Azərbaycanda ədəbiyyat oxucuları sıfır nöqtəsinə yaxınlaşır

 

"Mənim kitabxanam"

 

Olaylar.az yeni layihə təqdim edir. "Mənim kitabxanam" adlanan layihədə ölkənin məşhur sənət adamlarının, yazıçıların kitabxanasına nəzər salacaq, onlarla kitablar haqqında söhbət edəcəyik.

Layihənin ilk qonağı tanınmış yazıçı - dramaturq Elçin Hüseynbəylidi.

- Kitabxananızın yaranma tarixini bilmək istərdik. Elçin Hüseynbəyli kitabxanasını necə qurdu?

- Uşaqlıqdan bizim evdə kitabxana olmayıb. Kitabxana görməmişəm. Məndən əvvəl evimizdə kitabxana olub. Sonra görünür ki, evdə məndən böyük olan uşaqlar ədəbiyyata maraq göstərməyiblər. Kitabları hərə bir tərəfə dağıdıb, kimsə aparıb, qaytarmayıb...

Ancaq mənim Bahadur əmimgildə yaxşı kitabxana vardı. O vaxt çox az adama nəsib olan iki mərtəbəli evin ikinci mərtəbəsində zəngin kitabxana yerləşirdi. Mən ordan bəyəndiyim kitabları götürüb oxuyurdum, sonra da qaytarırdım. Tom Seyerin məcaralarını, o dövr üçün uşaq olsam da Dostayevskinin "Alçaldılmış və təhqir edilmiş insanlar", Fəthi Xoşginabinin adını unutduğum əsərini, Rəşad Nuri Gültəkinin "Çalıquşu" romanını oxuyurdum. Həmçinin də, öz müəlliflərimizin, o dövrün müasirləri olan Anarı, Elçinin hekayələrini oxuyurdum.

Öz evimdə kitabxanam öz- özünə yarandı. Onu da xüsusi olaraq qeyd edim ki, mənim böyük bir kitabxanam indi erməni işğalı altında olan kənddə qaldı. Onların çoxunu tələbə vaxtı almışdım. Düzdü, mən o kitabları vaxtında çıxartdırdım. Qardaşımgil məcburi köçgün kimi gələndə Beyləqan rayonunda bir dostunun evində qoydu. Sonra elə oldu ki,dövr dəyişdi. Vaxt olmadı onları gətirməyə və o kitablar da orda qaldı. Hardasa 500 -ə yaxın kitab idi.

Daha sonra evimdə kitabxanamı yenidən - sıfırdan toplamağa başladım. Orda həm abunə yazıldığım "İnastrannıy literatura" , "Azərbaycan" jurnalları ilə yanaşı, çağdaş dövr Azərbaycan, rus və xarici ədəbiyyat nümunələrini toplamağa başladım.

- Bir çoxları hər hansısa bir əsəri PDF formatında oxumaqda çətinlik çəkir. Siz də bu mənada durum necədi? PDF formatında tərtib olunan kitabları oxumaqda çətinlik çəkirsiniz?

- İndi bizim adət elədiyimiz klassik kitabxana dəbdə deyil. Müasir dövrdə daha çox elektron kitabxanalar üstünlük təşkil edir. Mən də PDF formatında olan kitablara üstünlük verirəm. Xoşladığım əsərləri daha çox PDF - dən oxuyuram. Oxuyacağım və sevdiyim müəllifləri kompüterimdə papkalara yığıram və kitabxanamın böyük əksəriyyətini elektron kitablar təşkil edir.

Düzdü, elektron kitabları oxumaq sağlamlıq baxımından çətindi. Gözə və zehnə mənfi təsiri var. Ona görə də oxumaq istədiyim kitabı əsasən çap variantında oxuyuram.

- Hər kəsin sevdiyi bir müəllif var. Darıxanda, çətinə düşəndə daim o kitabı vərəqləyir. Sizin hər zaman təkrarən oxumağa üstünlük verdiyiniz stolüstü kitabınızın müəllifi kimdi?

- Stolüstü bir neçə kitabım var. Ən əsası da Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri"di. Onun varisi, xələfi kimi ruh yaxınlığımız, üslub oxşarlığımız var. Darıxanda hər zaman onu oxuyuram, oxuyanda da rahatlıq tapıram, dincəlirəm.

- Elə bir əsər adı çəkə bilərsinizmi ki, həmin əsəri oxuduqdan sonra uzun müddət o əsərin təsirindən çıxa bilməyəsiniz?

- Əlbəttə olub. Məsələn, mən uzun müddət Aleksandr Qriboyedovun " Ağıldan bəla" əsərinin təsirindən çıxa bilməmişəm. Əsərin qəhrəmanı Peçorinin taleyi mənə pis təsir eləmişdi. Qriboyedovun sonradan bizə - Azərbaycana qarşı Türkmənçay müqaviləsində çoxlu saxtakarlıqlar etdiyini biləndən sonra gözümdən bir qədər düşdü. Daha sonra təsirindən çıxa bilmədiyim qəhrəmanlardan biri Cek Londonun "Martin İden" əsərində Martin İdenin özü idi. Andrey Platonovun əsərlərinin aurası mənə çox müsbət təsir edib. Sonuncu oxuduğum əsərlərdən biri də Şalom Aleyuxomun "Südçü Tevye" povesti olub. O, Ukraynada doğulsa da, yahuddi əsilli idi. Mənim stolüstü kitabım idi. Oxuması üçün bir dostuma verdim. Təəsüf ki, sonra o heç özü də bilmədi ki, o kitabın taleyi necə oldu.

Nasir olmasa da, uzun müddət İspan rejissoru Lüis Bünyieli oxudum. Onun əsərləri də mənə müsbət təsir edib. Onu da qeyd edim ki, müxtəlif cərəyanlara mənsub olan yazıçıların əsərləri mənə müxtəlif cür təsir edir. Məsələn, Marsel Prustu oxuyanda nostalji hissələrə qapılıram. Selenceri oxuyanda dəcəl bir gənci təsəvvür edirdim. Platononu oxuyanda məndə kəndimizə qarşı yenidən sevgi oyanırdı. Baxmayaraq ki, onun əsərlərində hadisələr rus kəndlərində cərəyan edir. Nodar Dumbadze də mənə yaxşı təsir edən müəlliflərdən biri olub. Hətta o vaxt Moskvada oxuyanda, tələbə olanda gündəliyimdə belə bir cümlə də yazmışdım: "Elə bilirdim ki, dünyada kəndini məndən başqa bu qədər sevən yoxdu. Amma Nodar Dumbadzeni oxuyanda yanıldığımı gördüm"...

Gürcü dostum Quram Odişariyanın "Kot prizidenta" ("Prezidentin pişiyi") roman da mənə müsbət təsr edib. Bu əsəri bir dostuma tərcümə etməyi məsləhət gördüm və o, Azərbaycan dilinə tərcümə olundu.

- Bütün bu sadaladıqlarınız dünya ədəbiyyatından nümunələrdi. Azərbaycan ədəbiyyatında hansı müəlliflərin əsərlərini sadalaya bilərsiniz?

- Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" mənə təsir etmişdi. O zaman romanı oxuyanda Moskvada tələbə idim. Romanla bağlı qeydlərimi, təssüratlarımı gündəliyimdə qeyd etmişdim. Anar haqqında yazı yazanda gündəlikdəki qeydlərimdən də istifadə etmişəm.

Elçinin "Araba" hekayəsi təsir etmişdi. Onun haqqında da geniş yazı yazmışdım. Bəyəndiyim başqa yazıçılar da var, amma onların adlarını çəkmirəm, siyahı uzana bilər..

- Bir çox əsərlərə filmlər, seriallar çəkilir. Sizcə çəkilən filmlər, seriallar əsərin sehrini, ədəbi gücünü tamaşaçılara nə dərəcədə  çatdıra bilir?

- Buna müxtəlif cür yanaşma var. Elə əsər var ki, onun üzərində çəkilən film daha güclü alınır. Konkret misal çəkmək istəmirəm. Elə əsərlər də var ki, onlara çəkilən film zəif alınır. Məsələn, mən Markes de Sad haqqında olan filmə baxdım. Onun kitablarını, özü haqqında olan məlumatları da oxumuşam. Film mənə bəsit təsir bağışladı. "Küləklə sovrulanlar" filmi əsərin özündən güclüdür. Yəni, demək istəyirəm ki, bu məsələdə konkret nəsə demək çətindi. Çünki, zəif əsərə çox yaxşı film, yaxşı əsərə çox zəif film çəkilə bilər. Elə adam da var ki, heç bir kitab oxumayıb, ancaq filmə baxır. Onun heç müqayisə eləmək imkanı yoxdu.

- Azərbaycan dilindən başqa hansı dildə bədii əsərlər oxuyursunuz?

- Rus dilində daha çox bədii əsərlər oxuyuram. Vaxtı ilə ingilis dilində oxumağa cəhd elədim. Bir zamanlar ingilis dilini ciddi öyrənməyə başlamışdım. O zaman ingilis dilində də oxumuşam. Amma mütəmadi olaraq rus dilində oxuyuram.

- Dünya ədəbiyyatından hansı əsərləri orjinaldan oxumaq istərdiniz?

- Düzü, bu barədə düşünməmişəm. Yəqin ki, ispan dilini bilsəydim, Bünyelin, Kartasarın əsərlərini oxuyardım.

- Hansı yazıçı ilə ədəbi polemika aparmaq istərdiniz?

- Konkret ad çəkə bilmərəm. Amma polemikaya yatan hər hansı bir mövzu olarsa və həmin mövzu mənim dünyagörünüşümlə ziddiyyət təşkil edərsə, bu haqda öz mövqeyim varsa, o zaman söhbət edə bilərəm.

- Dünya və Azərbaycan ədəbiyyatından ibarət onluq siyahınızı bilmək maraqlı olardı.

- Söhbətimiz zamanı adlarını qeyd etdiyim yazıçıların əsərlərini oxumağı hər kəsə məsləhət görərdim. Şoloxovu, Tolstoyu, Folkneri da əlavə edərdim.

Mən daha çox "iqravoy nəsri", yəni çevik nəsri sevirəm. Ləngərli nəsr üslubunu oxusam da, mənim ruhuma aid deyillər. Daha çox öz üslubu olan müəllifləri xoşlayıram, Məsələn, Vasili Belovu oxumağı məsləhət görərdim. Belov ötən əsrin 60 -cı illərində rus nəsrinin üç ən böyük nəhənglərindən biridi. Belovu tərcümə edəndə bir daha onun nəsrinə vuruldum. O, kənd şivəsində, dialektində yazır. Amma vurğunluqla, koloritli yazır. Mənə müsbət təsir edən və yeri gələndə bəhrələndiyim müəlliflərdən biridir.

- Davamlı olaraq naşirlər dünya ədəbiyyatından nümunələr dərc edirlər. Müasir dünya ədəbiyyatı hansı ölçülərlə, kimin zövqü ilə Azərbaycanda yayımlanır?

- Müasir ədəbiyyatı deyə bilmərəm. Klassik dünya ədəbiyyatı Azərbaycanda dilində 150 cildlik və başqa layihələr çərçivəsində nəşr olunub. Sadəcə mən istərdim ki, o əsərlər ya yenidən tərcümə olunsun, ya da ciddi redaktə olunsun. Nə üçün yenidən tərcümə olunmağın tərəfində olduğumu deyim. Vasil Belovu 50 il bundan öncə tərcümə etmək mümkün deyildi. Ona görə mümkün deyildi ki, məsələn, Belov şimal dialektində yazdığına görə şimal dialekti lüğətləri yox idi. Amma indi 4 cildi var. Belov Voloqdadan olduğu üçün həmin yerin dialekt və şivəsində yazırdı.

İndi 7 Voloqda lüğəti var. Yəni, o lüğətlər tərcüməçinin, redaktorun əlində olmasa, Belovu olduğu kimi tərcümə edə bilməz. Elə yazıçılar var ki, məhz bu səbəbə görə onları yenidən tərcümə eləmək lazımdı. İndi internet əsiridi, lüğətlər çoxdu. Əgər hər hansı millətin yazısını tərcümə edirsənsə, həmin millətin tarixini, mədəniyyətini bilməlisən. Məsələn, mən "Don Juan" romanını yazanda İspaniyaya getdim. 16-17-ci əsr İspan mühitini öyrəndim: məişəti, mədəniyyəti, geyim tərzi, iqtisadi-siyasi vəziyyəti, saray mühiti və s.

Bütün bunları bilmədən həmin dövrü yazmaq və eləcə də tərcümə etmək olmaz. Tərcüməçi və redaktor çox geniş bilgiyə malik olmalıdır. İndiki redaktorların əvvəlkilərə nisbətən daha peşəkar olduğunu demirəm. Sadəcə indi redaktorlar daha geniş imkanlara, bilgilərə sahibdirlər.

Mən hansısa əsəri oxuyanda, hətta filmlərə baxanda tərcümədəki səhvləri tuta bilirəm. Çünki müqayisə eləmək imkanlarım var.

-Sonuncu çıxışınızda kitabla bağlı səsləndirdiyiniz təkliflər maraqla qarşılandı. Amma sizin verdiyiniz təklif kitabların geniş təbliğindən, satışından sonra ediləcək sonuncu mərhələ idi. Bu təklif müəyyən mərlədən sonra yekun idi. Ona qədər nələr olunmalıdı? Kitablarla bağlı hansı layihələr həyata keçirilməlidi?

-Yazıçılar indiyə qədər əllərindən gələni ediblər. Az qala bütün mövzularda əsərlər yazıblar. Amma təəssüf ki, bütün dünyada ədəbiyyat enişə gedir və bu, Azərbaycanda özünü daha çox büruzə verir. Bu gün Azərbaycanda ədəbiyyat oxucuları sıfır nöqtəsinə yaxınlaşır. Mən bunu özümdən demirəm. Bunu naşirlərlə etdiyimi söhbətlərdən başa düşürəm. Çox güman ki, yaxın gələcəkdə yayım şəbəkələri də fəaliyyətlərini dayandıracaqlar. İndi uşaq ədəbiyyatı, məşhur insanların həyatlarından bəhs edən avtobioqrafik kitablar, texnoloji ədəbiyyat, iqtisadçıların kitabları daha çox diqqət mərkəzindədir. Bu yaxınlarda baş verən bir hadisəni danışmaq istəyirəm. Taksidə bir gəncin əlində Amerika prezidenti Donald Trampın çıxışlarından ibarət kitab vardı. Sual verdim ki, bədii ədəbiyyat da oxuyursanmı? Cavabında bildirdi ki, ədəbiyyatda maraqlı heç nə yoxdu. . Mən öz çıxışlarımda, müsahibələrimdə dəfələrlə demişəm ki, gənclərdə ədəbiyyata, ədəbi düşüncəyə maraq oyatmalıyıq. Çünki bədii ədəbiyyatda da öyrəniləsi nəsnələr çoxdu. Amma təəssüf ki, bu saat planşet, smartfon telefonlar, kompüter, sosial şəbəkələr əsridi. Ona görə də kitab oxunmur.

Onu da deyim ki, kitab oxumamağın başqa səbəbləri də var. İnsanlar əbədiyyətin bu dünyada olduğunu düşünürlər. Onlar üçün əbədiyyət nədir? Yaxşı pulun olsun, imkanın olsun, ölənə kimi dünyanı gəzəsən, istədiyin kimi yaşıyasan və.s O dünyada nələr olacaq olacaq.

-Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında geniş müzakirələr aparılır. Bu haqda sizin fikirləriniz maraqlı olardı. Və bilmək istərdik ki, Sözlərdə edilən dəyişiklik əsərlərinizə hər hansı təsir göstərəcək?

-Mən indiyə kimi necə yazmışamsa, elə də davam edəcəm. Qalan məsələlər redaktorların işidir. Özü də bu düzəlişlər bir günə həll olunmur. Bunun üçün zaman lazımdır.

 

Nigar Adil

 

Olaylar.- 2018.-31 yanvar.- S.11.