“Özbəklər mənə çox əzizdir, doğmadır”

 

Yunus Oğuz: "Özbəklərin insanlara münasibəti, davranışı, böyüklərə hörməti bizdə olduğu kimidir"

 

Yazıçı -publisist Yunus Oğuzun Özbəkistan Dövlət  Televiziyasına  müsahibəsi

 

- Gəlin, söhbətə sizin ədəbiyyat haqqında düşüncələrinizlə başlayaq. Yunus Oğuz üçün ədəbiyyat nədir?

- Ədəbiyyat əslində elmin ifadə edə bilmədiyini deyən bir sahədir. Elmdə konkret faktlar, sübutlar, dəlillər var. Bunlardan kənara çıxmaq mümkün olmur. Ədəbiyyat isə insana təxəyyül meydanı açır. İnsanın fikirlərini, məntiqini genişləndirir, inkişaf etdirir. Ədəbiyyat insan üçün yeni yetişmə formasıdır. Əgər, insan uşaqlıqdan ədəbiyyat oxuyarsa, ədəbiyyatla yaşayarsa, o qəhrəman obrazlarını özününküləşdirə bilərsə, o insan gələcəkdə hökmən ya ədəbiyyat adamı olur, ya da böyük xadimlərdən biri. Ədəbiyyat insanın özünü ifadə tərzidir. Həm də cəmiyyətdə baş verən hadisələrin bədii şəkildə əks etdirilməsidir. Ədəbiyyatın əks olunması gələcək nəsillərin yetişməsidir. Bu yetişmədə hökmən gələcək nəsillər oxuduqları hekayələrin, romanların, şeirlərin qəhrəmanlarına bənzəmək istəyirlər. Ədəbiyyat gündəlik həyatda və ya tarixdə baş verən hadisələrin bədii şəkildə qələmə alınmasıdır. Qələmə alınma yazıçının təxəyyülündən asılıdır. Yazıçı qəhrəmanını oxucularına mənfi və ya müsbət şəkildə təqdim edə bilər. Öldürə də bilər, sağ da saxlaya bilər. Bədii ədəbiyyatda qələm yazıçının əlindədir. O istəsə qəhrəmanı haqqında həqiqətdə olduğundan daha çox yaza bilər.

Məsələn, bir gün "Əmir Teymur" romanını yazırdım, dostum zəng elədi. Dedi, neynirsən. Dedim ki, Əmir Teymur ölüm ayağındadı, onu yazıram. Dostum cavabında bildirdi ki, Əmir Teymur 600 il bundan əvvəl rəhmətə gedib, sən neynirsən. Cavab olaraq bildirdim ki, qələm mənim əlimdədi. Hələ öldürməmişəm. Ədəbiyyatın gücü buradadır.

Tarixdə faktlar tələb olunur. Amma ədəbiyyatın baş verməyən hadisələri qələmə almaq imkanı genişdir. Ədəbiyyat insanları yetişdirir. Ədəbiyyat insanlara sevgi, mərhəmət bağışlayır.

- Necə oldu ki, Əmir Teymur haqqında əsər yazdınız? Əmir Teymurun şəxsiyyəti barəsində məlumat verməyinizi istəyirik.

- Əmir Teymur dünyanın ən böyük, nəhəng sərkərdələrindən biridir. Əmir elan olunduqdan sonrakı 35 ildə apardığı müharibələrin heç birində uduzmayıb. Adi bir döyüşü də belə.

Əsəri yazmamışdan öncə təbii ki, böyük sərkərdə haqqında olan ən qədim mənbələri araşdırdım, oxudum. Nizaməddin Şəmi, "Şərəfnamə", Şərafətdin əl Yəzdi, Ərəbşah və b. onun dövründə yazılan əsərləri topladım. Gördüm ki, Əmir Teymur türk dünyasının ən böyük nəhənglərindən biridir. Qeyd edim ki, Əmir Teymuru çox zaman həm Avropada, həm də müasir türk dünyasında zalım bir insan kimi tanıyırlar. Amma bu o nəhəng şəxsiyyəti yaxşı öyrənməməkdən irəli gəlir. Əmir Teymurun nifrəti nə qədər böyük idisə, mərhəməti ondan böyük idi. Bu insanın demək olar ki, hafizəsi, döyüş taktikası müstəsna idi. 200 minlik ordusunda zabitlərin hamısının adını bir-bir bilirdi. Əsgərlərinin hansı döyüşdə şücaət göstərdiyini əzbər bilirdi. Onların hər birinə verdiyi mükafatları əzbər bilirdi. Təsəvvür edin, bu hal 35 il təkrarlanıb. Ən əsası da odur ki, Əmir Teymur türk dünyasını bir yerə toplamaq istəyirdi. Göydə bir tanrının, yerdə bir xaqanın olmasını istəyirdi. Amma məsələ ondadır ki, xaqan nəslindən olmadığı üçün özünə xan da demirdi. Ömrünün sonuna kimi də əmir olaraq qaldı. Bu onun böyüklüyü idi. Onun törələrə, qanunlara böyük sayğısının göstəricisi idi. Bax belə bir insan haqqında yazmamaq olardımı?

Təbii ki, Əmir Teymur haqqında minlərlə kitab, pyes yazılıb. Filmlər çəkilib. Azərbaycan filmi olan "Nəsimi" də Əmir Teymurla bağlı epizod var. İsa Hüseynov "Nəsimi" filminin senarisini yazanda Əmir Teymurla Nəsimini görüşdürür. Amma tarixdə belə bir hadisə olmayıb. Fəzlullah Nəimi də qətlə yetiriləndə onunla görüşməyib. Amma filmdə Əmir Teymurun  o hadisədə iştirakı verilir. Az əvvəlki söhbətə qayıdaraq yenə də ədəbiyyatın gücünü göstərmək istəyirəm. Ədəbiyyatın gücü bax, budur. Mən də "Əmir Teymur" romanında insanların filmdə yaddaşlarında qalan epizoda uyğun olaraq, Əmir Teymurla Nəsimini Sivasda görüşdürdüm. Romanda Əmir Teymur qələmin gücünü qılıncdan daha güclü hesab edir: Əmir Teymur Nəsimini həbsdən azad edəndə etirazlar olur. O isə öz alimlərinə deyir ki, dünyaya hökm edən bir qılınc sahibi dünyaya hökm edən bir söz sahibinin başını vursun? Bax ədəbiyyat, poeziya budur. Hökmdarlar söz xiridarlarını, əsl ədəbiyyatı bütün  dövrlərdə seviblər. İndi də elədir.

- Yazıçı Yunus Oğuz həyatda nələrə dəyər verir, nələri sevir. Hobbiniz nədir?

- Hər bir insanın sevdiyi bir peşə olur. İşlədiyi, maaş aldığı, sevdiyi peşə. Məsələ ondadır ki, mənim sevdiyim işlədiyim, maaş aldığım peşə eynidir. Yəni,sevgim qələmədir, sevgim yazıyadır. Boş vaxtlarımda kitab oxumağı sevirəm. Kitablar insanı formalaşdırır, öz dünyasını yaradır. Kitaba sevgi ən böyük hobbimdir. Kitaba sevgi məntiqi nəticə çıxarıb nəsə yazanda bu  böyük sevgi olur. Təbii ki, ailəyə, vətənə sevgi var. Azərbaycanın milli mətbəxinə məxsus yeməkləri bişirmək hobbim var. Ən böyük sevgim qələm kitabadır. Ola bilər ki, kiminsə tamam başqa peşəyə sevgisi var. 15 yaşından mənim hobbimlə peşəm birdir. 45 ildir mən bu peşəmlə kitab oxumaq sevgimi birləşdirmişəm. Mənim ən gözəl istirahətim kitab oxuyanda yazandadır.

- Dünyanı xilas etmək  üçün nələr etmək lazımdır? Yazıçı Yunus Oğuzun bu barədə  hansı  fikirləri var?

- Yunus Oğuzun təxəyyülünü bilmək üçün təbii ki, ilk öncə onun əsərləri, şeirləri ilə tanış olmaq lazımdır. Hər bir insanın geniş ya dar təxəyyülü var. Təxəyyül təfəkkürün inkişafına təkan verir. düşünürəm ki, Yunus Oğuz üçün dünyanı xilas etmək- təhlükəli mühitdən təhlükəsiz mühitə keçmək  deməkdir. Yəni, dünyada sülh yaratmaq lazımdır. Dünyada ən böyük bəlamız cahillikdir. Cahilliyin ən böyük səbəbi oxumamaqdır. Məhəmməd Peyğəmbərin bir kəlamı var. Deyir ki, ey əsabələrim, mən sizə bu dünyada iki şeyi əmanət qoyuram. Biri kitab, bir əhli-beytim. İnsanlar cahil olacaqsa, dünyada qan töküləcək. İfrat dini radikal qarşıdurmalar yaranacaq. Bunun da səbəbi oxumamaq, cahillikdir. Məhəmməd Peyğəmbər bunu elə belə demirdi ki, anadan olandan ta qəbir evinə qədər oxuyun. Sosialist Lenin Məhəmməd Peyğəmbərin bu hədisindən istifadə etdi. Amma təəssüf ki, bizdə hələ oxumaq məsələsini tamam başqa cür anlayırlar. Elə zənn edirlər ki, oxumadan da bu dünyada yaşamaq olar. Yaşamaq olar, amma oxumadan insan ancaq cahil olur.

- Nədən Orta Asiyada məhz Özbəkistanla sıx əməkdaşlıq edirsiz?

- Əslində Özbəkistandan öncə kitablarım dünyanın müxtəlif ölkələrində yayımlanıb. "Əmir Teymur" yayımlanmamışdan öncə iki il ardıcıl olaraq Moskvada, Londonda, Nyu-Yorkda "Nadir şah" çap olundu, Ukraynada, Türkiyədə, Polşada. Qazaxıstanda Nazarbayev fondu kitabın təqdimatını keçirtdi.

Özbəkistanla sıx əməkdaşlığımız yaranmamışdan öncə çox maraqlı hadisə ilə qarşılaşdıq. Özbəkistanda fəaliyyət göstərən dostum Qulu Kəngərli ilə birgə Özbəkistan Yazıçılar Birliyinə, Prezident Aparatına getdik. Heç kim bizi qəbul eləmədi. Baxmayaraq ki, bu səfərə qədər "Əmir Teymur" dünyanın bir çox ölkələrində çap olunmuşdu. Dünyanın 20 ölkəsində 45 kitabım çıxıb. Qeyd edim ki, "Əmir Teymur" iri həcmli əsərlərimdən biridir. Oxuyanlar bu əsərin çox gözəl əsər olduğunu bildirir. Özbəkistan vətəndaşı olmadan belə bir kitab yazmağımı yüksək dəyərləndirirlər. Buna baxmayaraq, heç kim bizi qəbul etmir. Qulu Kəngərli ilə edəcəyimizi düşündük. Belə qərara gəldik ki, mən Bakıya qayıdım Özbəkistan prezidentinə teleqram vasitəsilə müraciət edim. O zaman ölkə prezidenti rəhmətlik İslam Kərimov idi. Bakıdan İslam Kərimova daşdan keçən teleqram vurdum. Tərcümədə iştirak edən şəxslərin, redaktorların hamısının adını qeyd etdim. prezidentə belə bir sual yazdım ki, əgər Əmir Teymur sizin üçün böyük bir şəxsiyyətdirsə nədən kitabımı dərc etmirsiniz? Bir həftədən sonra kitabımın tərcüməçisi, rəhmətlik dostum Osman Kuçqari zəng edərək bildirdi ki, onu Prezident Aparatına çağırırlar. Məni yenidən Özbəkistana dəvət etdilər. O vaxtdan sonra Özbəkistanla münasibətlərimiz başqa istiqamətdə inkişaf etdi. Əsər Prezident Aparatında humanitar şöbədə oxundu. Böyük tirajla yayımlandı. Daha sonra Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasimi təşkil edildi. Təqdimatda kitabdan imtina edən alimlər, akademiklər sonradan bu kitabı niyə onlara vermədiyimizi, nədən Prezident Aparatına şikayət etdiyimizi dedilər. bundan sonra həmin insanlarla da dostlaşma xətti götürüldü. "Əmir Teymur" əsəri çox surətlə yayımlandı. Kitab haqqında gözəl rəylər yazıldı. Özbəkistandan sonra Qırğızıstanda prezident iqamətgahında

"Əmir Teymur" əsərinin təqdimatı oldu. Davamlı olaraq digər kitablarım Özbəkistanda dərc olundu. Yunus Oğuz Özbəkistanda tamamilə başqa insan kimi, yazıçı kimi təqdim olundu. Bütün romanlarıma görə məni sevməyə başladılar. Təbiidir ki, yazıçının qələminin gücü məhz onun yazdığı əsərlərinin sevilməsindədir.

- Özbəkistan haqqında düşüncələrinizi bilmək maraqlı olardı.

- Əslində, özbəklər bizə -azərbaycanlılara oxşayır. İki cür özbəklər var: bir qıpçaq əsilli, digəri oğuz əsilli özbəklər. Bunların hər ikisi mənə əzizdir, doğmadır. Baxmayaraq ki, özbək sözünün kökü oğuz elindən gəlir. Özbəklərin insanlara münasibəti, davranışı, böyüklərə hörməti bizdə olduğu kimidir. Dinimiz bir az da dilimiz oxşardır. Düzdür, dilimizdə XX əsrin əvvəllində fərqlər bundan az idi. Sovetlərin zamanında fərq daha çox oldu. İndi ortaq ədəbiyyat, ortaq mədəniyyət, ortaq dil yaratmağa çalışırıq. Özbəkləri tərcüməsiz başa düşmək, anlamaq olur. Təbii ki, elmi dili anlamaq çətindir. Amma adi danışıq səviyyəsində bir-birimizi anlayırıq. Ona görə deyirəm ki, Əmir Teymur, Nadir şah digər tarixi qəhrəmanlarım qədər mənimdirsə, o qədər özbəklərindir. qədər özbəklərindirsə, o qədər türk dünyasınındır. Qırğızıstanındır, Qazaxıstanındır. Yəni, istər-istəməz biz bir kökdən yarandığımız üçün hamımız son nəticədə bir qardaş olmaq üçün kökümüzü axtarıb, toy keçirib, xaqanımızı seçəcəyik!

 

Olaylar.- 2018.- 22-24 sentyabr.- S.9.