Azərbaycan Prokurorluğunun
yaranmasının 100
illiyi
Dövlətçiliyin və
qanununçuluqun təminatçısı
Dövlətçiliyin
möhkəmlənməsində xüsusi
rolu olan prokurorluq orqanları insan hüquq və azadlıqlarının
qorunmasında,cinayətkarlığa qarşı mübarizədə
daima öndədir
"Prokurorluq peşəsi ağır, çətin
peşədir.Amma eyni zamanda
çox şərəfli, hörmətli
peşədir.Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə
daşıyasınız.Arzu edərdim,
çalışasınız ki, Azərbaycan
vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli
olasınız.Azərbaycan Prokurorluğunun
inkişaf etməsinə dövlət
qayğısı bu gün
də, gələcəkdə də olacaqdır".
Heydər ƏLİYEV
Böyük qürur və iftixar hissi ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Prokurorlugunun yaranmasının 100-ci ildönümü ölkəmizin həyatında əlamətdar bir dövrə təsadüf edir. Müstəqilliyimizin bərpasından ötən iyirmi yeddiil ərzində dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, demokratik-hüquqi islahatların dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailliyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Uğurlarımızın əsasında məhz dünya şöhrətli siyasətçi və dövlət başçısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirdiyi müdrik siyasi kurs, strateji proqramlar, konsepsiyalar və islahatlar dayanır.Alternativi olmayan bu siyasi kurs Azərbaycanın çox qısa zaman kəsiyində böhrandan qurtularaq dinamik inkişaf yoluna çıxmasına səbəb olub.Müasir Azərbaycan məhz bu dahi şəxsiyyətin sayəsində qurulub və indiki yüksək inkişaf səviyyəsinə çatıb.Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətində həm də demokratik-hüquqi islahatların banisidir. Azərbaycan prokurorluğunun dünya standartlarına uyğun, demokratik cəmiyyətdə özünəməxsus yeri olan və müasir tələblərə cavab verən orqan kimi formalaşması, dövlət idarəetməsində mühüm rola malik olması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Müasir dövlət qurumlarımızın bir çoxu kimi prokurorluq orqanlarının da yaranması əlamətdar tarixlə - ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapması ilə birbaşa bağlıdır. Azərbaycanın ilk prokurorluq orqanı Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində fəaliyyətə başlamışdır. Bu tarixin rəsmiləşməsi, hər il 1 oktyabrın Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd olunması da məhz ulu öndər Heydər Əliyevin xidmətidir. Ulu öndərin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına dövlət qayğısının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinə yüksək dəyər verilməsinin təzahürüdür.
Azərbaycan xalqının təkidli xahişi ilə 1993-ci ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil dövlətçiliyimizi və suverenliyimizi məhv olmaq təhlükəsindən xilas etdi.Ulu öndər zəngin dövlətçilik təcrübəsindən və bacarığından istifadə edərək milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində köklü islahatlar həyata keçirdi.Məhz ulu öndərin böyük qayıdışından sonra zamanın tələblərinə uyğun genişmiqyaslı hüquqi islahatlar aparıldı və beynəlxalq təcrübəyə əsaslanan qanunvericilik sistemi formalaşdırıldı. Bu tədbirlər içərisində ümummilli liderin birbaşa rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamız xüsusi qeyd olunmalıdır. Konstitusiya Komissiyasının sədri olan Heydər Əliyev layihəni hazırlayarkən birinci növbədə dövlət və hakimiyyətlə xalq arasında olan münasibətlərin əks etdirilməsinə xüsusi yer verilməsini irəli sürürdü: "Hakimiyyət bölgüsü ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, hər birinin seçkilər yolu ilə təşkili təmin olunmalıdır". Heydər Əliyev göstərirdi ki, biz demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün inkişaf etmiş qərb ölkələrinin dövlət quruculuğu, demokratik prinsiplərin bərqərar olması sahəsində əldə etdiyi nailiyyətlərdən istifadə edirik və edəcəyik.Ona görə də Azərbaycan Konstitusiyasında bu müddəaların, prinsiplərin əks olunmasının əhəmiyyəti xüsusi qeyd edilirdi.
Ulu öndərin müəllifi olduğu Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.Əsas Qanunumuzda irqindən, cinsindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında əsas vəzifə kimi qoyulmuşdur.
Bu tarixi sənəddə insan və vətəndaş hüquq və azadlıqları, onların, müdafiəsi və təmin edilməsi qanunvericiliyimizin ümdə və təyinedici meyarı olaraq təsbit edilmişdir.Konstitusiyada təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi təminat yaratmış, bu prinsipə əsas diqqət yetirilməklə sonrakı mərhələdə keyfiyyətcə yeni dövrün tələblərinə cavab verən bir sıra qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir.Müstəqillik dövrünün ilk Konstitusiyasında ölkənin dövlət quruluşu sistemində prokurorluğun məhkəmə hakimiyyəti sistemində yeri müəyyənləşdirilməklə 133-cü maddədə onun statusu təşkili və fəaliyyəti ilə bağlı əsas məqamlar öz əksini tapmışdır.Prokurorluğun cəmiyyətdə rolunu müəyyənləşdirən bu fundamental bünövrə 2002-ci və 2009-cu illərdə keçirilmiş ümumxalq səsverməsi-referendumlarla Konstitusiyaya edilmiş dəyişikliklər və əlavələr nəticəsində daha da möhkəmlənmişdir. Belə ki, dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa əvvəllər malik olmadığı qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da prokurorluğun hüquq sistemində rolunu daha da gücləndirmişdir.
Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini ölkədə keçirilən hüquq islahatlarının əsas istiqaməti və məqsədi kimi önə çəkən ulu öndər bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-cı ildə Hüquq İslahat Komissiyası yaradılması barədə sərəncam imzalamışdır. Həmin komissiya tərəfindən hazırlanmış "Prokurorluq haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Prokurorluğunun demokratik məzmunda yeniləşməsi və fəaliyyətinin təkmilləşməsi işində ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşün müstəsna əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həmin müşavirədəki tarixi çıxışında "Hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır.İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar.Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür" deyən ulu öndər Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yer almış bəzi nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir. Məhz həmin müşavirədən sonra prokurorluq orqanlarında hərtərəfli islahatlara başlanılmış, dövlət başçısının tövsiyə və tapşırıqlarına müvafiq olaraq məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaradılması, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin müasir tələblər səviyyəsində səmərəliliyinin artırılması, dövlətçiliyə sadiq yeni kadr korpusunun formalaşdırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin dünya standartlarına müvafiq şəkildə gücləndirilməsi təmin edilmişdir.
Minnətdarlıq hissilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prokurorluq orqanlarının cəmiyyətdə yüksək ictimai etimad qazanması və dövlətçiliyin sadiq keşikçisinə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi hüquqi islahatların nəticəsidir. Böyük strateqin respublikada qanunçuluğun bərpası, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, ədalət məhkəmələrində dövlət ittihamının daha prinsipial şəkildə həyata keçirilməsi istiqamətindəki mühüm addımlarından biri də prokurorluq sistemində dövrün tələblərindən irəli gələn liberal islahatların aparılması olmuşdur.Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından Prokurorluq haqqında qanunun müstəsna əhəmiyyəti xüsusi vurğulanmalıdır.
İsa Məhərrəmov
Naxçıvan
MR Hərbi Prokurorunun böyük
köməkçisi,
ədliyyə polkovnik-leytenantı
Olaylar.- 2018.- 19 sentyabr.- S.10.