Şərurun Yengicə
kəndinin tarixi
əvvəli ötən sayımızda
Kəndin küçələrinin
çınqıllanaraq abadlaşdırılması,
onların da yaxın gələcəkdə
asfaltlaşdırılacağına zəmin
yaratmışdır. Yuxarıda verdiyim foto
şəkillər isə mənim yazdıqlarımın
doğru olduğunu sübut edir. Şəkil
1. Yengicədə İnzibati bina, 2.Yengicədə məktəb
binası, 3. Klinika binası, 4. Məişət otaqları və
dükanların yerləşdiyi bina, Təmir olunmuş
Böyuk məscidin və həyətində ona aid olan dini
ayinlər üçün yardımçı binalar, 5. Bərpa olunmuş qədim Hamamın binası.
Şərur şəhərindən başlayaraq ta Yengicə
kəndinə qədər 15-17 m eni, uzunluğu isə 2 km-ə
yaxın, hər iki tərəfində trotuarı və
işıqlandırılmış müasir, Avropa
standartlarına uyğun asfalt yolu çəkilmişdir. Bu
yolun davamı olaraq yalnız Yengicənin mərkəzindən
sağa quzeyə doğru-Salahabad, Şəhriyar, oradan Axamət,
Kərimbəyli yolları, Yengicənin mərkəzindən
batıya doğru-Muğanlı, Qorçulu yolları və
yenə Yengicənin mərkəzindən doğuya tərəf-Alşar,
Xələc yolları da yenidən
asfaltlandırılmışdır. Yəqin ki, yaxın gələcəkdə
Yengicədən
1,5 km məsafəlik doğuda yerləşən ən
yaxın qonşu Çomaxtur kədinə gedən yoluna da
asfalt döşənəcəkdir.
Yengicənin tarixi əlbətdə Qazançılar kəndi
tarixinin davamıdır,
onların fərqi yalnız
adlarındadır və Şərur-Dərələyəz
mahalının qədim və çoxsayılı əhalisi
olan kəndlərindən biri olmuşdur. Yengicə
kəndində yaranma tarixi məlum olmayan, uzunluğu təqribən
500 metr olan bir çarşı bazarı, (yəni üstü
örtülü bazar) var imiş. XX yüzilliyin 50-ci illərinə qədər
çarşı bazarının qalıqlarından
şirniyatı özü istehsal edən və satan
dükan, xəz dəri və əhalidən iri və
kiçik buynuzlu malların dərisinin tədarükü
arteli, dabbaxxana, alış-veriş dükkanlarının
vaxtilə işğalçı erməni quldurları tərəfindən
qarət edildikdən sonra yalnız xarabalıqları
qalmışdı. Bazarın batı arxasına
bitişik karvansara, burada qonşu ölkələrdən
müxtəlif çeşid mallar gətirən tacirlərin
dincəlməsi üçün qonaq otaqları, onların
atları üçün tövlə, dəvələri
üçün eyvan var idi. XX yüzilliyin 60-cı illərində
çarşı bazarı təmiz dağıldıqdan sonra
karvansaranın həyəti artıq şəxsi ev kimi istifadəyə verilmişdi. İndi karvansaranın yerində iki yeni şəxsi
yaşayış binası tikilmişdir. Çox qədim
zamanlarda başqa ölkələrdən gələn tacirlər
özlərilə gətirdikləri malları yerli tacirlərə
satdıqdan sonra, öz ölkələrinə aparmaq
üçün isə onlardan ipək parça, ipək
xalça (Qabelen), ipək sap, yerli kənd təsərrüfatları
malları ilə bərabər
Naxçıvandan satmaq üçün gətirilmiş
daş duz da alarmışlar. O zamanlar çarşı
bazarı bir İstanbulda, bir də Yengicədə
imiş. Elə buna görədir ki, xalq
arasında Yengicənin bir adını da Bala İstanbul, yəni
Kiçik İstanbul qoymuşdular. Vaxtilə Yengicədə
çoxlu bəy tayfaları var idi və onlar ətraf kəndlərin
bəylərindən çox dövlətli olmuşdular. Çünki onlar təkcə heyvandarlıq, əkinçilik
və ipəkçiliklə deyil, həm də
çarşı bazarında ticarətlə də məşğul
olurdular. Buradan da məlum olur ki,Yengicə
kəndi, demək olar ki, Şərqin qapısında yerləşdiyinə
görə ipək yolu oradan keçmişdir. Yengicə
öz çarşı bazarı ilə qonşu Bizans,
İraq, İran, Suriyə və bir çox digər xarici
ölkələrdə nəinki tanınmış, hətta onlarla
uzun müddət sabit ticarət münasibətlərində də
olmuşdur.
Yengicə kəndi Sovet dönəmində də qəza
mərkəzi olmuş və Şərur-Dərələyəz
mahalının qeyri-rəsmi mərkəzi kimi
tanınmışdır. Mərhum atam Əliyev Hüseyin
Abdulla oğlu isə Sovet dönəminin ilk günündən-1924-cü
ildən ta kollektivləşmə hərəkatının
başlandığı bir günə qədər-1935-ci ilə
qədər on bir il bu qəzanın idarəetmə
orqanının sədri olmuşdur. 1935-ci il
dekabr ayının sonlarında ona Yengicə kəndində
kollektiv (kooperativ) təsərrüfatının (Çox vaxt
onu Artel də adlandırırdılar-H.S.) yaradılması və
ona rəhbərlik vəzifəsi tapşırılır (Ailəmizin
arxiv sənədlərindən-H.S.). Sonralar bu
kollektiv təsərrüfatlar rusca və ixtisarla
"kollektivnoye xozyaystvo"-kolxoz" adlanmışdır.
Kollektivləşmənin ilkin dövründə bir neçə
ətraf kəndlər Yengicə kəndindəki kolxozun tərkibində
olmuşdu və o zaman bu təsərrüfat
"Sosializm", 1950 - ci illərin başlanğıcında
isə Jdanov adına kolxoz kimi fəaliyyət
görsədirdi. 1947-ci ildə bu kolxoz Azərbaycan SSR-də ilk
millioner kolxozu olur və bu münasibətlə atamın
adına SSRİ-nin ən yüksək iki ordeni olan
"Sosialist Əməyi Qəhrəmanı Qızıl
Ulduz" ordeni və "Lenin Ordeni" vəsiqələri
Moskvadan sahibinə təqdim olunması üçün Azərbaycana
göndərilir. Azərbaycan Ali Sovetinin nümayəndəsi
Naxçıvana gəlir və
bu münasibətlə atamı da oraya
çağırırlar. Bu zaman çox
maraqlı bir hadisə baş verir. Atam hər iki ordendən
imtina edir, səbəbini isə belə anladır: Tamam
Əliyevanın əri Böyük Vətən müharibəsində
həlak olduğu üçün iki körpə
uşağını dolandıra bilmir, o həm də təmbəl
və fiziki cəhətdən zəif bir qadındır. Əgər "Qızıl Ulduz" ordeni ona verilsə,
ayda 1000 manat alar və kiçik uşaqlarını da
dolandıra bilər. Atamın bu
sözü yuxarıdan gələnlərin xoşuna gəlir.
Onlar Moskva ilə razılığa gəlirlər
ki,"Qızıl Ulduz" ordenini Tamam Əliyevaya, "Lenin
Ordenini" isə atama versinlər. Beləliklə
1947-ci ildə Tamam Əliyeva Azərbaycanda
"Qızıl Ulduz" ordeni alan ilk qadın əmək qəhrəmanlarından
biri olur. Beləliklə 25 yaşında ikən 11 il Yengicə
qəzasının sədri, 20 il Yengicədə
"Sosializm" kolxozunun sədri, iki il Şəhriyarda "
Kalinin" adına, iki il də Çomartılda "1
May" kolxozlarınn sədri olmuşdur. Eyni zamanda
Naxçıvan Ali Sovetininn deputatı, həm də paralel
olaraq 22 il ara vermədən
Naxçıvan Vilayət Partiya komitəsinin Pleniumunun
üzvü olmuşdur. Elə buna görədə
1967-ci ildən ta ömrünün axırınadək-1973-cü
ilədək Naxçıvan MSSR-nin fərdi (personal) təqaüdçüsü
olmuşdur.
Naxçıvan
MR Mərkəzi arxivindəki sənədlərdən məlum
olur ki,1929-cu ildə Sovetlər dönəmindəYengicə
kəndində "Köy Birliyi"adlı bir bank
açılır. Bu gün ömrünün 81-ci ilini
yaşayan, 1929-ci ildə Yengicə kənd orta məktəbini
"Əla" qiymətlərlə bitirmiş, indi fəlsəfə
üzrə Filologiya elmlər Doktoru
Əjdər Tağı oğlu İsmayılovun
atası Tağı İsmayılov bu banka müdür təyin
olunur. "Köy birliyi" bankının vəzifəsi
kənd təsərrüfatını inkişaf etdirmək
üçün yerlərdə kəndlilərə subsidiyalar
vermək olmuşdu. "Köy Birliyi"
bankı fəaliyyət görsədəndə atam hələ
Yengicə kəndində qəza mərkəzinin sədri idi.
Bir ildən sonra-1930-cu ildə bu bankın
adı dəyişdirilərək,"Mərkəzi kənd təsərüfat
bankı" oldu. Bu da o deməkdir ki,
Yengicə regionda misli bərabəri görunməyən,
analogu olmayan başga kəndlərdən fərqlənən
bir kənd olmuşdur. Mərkəzi dövlətin Yengicə
kəndinə olan rəğbəti, diqqəti, yuxarıda sadaladığım
bu qədər idarə və müəssisələrin yerləşdirilməsi
Yengicənin Şərur-Dərələyəz mahalında
aparıcı, idarəedici bir rol oynadığını
görsədir. Bu günkü Şərur şəhəri
də Yengicənin Sovet dönəmindən sonra kəndi tərk
edərək repressiyadan qaçmış, mahalın ən
varlı, dövlətli bəylərindən biri olan Məşdələsgər
Bəy Həmzəyevə məxsus olmuş ərazilərdə
salınmışdır. Deyilənə
görə Yengicədə Talıbxanlı adlı bir xan
tayfası da yaşamışdı. O xanın
yaşadığı ev
dağılmışdısa da onun bağçası indidə
də "Xan bağı" adlanır. Bu xanın törəmələrindən
çoxu Sovet dönəmində represiyadan xilas olmaq
üçün yaxın xarici ölkələrə
qaçmışlarsa da, bəziləri Sabirabada
köçmüş və indi də orada yaşayırlar.
Yengicədəki dabbaxxana da XX yüzilliyin 50-ci
illərində artıq fəaliyyətini
dayandırmışdı.
Çar Rusiyası dönəmində Yengicə uzun
müddət qəza mərkəzi olmuşdur. 1881-ci ildə
yerlərdə milli dillərdə heç olmasa
yazıb-oxumağı bacaranlara dövlət idarələrində
ehtiyac olduğu üçün "Rus olmayanlara aid məktəblərin
açılmasına" icazə verilir. (Bax: Fəxrəddin
Cəfərov, Zülfiyyə
İsmayılova,"Naxçıvan məktəbinin tarixindən
səhifələr") Bu məqsədlə
1882-ci ildə Azərbaycanın (indi Ermənistan adlanan) Zəngibasar
bölgəsinin Uluxanlı kəndində (indi ermənilər
oranın adnı dəyişərək, Masis
qoymuşlar-H.S.), Naxçıvanın Kərimbəyli kəndində
və Şərur-Dərələyəz mahalının
Yengicə kəndində məktəblər
açılır.
1882-ci ildə
Yengicə kəndində məktəbin açılması
üçün bina axtarırlar, bu zaman elmin, savadın qiymətini bilən Yengicənin ən
varlı bəyi Məşdələsgər Bəy Həmzəyev
öz şəxsi mülkündən geniş torpaq sahəsilə
birlikdə ikiotaqlı binasını məktəb kimi istifadə
etmək üçün təmənnasız olaraq, yerli
dövlətə bağışlayır. Əlavə olaraq Məşdələsgər
Bəy kəndin digər bəylərindən də ianə toplayaraq kənd ictimaiyətinin
könüllü iməciliyi ilə bu ikiotaqlı binanı təmir
edirlər, yeni məktəbi lazımi mebellə təmin edirlər.
Artıq, 1882-ci ilin sentyabr ayında Şərur
Dərələyəz mahalının ilk ikisinifli məktəbinin
açılışını elan edirlər. Bu məktəbin ilk adını isə Yengicə
ictimaiyyət məktəbi qoymuşlar. Sonradan
bugünkü Şərur yaylasının
aşağıdakı kəndlərində bir-birinin
ardınca məktəblər açılmağa
başlayır:
-
BaşNoraşen (Cəlilkənd) kəndində 1885-ci ildə
- Şahtaxtı kəndində 1888-ci ildə.
-
Aralıq kəndində 1905-ci ildə.
-Ulya-Noraşen
(indiki Oğlanqala) və Dərvişlər kəndlərində
1906-cı ildə.
-Şəhriyar kəndində 1908-ci ildə.
-Siya(h)qut kəndində (qədim adı Qaraqut)
1911-ci ildə.
-Zeyvə
kəndində 1914-cü ildə və s. (Bax: Fəxrəddin
Cəfərov, Zülfiyyə
İsmayılova,"Naxçıvan məktəbinin tarixindən
səhifələr").
Təqribən
300 il bundan öncə Şahtaxtı kəndindəki adı
bizə məlum olmayan varlı bir bəyin arvadı Tovuz
xanım xeyriyyəçilik məqsədilə Şərurun
üç böyük kəndində hamam tikdirməyi qərara
alır və bunlardan birini Şahtaxtında, birini Yengicədə və o
birisini də Dəmirçidə tikdirir.(Bax: Z.Bünyadov və
Karamanoğlu tərəfindən hazırlanmış
"Osmanlı dövlətinin İstambul,1727-ci il.) Sovet
hoküməti gələnə kimi Yengicə kəndinin
hamamının idarəsi, lazım olan baxım işləri,
o cümlədən təmiri Məşdələsgər Bəy
Həmzəyevə tapşırılmışdı, o da bu
işi böyük bir məsuliyyət hissilə icra edirdi. Amma Sovet dönəminin 30-cu illərdəki
repressiyası zamanı Məşdələsgər Bəy Həmzəyev
kəndi tərk etmək məcburiyyətində qalır.
1935-ci ildə Yengicədə kollektivləşməni qurmaq işinə mərhum
atam Əliyev Hüseyin Abdulla oğlu təyin olundu. Yengicə o zaman Şərurda ən geniş əkin
sahələrinə malik idi. Atamın söylədiklərinə
görə kolektivləşmə başlayandək kənddə
400-ə yaxın ev (ailə, təsərrüfat)
olmuşdur. Kəndin torpaq sahələri doğudan Məmmədsabıır,
Çomartıl, güneydən Xələc, batıdan
Alşar, Muğanlı, guzey batidan Şəhriyar, Salahabad və
guzeydən Düdəngə kəndləri ilə həmsərhəd
böyük bir ərazidən ibarət olmuşdu. 1938-ci ildə,
kollektiv təsərrüfatın (kolxozun-H.S) idarə heyətinin
razılığı ilə ayrılmış vəsaitlə
çoxdan təmirə ehtiyacı olan kənd hamamı əsaslı
təmir olunur. Ona görə də Yengicə kəndindəki
hamamın binası öz varlığını bu günə
qədər qoruyub saxlaya bilmiçdi. Lakin
Şahtaxtı və Dəmirçi kəndlərindəki
hamam uçaraq tamamilə dağılmışdır.
Nəhayət,
2014-cü ildə uçmaq təhlükəsi
altında olan hamamın binasə dövlət tərəfindən
qoruma altına alindı. 2017-ci ildə onun əsaslı təmirinə
başlandı və 2018-ci ilin İyul ayında, təqribən
bir il ərzində təmir işləri başa
çatdırıldı.
Ardı var…
Həsən Sədirli,
Türkoloq
Olaylar.- 2019.- 6-8 aprel.- S.12.