Dövlət Proqramının qəbul
edilməsi
turizmin inkişafına güclü təkan verdi
Ramiz Yusubov:
"Azərbaycan iqtisadiyyatının inkişaf
potensialı çox böyükdür"
"Hər bir ölkənin sistemli, dinamik və tarazlı inkişafını xarakterizə edən ən mühüm göstəricilərdən biri regionların inkişaf səviyyəsi hesab olunur. Elə bu səbəbdən, Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də ölkə regionlarının davamlı və tarazlı inkişafına nail olunmasıdır. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da artırmaqla yanaşı regionların inkişafına da əhəmiyyətli təsir göstərməkdədir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Son illərdə dövlət tərəfindən regionların sosial - iqtisadi inkişafına yönəlmiş çoxlu sayda dövlət proqramları işlənib hazırlanmış və hal-hazırda da reallaşdırılmaqdadır ki, bu proqramlar da regional inkişafın və bu inkişafa yönəlmiş dövlət siyasətinin hüquqi əsasını təşkil edir. Regional iqtisadi inkişaf proqramları hazırlanarkən rəqabət qabiliyyətli məhsul çıxarılması, əhalinin sosial problemlərinin həlli, yerli məhsullar hesabına tələbatın ödənilməsi səviyyəsinin yüksəldilməsi, regionların istehsal potensialından səmərəli istifadə, iqtisadiyyatın regiondaxili sahə və ərazi quruluşunun təkmilləşməsi ön plana çəkilir. Regional inkişafın dövlət proqramları əsasında inkişafı istiqamətində ilk ciddi addım 2004-cü ildə Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" ilə qoyulmuşdur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov bildirib.
Ramiz Yusubov qeyd edir ki, I regional inkişaf proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində regionların iqtisadi potensialı hərəkətə gətirilmişdir. "Ölkənin davamlı və tarazlı inkişafına yönəldilmiş bu proqramın icrasına başlanılması ilə Azərbaycanda regional inkişafın təməli qoyulmuş, bölgələrdə iqtisadi fəallıq xeyli dərəcədə canlanmış, insanlarda təşəbbüskarlıq hissi güclənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, makroiqtisadi sabitliyin təmin olunmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin aşağı düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır. 1-ci və 2-ci regional inkişaf proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdığı üçün artıq növbəti Dövlət Proqramı qəbul edilməli idi. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılması ilə ölkəmizin inkişafı yeni, daha sürətli mərhələyə qədəm qoymuşdur. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilmiş, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılmışdır. Artıq uğurla icra edilən Dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutmuşdur".
İqtisadiyyatın inkişafının mühüm sahəsi olan kənd təsərrüfatı qeyri-neft sektorunun tərkib hissəsi kimi vacib əhəmiyyət kəsb etdiyini bildirən Ramiz Yusubov qeyd edir ki, Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. "Aqrar sahənin inkişafı Azərbaycan Prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Kənd təsərrüfatı iqtisadiyyatın davamlı, dayanıqlı inkişafının əsas, çox mühüm şərtidir və eyni zamanda, sistem yaradan və formalaşdıran bir sahədir. Digər tərəfdən ərzaq təhlükəsizliyi məhz kənd təsərrüfatının inkişafından asılıdır: Bu gün əhalinin yarısı kənddə yaşayır və kənd təsərrüfatının inkişafı həm də sosial sabitliyin, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir. Məşğul əhalinin təxminən 38 faizi kənd təsərrüfatı sektorunda çalışır. Bu baxımdan aqrar sahənin inkişafı, həm də iş yerlərinin açılması deməkdir. BMT-nin hesablamalarına görə, kənd təsərrüfatı yeganə sahədir ki, yoxsulluğun azaldılmasına daha çox təsir göstərir. Digər sahələrlə müqayisədə onun təsir effekti 4 dəfə çoxdur".
"Azərbaycanda əldə edilmiş siyasi sabitlik şəraiti, həmçinin son illər islahatların gələcək irəliləyişi üçün yaradılmış uğurlu sosial-iqtisadi baza dünyaya inteqrasiya üçün əlverişli şərait yaradır. Zənnimizcə, artıq bu gün iqtisadiyyatımız qarşısında rəqabət qabiliyyəti daha yüksək olan ilk əlli ölkə sırasına daxil olmaq imkanını gündəmə gətirir. Bu, real və eyni zamanda, irimiqyaslı məqsəddir. Çoxillik beynəlxalq təcrübə göstərir ki, iqtisadiyyatın modernləşdirilməsinin davam etdirilməsi və Azərbaycanda innovasiya sisteminin formalaşması iqtisadiyyatımızı üstün xammal ixracı inkişafı zonasından çıxarmağa imkan verəcək və emal sahələrinin artım dinamikasına güclü təkan verəcək, ölkənin dünya birliyində rəqabətqabiliyyətliliyini və onun dünya iqtisadi məkanına bərabərhüquqlu inteqrasiyasını tam mənada təmin edəcək. Son 10 ildə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdır. Azərbaycan iqtisadiyyatı orta və uzunmüddətli perspektivdə müxtəlif dəyişikliklərin təsirlərinə məruz qalan bir mühitdə inkişaf edəcəkdir. Belə təsirlərin müşahidə edilməsi və başa düşülməsi onların səbəb olduğu çətinliklərin öhdəsindən gəlmək və verdiyi imkanlardan faydalanmaq nöqteyi-nəzərindən vacibdir".
Ramiz Yusubov bildirir ki, Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. "Hazırda regionun lideri olan Azərbaycan eyni zamanda, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, mühüm beynəlxalq nəqliyyat mərkəzi və şaxələndirilmiş təchizat infrastrukturuna, eləcə də, dünyada sürətli inkişaf tempinə malik dövlətdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 26 sentyabr.- S.15.