Şərurun Yengicə kəndinin tarixi

 

Yengicə üçün daha bir əlamətdar hadisə də 1905-ci ildə baş verdi. Belə ki, Çar Rusiyası tərəfindən Culfa-İrəvan dəmir yolunun çəkilməsi qərara alındı. Əziz Şərif özünün xatirələri kitabında bu barədə yazır ki, atam Culfa-İrəvan dəmir yolunun çəkilişini öz üzərinə götürmək istədi, lakin Çar höküməti bu işin icrasını erməni mühəndisə, Culfa-Xoy asfalt yolunun çəkilişini isə atama həvalə etdilər. Proyektə görə dəmir yolu Naxçıvandan Daşarxa oradan da Ulya Noraşen ilə Baş Noraşen kəndləri arasından keçərək İrəvana qədər çəkilməliydi. Bu zaman Yengicənin adlı-sanlı, çox var-dövləti olan Məşədələsgər Bəy Həmzəyev bir neçə kiloqram qızıl gətirib erməni mühəndisə verir ki, dəmir yolunun proyektini dəyişdirsin.

Dəmir yolu  Yengicə kəndinə yaxın bir ərazidən keçsin, kəndin yaxınlığında dəmir yolunun "Yengicə" adlı stansiyası və vağzal binası tikilsin. Qızılları görən acgöz erməni mühəndis təklifi bir şərtlə qəbul edərək, deyir ki, dəmir yolunun stansiyalarının adları dövlət tərəfindən artıq təsdiq olunduğuna görə, onları dəyişdirməyə səlahiyyətim çatmır, amma dəmir yolunun marşrutunu Yengicə kəndinə yaxınlaşdıraram. Məşədələsgər Bəy Həmzəyev   erməni mühəndisinin bu şərti ilə razılaşır. Təsdiq olunmuş proyektə görə, dəmir yolu  təqribən bu günkü Naxçıvan-Sədərək avtomobil yolu marşrutu ilə  Aşağı Daşarx kəndinin doğusundan və burdan da Baş Noraşenlə (indiki Cəlilkənd)  Ulya Noraşen (indiki Oğlanqala) kəndlərinin arasından keçməliymiş. Yəni Aşağı Daşarx yaxınlığından keçərkən, nəzərdə tutulmuş stansiya "Daşarx", həm də "Aşağı Daşarx" deyil, sadəcə olaraq "Daşarx", Baş Noraşenlə Ulya Noraşen kəndlərinin arasından keçərkən isə   stansiya "Noraşen" adlandırılmalıymış. Bax elə bununla da erməni mühəndis Məşdələsgər Bəyi aldada bilir. Sən demə ermənilərin Çar Rusiyası ilə gələcəkdə gizli niyyətləri  bu coğrafiyada stansiyanın adına istinad edərək, nə çox nə az bir Noraşen erməni rayonu yaratmaq imiş və onlar bunu Sovetlər dönəmində yaratdılar. Cənab Heydər Əliyevin dahiyanə uzaqgörənliyi nəticəsində, Azərbaycana rəhbərlik etdiyi zaman "Noraşen rayonunun" adını dəyişərək "İliç rayonu", "Noraşen stansiyasının" adını isə "İliç" stansiyası qoydurdu. Araşdırmalarım zamanı gec də olsa, ermənilərlə rusların gizli niyətləri, Ermənistan yaratmaq üçün uzun vədəli planlarının üstü açıldı. Əgər o zaman erməni mühəndis stansiyanın adını dəyişərək "Yengicə stansiyası" etsəydi, istər-istəməz ciddi bir erməni saxtakarlığının qarşısı alınmış olacaqdı. İndi, gəlin, birlikdə götür-qoy edəyin görək, dəmir yolu Xanlıqlar kəndi ərazisidən keçdiyi halda, nə üçün stansiya "Xanlıqlar" deyil "Daşarx"adlanır? Çünki təsdiq olunmuş proyektdə dəmir yolunun marşrutu Aşağı Daşarx ərazisindən keməliymiş. Bu stansiyanın da adını saxtalaşdırılmış marşrutda saxlamaqla erməni mühəndis özünün külli məbləğdə rüşvət almağını həm öz ermənilərindən, həm də Çar Rusiyasından çox ustalıqla gizlətmişdi. Axı, bir də kim Sankt-Peterburqdan gəlib,  1905-ci ildə tikilmiş Culfa-İrəvan dəmir yolunun o zaman Azərbaycan üçün  bir o qədər də önəmi olmayan bu dəmir yolu stansiyalarının adlarının proyektlə saxta ya doğru olduğunu yoxlayacaqdı. Bu dəmir yolunun çəkilişində Çar Rusiyasının bir əsas məqsədi Rusiya ilə İran arasındakı müharibə əsnasında  rus ordusunun 5-ci sütunu olmuş erməni və  yezdi kürdlərin on minlərcə ailələrini İrəvana rahat, həm də gizlicə köçürə bilsinlər, ikinci bir gizli məqsədi də bu idi ki, gələcəkdə nəzərdə yaradılmasını planlaşdırdıqları Ermənistan dövlətinin farslarla gan gardaşı olan İrana leqal gediş-gəliş koridoru olsun. Sovet dönəmində də Bakını Culfa ilə birləşdirən dəmir yolu çəkildikdən sonra Bakıdan İrəvana birbaşa neft və neft məhsullarının daşınması təmin edilmiş oldu.

Beləliklə Yengicə kəndi əkinə yararlı sahəlırinin dəmir yolundan quzeydə qalan yarıdan çox hissəsi  yeni yaradılan şəhər tpli Noraşen gəsəbəsinin ərazisinə daxil edildi. Bu gün şəhər tipli qəsəbənin ilk adı Noraşen, sonra İliç və indi isə Şərur şəhəri adlandırıldı, lakin Yengicə kəndinin öz ərazisində salınan Şərur şəhərinə birləşdirilməsi məsələsi isə hələ də gündəlikdə yoxdur. Buna baxmayaraq Yengicə indi də Şərurun bir çox ictimai və siyasi xarakter daşıyan tədbirlərində öndə gedərək, həlledici rol oynayır.

Yengicə kəndində qədim zamanlardan ta bu günə qədər üç məscid olmuşdur. Onlardan Böyük məscid adlanan biri vaxtilə Çarşı bazarı inşa edilərkən, bəlkə də ondan əvvəl tikilmişdir. Belə bir ehtmal var ki, Böyük məscid Çarşı bazarında dükan işlədən tacirlər və xarici məmləkətlərdən Yengicə bazarına karvanlarla mal gətirən müsəlman tacirlərin kənd camaatı ilə birlikdə ibadət yeri kimi nəzərdə tutulmuşdur. Bala məscid (yəni Kiçik məscid) adlanan ikinci məscid Çarşı bazarının inşası ilə eyni zamanda, bazarın guzey doğu tərəfində, karvansaranınn sonunda, boş bir ərazidə tikilmişdir. Fikrimcə bu məscid Yengicənin Çarşı bazarına xarici islam məmləkətlərindən mal gətirən tacirlərin nökərlərinin ibadəti üçün tikilmişdi. Üçüncü məscid Çarşı bazarının qurtaracağında, Kənd çayı adlanan çayın üzərindəki körpününü keçdikdən həmən sonra güney tərəfdə tikilmişdir. Cümə məscidi rolunu oynayan bu məscid kəndin yeni salınmış Yengicə adlanan tərəfinin sakinlərinin ibadət etmələri üçün nəzərdə tutulmuşdur. İslamda məscidlər yalnız ibadət etməklə məhdutlaşmır həm də Tanrının evi adlanaraq, bir neçə tədbirlər keçirilməsi üçün   təyin olunmuşdur. Burada müxtəlif dini ayinlərin, yəni Ramazan və Qurban bayramlarının keçirilməsi, həzrəti peyqəmbərimizin, əhli beytin doğum və ertihalət günlərini qeyd etmək üçün, mərsiyə və digər ilahələrin oxunması, İmam Hüseynin (ə.s.) qəddarcasına qətlə yetirilərək, şəhid olmasına həsr edilən mərasim, dərvişlərin kənddən keçərkən, gecələməsi və s. üçün də nəzərdə tutulmuşdur. Kəndin yaşlı sakinlərindən eşitdiyimə görə XX yüzilliyin əvvəllərində ermənilərin Naxçıvan zonasında qərəzli və mütəşəkkil apardıqları soyqırımın qarşısını almaq üçün Türkiyədən göndərilmiş silahlı qüvvənin bir hərbi hissəsi Yengicədəki Cümə məscidindən kazarma kimi  istifadə etmişdilər və öz missiyalarını yerinə yetirdikdən sonra türkiyəyə geri dönmüşdülər.  Əfsus ki, bu hərbi dəstəyin konkret tarixi Yengicədə unudulmuşdur. Uşaqlığımda  gördüyüm bəzi hadisələr mənim də yaddaşımdan hələ silinməmişdir. Evimiz iki otaqlı  idi, bir də keniş əl damımız var idi. Bu iki otaqdan biri həmişə səliqəli saxlanılar, qapısı da həmişə örtülü olardı və kilidlənməməsinə baxmayaraq, ailədəki uşaqların heç birinin  oraya girməyə ixtiyarı yox idi. Biz uşaqlar bu  otağa öz aramızda Qonaq otağı deyərdik. O zaman atam Əliyev Hüseyin Abdulla oğlü Yengicədə kolxozun (kollektiv təsərrüfatın) sədri olduğuna görə rayona ya Bakıdan, ya Moskvadan gələn müxtəlif vəzifəli şəxslər rayon rəhbərliyi tərəfindən hərdən bir kolxzun sədrinin evində gecələməyə göndərilərdi, çünki rayon mərkəzində hələ mehmanxana və qonaq evləri yox idi. Onlardan biri də mənim 10 yaşım olanda, yəni 1954-cü ildə 5-ci sinifdə oxduğum vaxt, haradasa Oktyabr ayının sonu, Noyabr ayının əvvəllərində baş verdi. Biz artıq məktəbdə xarici dil olaraq fransız dilinin hələ əlifbasını öyrənirdik. Bir gün bizə xəbər gəldi ki, hazır olaq, axşam yeməyinə və gecələmək üçün İrandan çox mühm bir qonaq gələcəkdir. Qonaq özünü çox gözlətmədi, əvvəlcə bir neçə silahlı Sovet əsgər və zabiti gəlib,  evimizin, damımızın və tövləmizin çatısına çıxdılar, sonra arxa və  qabaq həyətimizin qapılarını nəzarətə aldılar. Bizə ailə üzvlərindən başga adamların gəlməsinə, evdəki qardaşıma və bacılarıma isə küçəyə  çıxmağı yasakladılar. Balaca olduğum üçün mənə heç bir qadağa aid deyildi. Bir azdan maşın səsi gəldi, bir təhər mənə rusca başa saldılar ki, giriş qapısına yaxınlaşmayım. Qapı açılanda atam evdən çıxıb, qonaqları qarşıladı və Qonaq otağına apardı. Mən də fürsət tapıb, maşına baxmaq üçün küçəyə çıxdım. Qabaq həyətin giriş qapısını qoruma altına alan əsgərlər mənə mane olmadılar, əksinə işarə ilə bildirdilər ki, baxa bilərəm. Fransız dilinin əlifbasını az-çox oxuya bildiyim üçün maşının arxasındakı yazını da oxuyb ucadan əsgərlərə dedim: "Pontiak". Səhərisi günü yuxudan durdum ki, qonaqlar da maşın da yoxdur, getmişdilər. Atam bizə yalnız səhər dedi ki, qonağımız marşal...(adını mən yadımda saxlaya bilməmişdim) imiş və o, Qonaq otağında divardan asılmıs, 1941-45-ci illər müharibəsinin ilk günlərində həlak olmuş dayım Nəzərov Mahmud Nəzər oğlunun hərbi uniformada çəkdirdiyi foto şəkilə baxaraq   V. Zaxarov familiyalı bir rus rəssam tərəfindən  çəkdiyi portretin kimə aid olduğuna çox maraq göstərmişdi. Anamdan o zaman eşitmişdim ki, onun qardaşı vaxtilə ikiillik Naxçvan pedaqoji məktəbini başqalarına nisbətən daha yüksək müvəffəqiyyətlə bitirdiyinə görə onu Moskvaya hərbi məktəbə göndərmişdilər. Zabitlər hazırlayan altı aylıq hərbi məktəbi bitirdikdən sonra leytenant rütbəsini almış, baş leytenant rütbəsini isə müddətindən əvvəl almış, 1941-ci ildə, müharibənin ilk günlərində, Belorusiyanın Çernyaxovsk vilayətində (o zaman bu vilayət Belorusiyanın tərkibində idi-H.S.)  həlak olmuşdur. Arxiv sənədlərinə görə, dayım Nəzərov Mahmud Nəzər oğlu 2-illik Naxçıvan pedaqoji məktəbində, Azərbaycanın dahi prezidenti, ümumdünya siyasəti aləmində öndə gedən, unudulmaz rəhbərimiz Heydər Əlirza oğlu Əliyevlə birlikdə oxumuşdu. Yengicə kəndi Sovetlər dönəmində və ondan da çox-çoz əvvəllər Şərur-Dərələyəz mahalında ən öndə gedən kənd olmuşdur. Məncə.  Dərələyəz sözünun  anlamını da burada verməmiz lap yerinə düşərdi. Dərələyəz sözü üç komponentdən ibarətdir. 1. Dərə-iki tərəfi dağlıq və onların arasından axan su yatağının vadisinə deyilir, 2. Ala-burada: böyük (məs. "Ala qapı" sözündə olduğu kimi) və çox anlamındadır. 3.Yaz-qədim türkcəmizdə "otlaq" anlamındadır. Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun guzeyində, yaxın keçmişə qədər bizim olmuş "Qarayaz"düzünün adında da Qara sözü həm də böyük anlamında olaraq "yaz"-düzənlik, otlaığın genişliyini bildirir. Lakin "Dərələyəz"sözündəki birinci iki heca-"də-rə"-incə saitlə başladığına görə, "ala" sözündəki birinci "a" saitini assimiliyasiyaya uğratmış və yerdə qalan "la" hecasındakı "a" saitini, həmçinin, eyni zamanda "yaz" sözündəki qalın "a" saitini də özünə tabe edərək "ə" saitinə çevirmişdir.Nəticədə, xalqın danışıq dilində "Dərə-Ala-yaz" sözü "Dərələyəz" olmuşdur.

Uzun illər bundan öncə Yengicə kəndi ərazisində, daha dəqiq desək, indiki Avtomobil texniki baxış məntəqəsinin yerində, Kərpic bişirmə ocağı olmuşdu. Yengicə kəndinin yaşlı sakinlərinin dediyinə görə, 1937-ci ildə kənddəki hamamın əsaslı təmirində də bu ocağın məhsulundan istifadə edilibmiş.

 

Ardı var

 

Həsən Sədirli,

Türkoloq

 

Olaylar.- 2019.- 9-10 aprel.- S.12.