Şərurun Yengicə
kəndinin tarixi
Osmanlı dövlətinin 1727-ci ildə
tərtib edilmiş "Müfəssəl vergilər dəftərində"
adı keçən "Qazançılar kəndi",
sözündən sonra mötərizə içərisində
belə bir qeyd də var: ..."(bir başqa adı da Yengicədir)".
Bu dəftərdə Şərur-Dərələyəz
mahalında olan kəndlərin ayrı-ayrılıqda verəcəkləri
illik verginin məbləği yazılıb. Hələ
o zaman böyük yaşayış məskəni olan
Qazançılar (Yengicə) kəndi mahaldakı kəndlər
siyahısında ən çox-hər il 38000 axca vergi ödəyirdi.
Nə üçün bu kəndin iki adı var
idi və nə üçün ən çox vergi ödəyən
kənd olub?
Bu suallara cavab tapmaq o qədər də
asan olmamışdı. Əvvəlcə mən internetdəki
dostlarımdan yuxarıda adı çəkilən
"Müfəssəl vergilər dəftərini" öz
elektron səhifəmə yüklədim, sonra da ondan istifadə
edərək öyrəndim ki, bu gün Yengicə kimi
tanıdığımız kəndin əvvəlki adı hələ
300 il bundan əvvəl Qazançılar olub. Çox
qədim zamanlardan Şərur yaylasındakı bütün kəndlərdə
olduğu kimi bu kənddə də əhali heyvandarlıq və
əkinçiliklə yanaşı baramaçılıqla və
ipəkçiliklə də məşğul olmuşdular.
Baramaçılıq Yengicə kəndində o qədər
inkişaf etmişdi ki, XX yüzilliyin 60-cı illərinə
qədər Şərur yaylasında olan kəndlərin baramaçıları
yetişdirdikləri baramanı gətirərək
yalnız Yengicə kəndində olan Barama qəbulu məntəqəsinə
təhvil verərdilər. "Baramanı iri mis
qazanlarda suda qaynadar, bu zaman baramalardan açılan ipək
sapların görünən ucu bənnaxlar adlanan ustalar tərəfindən
tutularaq kənarda oturmuş qadınlara verilər, onlar isə
ipək sapları yumaq şəklində sarıyaraq toxuculara
xammal kimi satarmışlar. İri qazanlarda
qaynadılaraq baramadan açılan ipin ucunu tutmaq
üçün istifadə olunan aləti qamışdan
düzəldərmişlər. Bunları
mənə 2008-ci ildə Yengicə kənd sakini, uzun müddət
ibtidai sinif müəllimi işləmiş 87 yaşlı
Yusif Nəbiyev danışmışdır. Onun dediyinə
görə Yengicədə ipək sap təkcə xammal kimi
satılmamışdır, ondan həm də toxuculuqda da
istifadə etmişdilər. Bəzən bir neçə toxucu qadın bir araya gələrək
ipək xalça da toxuyardılar. Belə
xalçanı toxumaq çox uzun zaman tələb edərdi. Bu növ xalça
sonralar "Qabelen" adı altında Fransada da istehsal
olunmağa başladı. Yusif müəllimin 116 il yaşamış nənəsinə istinadən
dediyinə görə, ipəkçilik sənətini buraya
Kitaydan köçüb gələrkən onların ulu
babaları özlərilə gətirmişdilər. Bu zaman mən
Yusif müəllimin "Kitaydan" sözünə düzəliş
vermək məqsədiylə "Kitaydan yox Çindən"
dedim. O da mənə: Nənəm "Çin"
sözünü işlətməzdi, həmişə
"Kitay" deyərdi. İndi tarixçilərimiz
və etnoqraflarımız deyər, bizim
coğrafiyamızı Kitaydan, hələ Çin xanədanlığı
yaranmamışdan çox-çox öncə gələn
türk tayfaları məskunlaşdırmışlar.
Nəhayət
bu qədər geniş və uzun söz arasından sonra
"Müfəssəl vergilər dəftərindən"
aldığım məlumatları yazmağa davam edirəm.Verginin
çox hissəsi bənnaxlardan, dəyirmanlardan, əkin və
məzrələrdən (biçənəklərdən),
şirniyyat ustalarından, dükanlardan və s. tutulurdu.
Bu siyahıda hamamların da adı çəkilirdi.
Buradan da məlum olur ki, Yengicə kəndindəki bu gün təmir
olunmuş hamamın təqribən 300 illik bir tarixi var.
Araz və Doğu Arpa çaylarının
adlarının mənşəyini araşdırarkən
çox sensasyon bir hadisə ilə qarşılaşdım. Mən,
ümumiyyətlə, coğrafi adların mənşəyini
və mənasını tapmaq üçün linqivistik
yanaşıma daha çox yer verirəm. Məsələn,
götürürəm "Araz" sözünü,
görürəm ki, çay adı olan bu söz iki qalın
hecalı bir sözdür. Birinci "Ar"
hecasının mənası hələ bəlli deyil, amma
ikinci heca "az" türkcədir və "çox olmayan, yəni
az" anlamına gəlir. Artiq məlum olur ki,
Araz sözündəki birinci iki səs heca olmaqla bərabər
həm də suya və bu çaya aid olan bir sözdür.
Bu günə qədər "Araz" sözünün
etimologiyasını, mənşəyini araşdırarkən,
ona ya Türkiyə türkcəsində işlədilən
"Aras", ya da İranda işlədilən və fars dilinə uyğunlaşdırılaraq
"Ərəs" kimi səslənən bir söz kimi
baxmışlar, bununla da bir neçə variyantda olsa belə
aldıqları nətcəni həqiqət kimi
xalqımıza təqdim etmişlər. Yəni çayın
türkçə adındakı "as" hecasını
götürərək, onun "as" tayfalarının
dilində olduğunu və yaxud fars variyantını
götürərək türkcə olan "ərəs" sözündən
alındığını, yəni
"az əsgər" anlamına gəldiyini iddia etmişlər.
Yerı gəlmişkən qeyd etmək
lazımdır ki, "Arbatan" (Şərur yaylasında kənd
adıdır-H.S.) sözünü də "Ər batan"
kimi götürərək, onu da "Əsgər,
döyüşçü batan" mənasında
olduğunu yazmışlar. Araz çayının
Türkiyə türkcəsi variyantında "Ar"
atılmış, yalnız "As" əsas
götürülmüş, farsca variyanında isə
"Ər" götürülmüş, "əs"
atılmışdır. "Arbatan" sözü də
saxtalaşdırılmışdır, yəni "Ar"
sözü "Ər" kimi götürülmüşdür.
Mən isə "Ar" sözünün
etimologiyasını, mənşəyini "Arpa"
sozünün mənasını tapandan sonra bildim.
Türkiyə Respublikasının Bursa vilayətində
"Qayapa" (şəlalə adıdır), "Müfəssəl
vergilər dəftərində" Həmzəli kəndinə
aid Kərəpa məzrəsi (biçənəyi) və nəhayət,
hamımıza məlum çay adı olan Arpa sözü.
Qayapa iki komponentli sözdür: 1. Qaya-Dağlardakı iri sal
daş anlamındadır. 2. Pa-Qədim türklərdə su
anlamındadır. Oğuz Xan öz ordusu ilə
yürüyüşdə olarkən indi Ural adlanan çaya
rast gəlir və heyrətlə deyir: "Ur-A-Pa"(anlamı:"Ur-çatdıq,
A-Duru, Pa-suya, çaya, yəni ("Çatdıq duru sulu
çaya") Burada Pa sözünün iki anlamı
vardır: Su və Çay. Kərəpa sözü də iki
komponentlidir.1.Kərə-"Kərəqulaq
keçi"sözundəki yarımçıq qulağı
olan keçi, yəni keçinin qulağı var, lakin sallaq
deyil, görünür bu bulağın adındakı "kərə"
yarımçıq anlamındadır. 2. Pa-artıq bilirik
ki,"Su" anlamındadır. Kərəpa biçənəyi
(məzrəsi) Həmzəlilərə aid olduğu
üçün, onlar
hər ilin İyun ayında gəlib, qışa
hazırlıq məqsədilə özlərinə ot tədarükü
edərdilər. Burada yalnız bir bulaq var, onun
suyu da İyun ayından sonra ta yağışlar
mövsümünədək quruyardı. Bu
isə o deməkdir ki, bulaq yarımçıqdır, yəni
yay fəslində bulağın suyu quruyur. Ona görə də bulağın adı qədim
türklərdə Kərəpa olmuş, biçənək
də bu bulağın adını daşıyaraq, bu günə
qədər Kərəpa məzrəsi (biçənəyi)
adlanır. Əlbəttə, məzrə sözü ərəbcədir-cəm
halında məzyardır və qışa mal-davar
üçün ot hazırlığı
məqsədilə nəzərdə tutulmuş sahəyə
verilən addır, ərəb
sözüdür. . Artıq anlaşıldı ki, Arpa və Araz
sözlərindəki birinci komponent olan "Ar" heca deyil,
ayrı-ayrılıqda sərbəst işlənən, həm
də bu gün bizim və digər türk dillərində fəal
işlənən sözlərdən biridir. Aşağıda
"Ar" ilə başlayan sırf türk kökənli sözlərdən
bir neçəsini örnək olaraq görsədirəm:
Arpa-Şərur
yaylasında çay adıdır, Duru sulu
çay anlamındadır.
Araz-Türkiyə
və Azərbaycan ərazilərindən keçən
çay adıdır, çox nadir hallarda (yay aylarında suyu
duru olur) və az bir sürə duru su ilə
axan çay anlamındadır.
Arıtlamaq-Bir şeyi arıtlayaraq təmizləmək,
suya aiddirsə durultmaq anlamındadır.
Araşdırmaq-Analiz edərək, hər hansı bir məsələdə
həqiqəti, doğrunu, təmizi tapmaq anlamındadır.
Arı-Çiçəklərin nektarını
toplayaraq bala çevirən və uçan həşəratdır.
Ari-1.
Göy üzündən, səmadan Yer üzünə ilk
endirilmiş, nazil olunduğuna görə türklərə
verilən addır: "Arilər", yəni qanı ən
saf olan insanlar. 2. İslamdan öncə xristian olmuş Azəri
türklərində Tanrıya verilən qutsal tituldur: Onlar
"Arim mənim", "Safım mənim", "Rəbbim
mənim" sözlərilə Tanrıya dua etməyə
başlayardılar.
Məncə bu siyahıya həm də "Ararat"
sözünü əlavə etmək lap yerinə düşərdi. Kim inciyər, qoy incisin. "Ararat" sözü sırf türk kökənli
sözdür. Bu söz üç
komponentdən ibarətdir.1. Ar, 2. Ar-hər iki söz saf, təmiz və kutsal (müqəddəs)
anlamını daşıyır. Səbəbi dəodurki,prototürklər
dünyada ilk təkallahlılıq
dini olan Tanrıçılq dinini yaradaraq, ona iman gətirmişdilər.
Bu ilahinin adı Göy Tanrısıdır, ( yəni
Səma Tanrısıdır). Qədim türklər
inanırdılar ki, nə qədər hündür dağ
varsa o dağ qutsaldır, yəni
nə qədər hündür dağ zirvəsinə
çıxsaq, bir o qədər Göy Tanrısına
yaxın olarıq, Göy Tanrısı da bizim dualarımızı tez eşidər
və qəbul edər. Türklərin ilk belə qutsal, yəni
ari ziyarətgahı Hindistandakı Himalay dağlarının
yüksək zirvələrindən biri olan Kaylas
dağı olmuşdur. Hacı (Adji) Murada görə "kilsə"
sözü də Kaylas dağının
adından götürülmüşdür. Ararat
sözündəki iki dəfə təkrar olunan
"ar-ar" sözləri də burada iki ari, iki qutsal
anlamındadır.3-cü komponent olan "At" sözü
isə yenə qədim türklərdə "Dağ"
anlamındadır. Buradan da
anlaşılır ki, qədim türkcəmizdə
"Ararat" sözü iki qutsal, ari dağ deməkdir.
Oxucu buraya qədər yazdıqlarımı
oxudusa, indi nə üçün Qazançılar kəndinin
adı sonralar dəyişdirilərək Yengicə olmuşdur
sualına cavab verə bilərik. Bu
sualın cavabı Doğu Arpa çayının törətdiyi
fəsadlardadır. Bir neçə min il bundan öncə
Doğu Arpa çayı uzun müddət Dizə kəndi ilə
indiki Oğlanqala (300 il bundan öncə bu kəndin adı
"Müfəssəl vergilər dəftərində"
Oğlanşah kimi keçir) kəndinin arasındakı dar
bir boğazdan keçərək, xalq arasında
Balıqlı adlanan azacıq çuxur yerə girdikdən
sonra, oradan Qazançılar kəndinin ərazisində bir
neçə dəfə dolanıb keçmiş və Xələc
kəndi ilə Alşar kəndinin arasından axaraq,
Araz çayına tökülmüşdü. Bu məcrası
ilə axarkən, qəflətən gələn güclü
sel Qazançılar kəndini dağıtmış və
ağır fəlakətlər törətmişdi. Sel o qədər
güclü olmuşdu ki, öz
yatağına sığmayan Doğu Arpa çayı nəticədə
Dizə kəndi ərazisindəki dar boğazdan keçərkən
öz yatağının dibini yuyub, dərinə
salmış və elə bu səbəbdən də çay
birinci mərasını tərk etmiş, özünə
ikinci məcra açaraq, oradan
axmağa başlamışdı. Sonralar
dar boğaz adlandırdığımız yerdə Doğu
Arpa çayı üzərindən körpü
salınmışdı. Bu güclü sel
Qazançılar kəndini yuyub, apararaq onu xarabalığa
çevirir. Kəndin sağ qalan sakinləri isə seldən
qurtulmaq üçün Arpa çayının sol sahilində
indiki Şərur şəhərindən başlayaraq Xələc
kəndi istiqamətilə ta Araz çayına qədər
uzanan yamacda özlərinə sığınacaq
tapmışdılar. Yamacın eni yuxarıdan
bir neçə yüz metr, aşağıda isə Xələc
kəndinə yaxınlaşdıqca daralaraq, yox dərəcəsinə
çatır. Qazançılar kəndinin seldən
qurtulan sakinləri bu yamacın indiki Şərur şəhərindən
başlayaraq, ta Xələc kəndinə təqribən 1 km qalana qədərki
sahəsi boyunca yenidən özlərinə bir kənd
salmış və ona öz
aralarında qeyri rəsmi olaraq, Yengicə adını vermişlər. Lakin rəsmi
sənədlərdə onun Qazançılar olan ilkin adı
uzun zaman olduğu
kimi saxlanılmışdı. Yeni
salınmış kəndin ortasından quzeydən güneyə
doğru uzun bir küçə və küçənin
sağ və sol boyunca nizamla, sanki əvvəlcədən
hazırlanmış plana uyğun olaraq salınmış kimi
görünən
yaşayış binaları tikilmişdir. Bu küçənin adı o vaxtdan bu günə qədər
Uzun küçə, kəndin adı isə Yengicə (Yenicə
tikilmiş, təzə salınmış) kəndi adlanır.
İndi (İyun 2018-ci il) Yengicə bir
neçə dəfə böyümüş, 1993-cü ildən,
yəni Naxçıvan Muxtar Respublikasında mərhum Heydər
Əliyevin rəhbərliyi dönəminin
başladığı gündən ta bu günə gədər
Şərur yaylasındakı başqa yaşayış məskənləri
kimi Yengicə kəndi də abadlaşdırılaraq bir şəhər
şəklini almışdır. Nəticədə Şərur-Dərələyəz
mahalının ən böyük yaşayış məskəni
olmuş Yengicə kəndi daha da böyümüş və
Şərur şəhərinə birləşmişdir, əhalisinin
sayı artmış,
2018 -ci ildə 5000 nəfəri keçmişdir. Yengicə kəndi Şərur yaylasında əhalisinin
sayına görə Şərur şəhərindən
(Əhalisinin sayı 6700 nəfər) və Sədərək
kəndindən sonra üçüncü, böyük
yaşayış məskənidir. 2018-ci ilin İyun
ayında kəndə içməli su kəməri çəkilib,
istifadəyə verilmiş, 2010-cu ildən kəndin mərkəzində
yeni məktəb, klininka, inzibati və məişət
binaları, kəndin 500 ildən artıq tarixi olan
Böyük məscidin və 300 ildən artıq tarixi olan
hamamın binaları bərpa olunaraq kənd əhalisinin
istifadəsinə verilmişdir.
Ardı var
Həsən Sədirli,
Türkoloq
Olaylar.- 2019.- 4-5 aprel.- S.12.