Milli ideologiya probleminə
tarixi-fəlsəfi baxış
Azərbaycanda milli ideologiyanın
yaranmasınaqədərki dövrdə (XIX yüzilliyə qədər)
milli mənəvi dəyərlərin rolu
Etnos, millət, milli ideya, milli
ideologiya
və b. anlayışların məzmunu və təkamülü
Hazırda
elmi, fəlsəfi və siyasi ədəbiyyatda "milli
ideologiya" və bu istilahla bağlı olan etnos, millət,
xalq, milli mentalitet, milli ideya, milli ideologiya və s.
anlayışlar haqqında konkret, dəqiqləşdirilmiş
kateqorial təriflərə rast gəlmək mümkün
deyildir. Şübhəsiz ki, problemin öyrənilməsi
"milli ideologiya" anlayışının dürüst və
tam izahı ilə bağlıdır. Bu
baxımdan Azərbaycanın ictimai-siyasi və fəlsəfi
fikrində milli ideologiya probleminin məzmununun şərhi
üçün, ilk növbədə həmin
anlayışların izahı verilməlidir.
Qeyd edək ki, orta əsrlərdə İslam Şərqi
ölkələrində "millət" sözü dini mənsubiyyətə
bağlı olaraq, ümumilikdə müsəlman əhalisinə,
ya da hər hansı məzhəbə, təriqətə, eləcə
də dini icmaya və cəmiyyətə aid edilirdi. Belə ki, "Ərəb
və fars sözləri lüğəti" kitabında ərəb
dilindəki "millət" sözünün üç
izahı var: 1. Əhali, xalq; 2. Təriqət, məzhəb; 3.
Dini icma və yaxud cəmiyyət [90, 387]. Avropada isə, millətçiliyin
meydana çıxma tarixi kimi XVII əsr göstərilsə də,
"millət" termini çağdaş anlamda XVIII əsrdən
sonra işlədilmiş, "millət" və
"xalq" anlayışları müəyyən mənada
bir-birindən fərqləndirilmişdir. Belə
ki, "millət" - əhalinin şüurlu və fəal
hissəsini, "xalq" - isə siyasi və sosial baxımdan
passiv, ətalətli kütləni ifadə etmişdir [162,
16-17].
XIX əsrin
ortalarında formalaşmış marksizm təliminin baniləri
- K.Marks və F.Engels isə "millət"
anlayışını belə izah edirdilər ki, əvvəlcə
qan qohumluğuna əsaslanan qəbilələr, sonralar məhsuldar
qüvvələrin inkişafı nəticəsində qəbilələrdən
tayfalar və tayfa ittifaqları yaranmışdır. Sinifli cəmiyyətin yaranmasıyla "dil
qohumluğuna malik tayfalardan xalqlar əmələ gəlməyə
başlayır. Lakin xalq hələ millət
deyildir. Xalqlar dil və mənşə
etibarilə bir-birinə yaxın olan və ərazi
ümumiliyinə malik tayfaların birliydir" [6, 6]. Millət isə insanların tarixən əmələ
gələn sabit birliyi olub, onun varlığı
üçün ümumi bir ərazinin və dilin olması
vacibdir. Marks və Engels bununla yanaşı, qeyd edirdilər
ki, "indiyə qədər mövcud olan bütün cəmiyyətlərin
tarixi siniflər tarixi olmuşdur" [154, 37]. Bir
sözlə, bu müəlliflər "millət"in
yaranmasını tarixi proseslərə bağlasalar da, sonda
siyasi baxımdan "millət" dedikdə, sinfiliyə
üstünlük verirdilər. Bəzilərinə
görə, bununla da onlar "millət"i iki sinfə
bölmüşdür: proletariat və burjuaziya. Başqalarına görə isə, bu zaman marksizmin
baniləri proletariat və burjuaziyanı ayrı-ayrı millət
kimi deyil, siniflər kimi göstərmişlər [10, 16-17].
Marksizmin
davamı kimi meydana çıxmış marksizm-leninizm cərəyanının
əsas ideoloqlarından V.İ.Leninə görə, qədim Rusiyada
qəbilə həyatının olduğundan bəhs etmək
olarsa, orta əsrlərdə-Moskva çarlığı
dövründə bu qəbilə əlaqələri daha yox
idi. Milli əlaqələr ayrı-ayrı vilayətlərin,
torpaqların və knyazlıqların birləşməsi,
eyni zamanda burjuaziyanın yaranması və
başçılığı ilə XVII əsrdən sonra
meydana çıxmışdır. Lenin yazır:
"Buna səbəb vilayətlər arasında güclənməkdə
olan mübadilə, tədricən artmaqda olan əmtəə
tədavülü, kiçik yerli bazarların bir ümumrusiya
bazarı halında təmərküzləşməsi idi. Bu prosesin rəhbər və sahibləri
tacir-kapitalistlər olduğuna görə, bu milli əlaqələrin
yaranması burjua əlaqələrinin yaranmasından başqa
bir şey deyildi" [151, 159]. Beləliklə,
onun fikrincə, millət - cəmiyyətin feodal
dağınıqlığının aradan qaldırılması
və kapitalist iqtisadi əlaqələri əsasında siyasi
mərkəzləşmənin gücləndirilməsi
dövründə yeni sosial tarixi hadisə kimi
yaranmışdır. V.İ.Lenindən sonrakı sovet
ideoloqları da, başda İ.Stalin olmaqla hesab edirdilər ki,
millət - ümumi ərazisi, dili, iqtisadi həyat birliyi, milli
psixologiya və ideologiyanın ümumiliyində öz əksini
tapan, mənəvi həyat birliyi olan insanların nisbətən
sabit tarixi birliyidir. Məsələn, sovet dövründə
M.Ağamirov "millət" termini ilə bağlı
yazırdı ki, millətin varlığı
üçün öncə "milli dilin olması"-dil
birliyi, daha sonra bir dildə danışan adamların eyni ərazidə
yaşaması-ərazi birliyi, eləcə də iqtisadi həyat
və mənəviyyat-mənəvi sima birlikləri vacibdir [6,
8-9]. 1960-cı illərin ortalarından
başlayaraq marksizm-leninizmin yuxarıda göstərilən tərifi
etnik şüur fikri ilə tamamlanmış və etnosun
ümumi anlayışı ilə əlaqələndirilmişdir
[218, 25].
Qeyd edək
ki, XX əsrin əvvəllərində Azərbaycan türk
ideoloqlarından Məhəmməd Əmin Rəsulzadə
"milliyyət", "millət", "xalq" və
s. anlayışlara əvvəlcə (1900-cu illərdə)
marksistlərin sinfi mübarizə mövqeyindən yanaşsa
da, sonralar (1910-cu illərdə) milli cəbhəyə
keçərək "millət"i
sinfi deyil, "dil", "mədəniyyət" əsaslarında
təhlil etmişdir. Onun fikrincə, əvvəllər
"ümmət" ilə "millət"
anlayışları arasında fərq qoyulmadığı
üçün, milli və dini mənsubiyyət bir yerdə
götürülmüş və "islam milləti"
sözü məşhur olmuşdur: ""Millət"i nasyon
(natsiya) mənasına alacaq olursaq, bu heç də həmdinliyi
bildirməz. Bu, dindaşlıqdan əlavə bir çox
"daşlıqları" da came
olduğu kimi, bilxassə dil birliyini lazım gətirər. Müasir mənada "millət" kəlməsi
bu dil birliyindən hasil olan cəmiyyəti ifadə edər"
[195, 467]. O yazırdı ki, dil milliyyətin
hamısını əhatə etməsə də, yüzdə
doxsanını ehtiva edən böyük bir amildir: "Bir
milliyyəti məhv edib aradan götürmək qəsdində
olan siyasilərdə əsil bunun üçündür ki, təmsil
(assimilyasiyon) əməliyyatı icra edərkən ən
birinci fikirlərini dilə verər və ən əvvəl
bir millətin dilini yaddan çıxarmağa səy edərlər"
[195, 476]. Onun fikrincə, "qövmiyyət" və
"milliyyət" anlayışları da fərqli məna
daşıyırlar: "Qövmiyyət" - Narodnost -
yalnız nəsil və dil birliyi, "milliyyət" -
nasionalnost - dil və mədəniyyət və milli diriliyi dərk
etməklə hasil olar. Yəni bir ata-babadan
yetişmə və bir dildə danışan kiçik bir
tayfa və ya qövmə-qövmiyyət sözü ilhaq
olunar. Şahsevən kimi, Şahsevəndən
bəhs edərkən bir qövmdən bəhs olunar. Artıq Şahsevənə milliyyət deyilməz.
Bir çoxu bu kimi qövmiyyət və tayfalar
cəm olub, bir dil ilə bərabər müəyyən bir mədəniyyətə
malik olan azərbaycanlılardan bir milliyyət kimi bəhs etmək
olar" [195, 468]. M.Ə.Rəsulzadənin fikrincə,
türklər (Türküstan, Osmanlı Türkiyəsi, Azərbaycan,
Krım türkləri və b.) ayrı-ayrılıqda
"milliyyət", cəm halında isə "millət"dir:
yəni türk milləti. Deməli, əvvəllər
M.Ə.Rəsulzadə "milliyyət" və "millət"i
eyni mənada başa düşmüş, bu
anlayışları bir-birindən yalnız miqyasına
görə fərqləndirmiş və "millət"i
daha geniş anlamda götürmüşdür. Bu mənada,
o, "millət"ə belə bir tərif verir: "Millət
dil birliyi, adət və əxlaq birliyi, tarixi ənənə
və nəhayət, dini etiqadlar birliklərinin məcmuyundan
mütəşəkkil bir məhsuldur" [195, 468]. 1920-ci illərdən sonra M.Ə.Rəsulzadə
"milliyyət" və "millət" anlayışlarını
bir qədər də dəqiqləşdirmişdir. Onun fikrincə, bunlardan "milliyyət" dil, din,
irq, qövm, tarix, coğrafiya, iqtisadiyyat və siyasət amillərinin
təsiri ilə meydana gələn etnik bir topluluqdur. "Millət" isə, bu toplulardan yaranan ümumi
iradəni ifadə edir. Milliyyətin millət
statusunu alması isə feodal sisteminin dağılması,
burjuaziyanın yaranması ilə bağlı olmuşdur [191,
17-18]. Deməli, "milliyyət"
burjuaziya-kapitalizm dövründə, müəyyən şərtlər
və hadisələr nəticəsində vücuda gəlmiş
formal bir varlıqdır; millət isə bu fomal varlığın
şüurlaşan dinamik bir şəklidir [191, 19].
Qeyd edək
ki, M.Ə.Rəsulzadə "millət", "milliyyət",
"xalq" və b. anlayışların tərifini verərkən
ustad saydığı, XIX əsrin böyük Azərbaycan
türk filosofu C.Əfqaniyə dəfələrlə
müraciət etmişdir. M.Ə.Rəsulzadədən
öncə Əfqani bildirirdi ki, insanları bir-birinə
bağlayan, millətin yaranmasında iki vacib şeydən biri
dil, digəri isə din birliyidir. O, millətin
yaranmasını izah edərkən yazırdı ki, qohumluq və
yaxınlıq dairəsi genişlənəndə ailə vəhdəti
aradan qalxır, onun yerinə çoxlu ailələrin və
insanların cəmindən ibarət olan qəbilə vəhdəti
meydana gəlir: "Sonra bu vəhdət qəbilə birliyinə,
o da vahid millətə gətirib çıxarır" [148,
187].
Çağdaş
dövrdə də millət, milliyyət, xalq və s.
anlayışlara dəfələrlə müraciət olunsa
da, bu günə qədər həmin məfhumlarla
bağlı kateqorial təriflərə rast gəlmək
mümkün deyil. Bu da, həmin anlayışların mürəkkəbliliyi,
çoxçalarlılığı, ideoloji istiqamətləri
və s. ilə bağlıdır. Hazırda Azərbaycan
alimlərindən bir çoxları - R.Mehdiyev,
Ə.Tağıyev, Z.Quluzadə, Ə.Abbasov,
A.Şükürov, Y.Türkel, M.Ağayev və b. bu məsələlərə
toxunmuş və öz münasibətlərini bildirmişlər.
R.Mehdiyevin baş redaktoru olduğu "Politologiya.
İzahlı lüğət" kitabında yazılır
ki, "millət" (lat. natio tayfa, xalq) - tarixən
kapitalizmin meydana gəlməsi, feodal pərakəndəliyinin
dəf edilməsi, təsərrüfat əlaqələrinin
güclənməsi, ədəbi dil bazasında savadlılığın
yayılması, milli mənlik şüurunun möhkəmlənməsi
ilə səciyyələnən etnos tipidir. Ümumi keyfiyyətlərlə
səciyyələnən millətlər müxtəlif
yollarla, müxtəlif amillərin təsiri altında
yaranır. Bunun üçün vahid sosial sxem yoxdur:
"Əksər hallarda o vətənə, tarixi tale ümumiliyinə,
ümumi mənəvi dəyərlərə
bağlılıqla, bəzənsə sırf etnik əlaqələr
zəminində yaranır" [189, 205]. A.Şükürovun
da fikrincə, "millət" və "etnos"
anlayışları barədə dəqiq tərif yoxdur. BMT-də
"millət" və "xalq"
anayışlarının sinonim kimi işləndiyini qeyd edən
alimin fikrincə, bu mənada "millət" müxtəlif
insan birliklərini ifadə edir. Digər şərhə
görə xalq və yaxud millət etnosla identikdir: "Bu
terminin şərhinin müxtəlif olması onunla əlaqədardır ki, bir mənada
millət vətəndaş siyasi, digər halda etnik kateqoriya
kimi nəzərdən keçirilir.
Faiq Ələkbərli,
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi, dos., dr.
Olaylar.- 2019.-
11-12 aprel.- S.13.