“Qələmi əlimə alandan
sonra kimsə
məni yazmaqdan saxlaya bilməz”
Yunus Oğuz:
"Mənim Teymurum deyirdi:
"Nə deyirsiz, dünyaya
qılıncla hökm edən bir insan, dünyaya
sözlə hökm edən bir insanı edam etsin?""
Yazıçı-publisist
Yunus Oğuzla
müsahibə
- Yunus
müəllim, bu yaxında "Səfəvi
şeyxi" adlı romanınızı bitirmisiniz. Səhv eləmirəmsə bu sizin sayca
9-cu tarixi romanınızdır.
- Bəli.
- Nə vaxt çap olunacaq?
- Yəqin ilin axırına kimi kitab şəklində çıxar.
- Roman
kim haqqındadır?
- Təbii ki, kitabda Şeyx Səfi, Teymurləng, qaraqoyunlu Cahanşah, ağqoyunlu Uzun Həsən, İstanbulun Fəthi, Saray Xatun və başqaları barədə də xeyli məlumat var, ancaq əsasən Şeyx Cüneydin həyatı və fəaliyyəti üzərində dayanmışam.
- İstər Fərman Kərimzadənin, istər Əzizə Cəfərzadənin, istərsə də Əlisa Nicatın və başqalarının əsərlərində Şeyx Cüneyd obrazı işlənib. Sizin Şeyx Cüneyd ədəbi obraz kimi özünə qədərkilərdən nə ilə fərqlənir?
- Fərman Kərimzadənin və o biri yazıçıların əsərlərində Şeyx Cüneyd fraqment kimi verilib. Mən bu əsəri yazmaq üçün onlarla əlyazmadan, mənbədən istifadə eləmişəm. Fərman Kərimzadənin, Əzizə Cəfərzadənin, Əlisa Nicatın dövründə həmən əlyazmalar yox idi.
- Belə
çıxır romana yeni
faktlar əlavə etmisiniz?
- Əlisa Nicatın əsərində fokus mərkəzində Şah İsmayıldır. Əlisa Nicat Şeyx Cüneydlə Şeyx Heydərin Şirvana gəlib qətlə yetirilmələrini epizodik göstərir. Amma heç kim bilmir ki, Şeyx Cüneyd Şirvana niyə gəlmişdi?
- Niyə gəlmişdi?
- Uzun Həsən bacısı Xədicəni Şeyx Cüneydə vermişdi. Şeyx Cüneydin toyu ərəfəsində 20 min döyüşən əsgəri-müridi vardı, Uzun Həsən heç o qədər ordu toplaya bilmirdi. Ona deyirdilər ki, sənin bu qədər ordun var, niyə dövlət qurmursan? Onun qaynanası Saray xatun, Sara yazmayasan, bu yanlışdır. Nədənsə Sovet dövründə o diplomat qadının adını hamı Sara xatun kimi yazıb, ancaq adı Saray xatundur. Bəli, Saray xatun və Həsən bəy Şeyx Cüneydi təhrik edirdilər ki, ordun var, amma dövlətin yoxdur, torpağın yoxdur. Bu nə deməkdir? Şirvan o zaman ən zəif halqa idi. Kim istəyirdi hücum edib nəsə qoparırdı. 1501-ci ildə məhz Şah İsmayıl da buna görə Şirvana hücum elədi.
- O zaman bu hücum
qisas məqsədi
daşımırdı?
- Qətiyyən. Şah İsmayılın Şirvana hücumunun məqsədi də babası, atası kimi dövlət qurmaq idi.
- Şeyx
Cüneydin daha
hansı xüsusiyyətləri vardı?
- Şiəliyi bu əraziyə Şeyx Cüneyd gətirib. Ona qədər həm xalqımız, həm də Səfəvi şeyxləri sünni idilər. Şeyx Cüneyd gördü ki, yeni dövlət yaratmaq üçün başqa təriqətə keçmək lazımdır. Çünki onun əmisi və hamisi Şeyx Cəfər də Ərdəbildə, Təkkədə hakimiyyəti ələ keçirmişdi. Buna görə də Şeyx Cüneyd elan elədi ki, şiə təriqətinə keçirəm, "əhli-beyt" haqdır. Qızılbaş çalmasını geyinmək adəti isə Şeyx Heydərin vaxtında yaranıb.
- Əsərlərinizin
sizin üçün
tarix tərəfi daha
əhəmiyyətlidir, yoxsa ədəbiyyat
tərəfi?
- Mən ixtisasca tarixçiyəm. Bu faktları elmi əsər şəklində də yaza bilərəm, ancaq onda çox az adam oxuyacaq, bədiiləşdirib yazanda daha çox insanın marağı yaranır. Passionarlıq nəzəriyyəsi ilə bağlı bir elmi əsər yazdım. Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə dərc olundu. Amma çox az adam oxudu. Çünki Azərbaycanda cəmi üç nəfər passionarlığın nə olduğunu bilir. O əsəri Qumilyova da təqdim etdim, ona dedim ki, bəzi fikirlərinlə razılaşmıram. Sən yazmısan ki, biz türklər Asiyadan gəlmişik, mənsə sübut etmişəm ki, biz bu coğrafiyadan Asiyaya getmişik.
- Qumilyov
nə dedi?
- Qoca kişi idi, dedi ki, Allah bilər hansımız düzük (gülür).
- Belə bir fikir var
ki, hər bir
yazıçı nə yazdığını, necə
yazdığını gözəl bilir.
Bəs Yunus Oğuz öz yazdıqları haqqında nə düşünür, özünü
necə yazıçı hesab edir?
- Onu mən yox, gələcək nəsillər deyə bilər. Əgər Elmlər Akademiyasının Ədəbyyat İnstitutu bədii əsərlərimin müzakirəsini keçirirsə, əgər bütün kitablarıma Nizami Cəfərov rəy verirsə hər halda pis yazmıram. Çünki Nizami Cəfərov bəyənməsə heç vaxt rəy yazmaz.
- Sizin
tarixi əsərləriniz Fərman Kərimzadənin,
Əzizə Cəfərzadənin, Əlisa Nicatın və
başqalarının əsərlərindən nə ilə fərqlənir?
- Onlar elə dövrdə yaşayırdılar ki, ideologiyanın pəncəsində əsir olmuşdular. İstədiklərini yaza bilmirdilər. Mənimsə belə problemim yoxdur. Əlimin altında əlavə mənbələr var, onlara istinad edirəm. Məsələn, Əmir Teymurdan iki cildlik roman yazdım. Dünya Əmir Teymuru zalım bilirdi, mən tamamilə başqa rakursdan verdim, Qazaxıstanda, Özbəkistanda təqdim olundu, 300 min tirajla təqdimatı oldu. Türkiyədə isə dedilər ki, 50 ildi bizdə Teymurdan heç nə yazılmırdı. Nə var, nə var, guya Teymur Bəyazidi təhqir eləmişdi. Sən isə elə vermisən ki, Teymur Bəyazidi təhqir eləmir. Dedim həqiqətən Teymur Bəyazidi təhqir eləməyib, onlara mənbələr göstərdim.
Gərək mənbəni də oxuya, ordakı alt mənanı tuta biləsən. Məsələn, Sivasda 4 min erməni əsgərini Teymur diri-diri basdırıb. Mənbədə bu barədə sadəcə olaraq bir cümlə gedib. Niyə basdırıb? Bu cür dahi adam niyə belə eləsin? Səbəb nə idi? Sən demə Sivasda ermənilər Xocalıda olduğu kimi dinc sakinləri qətlə yetiriblər. Erməni məliki də Teymura "Sən bizə söz vermişdin ki, qan tökməyəcəksən" deyəndə Teymur da cavab verib ki, qan tökməyəcəm ki, diri-diri basdıracam.
- İsa
Hüseynovun "Məşhər"
romanında Əmir Teymurla Nəsimi görüşür. Halbuki
tarixdə o görüş
olmayıb. Sizin romanda
necə şahla şair
görüşür?
- Bu film insanların beyninə yer edib deyə düşündüm ki, İsa Hüseynovun "səhv"ini təkrarlayım. Odur ki, Teymurla Nəsimini görüşdürdüm. Mənim əsərimdə Teymur Nəsimini Sivas həbsxanasında çıxarır və İsa Hüseynovun Teymurundan fərqli olaraq mənim Teymurum sözün qılıncdan böyük olduğunu qəbul edir. Teymur deyir: "Nə deyirsiz, dünyaya qılıncla hökm edən bir insan, dünyaya sözlə hökm edən bir insanı edam etsin?"
- Səhv etmirəmsə
bir neçə il əvvəl
əsərlərinizin dilinə görə mətbuatda tənqid
olunmuşduz.
- Normaldı. Peyğəmbər deyiləm ki, mən də tənqid oluna bilərəm.
-
Yadımdadır, "Nadir şah
iclas elədi" cümlənizə
görə sizə irad tutulmuşdu.
- Necə istəyirsiz
ki, o dövrün
dili ilə yazım heç
kəs oxumasın? İclas
iclasdır da. Bəs nə yazım? Məşvərət də yaza bilərəm. Ancaq kim o sözü
bilir?
- Ümumiyyətlə
orta əsrlərin dilini, üslubunu saxlamağa çalışırsınız?
- Mən müasir insanlar üçün yazıram, ona görə dil də müasir olmalıdır. Özüm bilə-bilə bu
cür yazıram.
- Bir məsələ
də var ki, eyni irad
İsa Hüseynova, Əlisa Nicata tutulmayıb, sizə tutulub.
- Ola bilsin məni oxuyan İsa Hüseynovu, Əlisa Nicatı oxumayıb. Hər şey ola bilər.
Sizə bir şeyi də
deyim. Nadir şah elə bizim kimi danışırdı,
o vaxtın danışığının
indiki danışığımızdan
çox böyük fərqi yox idi.
- Kitablarınızın satışı sizi qane edir?
- Kitablarımın satışı
məni dolandırır.
Təkcə Azərbaycanda yox,
20 ölkədə 48 kitabım
çıxıb.
- Çingiz
Abdullayevi ötüb keçmisiniz ki.
- Çingiz Abdullayevə
çata bilmərəm. Onun təkcə
80 romanı mənim evimdədi. Bəlkə də mən
də detektiv yazsaydım həmin ölkələrdə tirajım
daha çox olardı.
- Türk tarixi roman yazarlarının
əsərlərinə münasibətiniz
necədir; Ahmet Ümid var, yarı tarixi, yarı detektiv yazır, İskəndər
Pala var.
- İskəndər Pala FETÖ-çü idi. Onu FETÖ-çülər
məşhurlaşdırmışdılar.
O da niyə görə? "Şah
və Sultan"ı yazıb, Şah İsmayılı təhqir
etdiyinə görə.
İskəndər Pala kimi yazıçılar
sifarişlə yazırlar.
Mənə isə sifariş
olunmur, özüm kimdən istəyirəmsə
ondan da yazıram.
- Gələcəkdə
kimdən yazmaq istəyirsiz?
- Açığı, fikrim
çoxdur. Məsələn, Sacilərdən yazılmayıb. Niyə yazılmasın?
Sacilərin möhürünün üstündə Azərbaycan
dövlətinin adı
var, özü də hamısı türk olub.
- Deməli, baxırsız ki, hansı tarixi dövrdə boşluq var, o dövrdən də yazırsınzı?
- Təbii, niyə də baxmayım? Ancaq bununla iş
bitmir ki. Qələmi
əlimə almayana kimi hələ bilmirəm nə yazacam. Düzdür, mənbələri oxuyub öyrənirəm, beynimdə maketi qururam. Qələmi əlimə alandan
sonra isə daha kimsə məni yazmaqdan saxlaya bilməz. Mən artıq o tarixi şəxsiyyətlərin yanında
oluram, onlarla nəfəs almağa başlayıram. O tarixi
hadisələr gözlərimin
qarşısında canlanmağa
başlayır.
- Tariximizin bizim bilmədiyimiz qaranlıq dövrləri çoxdurmu?
- Bəli çoxdur. Bunların hamısını yazıb
üzə çıxartmaq
lazımdır. Məsələn, Sultan Məhmətlə Uzun Həsən vuruşublar, hətta anası Saray xatun sultandan
xahiş edib ki, oğluma dəymə. Biz bu tarixi yaxşı
bilmirik. Yaxud Teymurun oğlu Şahrux 47 il
hakimiyyətdə olub,
təkcə Azərbaycanı
yox, Şirvana qədər böyük ərazini əlində saxlayıb. Türk dövlətinin gözəl
paytaxtından biri
Herat olub. Biz bunu da bilmirik,
yazılmayıb.
- Türklər də bu barədə yazmayıblar?
- Onların Əmir Teymurdan zəhləsi gedir. Heç nəslindən də
yazmağa qoymayıblar.
Dərsliklərdə də yazırlar
ki, Şah İsmayıl arvadını
atıb qaçıb.
- Siz niyə onlara cavab verməmisiniz?
- Kim deyir verməmişəm? "Şah Təhmasib"də Sultan Süleymanı dörd dəfə Azərbaycana gətirmişəm. Mən gətirməmişəm e, özü gəlib və hər birində də qoşunu qırılıb geri çəkilib. Türklər elə bilirsiniz bunu yazırlar? Yazmırlar. Gizlədirlər.
- Yunus müəllim, arxivlərdə
çalışırsınız?
- Mən arxivlərdə işləmirəm. Evim arxiv kimidir. Evimdə o qədər tarixi, qədim kitablar var ki. Bəlkə də arxivlərdə o kitablardan yoxdu. Bir də işdə çalışıram. İşdəki kitabxanamı da gördüz.
Olaylar.- 2018.- 29 sentyabr-1 oktyabr.-
S.9.