Yunus OğuzNadir şah Əfşar:

tarixin gedişini dəyişdirən görkəmli

sərkərdə” adlı beynəlxalq elmi konfransda

sanballı çıxış etməyə hazırlaşır

 

"Arzum budur ki, konfrans iştirakçılarına "Nadir şah" romanını bağışlaya bilim"

 

Tariximizin mühüm səhifələrinin öyrənilməsi çağdaş tarixşünaslığın qarşısında duran vacib vəzifələrdən biridir. Qüdrətli Azərbaycan hökmdarı, sərkərdəsi Nadir şah Əfşar öz şəxsiyyəti, fəaliyyəti ilə hər zaman tədqiq edilməyə, öyrənilməyə ehtiyac duyulan dövlət xadimidir.

 

Nadir şah Əfşarın irsi, onun dövlətçiliyimizin formalaşmasında oynadığı əvəzsiz rol yenidən tədqiq edilməli, bugünkü və gələcək nəsillərə çatdırılmalıdır. Artıq bu istiqamətdə yeni işlər həyata keçirilir.

İyunun 19-dan 21-dək Bakı şəhərində "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Sözügedən konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir.

Bildiyimiz kimi, Nadir şah Əfşar mövzusunu uzun illərdən sonra yenidən ədəbiyyatımıza "Olaylar" qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri, tanınmış yazıçı-dramaturq Yunus Oğuz tarixi faktlar əsasında yazdığı "Nadir şah" əsəri ilə gətirib.

Yunus Oğuzla əlaqə saxlayıb onun həm keçiriləcək konfransla bağlı fikirlərini, həm də həmin tədbirdə iştirak edib-etməyəcəyini öyrənmək istədik. Y.Oğuz bildirdi ki, sözügedən konfransın keçirilməsi nadirşahşünaslıq üçün əlamətdar hadisədir. Onun sözlərinə görə, bu onu göstərir ki, artıq Nadir şahın fəaliyyəti dərindən öyrəniləcək və təbliğ olunacaq. "Çox şadam ki, nəhayət, bu məsələyə bu şəkildə diqqət yetirilir. Mən "Nadir şah" romanını 2007-ci ildə yazmışam. Yaxşı ki, yavaş-yavaş Azərbaycan xalqı, dünya türkləri, Afşarlar, Qacarlar artıq Nadir şahın qiymətini verməyə başlayırlar. Hesab edirəm ki, bundan sonra dərsliklərdə Nadir şahın zülmkar, qaniçən bir obrazda təqdim edilməsini də aradan qaldıracaqlar. Demək istəyirəm ki, bir romanın təsiri artıq 12 ildən sonra özünü göstərdi. Nəhayət, "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə" adlı beynəlxalq elmi konfrans keçirirlər. Bu çox vacib bir məsələdir. Digər tərəfdən, bu konfransın böyük elmi, tarixi əhəmiyyəti var. Nadir şahın ölümündən sonra onun haqqında XVIII, XIX, XX, XXI əsrlərdə saysız əsər, kitablar yazılıb. Düzdür, Nadir şah haqqında ayrıca bədii film çəkilməsə də, digər filmlərdə adı xatırlanıb. Təbii ki, Nadir şahla bağlı araşdırmaların yüksək səviyyəyə gətirilməsi hökmən lazımdır. Çünki ki, o, parçalanmış Azərbaycanı, Səfəvilər, qızılbaşlar torpağını yenidən birləşdirdi. Bu çox mühüm hadisədir. Bu gün bizim Qarabağ mübarizəmiz başa çatmayıb. Nadir şahın göstərdiyi şücaətlərin, çobanlıqdan şahənşah tituluna qədər ucalan bir şəxsiyyətin irsinin dərindən öyrənilməsi çox vacibdir. Şanlı tarixi keçmişimiz deyəndə o tarixi yaradanlardan biriNadir şahdır. Nadir şahla bağlı Tarix İnstitutu tərəfindən, dövlət səviyyəsində yüksək bir beynəlxalq konfransın keçirilməsi təqdirəlayiqdir. Əvvəla onu deyim ki, Nadir şah dövründə həm daxili, həm də xarici məktublaşmalar ana dilimizdə aparılırdı. Onun dövründə bütün əhali türkcə, indiki Azərbaycan dilində danışırdı. Molla Pənah Vaqifin şeyriyyətini necə anlayırıqsa, Nadir şahın dövründə də dilimiz o formada idi. Şah İsmayıl Xətai dövründən başlanan ana dilimizin formalaşması, xalqın formalaşması prosesi Nadir şahın dövründə başa çatdırıldı. Xalq başa düşdü ki, dil olmadan, xalq olmadan, vahid bir hala gəlmədən dövləti idarə etmək olmaz. Nadir şaha sui-qəsddən sonra baş verənlər məlumdur. Azərbaycan torpağı parçalandı, xanlıqlar yarandı, sonradan isə torpaqlarımız tam olaraq param-parça edildi".

"Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə" adlı beynəlxalq elmi konfransda iştirak edəcəyini bildirən Y.Oğuz burada elmi deyil, elmi-bədii-publisistik çıxış etməyi planlaşdırdığını dedi. "Mən elmi məruzə etmək niyyətində deyiləm, əslində edə də bilərəm. Lakin hesab edirəm ki, elmi məruzəni alimlər etsinlər. Ancaq istəyirəm ki, "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə" adlı beynəlxalq elmi konfransda Nadir şah haqqında çox sanballı çıxış edim. Arzum budur ki, konfrans iştirakçılarına "Nadir şah" romanını bağışlaya bilim" - deyə Y.Oğuz bildirdi.

"Beynəlxalq konfrans çərçivəsində bir neçə il əvvəl Milli Akademik Dram Teatrında tamaşaya qoyulan "Nadir şah" pyesi də təqdim edilə bilərmi" sualına Y.Oğuz belə cavab verdi: "Hesab edirəm ki, bu məsələni Mədəniyyət NazirliyiTarix İnstitutu reallaşdıra bilər. Çox təəssüf ki, artıq iki ildir Akademik Milli Dram Teatrında "Nadir şah" tamaşasını dayandırıblar. Əslində, bərpa edə bilərlər. Tamaşanın kimin tərəfindən dayandırılmasından xəbərim yoxdur. Həmin tamaşada rol alan aktyorların əksəriyyəti teatrdan uzaqlaşdırıldıqdan sonra bu tamaşa dayandı. "Nadir şah" tamaşası Mədəniyyət Nazirliyinin sifarişi ilə Akademik Milli Dram Teatrında səhnələşdirilib. O tamaşanı bərpa etmək mümkündür. Tamaşa yenidən səhnəyə qayıdarsa və təqdim edilərsə, bu, konfrans iştirakçılarına böyük hədiyyə olardı" - deyə Y.Oğuz bildirdi.

 

Olaylar.- 2019.- 11-12 aprel.- S.8.