Mehdi Hüseynin
yaradıcılığına nəzər salarkən
əvvəli ötən saylarımızda
Qabaqcıl
müasirlərimizin bədii surətlərini yaratmaq
baxımından ədibin yaradıcılığında,
ümumiyyətlə Azərbaycan ədəbiyyatında yeni
addım olan "Abşeron" romanında qəhrəmanlar,
istehsalat prosesində göstərilmiş sosialist əməyinin
yaradıcı, təşkil edici gücü, başqa sözlə
poeziyası inandırıcı şəkildə əks
etdirilmişdir. Romandakı hadisələr əsasən Tahir
obrazının xaraktercə formalaşması prosesində
inkişaf edir. İlk baxışda yaşıdlarından
seçilməyən bu gəncin həyat yolunu realistcəsinə
işıqlandıran yazıçı sosializm cəmiyyətində
ictimai və şəxsi mənafeyin ahəngdarlığının
gözəlliyini inandırıcı detallarla əks
etdirmişdir. Əvvəllər həyat haqqında sadəlövh
təsəvvürlərlə yaşayan Tahirin bir vətəndaş
və şəxsiyyət kimi yetişməsi, romanda mənalı
təfərrüatlarla təsbit olunmuş, bu yeni insanın əmək
qəhrəmanı və vətənpərvərin,
qayğıkeş oğulun, tanınmış briqadirin
yetişməsində həlledici rol oynamış kommunist əxlaqının,
sosialist həyat tərzinin rolu ilk plana çəkilmişdir.
Nəsillər arasında əlaqə-münasibət problemini
partiyalı mövqedən işıqlandıran müəllif
Tahirin taleyində yaşlı nəslin nümayəndəsi
olan usta Ramazan və Qüdrət İsmayılzadə kimi
insanların qayğısını əhəmiyyətini
müvəffəqiyyətlə açıb göstərə
bilmişdir. Tahir yaşlıların təcrübəsini
öyrənə-öyrənə bir peşəkar kimi
onların başladıqları işi davam etdirməklə
yanaşı, inqilabi ən-ənələr estafetini də vətəndaş
məsuliyyəti ilə qəbul edir.
Böyük
Vətən müharibəsindən sonra ədəbiyyatımızda
fəhlə sinfinin və ziyalıların həyatına
marağın güclənməsi təbii idi. Ancaq bəzi
yazıçılar öz əsərlərində istehsalat
texnalogiyasına, elmi və texniki mübahisələrə həddən
artıq yer verir, texniki təfərrüatların dəqiqliyi
qayğısına daha çox qalırdılar. Nəticədə
"istehsalat romanları" adlandırılan əsərlərin
bir çoxunda xarakterlər sönük və sxematik
çıxırdı. Lakin ədəbi prosesin gedişi
göstərdi ki, bu mövzunun bədii mənimsənilməsi
prosesində keçilməsi zəruri olan bir mərhələ
imiş. Mehdi Hüseyn mədənlərdə işin
texnikasını, mürəkkəb cihazların və alətlərin
adını öyrənsə də əmək prosesinin
insanın hiss və düşüncələrinə təsiri
ilə daha çox maraqlanır, dünənə qədər
kənddə yaşayan, ilk dəfə
qarşılaşdıqları iri sənaye müəsisələri
qarşısında heyrətə düşən,
yavaş-yavaş mürəkkəb cihazların sirlərini
öyrənərək güclü maşınların
qüvvəsini qollarında duyan cavanların daxili aləminə
nüfuz etməyə çalışırdı. Realist sənətkar
texniki təfərrüatlardan yerində istifadə edə-edə
surətin daxili aləmini işıqlandırmağa xüsusi
diqqət yetirir, şəxsiyyətin yetişməsi prosesinin
mürəkkəbliyini həyati vasitə və detallarla əks
etdirməyə çalışır. "Abşeron"
romanında ədib mühüm ictimai-siyasi hadisələr
haqqında zəruri bədii məlumat verməklə bərabər
özlüyündə bir çox əhəmiyyətli hadisələri
və qəhrəmanların xarakterinə, əxlaqi qənaətlərinə
təsir baxımından işıqlandırır . Sosialist
realizmin bəzi əhəmiyyətli prinsiplərini davam və
inkişaf etdirərək, insanı öz mühitində
göstərib, onu işindən ictimai fəaliyyətindən
təcrid etmir. "Abşeron" romanı bu baxımdan ədibin
ciddi sənətkarlıq nəaliyyətidir. Tahirin xarakterinin
formalaşmasına təsir göstərən amilləri
ön plana çəkən ədib onu yeni şəraitdə
daha ətraflı şəkildə
işıqlandırmağa nail olur. Gənc qəhrəmanın
tezliklə yoldaşları arasında addımlamaq niyyətini
təbii sayan yazıçını maraqlandıran
başlıca sual budur:- Tahir öz məqsədinə
hansı yollarla çatmalıdır? gəncin bu və digər
fərdlərlə cəmiyyət arasında münasibətlərin
mümkün qədər ətraflı şəkildə
açılması bu suala cavab kimi ifadə olunur.
S.Babenışyeva "İki roman, iki tale" adlı məqaləsində
"Abşeron" romanını Venesuella
yazıçısı Ramon Dias Sancesin "Neft" romanı
ilə müqaisə edərək Mehdi Hüseyinin hadisələrin
cərəyan etdiyi mühiti, realist planda mənalı təfərrüatlarla
canlandırmaq bacarığını yüksək qiymətləndirmişdir.
"Məmməd
Arif Abşeron romanında Tahiri Balzakın kənddən şəhərə
gəlmiş bəzi qəhrəmanları ilə mübahisə
edərək göstərirdi ki, burjua şəhəri sadə,
təmiz qəlbli gəncləri pozub
fırıldaqçı və mənsəbpərəst edirsə,
sosialist Bakısı Tahiri doğma övladı kimi
qarşılayır, xeyirxah adamlar, gənclikdən doğan
nöqsanlardan azad olmaqda ona kömək edirlər".
Mehdi
Hüseyn əsas surətləri dəyişmə və
inkişafda izləmiş, onların daxili aləmlərində
baş verən dəyişikliyi mənalandırmış,
hadisə və insanlara münasibəti əks etdirmişdir.
Tahirin simasında gəncliyin vətənə məhəbbətini,
əməyə münasibətini, yeni əxlaqi keyviyyətləri
tipikləşdirilmişsə; usta Ramazan obrazı
timsalında vaxtıilə Sovet Hakimiyyəti uğrunda
mübarizə aparmış, sosializm quruculuğu prosesinin
önündə gedən kommunizm ideallarına sədaqətinin
ümumiləşdirilmiş surətidir. Hələ
müharibədən əvvəl təqaüdə
çıxmış usta Ramazan "ölkəmiz davadan
üzü qara çıxmasın", deyə geri
qayıdaraq var gücü ilə işləmiş, indi də
kənara çəkilmək niyyətində deyildir. Uzun həyat
yolu keçmiş ustanı buruqda, iclasda, fəhlə
yataqxanasında və öz daxili aləmi çərçivəsində
izləyən ədib bitkin və uzun müddət yadda qalan
xarakter səviyyəli bir obraz yaratmağa nail olmuşdur.
M.Hüseynin
"Abşeron" romanı xarici ölkələrin mətbuatlarında
tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir.
Onlar romanı ətraflı təhlil və təbliğ
etmiş, onun idrak əhəmiyyətini və bədii keyfiyyətlərini
açaraq, ədibin qələmə aldığı
materialı, konkret surətlərin psixologiyasını
yaxşı bildiyini qeyd etmişdilər. Qabaqcıl tənqidçilər
əsərdən siyasi məqsədlər naminə istifadə
edir, onu öz ölkələrinin qarşısında duran
aktual ictimai-siyasi problemlər baxımından
işıqlandırırdılar. Məsələn,
"Ət-təriq" jurnalı ərəb oxucusuna
müraciətlə yazırdı:- "Məlumdur ki, əvvələr,
Böyük Oktyabr sosialist inqilabına qədər Bakı
nefti Britaniya və başqa imperialist ölkələrin əlində
idi, bu sərvətin talan edilməsinə çar rejimi hər
cür kömək göstərirdilər. Ərəb ölkələrində
olduğu kimi gözüac istismarçı ölkələr
Bakı neftini mənimsəyirdilər..."
"Abşeron"
əsəri Böyük Vətən müharibəsindən
sonra sürətlə inkişaf edən azərbaycan
romanlarının nailiyyətlərindən sayılırdı.
Əsərinin müvəffəqiyyəti yazıçıda məsuliyyət hissini daha da artırırdı. Böyük Vətən müharibəsindəki sovet xalqının tarixi qələbəsindən bir neçə gün sonra ədib sənətin qarşısında duran başlıca vəzifələri belə müəyyənləşdirmişdir:- "Biz müasir insanın qəlbini duya bilsək də, onun ürək çırpıntılarını aydın eşitməyi bacarsaq da, bütün bunları sənətin dilində eyni qüvvətlə oxucuya aşılaya bilmirik. Bu səbəbə görə də həyatı və insanları öyrənmək o qədər də asan deyildir. Biz öyrəndiyimizi bədii şüurdan keçirməli və başqalarına da eyni dərəcədə təsir göstərmək üçün bədii ifadə üsulları tapmalıyıq. M.Hüseyn sonrakı illərdə yazdığı əsərlər, xüsusilə Azərbaycan və rus ədəbi tənqidinin ciddi yaradıcılıq naliyyəti kimi qiymətləndirilmişdir. "Səhər" romanı ədibin əsl sənət yolu ilə müvəffəqiyyətlə irəlilədiyini göstərdi. Q.Korobelnikov yazır:- " Mənim fikrimcə, Mehdi Hüseynin ən görkəmli və yetkin əsəri - "Səhər" tarixi romanıdır. Romanda müəllif Azərbaycan həyatının və adamlarının tam bir ensklopediyasını qarşımızda canlandırır,"- deyən İ.Qrinberqin mülahizələri də Azərbaycan ədəbiyyatşünaslarının fikri ilə səsləşir.
"Səhər" əsərində güclü insan xarakterləri yaratmağa nail olan M.Hüseyn hadisələrin cərəyan etdiyi şəraitin real lövhəsini canlandıranda müxtəlif tarixi faktlardan da istifadə etmişdir. 1906-cı ilin sonlarında baş vermiş fəhlə tətillərindən təsviri ilə başlanan əsər elə ilk səhifələrdən konkret şərait aydın hiss edilir. İnqilab müvəqqəti geri çəkilir, vəziyyət mürəkkəbləşir və polis təqibləri mübarizəni dayandırır, fəhlə sinfini daha ciddi döyüşlərə hazırlayırdılar.
Birinci rus inqilabından sonrakı Azərbaycan həyatının geniş lövhələrini əks etdirən "Səhər" ramonının mərkəzində əsasən azadlıq uğrunda ümumxalq mübarizəsi dayanır. Əsərin ilk səhifələrindən hiss edilir ki, artıq yeni zəmanə başlamışdır. Romanovlar xanədanının bütün istismarçılarının hakimiyyəti kökündən laxlayır, xalq artıq əsrlərlə dözməyə məcbur olduğu qayda-qanunlarla yaşamaq istəmir. "Səhər" romanının bəzi epizodlarını əks etdirən Məşədi Əzizbəyov surəti tamamilə qanunauyğun hesab edilir. Mətin inqilabçının surətinin bütövlüyü baxımından M.Əzizbəyov hümanist duğular bədii vasitələrlə işlənmişdir.
Mehdi Hüseynin ədbi-estetik baxışları bilavasitə yaradıcılıq axtarışları prosesində qızğın ədəbi mübahisələrin gedişində formalaşmışdır. Yazıçı və tənqidçi kimi yaradıcılığı boyu müasirliyin carçısı olan ədib müasir mövzuların mənimsənilməsinin və qiymətləndirməsinin tərəfdarı olmuşdur. Sənətdə yeniliyi əsl novatorluğu görməsinə və düzgün qiymətləndirilməsinə əsaslı şəkildə zəmin yaradan ədib baxışlarının formalaşmasında klassik dünya ədəbiyyatı və rus tənqidinin böyük rolu olmuşdur. Bu yaradıcılıq metodu, ədəbiyyat və sənətlə əlaqədar başlıca fikirləri ədəbi prosesə tətbiq etmə prosesində də özünü göstərirdi.
Nasir və dramaturq, publisist və tənqidçi Mehdi Hüseyn Azərbaycan sovet ədəbiyyatının beşiyi başında duran istedadlı yazıçılardan biri kimi sənət aləminə gəlmiş, qırx il müddətində yorulmadan axtarışlar aparmış, çoxmillətli sovet ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınmışdır.
Ədalət Rəsulova
AMEA Nizami
adına
Ədəbiyyat İnsititunun əməkdaşı
Olaylar.- 2018.- 13-15 yanvar.- S.13.