Azərbaycan dinamik inkişaf yolunda

 

Həyata keçirilən uğurlu islahatlar bu inkişafı şərtləndirir

 

Bir neçə ildir ki, dünyanı bürüyən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycan öz sürətli inkişaf yolunu davam etdirir. İnkişaf etmiş ölkələr belə qlobal iqtisadi və maliyyə böhranından əziyyət çəkib bir sıra sosial layihələri təxirə saldığı, yüz minlərlə iş yerlərini bağladığı, əmək haqqı və pensiyaların məbləğini aşağı saldığı halda, Azərbaycanda isə bütün bunların əksi müşahidə edildi.

Ölkənin iqtisadi inkişaf tempi davam etdi, yeni istehsal müəssisələri, zavod və fabriklər istifadəyə verildi. Ən əsası isə bu illər ərzində nəinki nəzərdə tutulan sosial layihələr ertələndi və ya təxirə salındı. Əksinə onların icrası daha da sürətləndi. Eyni zamanda yeni-yeni sosial layihələrlə bağlı təşəbbüslər irəli sürüldü, reallaşdırıldı. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, istər qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü müddətdə, istərsə də başa vurduğumuz 2017-ci il ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək haqqı və pensiyalar artırıldı, sosial müavinətlərin ödənilməsində yeniliklər tətbiq edildi. Təbii ki, bu yeniliklər də birbaşa əhalinin aztəminatlı təbəqəsinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edirdi. Bütün bunların mümkünlüyü, qlobal maliyyə və iqtisadi böhrana rəğmən Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etməsi isə heç şübhəsiz ki, həyata keçirilən düşünülmüş və uğurlu siyasətlə bağlı idi.

Başa vurduğumuz 2017-ci ilin statistik göstəriciləri də onu deməyə əsas verir ki, uğurla həyata keçirilən siyasət və iqtisadi islahatların nəticəsində Azərbaycan öz dinamik inkişaf yolunu davam etdirib.  Bu isə ilk növbədə ölkədə məqsədyönlü şəkildə siyasətin həyata keçirilməsi ilə yanaşı, iqtisadiyyatın müxtəlif sektorlarını əhatə edən ilahatların həyata keçirilməsi ilə əlaqədar idi.  Elə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bütün bunlar açıq şəkildə ifadə edildi və təsdiqini tapdı. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda çıxış edən dövlət başçısı da başa vurduğumuz 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilidiyini diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olub: "Mən bu tezisi elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır. Belə də oldu və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır".

Əgər statistikaya nəzər salsaq görərik ki, ötən il ümumi daxili məhsulda da artım nəzərə çarpıb. Düzdür, bu artım az olsa da, lakin hazırkı böhran dövrünə nisbətdə ÜDM həcminin qismən də olsa artması xüsusi vurğulanmalıdır.  Paralel olaraq bu müddət ərzində qeyri-neft sektorunda da artım baş verib və bu artım 2,5 faiz təşkil edib. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Həmçinin valyuta ehtiyatlarımız da  artım tendensiya özünü göstərib. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilib ki, həmin layihələr də iqtisadiyyatın inkişafında öz rolunu oynayıb.

2017-ci ilin ən ciddi uğurlarından biri isə qeyd etdiyimiz kimi valyuta ehtiyatlarımızın artımı ilə bağlı olub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin iclasında xüsusi qeyd edib: " 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir".

Keçən il üçün əlamətdar hadisələrdən biri də ixrac potensialımızın əhəmiyyətli dərəcədə artması və nəticədə əksəriyyət ölkələrə Azərbaycanın ixrac missiyasının səfərlər etməsidir ki, həmin səfərlər də yerli istehsalın beynəlxalq aləmdə tanıdılması, xarici bazarların müəyyən edilməsi baxımından əhəmiyyətli olub. Təsadüfi deyil ki, dövlət başçısı Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bu məsələyə də diqqət çəkib. Dövlət başçısı da bildirib ki, Azərbaycanın ixrac potensialı artır: "2017-ci ildə ixrac 19 faiz artıb, qeyri-neft ixracımız isə 24 faiz artıb. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlib. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir. İdxal isə təqribən cəmi 1 faiz artıbvə bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadiyyatçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir. Əminəm ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq.Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir. Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq".

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda regionların da inkişafı Azərbaycan Prezidentinin fəaliyyətinin əsas prioritetini təşkil edir. Bunu dövlət başçısının prezident kimi fəaliyyətə başladığı ilk ildə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını qəbul etməsinin timsalında söyləmək mümkündür. Qeyd edək ki, 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən həmin proqram ölkənin regionlarının simasını əsaslı dərəcədə dəyişib, bölgələrdə nəzərəşarpacaq dərəcədə inkişafa nail olunub. Məhz sözügedən proqramın icrası nəticəsində bölgələrdə yeni-yeni istehsal və emal müəssisələri yaradılıb, iş yerləri açılıb, yerli isrehsal artıb ki, bu da nəticə etibarilə əyalətlərdə əhalinin rifah halının yaxşılaşdırılması, bölgələrdə işsizlik səviyyəsinin aradan qaldırılmasına təkan verib. Qeyd edək ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bu məsələyə toxunaraq bundan sonra da regionların inkişafının diqqət mərkəzində olacağını söyləyib: "Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur. Keçən il mən 30-dan çox rayona səfər etmişəm. Bu səfərlər çərçivəsində həm yeni müəssisələrin açılışları qeyd olunub, yeni müəssisələrin təməli qoyulub, həm də bölgələrdə gedən vəziyyətlə bağlı mənə məruzələr edilib. Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram. 2017-ci ildə 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Keçən il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrılıb və bu istiqamətdə çox önəmli addımlar atılıb. Elektrik təchizatı yaxşılaşdırılıb, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşüb. Bizim sürətlə artan sənaye və kənd təsərrüfatı potensialımız tələb edir ki, elektrik təchizatının inkişafı daim diqqət mərkəzində olsun. Bölgələrdə sürətli qazlaşdırma işləri aparılır. Keçən ilin yekunlarına görə ölkəmizin 93 faizi qazlaşdırılıb. Bu il dövlət büdcəmizdə qazlaşdırma üçün əlavə vəsait nəzərdə tutulur. Bu rəqəm daha da artacaq. Görülən tədbirlər nəticəsində 100 min hektardan çox sahə suvarılmağa başlanıb. Bu, çox böyük rəqəmdir. Əlbəttə ki, kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı məhsullarının ixracına bunun çox böyük dəstəyi olacaq.

 

Süleyman

 

Olaylar.- 2017.- 12 yanvar.- S.8.