Qardaşlığın təntənəsi
Qardaş olmaq o deməkdir ki, biri o birinin ağrısını canında hiss etsin, sevincini qəlbində gəzdirsin. Qardaş olmaq o deməkdir ki, birinin barmağına tikan batanda o biri tərəddüd etmədən həmin tikanı çıxarıb ağrını aradan götürsün. Qardaş olmaq o deməkdir ki, biri dara düşəndə o biri özünü unutsun, problemlərini kənara qoyub çətinə düşənin harayına yetişsin. Qardaşlıq budur! Əsil qardaşlıq elə bir duyğudur ki, kimsə həmin duyğunu onun qəlbindən çıxara bilməz, kəsib atmağa gücü çatmaz. Qardaşlıq həm də dostluq deməkdi - heç bir zaman pozulmayan, bütün çətinliklərdən çıxan, sınaqlardan keçən, tufanlardan adlayan DOSTLUQ! Bu cür qardaşlığın əbədi olması, dostluğun möhkəmlənməsi üçün bir-birinə qırılmaz tellərlə, gözəgörünməz hisslərlə bağlanmaq Allahın lütfüdü.
Sentyabrın 15-də Bakının Baş Meydanında keçirilən möhtəşəm qardaşlıq paradı da Allahın Azərbaycan xalqına bəxş etdiyi lütfün nümunəsi, Anadolu türkünə ünvanlanan sevgi payı idi. Bu sevginin kökü 100 il əvvələ gedib çıxır. 100 il əvvəl bu şəhərdə qardaşlığın tənətənəsi qalib gəlib. 100 il əvvəl bu şəhərdə bir-birinə sarılan qardaşlar uzun illərin ayrılığına meydan oxuyublar. 100 il əvvəl Anadolu türkünə uzanan əl geri qaytarılmayıb. Bir qardaş olaraq o, uzaq yolları keçib özünü Bakıya yetirib, şəhəri erməni-rus birləşməsindən təmizləyib. Bakı rahat nəfəs alıb, düşməndən azad olub.
Zaman o zaman idi ki, Azərbaycanda azərbaycanlılara divan tutulur, qocalar, qadınlar diri-diri yandırılır, körpələr süngülərə sancılır, məscidlər, mədrəsələr dağıdılırdı. 1918-ci ilin əvvəllərində Naxçıvanda, Şamaxıda, Göyçayda, Zəngəzurda, Vedibasarda ermənilər qətllər törədir, azərbaycanlılara vəhşicəsinə divan tuturdular. Bakı daşnakların, bolşeviklərin işğalı altında idi. Türk qoşunlarının Azərbaycana dəvət olunmasına böyük ehtiyac duyulurdu.
1918-ci il may ayının 25-də Nuru Paşa Gəncəyə gəlmiş və Müsəlman Korpusunun vəziyyəti ilə tanış olduqdan sonra türk qoşunlarının komandanlığlına müraciət edərək bildirmişdi ki, onlar təcili Azərbaycana getməsə, burada genişlənməkldə olan erməni-bolşevik təcavüzünün qarşısını almaq mümkün olmayacaqdır. Beləliklə, iyun ayının 4-də Batumda Azərbaycan Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti arasında imzalanan dostluq və əməkdaşlıq haqqında müqaviləyə əsasən Azərbaycan Türkiyədən hərbi yardım istəyir. Bundan sonra Türkiyənin Şərq Qoşunları komandanı Vəhib Paşa Qafqaz İslam Ordusunu gücləndirmək məqsədilə Mürsəl Paşanın komandanlığı altında Azərbaycana yola düşmək üçün beşinci diviziyaya əmr verir. Əmr sözssüz yeriə yetirilir! Çünki darda qalan doğma qardaş idi, haray çəkən əziz dost idi...
Sentyabrın 15-də Baş Meydandakı paradı izlərkən qəlbim dağa döndü, ürəyim qürurla çırpındı, xəyalən 100 il əvvələ qayıtdım. Həmin günlərin ab-havasını hiss etməyə, onu canlandırmağa və yaşamağa çalışdım. Qafqaz İslam Ordusunun tarixi ilə bağlı oxuduqlarımı, o günləri yaşamış və görmüş insanlardan eşitdiklərimi xatırlamağa cəhd etdim. Gözlərimin önündə təxmini mənzərə yaratdım və bunu xəyali deyil canlı olaraq gördüm. Baş Meydanda Azərbaycan və Türkiyə prezidentlərinin önündən keçən Qafqaz İslam Ordusunun "əsgərlərinin" nizami yerişi məni kövrəltdi. İlham Əliyevin və Rəcəb Teyyub Ərdoğanın həmin əsgərləri ayaqüstə alqışlamaları mənə xüsusi zövq verdi.
Daha bir görüntü də var idi ki, bu, bütün başların yuxarı qalxmasına, gözlərin səmaya zillənməsinə səbəb oldu. Bu, çox gözəl, çox əsrarəngiz görüntü idi! Bu, Azərbaycan və Türkiyə bayraqlarının başlardan ucadakı təntənəsi idi! Bu, həm də Baş Meydanın başlardan yuxarıda dayanması idi!
İki qardaşın bir-birinə bənzəyən ay-ulduzlu bayraqlarına qanad verən, cövlan etdirən iki hərbi vertalyot səmadakı təntənəni seyr edən insanlara dünya boyda sevinc bəxş etdi. Səmada göstərilən aviaşou Azərbaycan və Türkiyə pilotlarının məharətinin, ustalığının bir parçası idi. Hərbu hava qüvvələrimizin şahinləri yaşıl, qırmızı, göy rənglə BAYRAQ görüntüsü yaratdılar. Təyyarələr uzaqlaşandan sonra Azərbaycan səmasında, Xəzər dənizinin üzərində bir-birinə qarışmış rənglər sanki, həzin bir simfoniya yaratdılar.
Sentyabrın 15-də dünya nə gözəl idi! O gün həyatın mənası və rəngləri də fərqli oldu. Bu gözəlliyi və fərqi yaradan qardaşların - Türkiyə Respubklikasının Cümhurbaşkanı Rəcəb Teyyub Ərdoğanın və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bir-birinə sarılması Azadlıq Meydanındakı möhtəşəmlik qədər səmimi və sevgi dolu anlar idi.
Bakının Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində keçirilən bu möhtəşəm parad və 15 sentyabr günü dünyaya meydan oxudu. Hətta sonuncu üç kəlməni daha uca səslə deməkdən çəkinmirəm, qorxmuram. Dünya gördü ki, iki qardaşı ayırmaq mümkün deyil. Dünyanın başbilənləri anladılar ki, Azadlıq Meydanındakı həmin təntənə, möhtəşəmlik bir millər iki dövlət olan Azərbaycan və Türkiyə birliyinə vurulacaq zərbə üçün sipərdi.
Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyinə həsr olunmuş möhtəşəm parad təkcə bu gün üçün deyil, gələcək üçün də çox əhəmiyyətidir. Bu parad Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazıldı. Çünki kökündə qardaşlıq, birlik, dostluq dayanan təntənə insanlıq üçün böyük zəmin yaradır, müqəddəslik bəxş edir. Bu parad sübut etdi ki, Azərbaycan Türkiyə qardaşlığı 100 il əvvəl deyil, bəşər yaranandan mövcuddur. Hər iki ölkə hər zaman bir-birinin yanında olub, bir-birinə əl uzadıblar. Məhz bu səbəbdən 15 sentyabr tarixi, həm də Türkiyə üçün böyük məna kəsb edir.
Bu parad qardaşlığın sarsılmazlığını, əbədi olduğunu sübut etdi. Bu təntənə bütün dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə sabah da bir-birinin yanında olacaq. Bu möhtəşəmlik onu diqtə etdi ki, dünyanın kar-kor ölmuşları, araqarışdanları anlasınlar: eyni ananın övladları eyni cür düşünür, eyni cür də addım atırlar. Onların mənafeləri də eynidir, mövqeləri də ayrılmazdı.
Sentyabrın 15-də iki ölkə başçısı gerçək qardaş olduqlarını, çəkici eyni zindana vurduqlarını, dövlətlərarası münasibətdə eyni düşündüklərini 100 illiyin paradı ilə dünyaya mesaj verdilər. Hər kəs anladı ki, Azərbaycan dövlətinin bu günkü mövcudluğunda 1918-ci ilin 15 sentyabr qələbəsinin çox böyük rolu var. Qafqaz İslam Ordusunun, eləcə də Ənvər Paşanın, Nuru Paşanın Bakının işğaldan azad olunması yolunda atdıqları addımı 100 illik bir məsafə ayırsa da, iki dövlət arasındakı münasibətlər dünən Bakı səmasında aviaşou göstərən şahinlərin məharəti qədər zirvəyə ucalıb. Bu da o deməkdir ki, Azərbaycanın güvənc yeri Türkiyə, Türkiyənin də qardaşlığına kölgə salmayan ümid yeri Azərbaycandı.
15 sentyabr qardaşlıq təntənəsinin
təsiri altında olan hisslərim son cümləni belə diktə edir: qardaşlığımız daha da möhkəmlənsin,
sarsılmasın, əbədiyyətə qədər davam etsin...
Züleyxa NADİR
Olaylar.- 2018.- 18 sentyabr.- S.7.