Bölgələrin yol infrastrukturu yenilənir

 

Bu sahədə regionların sosial iqtisadi inkişaf proqramları əhəmiyyətli rol oynayır

 

Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramı uğurla icra olunmaqdadır. Önəmli olan faktor ondan ibarətdir ki, sözgedən dövlət proqramlarının icrası prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq istifadəyə verilən infrastruktur layihələr, istehsalemal müəssisələrin açılışında iştirak edir. Belə layihələrdən biriyol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, son illərdə respublikamızın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Yeni inşa edilən yollardan biri də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Bu günlərdə Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.

Qeyd edək ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Sifarışçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın "Evrascon-AzVirt" Birgə Müəssisəsi, Türkiyənin "Kolin İnşaat, Turizm Sənaye və Ticarət", "Özgün Yapı Sənaye və Ticarət" və "Polad Yol Yapı Sənaye və Ticarət" şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın "IRD Engineering", Almaniyanın "Kocks Consult GmbH", ABŞ-ın "TERA International Group" və Yaponiyanın "NİPPON KOEL UK Co" şirkətləridir. Qeyd edildi ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Yeni magistral yolun 54,4 kilometrlik Cəlilabad-Masallı-Lənkəran hissəsinin tikintisi 2017-ci ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə təqdimatı keçirilsə də istismara verilməmişdi. Məlumat verildi ki, yolun 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrində isə tikinti işləri cari ildə yekunlaşdırılıb. Bu hissələrin açılışı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verildi. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yenimüasir yolun inşası başa çatdırıldı.Avtomobil yolunun 2011-2018-ci illərdə yeni istiqamət üzrə tikilən ümumi uzunluğu 173 kilometr olan Yenikənd-Astara hissəsində layihə üzrə bir sıra işlər həyata keçirilib. Layihənin Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol bataqlıq-göl ərazilərdən keçdiyi üçün burada torpaq xüsusi texnologiya ilə bərkidilib və yol yatağının tikintisi zamanı 1,2 milyon ton qaya-daş dolğusundan istifadə olunub. Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücüyol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil ediryolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.

Prezident İlham Əliyev  Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib. Xatırladaq ki, sözgedən yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu inkişafın əsas elementlərindən biriyol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasıdır ki, bu istiqamətdə də ölkəmizdə tarixi layihələr icra olunub. Azərbaycanda son dövrlərdə yol infrastrukturunda baş verən əsaslı dəyişikliklərin nəticəsini hər bir vətəndaş öz şəxsi həyatında hiss edir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Masallı rayonunun Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun yenidən qurulması da bu tədbirlər sırasındandır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, 74 saylı Lənkəran kənd seçki dairəsinin deputatı Hadi Rəcəbli bildirib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun cənub bölgəsinin sosial - iqtisadi həyatında mühüm rolu olacaq: "Bu yolun istifadəyə verilməsi cənab prezidentin son illər apardığı nəqliyyat infrastrukturu siyasətinin ən bariz nümunələrindən biridir. Çünki yolun keyfiyyəti yüksək səviyyədədir. Burada inqilabi dəyişiklik ondadır ki, yol 30 km-dən çox qısalıb. Həmçinin sürət də saatda 30 km-dən çox artıb. Lənkəranlılar ən yaxşı halda Lənkərana 3 saat yarıma gedirdilər. İndi isə 2 saat 10 dəqiqəyə Lənkərana getmək olar. Burada da əsas məqsəd insanların komfortlu yolla təmin olunması, vaxtının daha az yolda keçirməsi, yanacağa qənaət edilməsindən ibarətdir". Deputat qeyd edib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun istifadəyə verilməsi ilə cənub bölgəsində turizm və istirahət biznesi geniş inkişaf edəcək: "Çox təəssüf ki, yol bərbad vəziyyətdə olduğundan Lənkərana, Astaraya turistlər çox az gedirdi. Baxmayaraq ki, Lerikin, Lənkəranın, Astaranın, Masallının təbiəti heçbaşqa yerdən zəif deyil. Cənub bölgəsinin görməli, gəzməli, istirahət etməli yerləri çoxdur. İnsanları, mətbəxi və ənənələri də çox zəngindir. Hesab edirəm ki, bu yolun istifadəyə verilməsi ilə cənub bölgəsinə səfər edən turistlərin sayında kəskin şəkildə artım olacaq". H.Rəcəbli qeyd edib ki, yol bərbad vəziyyətdə olduğundan kənd təsərrüfatı məhsullarının Bakıya gətirilməsində çətinliklər olurdu: "Hesab edirəm ki, yeni yolun istifadəyə verilməsi ilə bu kimi çətinliklər aradan qalxacaq. Bu gün mənə cənab prezidentə minnətdarlıqla bağlı çoxsaylı müraciətlər olur. Bu yol həmişəlik insanlarımızın üzünə açılacaq və Azərbaycanımıza çox böyük faydalar verəcək".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 21 sentyabr.- S.15.