Regionların sosial-iqtisadi inkişafına dair Dövlət

Proqramı ölkənin hərtərəfli inkişafına təkan verib

 

Artıq 14 ildir ki, mərhələli şəkildə uğurla həyata keçirilən və icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkəmizin simasını nəzərəçarpacaq dərəcədə dəyişib. Əgər sözügedən Dövlət Proqramının icrasına qədər nəinki əyalətlərdə, hətta paytaxt Bakıda arzuedilən səviyyədə infrastuktur yox idisə, həm paytaxt, həm də regionlarda işsizlik problem ciddi xarakter daşıyırdısa, hazırda bütün bu çətinliklərin arxada qaldığını söyləyə bilərik. Yaxşı xatirimizdədir ki, müstəqilliyin ilk illərində, elə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilib onun icrasına başlanana qədər əyalətlərdəki işsizlik və social durumun ağırlığı səbəbindən bölgə insanları Bakıya axışırdı.

Müəyyən qism isə, daha çox gənclər iş və güzaran həyat dalınca  əyalətlərdən şimal qonşumuza üz tuturdu. Lakin Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına başlanılması. Xüsusilə də onun uğurlu icrası bu sahədə mövcud olan xoşagəlməz situasiyanı aradan qaldırdı. Bölgələrdə yeni-yeni istehsal müəssisələri, zavod və fabriklərin açılması nəticəsində əyalət insanlarının regionlardan paytaxta axınının qarşısı alındı. Regionlarda yüz minlərlə yeni iş yerləri açıldı. Tam 14 ildir uğurla həyata keçirilən bu Dövlət Proqramının əsas nailiyyətlərindən biri ondan ibarətdir ki, 14 il əvvəl əyalət insanı iş üçün paytaxta üz tuturdursa, hazırda vəziyyət tamamilə fərqlidir. Bu gün məhz paytaxt sakini iş üçün bölgələrə üz tutur ki, bud a regionlarda kifayət qədər yeni iş yerlərinin yaradılması ilə bağlıdır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının birinci mərhələsinin kifayət qədər uğurlu nəticələri olduğundan həmin proqramın icrası günümüzdə də davam edir və hər yeni proqramın qəbulu zamanı qaşıya yeni hədəflər, prioritetlər qoyulur. Bu da onu deməyə əsas verir ki, regionların hazırkı vəziyyətdən də daha yaxşı inkişaf etdirilməsi hər zaman dövlətin qarşısında duran başlıca prirotetdir. Və hakimiyyət, xüsusilə cənab Prezident İlham Əliyev də elə bu istiqamətdə çalışır, fəaliyyət göstərir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin cari ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı  da Prezident İlham Əliyev  bu məsələyə toxunaraq qeyd edib: "Regionların inkişafı daim diqqət mərkəzində olub. Keçən il mən 30-dan çox rayona səfər etmişəm. Bu səfərlər çərçivəsində həm yeni müəssisələrin açılışları qeyd olunub, yeni müəssisələrin təməli qoyulub, həm də bölgələrdə gedən vəziyyətlə bağlı mənə məruzələr edilib. Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram". Prezident bildirib ki, 2017-ci ildə 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir: "Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanıb. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanıb. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir".

Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışından məlum olub ki, 2017-ci ildə regionların qazlaşdırılması, elektrik enerjisi və su təminatı ilə təchis olunması istiqamətində də xeyli işlər görülüb. Dövlət başçısı bildirib ki, 2017-ci il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrılıb və bu istiqamətdə çox önəmli addımlar atılıb. Elektrik təchizatı yaxşılaşdırılıb, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşüb: "Bizim sürətlə artan sənaye və kənd təsərrüfatı potensialımız tələb edir ki, elektrik təchizatının inkişafı daim diqqət mərkəzində olsun. Bölgələrdə sürətli qazlaşdırma işləri aparılır. Keçən ilin yekunlarına görə ölkəmizin 93 faizi qazlaşdırılıb. Bu il dövlət büdcəmizdə qazlaşdırma üçün əlavə vəsait nəzərdə tutulur. Bu rəqəm daha da artacaq. Görülən tədbirlər nəticəsində 100 min hektardan çox sahə suvarılmağa başlanıb. Bu, çox böyük rəqəmdir. Əlbəttə ki, kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı məhsullarının ixracına bunun çox böyük dəstəyi olacaq".

İstər Dövlət Proqramının uğurlu icrası istərsə də 2017-ci ildə qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsi istiqamətində görülən işlər nəticəsində əksəriyəti regionlar olmaqla 1300 kilometr avtomobil yolu salınıb ki, bud a Prezident Ilham Əliyevin qeyd etdiyi kimi çox böyük göstəricidir. Beş yüzdən çox kəndə yeni yol salınıb: "Biz ilin əvvəlində bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi çox genişdir. Biz il ərzində yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayırdıq və beləliklə, 500-dən çox kəndə yeni gözəl yol salınıbdır. İçməli su layihələri uğurla icra edilir. Bir çox şəhərlərin içməli su problemi keçən il öz həllini tapıbdır. Biz bütövlükdə əsas infrastruktur layihələrinin icrası istiqamətində qarşımızda duran hədəfə demək olar ki, çatırıq. Sosial infrastrukturla bağlı çox ciddi addımlar atılıb. 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib. 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. İki Olimpiya İdman Kompleksi istifadəyə verilib. Sosial infrastruktur layihələri, əlbəttə ki, çox böyük əhəmiyyət daşıyır və bizim siyasətimizin istiqamətini əks etdirir. Hətta iqtisadi cəhətdən çətin olan illərdə biz sosial məsələlərin həlli üçün əlimizdən gələni edirik və böyük işlər görürük. Bu il bu sahədə görüləcək işlər demək olar ki, sosial infrastrukturla bağlı məsələlərin böyük əksəriyyətini həll edəcəkdir. Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq. Eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Bu da əlamətdar hadisədir. Təkcə ona görə yox ki, böyük köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənmişdir, azad edilmişdir və o yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur.

Qeyd etdiyimiz kimi Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasında ən uğurlu və diqqət çəkən cəhət ölkədə yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Dövlət başçısının Nazirlər Kabinetinin iclası zamanı çıxışından da məlum oldu ki, 2004-cü ildən bu günə qədər iki milyona yaxın yeni iş yeri açılıb: "Amma baxın, əhali də nə qədər artıb. Bu gün Azərbaycan əhalisi 10 milyona yaxınlaşır. Bizim əhalimiz sovet dövrünün son mərhələsində 7 milyon, bəlkə də ondan bir qədər çox idi. Görün, müstəqillik illərində əhalimiz nə qədər artıb. Bu, bizim böyük gücümüzdür, gücümüzü artırır, eyni zamanda, qarşımızda vəzifələr qoyur. Ona görə bu il də yeni iş yerlərinin yaradılması ilə bağlı addımlar atılacaq. İqtisadi sahəyə, sənaye potensialımızın, kənd təsərrüfatının inkişafına göstərilən dəstək və əldə edilən nəticələr deməyə əsas verir ki, yeni iş yerlərinin yaradılması prosesi bu il də sürətlə gedəcək".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Olaylar.- 2017.- 12 yanvar.- S.15.