Regionların sosial-iqtisadi inkişafında

sahibkarlar mühüm rol oynayırlar

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının artıq dördüncüsü icra mərhələsindədir. 2019-2023-cü illəri əhatə edəcək bu proqramda da bölgələrdə müxtəlif infrastruktur layihələri, quruculuq-abadlıq işləri, kommunal sahədə lazımıə addımların atılması, yeni-yeni yol infrastrukturların reallaşdırılması nəzərdə tutulur. Əvvəlki 3 Dövlət Proqramı kimi sayca dördüncü Dövlət Proqramında xüsusi qeyd edilməli məqamlardan biri də regionlarda yeni iş yerlərinin açılmasıdır. Bu da bir reallıqdır ki, regionlarda yeni-yeni iş yerlərinin açılması üçün investorlar, sahibkar və iş adamları bölgələrə getməli, ayrı-ayrı rayonlara sərmayə qoymalıdırlar. İstər yerli, istərsə də xarici sərmayədarlar, iş adamlarının yatırdığı maliyyə vəsaiti hesabına isə bölgələrdə yeni-yeni istehsal və emal müəssisələri açılmalıdır. Hər açılan istehsal və emal müəssisəi heç şübhəsiz ki, yeni iş yerlərinin açılması deməkdir.

 

Sevindirici haldır ki, hər bir Dövlət Proqramı və proqram çərçivəsində görülən işlər sahibkarların, iş adamlarının regionlarda fəaliyyət göstərməsi üçün yeni-yeni imkanlar açıb. Bu gün respublikanın demək olar ki, hər bir bölgəsində sahibkarlar normal şəkildə fəaliyyət göstərərək Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına öz dəyərli töhfələrini verirlər. Burada diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, sahibkarların regionlarda səmərəli fəaliyyətinə dövlət və onun müvafiq qurumları ilə yanaşı bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, ictimai birliklər də təkan verir, dəstək olurlar. Bu mənada Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının (ASK) fəaliyyəti xüsusi qeyd edilməlidir. Konfederasiyanın müntəzəm olaraq regionlarda bu istiqamətdə keçirdiyi tədbirlər iş adamlarının regionların inkişafındakı fəaliyyəti. Iştirakını stimullaşdırır. Elə bu günlərdə Konfederasiyanın təşkilatçılığı ilə keçirilən növbəti bir tədbir də bunun əyani sübutudur. Belə ki,  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində region sahibkarları və bir sıra dövlət qurumlarının iştirakı ilə "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda III regional forum keçirilib.  Forumda rayonların icra başçıları və onların nümayəndələri, sahibkarlar, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dost Agentliyi, Dövlət Reklam Agentliyi və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndləri iştirak ediblər.

Forum iştirakçıları əvvəlcə Ağstafa rayonunda ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoydular. Forumu giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və bu islahatların məqsədi vətəndaşlarımızın sosial-rifahını, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, neftdən asılılığı azaldaraq şaxələndirilmiş iqtisadiyyata sahib olmaq, qeyri-neft sektoru üzrə gəlirləri  artırmaqla "Made in Azərbaycan" brendi altında rəqabətədavamlı məhsullar istehsal edərək, həm daxili bazarı qorumaq, həm də xaricə ixracı artırmaqdır: "Bu məqsədlə ölkəmizin vergi, gömrük sistemlərində və digər sahələrdə həyata keçirilən əsas islahatların başlıca hədəflərindən biri də Azərbaycanda sahibkarlığı inkişaf etdirməkdir. Son illərdə müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsinin hər birimiz şahidiyik. Ölkəmizdə bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Statistik məlumatlara əsaslansaq, hazırda Azərbaycanda 970 min sahibkar qeydiyyatdadır və onların yarısı aktiv fəaliyyətlə məşğuldur. Təkcə 2018-ci ildə Azərbaycanda 87 600 nəfər vergi orqanlarında qeydiyyata alınıb ki, bunların da 50,4 faizi məhz regionlarda yaradılan sahibkarlıq subyektləridir. Əlbəttə, bu sevindirici haldır və regionların inkişafı, region sahibkarlığının faizinin artması ölkəmizin ümumi tərəqqəsinə əminəm ki, mühüm töhfələr verəcək. Ona görə də hesab edirəm ki, Ağstafada keçirilən III Regional Forum da məhsuldar olacaq və qarşıda qoyulan hədəflərə nail olmaq, sahibkarları düşündürən məsələlər, onların həlli yolları, mövcud imkanlar baxımından yeni imkanlar açacaq".

Sonra tədbirdə Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Tovuz rayon icra hakimiyyəti başçısının müavini Niftalı Qasımov çıxış etdilər. Daha sonra forum panellərdə öz işini davam etdirib. Panel sessiyalarda aidiyyəti qurumların nümayəndələri tərəfindən Vergi məcəlləsinə edilmiş son dəyişikliklər, KOB dostları və KOB evləri, Kənd Təsərrüfatı məhsulları və texnikasına verilən kreditləşmə qaydası, ABAD məhsullarının təqdimatı, Yaşıl Dəhliz Layihəsinin təqdimatı, Qida təhlükəsizliyi haqqında Dövlət Qanununun ictimai müzakirəsi, Regionlarda DOST Agentliyinin rolu, Açıq Məkanda Reklam üçün Qanunvericiliyin Tələbləri və "Azexport" və "Entreprise Azerbaijan" portalları haqqında məlumatlar təqdim olunub.

Regionların sosial-qitisadi inkişafına dair Dövlət Proqramlarının icrasına dəstək məqsədilə daha bir tədbir Bakı Biznes  Mərkəzində "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda baş tutub. Tədbirdə 200-dən çox sahibkar iştirak edib. Konfransı giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə iqtisadiyyatının potensialının daha da yüksəlməsinə şərait yaradıb, Azərbaycanda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb: "Ölkədə sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirib, iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına əlverişli şərait yaratmışdır. Bütün bunların nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.  Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlər bölgələrdə iqtisadi potensialın artmasında, infrastruktur təminatının, biznes mühitinin yaxşılaşmasında və əhalinin rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, regionların iqtisadi potensialından istifadənin səmərəliliyinin artırılmasında, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, məşğulluğun təmin edilməsində sahibkarlığın rolu böyükdür və özəl bölmənin iqtisadi inkişafda önəmi artır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  qeyd edib ki, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı iqtisadi siyasətin prioritet istiqaməti kimi müəyyən olunub. Vurğulayıb ki, dövlət başçısının həyata keçiridiyi sosial-iqtisadi siyasətə uyğun olaraq, sahibkarlıq mühitinin davamlı olaraq yaxşılaşdırılması, regionlarda infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın maliyyə təminatının artırılması, dövlət-özəl sektor münasibətlərinin inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında regionların xüsusi çəkisi artmaqda davam edir.

AHİK-in sədri, millət vəkili  Səttar Möhbalıyev  çıxışında dövlət başçısının sahibkarlığın inkişafına böyük önəm verdiyini, ölkənin sosial-iqtisadi inkişafında sahibkarlığın rolunu vurğulayıb. Yeni iş yerlərinin yaradılmasında, işsizliyin və yoxsulluğun səviyyəsinin azaldılmasında özəl bölmənin fəaliyyəti xüsusi qeyd edilıməlidir. Bu baxımdan işçilərin sosial-iqtisadi  hüquqlarının müdafiəsində həmkarlar təşkilatları ilə yanaşı, sahibkarlar da maraqli olmalıdır. Səttar Möhbalıyev qeyd edib ki,  AHİK-lə Azərbaycan  Sahibkarlar Konfederasiyası uğurlu sosial tərəfdaşlıq həyata keçirir. Qarşıdakı dövrdə də əsas vəzifəmiz sosial tərəfdaşlar arasında iş birliyini qoruyub saxlamaq, əməkdaşlığı genişləndirmək, regionların iqtisadi inkişafına tövfə verməkdir.

Sonra  Auditorlar  Palatasının sədri Vahid Novruzov, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri, ASK-nın Rəyasət heyətinin üzvü Abdolbari Goozal, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, ATİB-in İdarə Heyətinin sədri Camal Yanğın, AMCHAM-ın icraçı direktoru Natəvan Məmmədova, Tikinti Materialları İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri, ASK-nın Rəyasət Heyətinin üzvü Elxan Bəşirov, Mebel İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Məşhur Məmmədov,  "CTS- Aqro" MMC-nin direktoru, ASK-nın vitse-prezidenti  Zakir Əzimov çıxış edərək ölkədə Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan geniş bəhs ediblər. Tədbirin sonunda "Regionların inkişafında sahibkarlığın rolu" Konfransının Bəyanatı oxunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 9-10 aprel.- S.15.