Qazaxda tikinti-quruculuq
işləri vüsət alıb
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı
dövlət proqramları çərçivəsində Qazax rayonunda bütün sahələrlə yanaşı,
çoxmənzilli yaşayış binalarının təmirinə
də üstünlük verilir.
Bu istiqamətdə
görülən işlər demək olar
ki, geniş vüsət
alıb. Ötən müddət ərzində respublika prezidenti İlham Əliyev tərəfindən imzalanan çoxsaylı Sərəncamlara əsasən
hazırda rayonda mövcud
olan 163 çoxmənzilli
yaşayış binasından artıq 100-dən çoxu təmir olunaraq
sakinlərin istifadəsinə verilib. Eyni zamanda, bu
istiqamətdə görülən işlər daim diqqət mərkəzində
saxlanılır.
Hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır, Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilir, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə suvaq işləri yekunlaşıb. Rayonda daha bir neçə binada - şəhərin Heydər Əliyev prospektində yerləşən 127 və 171 saylı, eləcə də Ələddin Qədirov küçəsində yerləşən 2 mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda da yaxın vaxtlarda təmir işlərinə başlanılacağı nəzərdə tutulurdu. Artıq ikimərtəbəli 3 bloklu 2 və 3 saylı binalarda təmir işlərinə başlanılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir olunan həmin binalarda olub, görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, qeyd olunan binalarda bu gündən təmir işlərinə start verilib. Belə ki, bloklarda köhnə suvaqlar çapılaraq tökülür və yeni suvaqla əvəz olunur. Eyni zamanda, bloklarla yanaşı, binaların xarici fasadında da təmir işlərinin aparılacağı qeyd olunub. Sonra rayon rəhbəri Azadlıq küçəsi 107 saylı binada görülən işlərlə tanış olub. Bildirilib ki, bu binada da bloklarda və xarici fasadda astar-üzlük işləri həyata keçirilir. Bundan əlavə, binanın həyətində yerləşən yaşayış evlərinin hasarlarında da suvaq işləri görülür.
Son illər səhiyyə sahəsində olan inkişaf, bu sahəyə olan diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da hiss olunmaqdadır. Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində rayon sakinlərinə səhiyyə sahəsində yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Ölkə başçısının diqqət və qayğısı sayəsində rayonda inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana binası bu istiqamətdə görülən məqsədyönlü işlərin bariz nümunəsidir. Bu gün tam əminliklə qeyd etmək olar ki, 2,6 hektar sahədə inşa olunan Mərkəzi Xəstəxana binası bölgənin ən müasir səhiyyə ocaqlarından biridir. Belə ki, 10 korpusdan ibarət olacaq Mərkəzi Xəstəxananın artıq 5 korpusu inşa olunub. Bundan əlavə, köməkçi binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-səhman işləri aparılıb. Sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün binanın kənarına səki daşları döşənib. 5 korpusla yanaşı, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün lazım olan bütün şərait yaradılıb. Hazırda isə qalan 5 korpusun tikintisi uğurla davam etdirilir. Belə ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxananın qalan 5 korpusunun inşası da öz əksini tapıb. Tikinti başlayan ilk gündən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xəstəxananın tikintisinə yaxından dəstək olur və lazım olan köməklik göstərilir. Rayon rəhbəri bu gün də yeni səhiyyə ocağında əlavə korpusların inşası ilə maraqlanıb, görülən işlərlə tanış olub. İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, özül hissələri tökülmüş Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi uğurla davam etdirilir. Arakəsmə beton tökülüb və mərtəbə hissələri qurulub. Hazırda hörgü işləri görülür. İş icraçısı qeyd edib ki, işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, ikimərtəbəli korpusların birinci mərtəbəsində işlər yaxın günlərdə yekunlaşacaq və ikinci mərtəbədə işlərə start veriləcək. Həmçinin, yoluxucu xəstəliklər şöbəsinin tikintisinə də yaxın vaxtlarda başlanılacaq. Görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və tövsiyələrini verib. Rayon sakinləri onlar üçün yüksək səviyyədə yeni səhiyyə ocağının inşa olunmasını qazaxlılara verilən ən böyük dəyər kimi qiymətləndirirlər. Respublikamızda, eləcə də düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunda səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Regionların sosial-iqtisadi inkişaf ilə bağlı dövlət proqramlarının icrası nəticəsində tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığı Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görülür. Son 3 ildə bu sahənin daim diqqət mərkəzində saxlanılması bunu söyləməyə əsas verir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu sahəyə xüsusi qayğı ilə yanaşması, rayonda olan bağçaların tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu dediklərimizin əyani sübutudur. Bu gün rayonda olan 25 uşaq bağçasından 17-i tam müasir standartlara cavab verən səviyyədədir. Həmin təmirli bağçalara şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını misal göstərmək olar. Tam əminliklə deyə bilərik ki, yola saldığımız 2018-ci il bağça tikintisi baxımından yaddaqalan bir il oldu. Təkcə ötən il ikisi şəhərin mərkəzində, biri isə kənddə olmaqla 3 bağça əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verildi. Şəhər 2, 3 saylı və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları həmin açılışı olan bağçalardır. Ötən il olduğu kimi, bu il də bağça tikintisi və ya əsaslı təmir olunması diqqət mərkəzində saxlanılır. Bu ilin ilk açılışının məhz şəhər 6 saylı körpələr evi-uşaq bağçası olması da təsadüfi deyil. Bu, bağçalarla bağlı görülən işlərin daha geniş vüsət alması deməkdir. Rayonda təmirə ehtiyacı olan daha bir neçə kənd bağçası var ki, onlardan biri də Qazaxbəyli kənd uşaq bağçasıdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin uşaq bağçasında olub, mövcud vəziyyətlə maraqlanıb. Bağçanın kollektivi ilə görüşən rayon rəhbəri dövlətin, dövlət başçısının uşaqlara olan qayğısından söz açıb. Qeyd edib ki, ölkə rəhbərinin uşaqlara olan diqqət və qayğısının nəticəsidir ki, bu gün bölgələrimizdə, o cümlədən də Qazaxda təmir olunan uşaq bağçalarının sayı ildən-ilə artır. İcra başçısı digər bağçalar kimi bu bağçanın da yaxın vaxtda təmir olunaraq ən yüksək səviyyəyə çatdırılacağını qeyd edib. Bağça müdiri Gözəl Allahverdiyeva son illər rayonda, eləcə də Qazaxbəyli kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Bütün sahələrlə yanaşı, rayonda körpələrə olan qayğını və bağçanın təmir olunması xəbərini kollektiv olaraq minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğulayıb. Digər kənd bağçaları kimi, bu bağçanın təmir olunmasını dövlət tərəfindən uşaqlara olan qayğının əyani təzahürü kimi qiymətləndirib. Təmir işlərinin aparılmasına görə ölkə başçısına və rayon rəhbərliyinə işçilər, valideynlər, eləcə də bütün kənd sakinləri adından minnətdarlığını çatdırıb.
Məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazaxa köçürülməsini təmin etmişdi. Milli Hökumətin Gəncə xəzinəsindən 5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının Ağstafa vağzalından Qazaxa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazaxın camaatı, Qori seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazaxın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə fərəhli, bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir. Bu gün fəaliyyət göstərdiyi dövrdə Azərbaycana S.Vurğun, Ü.Hacıbəyov, M.Maqomayev, F.Köçərli, Ə.Seyidov, S.Vəlibəyov, T.Bayraməlibəyov, Y.Qasımov, M.Ə.Xələfov və başqa onlarla görkəmli şəxsiyyətlər bəxş edən Qazax müəllimlər seminariyasının 100 yaşı tamam olur.
Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında ölkə prezidenti İlham Əliyev tərəfindən 3 noyabr 2018-ci il tarixli Sərəncamın imzalanması isə bir daha onu göstərdi ki, dövlət və dövlət başçısı İlham Əliyev Azərbaycanda təhsil sahəsinə hər zaman xüsusi qayğı ilə yanaşır. Azərbaycan təhsilində, mədəniyyətində, eləcə də bir çox sahələrdə görkəmli şəxsiyyətlər bəxş edən Qazax rayonu həmişə ziyalıları ilə seçilib. Qazax müəllimlər seminariyasının 100 illiyinin qeyd olunması barədə ölkə rəhbəri tərəfindən Sərəncam imzalanması bu gün qazaxlı ziyalılara verilən ən böyük qiymət və dəyərdir. Prezident İlham Əliyevin elm, təhsil tariximizdə silinməz izlər qoymuş Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı həmin Sərəncama əsasən Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra işlər görülmüşdür. Bununla bağlı Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam imzalanmış və tədbirlər planı hazırlanmışdır. Görülməsi nəzərdə tutulan işlərdən biri də binanın təmir olunmasıdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Xeyriyyə" İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədovla birlikdə növbəti dəfə seminariyada olub, mövcud vəziyyətlə maraqlanıblar. Görüləcək işlər müzakirə olunduqdan sonra binanın dam örtüyündə və xarici fasadında cari təmir işlərinin aparılması qərara alınıb. Rayon rəhbəri təmir işləri ilə əlaqədar aidiyyəti üzrə bəzi tapşırıq və tövsiyələrini verib. Hazırda regional proqramlar çərçivəsində Qazaxda genişmiqyaslı tikinti-quruculuq işləri davam etdirilir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 4-5 aprel.- S.15.