Qüsurlu orfoqrafiya lüğəti
Və yaxud yeri səhv
düşən sözlər
Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir.
Olaylar.az bununla bağlı İlahiyyatçı alim Nəriman Qasımoğlu və AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi ishcisi, ərəbşünas Elvüsal Məmmədovla ilə yeni qaydalar ətrafında yaranan mübahisəli məsələlərə aydınlıq gətirmək istədi.
Orfoqrafiya lüğətinə olunan dəyişikliklər münasibət bildirən İlahiyyatçı alim Nəriman Qasımoğlunun fikrilərini olduğu kimi təqdim edirik.
Nəriman
Qasımoğlu
Hansısa dəyişiklikər zamanla təbii olaraq baş verir, bunu normal qarşılamaq lazımdır, çünki dil də statik bir nəsnə deyil, inkişaf edir, zənginləşir. Xüsusən də dilə yeni sözlərin gətirilməsi bu inkşafa, zənginləşməyə məntiqi bir məna da qazandırır. Problem bu dəyişikliklərin təbii yolla deyil, süni olaraq dilə gətirilməsində yaranır. Sözün açığı, təklif edilən layihə ilə dərindən tanış deyiləm, bəzi məqamları mətbuatdan izləyə bilmişəm. Əgər məqsəd sizin dediyiniz kimidirsə, yəni sözlərin deyilişi ilə yazılışı arasındakı səddi minimuma endirmək istəyirlərsə, əlbəttə, bunu nə ciddi şəkildə əsaslandırmaq mümkündür, nə də bu bizə lazımdır. Çünki buna meyllənmək elə bir risk yaradar ki, yetərincə mükəmməl olaraq gəlişmiş Azərbaycan ədəbi dili ləhcələrə yuvarlanar və gözəlliyini itirər. Məsələn, bu yaxınlarda tərcümə əsərimdə korrektor "nəqd" sözünü düzəldib "nağd" yazmışdı. Bunu əvvəl-əvvəl təbəssümlə qarşıladım, elə zənn etdim danışdığı ləhcəsinə uyğunlaşdırıb. Sonra mənə izah edəndə ki, bu söz artıq rəsmən dəyişdirilib və olub "nağd", məsələ aydın oldu və təəssüf etdim. Bəzən yazılışla deyiliş arasında fərqi azaltmaq məsələsi heç prinsip olaraq da gözlənilmir. Məsələn, "səbr"i ediblər "səbir". İndi biz "səbr" etməliyik, ya "səbir" etməliyik? Və yaxud "asqırıq" mənasında işlənən "səbir"lə "səbr" mənasında anlaşılan "səbir"i işləndiyi kontekstəmi görə bir-birindən ayırmalıyıq? Yəni deyilişi də korlayır belə düzəlişlər. "Meyl" etməyi də "meyil" etməyə dəyişməklə intonasiyanı korlayırlar. Mətbuatda tənqidinə rast gəldiyim "əskər, əskinaz, İskəndər, işkəncə" variantları da elan edilən prinsipə uyğun deyil, əlbəttə.
Dilin qrammatikasına da müdaxilə ədəbi dilin ləhcələşməsinə xidmət edəcəksə, buna heç ehtiyac yoxdur. "Almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi" - bunlar ləhcələşmənin əlamətləridir. Bədii mətndə işlənə bilərsə də, ədəbi dilin qaydalarına uyğun gəlmir və bu qəbildən dəyişikliklər ədəbi dilimizin gözəlliyinə xələl gətirir.
Ümumiyyətlə, dəyişiklik xatirinə dəyişiklik etmək doğru deyil. Belə olanda əsaslandırmalar da gülünc səslənir. Məsələn, birini mətbuatda oxuyuram: "sözün "lutsey" forması həmin tipli məktəblərə və ümumiyyətlə, təhsilə olan marağı artırmaq gücünə və enerjisinə malikdir". Yəni "lisey" sözündə "t" olsa, təhsilə maraq artacaqmış. O qədər külünc dəlildir ki, şərh də verə bilmirsən. Həmin mənada işlənən söz ingiliscədə "lyceum" kimi yazılır, "laɪˈsi..əm" kimi tələffüz edilir. İndi sən gəl bu arqumentinlə ABŞ-da təhsilə marağın azalmasından danış görüm, necə danışa bilərsən. Ümumiyyətlə, bir nəsnəni qeyd edim. Dil özü canlı prosesi əks etdirdiyi üçün söz yaradıcılığına o şərtlə normal yanaşmaq olar ki, bu yardıcılıq işinin məhsulu zamanın sınağından təbii yolla çıxıb dildə özünə yer etsin Tarixi təcrübə göstərir ki, bu, dilçilik elmi ilə məşğul olanlardan daha çox sözlə işləyən ədiblərimizin yaradıcılıq məhsulu kimi ərsəyə gələndə dil zənginləşir. Vaxtilə Rəsul Rzanın dilimizə gətirdiyi "çimərlik", "işıqfor" sözləri kimi. O ki, qaldı "qədim türk sözlərinin yenidən araşdırılaraq müasir dövrümüzə uyğunlaşdırıb dilimizə qaytarılması" məsələsinə, məşğul olmaq istəyənlər qoy bununla da məşğul olsunlar. Əski çağlarda işlək olmuş hansısa sözün dilə qaytarılması prosesi də elə getməməlidir ki, tələm-tələsik sözlük yaradıb bunu da dərhal həmin sözlüyə salsınlar. Qoy əvvəl belə sözləri öz yazılarında bol-bol işlətsinlər, zamanla dil onları qəbul edəcəksə, bu təbii yolla həyata keçsin. Bunu da süni yolla etmək doğru deyil. Təbii prosesə süni müdaxilənin fəsadlarını görmək çətin deyil, əlbəttə.
Layihədə müsbət dəyişiklər barədə yarımçıq qənaətim mətbuatda oxuduqlarımdan qaynaqlanır. Məsələn, səmavi kitabların adlarının böyük hərflərlə yazılmasını təbii qarşılayıram, belə də olmalıdır. Başqa necə ola bilər ki!?! Bir halda ki, hər hansı kitab adı da bir qayda olaraq böyük hərflə yazılır... Planet adları da xüsusi isimlərdir, təbii ki, böyük hərflərlə yazılmalıdır.
Layihədə təklif olunur ki, tərkibində
şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri
olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı
sözlər kiçik hərflə yazılsın. Bu da, əlbəttə,
normaldır. Başqa bir nümunəni də nəzərdən
keçirmək olar ki, bunların hamısı sadəcə
böyük hərflərlə yazılsın. İngiliscə mətnlərdə
olduğu kimi. Məsələn, Harvard University - Harvard
Universiteti...
Elvüsal
Məmmədov
AMEA, Z.M.
Bünyadov adına Şərqşünaslıq İnstitutunun
aparıcı elmi işcisi, ərəbşünas Elvüsal Məmmədov
Orfoqrafiya lüğətində təklif olunan dəyişiklik
barədə bildirdi ki, "Vaxtaşırı olaraq qrammatik və
orfoqrafik qaydalara düzəliş etmək" məntiqi
dilçilik elminə nabələdliyin, ya da bu və ya digər
maraqların etdiyi diktənin meydana
çıxardığı nəticədir. "Bir
dilin qrammatikası sabitləşmə mərhələsində
bitkin forma alır və dəyişməz konturlarla
müşayiət edilir. Bundan sonrakı mərhələdə
dil özünü lüğət tərkibi baxımından
cilalayır: ya yeni sözlər alır, ya da işlək
olmayan dil vahidlərini özündən xaric edir. Azərbaycan dili qrammatik baxımdan bitkindir, sovet
dövründə cüzi çatışmazlıqlar istisna
edilməklə qrammatik-orfoqrafik dil hadisələrini ifadə
edən ciddi qaydalar təsis edilmişdir. İndiki
təkliflərin heç də hamısı dilçilik
bacarığı ilə edilməyib. Son
layihədə ciddi ziddiyyətlər vardır. Bu ziddiyyətlər Azərbaycan dilinin qrammatik siqlətinə
xələl gətirəcək dil faktları meydana
çıxaracaqdır. Bu dəyişikliklər
qəbul edilərsə, məsələn, dilimizin
orfoqrafiyasını mövcud lüğət tərkibi əsasında
akademik müstəvidə tədqiq edən əcnəbi
mütəxəssis anormal mənzərə ilə
qarşılaşacaqdır" - deyə, Elvüsal bəy
qeyd etdi.
Qədim türk sözlərinin yenidən
araşdırılaraq dövrümüzə
uyğunlaşdırmasına münasibət bildirən
Elvüsal bəy xüsusi olaraq qeyd etdi ki, əsas diqqət
dilimizin hal - hazırda söz ehtiyatının
artırılmasına və mətbuat dilinin qrammatik qaydalara təhkim
edilməsi işinə verilməlidir. "Terminologiya sahəsi
bizdə ən acınacaqlı sahələrdən biridir.
Sovet dövründə bu istiqamətdə
işlər görülüb, müəyyən kitablar
yazılsa da, müstəqillikdən sonra yeni söz və
terminlərin yaradılması işi ya tamamilə ətalət
vəziyyətindədir, ya da bayağı və gülməli
sözdüzəltmələrlə müşayiət olunur.
Türkçülük naminə qədim
türk sözlərinin öyrənilib lüğət tərkibinə
daxil edilməsi elmi-akademik addımdan çox, ideoloji-populist
arzunun ifadəsi olardı. Sözalma və
sözdüzəltmə əməliyyatı diqqət və həssaslıq
tələb edən məsələdir. Fikrimcə,
yeni-yeni məfhumların dilimizdə
qarşılıqlarını işləyib hazırlayarkən
həmin məfhumların meydana çıxdığı
ölkələrin dil faktlarından dilimizin qaydaları nəzərə
alınmaqla istifadə etmək mümkündür. Bizdə boşluq bədii-ədəbi əsərlərin
dilində deyil, elmi-texniki sahənin dilində hiss olunur".
Layihənin bir çox bəndi keçmiş
qaydaların təkrarından ibarət olduğunu bildiriən
Elvüsal bəy qeyd etdi ki, layihədə ciddi ziddiyyətlər
mövcuddur. "Məsələn, 22-ci bənddə mənbə
dil əsas götürüldüyü halda, 37-ci və 9-cu bəndlərdə
başqa məntiqdən çıxış edilir. Ona qalsa, gərək "Gülsüm"
sözünü "Külsüm" yazaq, - bu söz də
ərəb dilindən bizə keçib, "k" ilə
yazılır. Və ya eyni məntiqlə,
istisna kimi göstərilən "mühüm"
sözünü gərək "mühim" kimi yazaq.
"37-ci bənddə də ciddi qüsurlar mövcuddur. Heç bir ciddi əsas
göstərilmədən, mənbə dilin xüsusiyyətlərini
nəzərə almadan "iyyat", "iyyət" və
"iyyə" şəkilçilərindəki qoşa
"ye"dən biri ixtisar edilir. Bu şəkilçilərlə
digər sözlərin tərkib elementi sayılan
"iyat", "iyə" və "iyət"
morfem-leksem kombinasiyaları səhv salınır və elə
zənn olunur ki, bunlar eyni şeydir. Üstəlik,
bu dəyişikliyə səbəb kimi fonetik prinsip göstərilir.
Bu məntiqə qalsa, onda "müəllim"
sözünü "məllim", "təəssüf"
sözünü "təsüf", "müəyyən"
sözünü "məyyən" kimi yazaq. Bu bəndəki
çatışmazlıqları xülasə etsək:
a)
İstisna kimi göstərilən səyyah, səyyar, səyyarə,
təyyar kimi sözlərin tərkibində qoşa
"ye" elementli hissə və qoşa "ye" elementli
"iyyat", "iyyət" "iyyə" şəkilçiləri
ayrı-ayrı qrammatik hadisələri ifadə edir.
Birincisi əgər sözün əsasını əmələ
gətirən morfem-leksem kombinasiyasıdırsa, ikincilər
şəkilçilərdir. Odur ki yuxarıdakı
sözlərin istisna kimi təqdim edilməsi səhvdir.
b) Deyilir
ki, fonetik prinsipə əsasən "ye" hərflərindən
biri ixtisar olunmalıdır. Söhbət
hansı prinsipdən gedir? "Tələffüzə
uyğun yazmaq" prinsipindənmi? Orfoqrafiya
və orfoepiya qaydalarını bir-birinə qatmaq anormal dil
hadisəsinin meydana çıxması ilə nəticələnə
bilər. Həmçinin bu prinsip əsas
götürülürsə, gərək eyni formada işlədilən
"hədiyyə" və "məziyyət" morfemlərini
"hədiyə" və "məziyət", "Səriyyə"
adını da "Səriyə" kimi yazaq. Unutmayaq ki,
orfoqrafik forması dəyişdirilmək istənən
sözlər bizim dilimizdə yüz illərdir işlənir,
yüz ilə yaxındır ki, konkret maddi qabığa
sahibdir, özü də dil hadisələrini uğurlu şəkildə
əks etdirən qabığa!
c) Yeni
qaydaların təşəbbüskarları bir çox ərəbmənşəli
sözlərdəki "iyyat" şəkilçisini
"iyat", "iyyə/iyyət" şəkilçilərini
isə "iyə" və ya "iyət" kimi dəyişdirmək
mövqeyindən çıxış edirlər. Onlar nəzərdən qaçırırlar ki, bu
morfemlər ərəbmənşəli sözlərin tərkibində
işlədilir və heç də zənn edildiyi kimi eyni dil
hadisəsinin müxtəlif təzahürləri deyildir; əksinə,
hər biri ayrı dil hadisəsidir.
Dilimizdə ərəbmənşəli sözlərin
sonunda yazılan "iyyat" suffiks olub cəm bildirir. Məsələn, təbiyyat,
riyaziyyat, mənəviyyat, iqtisadiyyat və s. Hərfən: təbii
olan hər şey, riyazi olan hər şey, mənəvi olan hər
şey, iqtisadi olan hər şey...
Ehtiyat" sözündəki "iyat" isə suffiks
və ya digər şəkilçi deyildir, söz
kökünün amorf (bölünməz) elementidir, kök
samitlərindən ibarət morfdur.
Bu baxımdan "ehtiyat" sözündə cəm
bildirən "iyyat" şəkilçisi yoxdur, odur ki bir
"y" ilə yazılır.
Eyni şeyi "iyyət" və ya "iyyə"
şəkilçiləri haqqında da demək olar. Bu şəkilçilər, ərəb mənşəlidir,
mücərrədlik ifadə edir, isimdüzəldici, bəzən
də (birləşmələrin tərkibində) sifətdüzəldici
xüsusiyyətə malikdir: hədiyyə, cərrahiyyə, mədhiyyə.
"iyə" isə şəkilçi
olmayıb sözlərin tərkib elementidir, bölünməz
morfdur: təziyə, tədiyə, mərsiyə, təxliyə,
tərbiyə, təhkiyə, tövsiyə, nahiyə və
s."
Son olaraq Elvüsal bəy bildirdi ki, "iyyə"
element deyil, şəkilçidir, "iyə" isə amorf
hissədir, leksem-morfem kombinasiyası, hətta sandhidən dəhşətli
şeydir.
Biz məhz bu fərqli dil hadisələrini eyni fonetik qəlibə
təhkim etməyin əleyhinəyik. Dil nəhənglərimiz, həm də
ərəb dilini bildiklərindən ərəbmənşəli
sözləri müvafiq olaraq "iyyat", "iyyət və
iyyə" , "iyat" və "iyə" ilə
yazmışlar. Odur ki Azərbaycan dilində
işlədilən ərəbmənşəli sözlərin
orfoqrafik xüsusiyyətlərinə bələd olmaq
üçün ərəb dilini bilmək şərtdir.
Bu səbəbdən orfoqrafiya qaydalarında
yenidəntəsis işi aparılarkən ərəbşünas-dilçilərin
rəyləri də nəzərə alınmalıdır.
"Yeni layihənin ən böyük qüsuru onun
"fonetik prinsip" əsasında hazırlanmasıdır.
Ana dildəki söz vahidlərinin tələffüzə
uyğun şəkildə yazmaq ciddi səhvdir. Bu barədə
ciddi akademik müddəalar mövcuddur. Ümumiyyətlə,
"söz necə tələffüz edilirsə, o cür də
yazılmalıdır" prinsipi əsas götürülsə,
müxtəlif vaxtlarda saysız-hesabsız fərdi
orfoqrafiyalar meydana çıxacaqdır.
Unutmaq olmaz ki, sözlərin deyilişi ilə tələffüzü
arasında tam eyniyyət mövcud deyildir. Keçmiş SSRİ-də
60-cı illərdə orfoqrafiya problemləri ətrafında
gedən qızğın müzakirələrdə
dilçilərdən biri N. Rojdestvenski belə bir fikir səsləndirmişdi:
"Buna orfoqrafiya sahəsində aparılacaq heç bir
islahat ilə nail olmaq mümkün deyildir. Yazı
tələffüzü əks etdirən güzgüyə
çevrilə bilməz, tələffüz də
yazını eynilə kopiya etməyə qadir deyil".
Sovet dilçi-alimi O.S. Axmanova haqlı şəkildə
qeyd edirdi ki, bir sıra hallarda sözün bu və ya digər
elementi şifahi nitqdə itib-silinə bilir. Orfoqrafiya bu
elementləri qoruyub-saxlamaqda, hətta bərpa etməkdə
müəyyən rol oynayır.
Allah rəhmət
etsin, böyük metodist alim, dilimizin cəfakeşi Əziz
Əfəndizadə yazırdı: "Səslə hərf
arasında eyniyyət olmadığını, onların
bir-birindən əsaslı surətdə fərqləndiyini nəzərə
almadan a) dilin fonetik sistemini həqiqi şəkildə müəyyənləşdirmək,
b) orfoqrafiya və orfoepiya məsələlərini elmi əsasda
tədqiq etmək ... mümkün deyildir".
Yəni, orfoqrafiya orfoepiyadan fərqli olaraq bir dilin
morfoloji vahidlərinin strukturu haqqında aydın təsəvvür
yaradır, morfem-leksem kombinasiyasının düzgün şəkildə
"hissə"lərə ayrılmasını təmin
edir".
Nigar Adil
Olaylar.- 2018.- 26
yanvar.- S.12.