Mehdi Hüseynin yaradıcılığına nəzər salarkən

 

əvvəli ötən sayımızda

 

Mehdi Hüseynin oçerk və hekayələrində varlığın təbii nəfəsi duyulurdu. 1930-cu ildə bir müddət Qazax rayonunun Çaylı kommunasında işləyən M.Hüseyn "Nuruoğlu" hekayəsində kommunanın məhşur başçısının surətini yaratmağa müvəffəq olmuşdur. Azərbaycan sovet ədəbiyyatının mənimsənilməsi yolunda ilk addımlarını atan ədib "Nuruoğlu" və "Toy" hekayələrində sosialist əməyinin dəyişdirici, təşkiledici gücünü göstərmək istəmişdir. Hər iki hekayənin əsasında duran qəhrəmanları işə, mübarizəyə səsləyən, yeni həyatın nailiyyətlərinə sevinən bu adamlar onu daha da möhkəmləndirmək arzusu ilə yorulmadan çalışıır, özlərinə xas məftunluq hissini ətrafdakılara da təlqin etməyə səy göstərirdilər. 1936-1937-ci illərdə yazılıb, 1940-cı ildə çap edilən "Tərlan" haqlı olaraq müasir mövzunun realist səpkidə işlənməsində müəllifin, ümumiyyətlə bədii nəsrimizin müvəffəqiyyəti kimi qiymətləndirilirdi. Romanda hadisələr əsasən kiçik bir kənddə cərəyan etsə də, materialı dərindən öyrənən qabaqcıl mövqedən qiymətləndirən ədib Ellər kəndinin timsalında yeni həyat uğrunda ölüm-dirim mübərizəsinin dramatizmini, hümanist mahiyyətini açmağa nail olmuşdur. Əsərdə süjetin inkişafını müəyyənləşdirən konflikt, arzu və məqsədlər əks qütblərdə dayanan qüvvələrin mübarizəsindən doğur. Yeni cəmiyyətin qələbəsi naminə fədakarlıq göstərən Tərlan, Xanlar, Mürsəl kişi, Hacıoğlu kimiləri öz şəxsi səadətlərini zəhmətkeşlərin xoşbəxtliyindən ayrı təsəvvür etmədikləri halda, keçmiş pristav Fərman bəy, Mədət, Şamil, Molla Qəşəm kimiləri itirilmiş hakimiyyət və imtiyazlarını nəyin bahasına olursa olsun geri qaytarmaq, sinfi əleyhidarlarından intiqam almağı düşünürdülər. Romanda hadisələr tarixi həqiqət baxımından inandırıcı şəkildə bədii əksini tapmışdır. Əsərin baş qəhrəmanı Ellər məktəbinin direktoru, kənd partiya özəyinin katibi Tərlandır. Özünü məktəb, maarif işləri ilə yanaşı əkin-biçin, təsərrüfat sahəsində də məsul sayan Tərlanın surətini yaradarkən müəllif onun həyatının qısa bir dövrünü əsas götürmüş, onu ailə - məişət mühitindən daha artıq ictimai mübarizə meydanının fəal iştirakçısı kimi ümumiləşdirmişdir. Əsərdə Mehdi Hüseyn başqa qələm yoldaşları kimi, kollektivləşmə uğrunda mübarizəni həmin illərin mühüm hadisələri kimi canlandırmışdır. Xüsusilə gənclər arasında xurafata inananların sayı xeyli azalmışdır. Onların çoxu düşmənin gücünü lazımi qədər qiymətləndirmədiklərindən həyatlarını təhlükəyə atsalar da, qorxub geri çəkilmədilər. Romanda belə gənclərdən birinin surəti bədii vasitələrlə canlandırılmışdır. Sosializm-realizm prinsiplərinə bacarıqla yiyələnən ədib "Tərlan" əsərində dövrün səciyyəvi müsbət qəhrəmanlarını, (Sədəf, Xanlar, Hacıoğlu, Mürsəl kişi) surətlərini ön plana çəkməklə özünü novator sənətkar kimi tanıtdı. Buna görə də sonrakı illərdə Azərbaycan nəsrini zənginləşdirən qüvvətli surətlərindən olan Tərlanla əlaqədar, yazıçının ədəbi təcrübəsi nəsrimizin ümumi inkişafına müəyyən təsir göstərmişdir. "Tərlan" müəllifin 1930-cu illər üçün səciyyəvi olan yaradıcılıq nailiyyətidir. Bununla belə romanda publisistika üstünlük təşkil edirdi. Jurnalistlikdən gələn publisistika ədibin sonrakı əsərlərində yavaş-yavaş azalsa da birdəfəlik yox olmamışdır.

1930-cu illərin sonlarında Azərbaycan səhnəsi müasir mövzulara böyük ehtiyac duyduğu bir zamanda Mehdi Hüseyn dramaturgiya janrına müraciət etdi. Sovet quruluşu şəraitində yetişən yeni insanın ictimai və fərdi keyfiyyətlərini sosioloji və psixoloji amillərə xüsusi maraq göstərən yazıçının ilk səhnə əsəri "Şöhrət" də (1939) dramatik konfliktin bir-birinə zidd iki ictimai meylin toqquşması zəmnində açılırdı. Öz işini sevən və yaxşı bilən təvazökar Rəşid vətəndaşlıq borcunu vicdanla yerinə yetirəndə ad-san haqqında düşünmədiyi halda, bütün varlığı ilə şöhrətə can atan İmran öz məqsədinə çatmaq üçün ən çirkin vasitələrdən əl çəkmir. Böyük Vətən müharibəsi ərəfəsində yazılmış pyesdə sovet vətənpərvərliyi xüsusi əks olunurdu. Rəşid və Əziz kimi mərd cavanlar düşmənin vədlərini rədd edərək ölümü gözləri altına alır, amma vətənə xain çıxmırlar. Ancaq mövzunun aktuallığı, yazıçı niyyətinin ictimai tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb edən "Şöhrət" əsəri hadisələrin cərəyan etdiyi şəraitin özü, süni təsir bağışlayır.

Sovet yazıçılarının birinci Ümumittifaq qurultayından sonrakı dövrdə qələmi daha da püxtələşən M.Hüseynin yaxın keçmişdən və müasir həyatdan alınmış əsərləri 1930-cu illər Azərbaycan sovet ədəbiyyatının inkişafında müəyyən əhəmiyyətə malik olmuşdur. Böyük Vətən müharibəsi illərində yazıçı və ictimai xadim kimi fəaliyyət göstərən Mehdi Hüseynin "Moskva" (1942) və "Cənub xatirələri" (1942) əsərləri haqlı olaraq bu dövr ədəbiyyatının səciyyəvi nümunələri kimi yüksək qiymətləndirilmişdir. 1942-ci ilin əvvələrində paytaxta səfəri nəticəsində yazılmış "Moskva" oçerkində şahidi olduğu epizodları emosional vasitələrlə ümumiləşdirən müəllif məğlubedilməz şəhərin, onun qorxmaz müdafiəçilərinin surətlərini yaratmağa, Moskvalıların zahiri sakitliyi arxasında gizlənmiş qətiyyətini, vətənin müdafiəçilərinə sonsuz məhəbbət və minnətdarlıq hisslərini, inandırıcı şəkildə göstərməyə nail olmuşdur. "Moskva" da kiçik epizodlar bir-birini tamamlayaraq cəbhənin nisbətən geniş mənzərəsini canlandırırdı.

Yazıçının mühüm ictimai - siyasi problemlərə münasibəti bədii surətlər vasitəsi ilə ifadə meyli "Cəbhə xatirələrində" daha qabarıqdır. Müəllif "Möcüzə", "Qanlı sular", "Ördək məsələsi" , "Satqın", adlı dörd müstəqil və bitkin hekayədən ibarət bu bədii silsilədə də, Moskvada olduğu kimi müasir muharibənin texnikaya əsaslandığını böyük ehtiyyat qüvvəsi tələb etdiyini nəzərə çatdırsa da, " amma yenə də müharibə aparan insanlardır", qənaətinə gəlir və oxucunu bu nəticəyə inandırmğa nail olur. O, Adambay, Həmzət, Larisa, Fomenko, kimi müxtəlif millətlərə mənsub olan sovet adamlarını, onların dözüm və inamlarının ictimai-psixoloji səbəblərini açıb göstərməklə döyüşçüləri fədakarlığa, igidliyə səsləyir. Mehdi Hüseyn bu əsərlərdə heyrət və iftixar hissi doğuran, fiziki və mənəvi qüvvələrin gərginliyini tələb edən qəhrəmanlığı fövqəladə bir hadisə kimi deyil, sovet adamının vətənə şüurlu xidməti, böyük ideallara sədaqətinin təzahürü, yeni insana xas sifət kimi mənalandırır. Hər bir əsərin üzərində diqqətlə işləyən ədibin bu illərdə yazdığı hekayələrin bir qismi kiçik həcmli janrın mükəmməl nümunələrindəndir. İnsanı böyük məqsədlər naminə igidliyə mənəvi saflığa çağıran vətənpərvərlik hissinin, günün hadisələri ilə bilavasitə səsləşən adamları düşündürən vacib suallara cavab kimi yazılmış hekayələrin əksəriyyəti indiöz dəyərini qoruyub saxlayır.

Böyük Vətən müharibəsinin ilk illərində nəsrin, əsasən kiçik formaları inkişaf edir, müəlliflər konkret faktları oçerk və hekayələrdə əks etdirmək yolu ilə günün tələbinə cavab verən əsərlər yazırdılar. Lakin müşahidə və təcrübə apardıqca, çoxmillətli sovet ədəbiyyatında olduğu kimi Azərbaycan nasirləri də müharibənin dəhşətlərini xalqlar dostluğunun qüdrətini geniş bədii lövhələrdə göstərməyə ehtiyac duyurdular. Böyük Vətən müharibəsi illərində tez-tez cəbhəyə gedən döyüşçü və komandirlərlə görüşən M.Hüseynin "Fəryad" (1945) povesti Azərbaycan nəsrində bu istiqamətdə aparılan axtarışların ilk nümunələrindən idi. Əsərdə faşist işğalçıları ilə ölüm-dirim mübarizəsində qəhrəmanlıq və fədkarlıq göstərmiş sovet adamının vətənpərvərliyi realist vasitələrlə canlandırılmışdır. Diqqət mərkəzində duran surətlərdən biri qocaman rus rəssamı Levindir. Faşistlər şəhərə daxil olanda mürəkkəb duyğular içində çırpınan Levin sənətkar vüqarını təhqir edilmiş sayır, admiral Naximovun vaxtında düşmən ayağı dəyməyən sahillərdə yadellilərin görünməsini şəxsi dərdi kimi yaşayaraq iztirab keçirir. Yazıçı işğalçıların azğınlığını qəzəblə, emosional bədii vasitələrlə canlandırmışdır. Qoca rəssamı və gəlinini təhqir edib evlərindən qovurlar, nəvəsi ölür, həbsə düşürlər...

Böyük Vətən müharibəsi illərində xalq həyatını hərtərəfli göstərməyə cəhd edən Mehdi Hüseynin "Ürək" (1945) povestində arxa cəbhə adamlarının mənəvi qüdrəti qələmə alınmışdır. Müəllif hadisələrin cərəyan etdiyi konkret şəraiti cəmiyyət qarşısındakı borc anlayışına zidd münasibəti, xarakterlərin toqquşduğu vəziyyəti qabarıq göstərə və həyatı surətləri yarada bilmişdir. Povestdə MTS direktoru Xəlilin surəti bu baxımdan xüsusilə müvəffəqiyyətlidir. Sovet adamlarının vətənpərvərliyini əmək qəhrəmanlığını iftixarla canlandıran realist yazıçı müharibə ilə əlaqədar yaranan müvəqqəti çətinliklərdən şəxsi mənfəətləri naminə istifadə edən vəzifəpərəstləri kəskin tənqid atəşinə tutmuş, belələrinin xalqın namuslu övladları tərəfindən qətiyyətlə rədd edildiyini aydın və ifadəli boyalarla əks etdirmişdir. Əsəri yüksək qiymətləndirən Səməd Vurğun yazırdı:- povestdə "Mehdi Hüseyn Böyük Vətən müharibəsi illərində Azərbaycanın kolxoz kəndi əməkçilərinin, sovxoz və MTS işçilərinin vətən qarşısında öz borclarını dərindən dərk edərək qəhrəmancasına çalışdıqlarını, xalqapartiyaya sədaqətlə xidmət işində necə parlaq nümunələr göstərdiklərini bizə açıb göstərir..."

Mehdi Hüseynin hekayə və povestlərində müharibə dövründə Azərbaycan həyatının bir sıra mühüm cəhətləri, xalqımızın vətənə hədsiz məhəbbəti, qələbəyə sonsuz inamı real bədii vasitələrlə əks olunmuşdur.

Böyük Vətən müharibəsi illəri yetkinləşməyə başlayan, fərdi üslubu formalaşan ədibin yaradıcılıq tərcümeyi-halında "Abşeron" romanı xüsusi yer tutr. Rahatlıq bilməyən Bakı neftçilərinin əmək rəşadəti bütün ölkədə rəğbət və iftixar hissi doğurmuşdur. Bu dövürdə çoxmillətli Bakı proletariatı sovet fəhlə sinfinin qabaqcıl dəstələrindən birinə çevrilmişdir. Lakin bu mühüm mövzu sənətdə, o cümlədən nəsrin iri formalarında özünün layiqli əksini tapmışdır. Bu nöqteyi-nəzərdən "Abşeron" romanı müəllifin uzun illərdən bəri davam edən axtarışlarının bədii nəticəsi idi. M.Hüseynin təxminən iyirmi il müddətində yazdığı əsərlərin qəhrəmanları əsasən, kəndlilər və ziyalılardan ibarət idi. Ədib elə bil hiss edir di ki, sevimli qəhrəmanlarının övladları artıq şəhərdə yaşayır, neft sənayesində çalışırlar. Bu gənclərin özlərini yeni mühitdə necə hiss etdiklərini, şüurlarında baş verən narahatlığı neft mədənlərinə, kəşfiyyat idarələrinə gətirdi.

Yazıçı iki il müddətində tez-tez mədənlərə gedir, fəhlə və mühəndislərlə, qocaman ustalarla və kənddən təzə gəlmiş cavanlarla görüşür, gələcək qəhrəmanlarını bilavasitə başında və istirahət vaxtında ciddi məsələlərin, qızğın mübahisələrin doğurduğu istehsalat müşavirələrində yaxından iştirak edirdi. Ədib həmin illərdə bir sənətkar kimi onu düşündürən, narahat edən problemlər haqqında yazırdı: "Bu gün məni yeni Bakı çox maraqlandırır. Çünki mənim sevdiyim və həmişə ilk planda təsvir etməyə çalışdığım adamlara burada tez-tez rast gəlirəm. Məsələ yalnız mövzu yeniliyində və yaxud yeni peyzajda deyildir... Bugünkü Bakıda məni ən çox həyacanlandıran da müasir həyatımızın bütün gözəlliklərini yaradan müasir adamlardır..."

 

Ardı var

 

Ədalət Rəsulova

AMEA Nizami adına Ədəbiyyat

İnsititunun əməkdaşı

 

Olaylar.- 2018.- 12 yanvar.- S.12.