Yaqub Mahmudov: " Mən bir tarixçi

və millət vəkili kimi xalq içərisində

Prezidentə olan böyük sevginin şahidiyəm"

 

Xalqımız 2018-ci il prezident seçkilərində İlham Əliyevə səs verərək davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə "HƏ" dedi. Bunu  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

 

Yaqub Mahmudov deyib ki, Prezidentimizin ötənilki fəaliyyətindən bəhs edərkən onun andiçmə mərasimində xalqa verdiyi vədini yada salmaq istərdim: "Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamının amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar".

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu Prezident İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezidentin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.

Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun səsini qazana bilər.

Dövlət başçısı İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk Fərman Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların vərəsələrinə 11 min manat həcmində yardım göstərilməsi barədə olub. Bu sahədə böyük işlər görülmüş və təkcə keçən il şəhid ailələrinə və onların vərəsələrinə 34,1 milyon manat vəsait ödənilib.

Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair "Opinion Way"in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verməsi hazırkı ictimai-siyasi mənzərəni tam göstərməyə əsas verir.

Prezidentin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Bu, son bir ilin ən ciddi uğurlarından biridir. Son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilib.

Əməkhaqlarının, təqaüdlərin artırılması, problemli kreditlərin həlli, şəhid ailələrinə verilən kompensasiyalar, qaçqınların mənzillə təmin olunması ilə bağlı görülən işlər Prezidentin xalqımızla birlikdə olduğunu bir daha sübut edir. Regionlara səfəri zamanı Prezident insanlarla birbaşa ünsiyyətə girərək onları maraqlandıran, narahat edən məsələləri müzakirə edir və onlardan təkliflər qəbul edir. Bu, idarəçilikdə Prezidentimizin yeni və mühüm addımıdır. Biz onu birmənalı müdafiə edirik.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti yüksəlib və ölkəmizin beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Bu reallıqlar İlham Əliyevin siyasi reytinqini dünya miqyasında yüksək səviyyəyə qaldırıb.

Müasir inkişafın Azərbaycan modeli ilə bu gün bütün dünya maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Fikrimcə, bu modelin ən mühüm tərkib hissəsi milli-mənəvi dirçəlişimizdir, o cümlədən milli tariximizin saxtalaşdırmalar və təhriflərdən təmizlənməsidir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəaliyyəti də ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Prezidentin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. Prezident tarixçilərin arxasında durmasaydı, biz bu tədqiqatları apara bilməzdik. Prezidentimizə minnətdarıq.

Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı, mənə isə həm də 2019-cu ildə 1-ci dərəcəli "Əmək" ordeni verilib.

Son bir ilin uğurları növbəti illər üçün böyük stimuldur. Ötən il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili", bu il isə "Nəsimi ili" elan edilib. Bu kimi önəmli addımlar xalqımızın zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə sahibliyinin təsdiqidir. Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında" sərəncamlarına uyğun olaraq, Tarix İnstitutu Bakıda, bölgələrimizdə və xarici ölkələrdə beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edib.

Dövlətimizin əsas məqsədi işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Biz tarixçilər inanırıq ki, xalqımız nəinki Qarabağdakı yurd yerlərinə, həmçinin gələcəkdə İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacaq. İlham Əliyevin ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq.

Prezident İlham Əliyev böyük dövlətlərə və güc mərkəzlərinə nisbətən kiçik dövlətə rəhbərlik etsə də, qlobal miqyasda böyük dövlət xadimidir. Fikrimcə o, bu mürəkkəb qloballaşan dünyanın ən ağır problemlərini həll etməyə qadir olan dövlət xadimidir. O, doğma torpağını, xalqını müasir dünyanın zirvəsində olan dövlətlər, xalqlar sırasına qovuşdurmaq uğrunda mübarizə aparır. Bu mübarizədə uğurlarımız artdıqca dövlətə və onun başçısına qarşı geniş miqyasda əngəllər törətmək meyilləri də baş qaldırır. Biz tarixçilər bundan əvvəl olduğu kimi, bundan sonra da həmişə Prezidentimizin yanında olacağıq. Mən bir tarixçi və millət vəkili kimi xalq içərisində Prezidentə olan böyük sevginin də şahidiyəm. Xalq onu idarə edən müdrik dövlət başçılarını heç zaman unutmur. Bu gün də xalqın içərisində bir zamanlar başçılıq etdiyi böyük Səfəvi imperiyasını başdan-başa dolaşan, xalqının ehtiyaclarını öyrənən və ailələrlə görüşən "şah oğlu Şah Abbas"la bağlı deyimlər, rəvayətlər hələ də sevilə-sevilə danışılmaqdadır. Qürur hissi keçirirəm ki, Prezident ölkəmizin işıqlı gələcəyi naminə ən cəsarətli addımlarını atanda xalq "O Heydərin oğludur, ancaq Heydərin oğlu belə addımlar ata bilər" deyə ürək dolusu sevinclərini büruzə verir. Xalq içərisində Prezidentimizlə bağlı bu cür deyimlər gəzib-dolaşmaqdadır. Ali Baş Komandan bir sərkərdə kimi daim əsgərlərinin yanındadır. Ordusunu gücləndirmək qayğısına qalır. Əsgərlərlə bir süfrədə yemək yeyir. Mən bir tarixçi olaraq onun simasında bir zamanlar ölkəmizi öz əsgərləri ilə birləşərək, əsgər həyatı keçirərək bütün işğalçılardan təmizləyən qüdrətli Nadir şahı görürəm. Arzu edirəm ki, ölkə başçımız prezidentliyi dövründə müzəffər ordumuzun başında bütün torpaqlarımızı işğalçılardan təmizləsin və Azərbaycan tarixinə xilaskar Prezident kimi daxil olsun. Mən buna inanıram.

 

Yaqub Mahmudov

 

Olaylar.- 2019.- 11-12 aprel.- S.7.