Tarixi mirasımız:

Azərbaycan Xalq Cümhuriyyəti

 

Heç kəsə sirr deyil ki, geridə qoyduğumuz 2017-ci ildə Azərbaycanın daxili və xarici siyasətinin uğurları artan tempdə inkişaf etmişdir. Ölkəmizin istənilən lokal və ya beynəlxalq layihələrdə yüksək səviyyədə iştirakı dünya arenası tərəfindən diqqət mərkəzində olmağımızla nəticələnmişdir.

Dünyada baş verən mənfi çaxnaşmalarla paralel olaraq ölkəmizdə bu və ya bu kimi müsbət müvəffəqiyyətlərə nail olmaq olduqca çətin bir məsələdir. Bütün bunlara baxmayaraq, Azərbaycanın stabil şəkildə tərəqqisi ötən il ərzində də çox uğurla baş tutdu və bu tərəqqinin səbəbi isə, təbii ki, Respublika daxilində olan əmin-amanlıqdır. Əlbəttə, bu firavan həyatın və cəmiyyət üzvləri arasında ictimai sabitliyin olması birbaşa olaraq ölkənin artan templə inkişafına səbəb olmuşdur. Ölkə rəhbərimiz cənab İlham Əliyevin vurğuladığı kimi: "Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz". Həqiqətən də, Azərbaycan xalqının ən önəmli dəyəri onun cəmiyyətinin firavan həyat yaşamasıdır.

Böyük ümidlə deyə bilərəm ki, 2018-ci il ötən illər kimi ölkəmiz üçün müvəffəqiyyətlərlə dolu bir il olacaq. Bunun ən başlıca səbəbi isə Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi oldu. Beləki, bu qərar bir daha hərkəsə sübut etdi ki, ölkə rəhbərimiz Azərbaycan tarixinə, mədəni və mənəvi sərvətlərinə, dövlətçilik ənənələrinə, xalqın milli maraqlarına çox yüksək şəkildə qiymət verir. Vətənpərvər ruhda yetişən Azərbaycan gənclərinə və öz tariximizə böyük hörmətlə yanaşan istənilən ölkə vətəndaşına bu ilin sırf AXC ili olması, təbii ki, çox sevindirici hal kimi öz əksini tapdı.

Bizlər xoşbəxt gənclərdənik ki, müstəqilliyimizin yüz illiyinin canlı şahidi oluruq. Yüz il öncə müsəlman aləmində ilk dəfə olaraq əzəli Azərbaycan torpaqlarında demokratik Respublika yaradıldı. Qürurla deyə bilərəm ki, bu Respublikanın yaradıcıları məhz Azərbaycan xalqı olub. Və hər dəfəsində də bütün dünya arenasına nümayiş etdirilib ki, Azərbaycan xalqı böyük xalqdır. Hələ ötən əsrin əvvəllərində bu cür qayda-qanunlarla işləyən dövlət yaratmaq, müxtəlif hüquqi normalar əsasında hökumət təşkil etmək, Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə qatılması hüququnu onlara vermək və s. o qədər də asan bir məsələ deyildi. Hətta çox mürəkkəb məsələ sayılması ilə yanaşı, tarixdən məlumdur ki, gerçəkləşməsi sual altında olan fərqli məsələlər də olub ki, onlar da 23 ay ərzində öz həllini tapmışdır. Bu hal Azərbaycan xalqının əzmkar, mübariz olmasından, dövlətçilik prinsiplərini və vətəndaş mənafeyini daim üstün tutmasından xəbər verir. Eyni zamanda, Azərbaycan öz dövlətçilik dəyərlərini də ən yüksək şəkildə hələ Cümhuriyyət dövründən bütöv dünyaya nümayiş etdirdi. Heç təsadüfi deyil ki, o çətin zamanlarda - mürəkkəb sayılan dövr ərzində demokratik əsaslarla yaradılmış olan bu Cümhuriyyət azərbaycanlıların müstəqillik uğrunda daim mübarizə apardığını özündə təcəssüm etdirir. Qısa zaman kəsiyində fəaliyyət göstərən Cümhuriyyətin iri həcmli tarixi qərarlarının əhəmiyyəti o qədər böyük oldu ki, sonradan hətta həmin qərarlar xalqımızın taleyinə də müsbət mənada ciddi təsir göstərdi.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprel ayının 28-də süquta uğradı. Cümhuriyyət dövründə - 9 noyabr, 1918-ci ildə təsis edilmiş şanlı bayrağımız bir daha 1991-ci ildə Azərbaycanımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul olundu. Və ölkəmiz öz müstəqil dövlətçiliyini yenidən bərpa etmiş oldu. Özünü məhz Xalq Cümhuriyyətinin varisi elan edən demokratik, suverenmüasir Azərbaycan bu gün artan tempdə inkişaf edərək, ölkələr içərisində öz yerini tutmuş, qüdrətli bir Respublikadır. Uğurlarımızın ildən-ilə artması ölkəmizdə dürüst şəkildə yürüdülən siyasətin nəticəsidir.

Olduqca böyük əhəmiyyət kəsb edən və ümumilikdə, Cümhuriyyət dövrününün dəqiqliklə araşdırılmasında yeni səhifə olacaq 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi, xüsusən, biz gənclərdə vətənpərvərlik hisslərinin daha da artmasına, ölkəmizin şanlı tarixi ilə daha çox fəxr etməyimizə, öz milli maraqlarımızı, dövlətçilik ideologiyamızı, əsasən, Vətənimizi böyük ruh yüksəkliyi ilə sevməyimizə geniş imkanlar yaradacaqdır.

2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi, müstəqilliyimizin 100 illiyinə verilən ölkə Prezidenti tərəfindən ən böyük qiymətdir.

 

Olaylar.- 2018.- 25 yanvar.- S.8.