Azərbaycan Prokurorluğunun yaranmasının 100 illiyi

 

Qanunun   aliliyinin təminatçısı

 

Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi  prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Dövlətimizin həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsində, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu vardır. Ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim yüksək qiymətləndirirdi. Onun söylədiyi: "Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram" kəlamı həmişə və hər yerdə ruh yüksəkliyi mənbəyimiz olmuşdur.

 

Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünü yaşamışdır. Həmin illərdə Azərbaycan hakimiyyətində xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququna, ən nəhayət, ictimai asayişin qorunmasına  əsaslı problemlər yaratmışdı. Hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının  qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Məhz ulu öndərimizin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olundu və "cəzanın labüdlüyü" prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görüldü.

Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı vermişdir. Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Bu mənada ulu öndərin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanı ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərindən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır. Ümummilli lider Heydər Əliyev ölkəni ağır vəziyyətdən çıxarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, qanunsuz silahlı dəstələri aşkarlayaraq ləğv etmək, təhlükəli cinayətlər törədənləri yaxalamaq və bu kimi digər mühüm vəzifələrin yerinə yetirilməsində digər hüquq-mühafizə orqanları kimi, prokurorluğa da arxalanmış, ona inanmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır.

Ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş demokratik və hüquqi islahatlar ölkənin hüquq sistemində əsaslı dəyişikliklərin həyata keçirilməsinə şərait yaratmış, dünya təcrübəsi nəzərə alınmaqla bir sıra mühüm qanunlar və məcəllələr qəbul edilmişdir. 2002-ci il sentyabr ayının  19-da qüvvəyə minmiş "Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Ölkəmizdə fəaliyyət göstərən prokurorluq sisteminin əsası 96 il bundan əvvəl - Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarının qəbul edilməsi ilə qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür. Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Həmin təntənəli mərasimdə ulu öndər prokurorluq işçilərinin əməyinə yüksək qiymət verərək demişdir: "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız". Ümummilli liderin bu fikirləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaradır və onları öz fəaliyyətlərinə daha tələbkarlıqla, məsuliyyətlə yanaşmağa səfərbər edir.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təsisatı və SSRİ prokurorluğunun tərkib hissəsi kimi uzunmüddətli və mürəkkəb bir inkişaf yolu keçən Azərbaycanın milli prokurorluq orqanları yalnız ölkəmiz öz dövlət müstəqilliyini qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində tamamilə yenidən qurulmuş, normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil təsisata çevrilmişdir.

Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilməklə, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyətə malik olmuşdur.

Ölkəmizdə reallaşdırılan dövlətçilik siyasətinin nəticəsi olaraq, Azərbaycan Prokurorluğunun yeni məzmunda təşəkkül tapması və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə qiymət verən Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Prokurorluğunun 90 illik yubileyi münasibəti ilə prokurorluq əməkdaşları və veteranlarına ünvanladığı təbrikində dediyi sözlər: "Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir" bizim üçün ən böyük qiymətdir və ulu öndərimizin tövsiyələrinin reallaşdırılmasının bariz göstəricisidir.

Müstəqillik əldə etdikdən sonra "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusıya Aktının 4-cü maddəsinə əsasən, keçmiş SSRİ qanunları Konstitusiya Aktının respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə, müvafiq qanun qəbul edilənədək hüquqi qüvvəsini saxlamışdır. Həmin qanunların tətbiqi müstəqillik əldə etdikdən sonra yaradılmış Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarının fəaliyyətində bir çox çətinliklər yaratmışdır. "Prokurorluq haqqında" və "Prokurorluqda qulluq keçmə haqqında" qanunlar qəbul edildikdən sonra Hərbi Prokurorluğun Azərbaycan Respublikası prokurorluq sistemində yeri və səlahiyyətləri müəyyən edilmişdir. Bu qanunlara sonradan edilmiş bəzi əlavə və dəyişikliklər işimizi indiki şəraitdə müasir tələblərə uyğun qurmağa şərait yaratmışdır.

Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmiləşdirilməsi, cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizə işinin təşkilində çevikliyin təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış subyektlərinin məlumatları və qanunvericilikdə müəyyən edilmiş digər məlumatlar əsasında yoxlamalar aparılması və müvafiq qərarların qəbul edilməsi kimi səlahiyyətlər verilmişdir.

Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Dövlətimizin başçısı prokurorluq orqanlarının inkişafını həm də peşəkar prokurorluq əməkdaşlarının hazırlanmasından asılı olduğunu demişdir: "Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır".

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər Dövlət Proqramı"nın təsdiq edilməsindən sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində onun strukturu daha da təkmilləşdirilmişdir

Son illərdə  Tərtər hərbi prokurorluğu  Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində qarşısına qoyulmuş vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması istiqamətində məqsədyönlü mübarizə tədbirləri görmüş, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsini təmin etmişdir.

Oktyabrın 1-i prokurorluq orqanları işçilərinin peşə bayramı günüdür və prokurorluğun yaradılmasının 100 illiyi tamam olur. Bayram münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini təbrik edirəm. Tərtər Hərbi prokurorluğunun işçiləri dövlətimizin əbədi yaşaması, səadəti, rifahı naminə Heydər Əliyev ideallarına sədaqət nümayiş etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

 

Hümmət Məmmədov

Tərtər Hərbi prokuroru vəzifəsini icra edən,

ədliyyə-mayoru    

 

Olaylar.- 2018.- 20 sentyabr.- S.4.