Azərbaycanın inkişafına təkan

verən Dövlət Proqramları

 

Azər Badamov: "2004-cü ildən həyata keçirilməyə başlanan bu proqramlar yüksək səviyyədə icra olunub və bizə müasir, inkişaf edən Azərbaycan qurmağımıza imkan verib"

 

"Dövlət Proqramları bütün ölkə üzrə olduğu kimi millət vəkili seçildiyim Qusar rayonunda da uğurla icra olunur"

 

2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın simasını tamamilə dəyişdi desək yanılmarıq.  Proqramın uğurla icrası nəticəsində bölgələrdə infrastrukturun yaradılması, təhsil və səhiyyə müəssisələrinin inşa edilməsi, yeni açılan istehsal müəssisələri, zavod və fabriklər hesabına əyalətlərdə iş yerlərinin yaradılması bölgə insanlarının sosial rifah halını yaxşılaşdırmaqla yanaşı,  eyni zamanda kəndən şəhərə olan axının da qarşısını aldı.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın hər bir bölgəsində olduğu kimi şimal zonasında da uğurla həyata keçirilir və günümüzdə də Dövlət Proqramının 2014-2018-ci illəri əhatə edən mərhələsi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Şimal zonasına daxil olan Qusar rayonunda da sözügedən proqram uğurla icra edilib. Bunun ən bariz nümunəsi kimi rayondakı Şahdağ Qış Turizm Mərkəzini göstərmək olar. Eləcə də digər sahələrdə həyata keçirilən məqsədyönlü tədbirlər və görülən işlər Qusarın simasını əsaslı dərəcədə dəyişib. Biz də Reğionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Qusar rayonunda görülən işlərə nəzər yetirmək üçün sözügedən rayondan millət vəkili seçilmiş Azər Badamovla söhbətləşdik.

-Azər müəllim, . "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" nın icrasının artıq sonuncu ilidir. Proqramın icrası və bu istiqamətdə görülən işləri, həyata keçirilən tədbirləri necə dəyərləndirirsiniz?

-Ümumiyyətlə götürüləndə Azərbaycan Respublikası regionların sosial- iqtisadi inkişafı ilə əlaqədar üç proqram qəbul olunub və üçüncü proqramın axırıncı ilini yaşayırıq. 2004-cü ildən həyata keçirilməyə başlanan bu proqramlar yüksək səviyyədə icra olunub və bizə müasir inkişaf edən Azərbaycan qurmağımıza imkan verib. Hər üç proqramın icra dövrü üçün dövrün tələblərinə məxsus hədəflər müəyyən edilib. Əvvəlki proqramlarda enerji təminatı, regionları birləşdirən magistral yolların, mərkəzi infrastrukturun yenidən qurulması nəzərdə tutulmuşdusa, 2014-2018-ci illərin proqramında regionlarda rayon mərkəzlərindən kəndlərə doğru yenidənqurma və inkişaf etdirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Cari proqramda kənd təssərüfatının inkişaf etdirilməsi, yeni sənaye müəssisələrin regionlarda tikilməsi, regionlarda  işsizlik probleminin aradan qaldırılması, sosial -infrastruktur layihələrin davam etdirilməsi kimi işlər həyata keçirilir. Qısa olaraq qeyd etmək istəyirəm ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunur və yüksək dəyərləndirirəm.

-Bu dəfəki Dövlət Proqramının icrası zamanı sizcə əsas priroritet nə idi və qarşıya qoyulan hədəflərə nail olunurmu?

-Sayca 3-cü proqramın əsas hədəfləri yuxarıda qeyd etdiyim kimi kənd təsərrüfatının və sənayenin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, sosial infrastruktur layihələrinin icrası idi. Ölkə başçısının qarşımıza qoyduğu vəzifə və prioritelərin uğurlu icrasının nəticəsidir ki, hər ilin əvvəlində yola saldığımız ilin sosial -iqtisadi yekunlarını müzakirə edəndə sosial-iqtisadi inkişafdan və əldə olunmuş uğurlardan danışa bilirik. Məhz müəyyən olunmuş proqramların vaxtında icrası ölkəmizin sosial-iqtisadi  dinamik inkişaf tempini qorumağa imkan verir. Təkcə 2018-ci ildə qeyri-neft iqtisadiyyatı 2,5%, qeyri-neft sənyesi 3,6%, kənd təsərrüfatı 4,1% artıb, işsizlik 5%-ə, yoxsulluq 5,2%-ə düşüb, regionlarda 1500 km yeni yollar çəkilib, yeni təhsil və səhiyyə müəssisələri , Olimpiya İdman Kompleksləri tikilib, qazlaşma 93%-ə çatıb, kənd təsərrüfatının inkişafı istiqamətində əsaslı dəyişikliklər edilib. Təbii ki, əldə olunmuş bütün uğurlar qarşıya qoyulmuş hədəflərin yüksək səviyyədə icrasının məntiqi ifadəsidir.

-Proqramın icrası çərçivəsində millət vəkili seçildiyiniz Qusar rayonu ilə bağlı da müəyyən tədbirlər nəzərdə tutulurdu. Bu illər ərzində Qusarda Dövlət Proqramı çərçivəsində hansı tədbirlər həyata keçirilib, infrastruktur layihələri reallaşdırılıb?

-Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bütün ölkə üzrə olduğu kimi millət vəkili seçildiyim Qusar rayonunda da uğurla icra olunur. Məhz dövlət proqramlarının uğurla icrası Qusar rayonunun simasını dəyişib. Qusarda müasir dövrün tələblərinə cavab verən mərkəzi xəstəxana və  təhsil müəssisələrinin 60%-ə qədəri yenidən tikilib. Rayonun içməli su-kanalizasiya xidmətləri yenidən qurulub, elektrik sistemlərinin müasirləşməsi və qazlaşması istiqamətində layihələr icra olunub, yol infrastrukturunun yeniləşməsi istiqamətində işlər görülüb, rayonun turizm və kənd təsərrüfatıının potensialından səmərəli istifadə imkanları genişlənib. Qeyd etmək istəyirəm ki, dövlət proqramlarının uğurlu icrasının göstəricisidir ki, Qusar rayonu ölkə əhalisinin ən çox istirahətə üz tutduğu və sevildiyi regiona çevrilib.

-Bəs, qarşıdakı planlar nədən ibarətdir və rayonda proqramın icrasının sonuncu ilə çərçivəsində nə kimi işlər görüləcək?

-Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının axırıncı ilindəyik. Yola saldığımız illərdə olduğu kimi cari ildə də nəzərdə tutulan və icrası planlaşdırılan işlərin əhatə dairəsi genişdir. Birinci növbədə kənd yollarının yenidən qurulması çərçivəsində Köhnə Xudat-Həzrə-Sudur yolunun yenidən qurulması prioritetdir. Çünki, Qusar rayonu turizm və kənd təsərrüfatı rayonundur. Məhz səfalı mənzərəsi olan və turistlərin marağına səbəb ola biləcək bu yol layihəsi həm də kənd təsərrüfatı məhsullarının daşınması, əhalinin rahatlığı ilə yanaşı Rusiya ilə sərhəd ərazisinə düşdüyündən  dövlət strateji əhəmiyyətə malikdir. Rayonun qazlaşdırılması, elektrik şəbəkəsinin müasirləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi, kəndlərin içməli və suvarma suyu ilə təminatı, təhsil müəssisələrin müasirləşdirilməsinə davam, mədəniyyət müəssisələrinin yenidən qurulması, kənd təsərrüfatının inkişafı istiqamətində işlərin görülməsi və s. sosial iqtisadi layihələrin icrası cari ilin hədəfləridir. Düşünürəm ki, müəyyən olunmuş hədəflər 2018-ci ildə də uğurla icra olunacaq və gələn il qəbul ediləcək yeni proqram üçün yeni hədəflər müəyyənləşəcəkdir.

-Ümumiyyətlə, Dövlət Proqramının icrası Azərbaycana nə verdi?

-Ümumiyyətlə Dövlət Proqramlarının icrası Azərbaycana müasir, inkişaf etmiş, iqtisadiyyatı güclü, dünyada rəğbətlə qarşılanan yeni bir Azərbaycan verdi. Biz bir anlığa həyat lentimizi geriyə fırladaq və 2004-cü ildəki yaşayışımızı bu günümüzlə müqayisə edək. Biz onda görə biləcəyik ki, nə qədər böyük inkişaf yolu keçmişik. İnsanlarımızın geyim tərzindən və davranışlarından başlamış ölkənin sosial - iqtisadi vəziyyətinə qədər kökündən dəyişilmişik. Millət vəkili olduğumuzdan insanların tələb və təkliflərindəki dəyişikliklərindən biz daha da yaxşı görürük. Məsələn əvvələr qəbullarımıza gələn insanlar işıq , qaz , su təminatı, yollarla bağlı problemlərlə müraciət edirdilərsə artıq bu istiqamətdə problemlər demək olar ki, aradan qalxıb. İndi yeni təkliflər səslənilir. Əsasən  bunlar regionlarda sənaye müəssisələrin açılışı, sahibkarlığa dövlət dəstəyinin artırılması, kənd təsərrüfatının inkişaf etdirilməsi və s. ilə bağlı olur. Artıq insanların şəxsi problemlərlə bağlı tələbləri azalmağa və ümumi iqtisadi inkişafla bağlı  təkliflərin ortaya qoyulmasının artmasını müşahidə edirik. Bütün bunlara məhz Dövlət Proqramlarının uğurlu icrası nəticəsində nail olmuşuq.

-Bu günlərdə Nazirlər Kabinetinin iclası zamanı Cənab Prezident Qusara da dəmir yolu xəttinin çəkiləcəyini bildirdi. Bu rayonun, ümumilikdə regionun turizm potensialını nə dərəcədə artıracaq?

- Qeyd etdiyiniz kimi dövlət başçısı Nazirlər Kabinetinin iclasında Qusara və Qəbələyə dəmir yolunun çəkiləcəyindən danışdı. Birinci mən Cənab Prezdentə seçicilərimin adından və şəxsən öz adımdan təşəkkürümü bildirirəm. Çünki , yol mədəniyyətdir, rahatlıqdır. Tarixdə heç vaxt olmamış dəmir relslərinin Qusara, hətta Şah Dağ Turizm Kompleksinə qədər uzadılması ümumiyyətlə şimal regionunda turizmin inkişafına təkan verəcəkdir. Qeyd olunduğu kimi sürətli qatarların işləməsi  şimal regionuna səfər edənlərin rahatlığını təmin etməklə turizm obyektlərinə əlçatanlığı rahatlaşdıracaqdır. Həm də ki, gələcəkdə istifadəyə veriləcək sürətli qatarlar Qusar və Qusar ətrafı rayonların paytaxtla gediş gəlişində yeni bir mərhələni yaşadacaq. Avropada şəhərlər və regionlar arasında sürətli qatarlar işləyir və insanlar bundan rahat şəkildə istifadə edirlər. Regionlara sürətli qatarların işləməsi gələcəkdə şəhərə maşınla gələnlərin sayını da azaldacaq və bu da paytaxtımızda problemə çevrilməkdə olan yollarda tıxacların aradan qalxmasına da öz təsirini göstərəcək. Ümumiyyətlə götürüləndə sürətli qatarların Qusara və Qəbələyə işləməsi bu, regionlarda turizmin inkişafına öz təsirini göstərməklə yanaşı Bakıda avtomobil yollarının yükünün azalmasına da çöx əhəmiyyətli töhfə verəcəyini düşünürəm.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 16 yanvar.- S.15.