabra bağlayan gecə həlledici
hücuma keçdi. Güclü hücumlara tab gətirməyən
İngilis hərbçiləri şəhəri tərk etdi. 15 sentyabrda isə artıq Bakı düşmən
işğalından azad edilmişdi.
Alim
Olaylar.- 2018.- 15-17 sentyabr.- S.9.