DÜNYAYA YADİGAR

 

Qara gözlərinin seyrinə dalmaq,

Mənim ən səfalı səyahətimdir.

Eşqinlə döyünən yanar bir ürək,

Sənə gəncliyimdən əmanətimdir.

 

Ömür kitabımda qızıl sətirsən,

Günümə, ayıma çökən ətirsən.

Mənə kədər deyil, sevinc gətir sən,

Adi bəxşişin də şan-şöhrətimdir.

 

Könlüm mələr düşər az görüşəndə,

Nərmin əllərimdən iraq düşəndə.

Sənsiz göy çəməndə, dağlar döşündə,

Gözlərin yaşlıdır, qəlbim yetimdir.

 

Bilmirəm dövranda bu gərdiş nədir?

Adilə gah sevinc, gah qəm bəxş edir,

Günlərim, aylarım köç edib gedir,

Dünyaya yadigar məhəbbətimdir.

 

1968

 

* * *

 

Deyirsən əl götür bu inadından,           

Çıxart  birdəfəlik məni yadından.

Mən qüvvət  alarkən sənin adından

Könlüm gözlərindən kənarmı olsun?

 

Tək sənsən ömrümün hüsnü, zinəti,

Qoyma xar olmağa ilk məhəbbəti,

Ey ana yurdumun zərif xilqəti -

De, eşqim baharmı, xəzanmı olsun?

 

1954

 

SƏN YOXSUL DEYİLSƏN

 

əynində bahalı

paltarın var,

altında xüsusi maşın,

göz qamaşdırır

sandıqdakı daş-qaşın.

Yoxsul deyilsən fəqət.

Varın-vətənə məhəbbət,

Şöhrətin - xalqın əzəli şöhrəti,

Sevincin - övladının isməti,

Sərvətin - el üçün döyünən ürək,

Sənin kimi İnsana

var-dövlət nəyə gərək?!

 

1965

 

GÖZƏLDİR

 

Üzük yar barmağında,

Gəlin toy otağında,

Bülbül gül budağında,

Gül tağında gözəldir.

 

Aşiqiyəm baharın,

Bu düzlərin, dağların.

Həyat doğma diyarın

Torpağında gözəldir.

Ruhum şad, işim xeyir,

El sözümü gözləyir,

Şair ömrü bir şeir

Sorağında gözəldir.

 

1962

 

Adil Babayev

 

Olaylar.- 2018.-27-29 yanvar.- S.16.