Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış

 

Azərbaycanda milli ideologiyanın

yaranmasınaqədərki dövrdə (XIX yüzilliyə qədər)

milli mənəvi dəyərlərin rolu

 

Etnos, millət, milli ideya, milli ideologiya

b. anlayışların məzmunu və təkamülü

 

Ə.Tağıyev isə etnosla bağlı bir neçə tərif verir: etnos -sosial kateqoriyadır; təbiətin övladıdır; mənşə ümumiliyinə əsaslanan kollektivdir; hər şeydən əvvəl müəyyən bir kökə və nəslə malik insan birliyidir [175, 12]. "Millət" anlayışına gəlincə, o yazır:

"Etnos ittifaqının yüksək forması olmaq etibarilə millət - insanların sosial-iqtisadi və mənəvi ümumiliyi zəminində formalaşan müəyyən psixi və milli mənlik şüuru ünsürlərinə malik tarixi birlik formasıdır" [175, 18]. Z.Quluzadə isə hesab edir ki, etnos insanların ərazi, sosial-siyasi həyat, dil və mənəvi mədəniyyət birliyi əsasında formalaşan yığcam birliyidir: "Etnos tarixi kateqoriyadır. Tarixin gedişində mövcud etnosların bazasında, onların differensasiyası və inteqrasiyası prosesi nəticəsində etnoslar bir-birini əvəz etmişlər. Bu, cəmiyyətin etnogenetik inkişafının ümumi qanunauyğunluqlarından biridir" [249, 12]. Y.Tür­kel isə yazır ki, millət - eyni şüurlu, adət-ənənəli, mə­də­niy­yət­li, ictimai psixologiyalı, ideologiya­lı, həyat tərzli in­san­la­rın siyasi birliyidir. Ancaq "millət" anla­yışına, bütün özəl­lik­lərini nəzərə alaraq dəqiq tərif vermək mümkün deyil: "Tam düzgün açıqlamanın çətinliyin­dən onu çox vaxt "Millət=xalq+dövlət" formulu ilə ifadə etməyə çalışırlar" [224, 315]. M.Ağayevə görə, cəmiyyət tarixində insanların müxtəlif birlikləri: qəbilə, tayfa, xalq və millət mövcud olmuşdur. Millətin yaranmasında, onun varlığında isə dil, ərazi, iqisadi və mənəvi həyat tərzi birliyi mühüm rol oynamış­dır: "Ancaq bu əlamətlərdən heç biri ayrılıqda millət an­la­yışı üçün kifayət deyildir" [10, 20]. Onun fikrincə, incəsənət, tarix, ədəbiyyat, adət-ənənə, din və s. isə millətin təşəkkülü üçün başlıca və zəruri əlamətlər sayılmır: "Lakin əgər millətin mahiyyəti və məzmununu daha incəliklərinə qədər öyrənsək, onda yuxardakı təriflərdə əlamət kimi sadalanan adət, ənənə, ədəbiyyat, tarix və incəsənət, tarixi keçmiş və qə­bilə quruluşunun ümumiliyini də milləti şərtləndirən əlamətlər kimi qəbul etmək olar" [10, 19].

"Millət" termininə bir qədər fərqli prizmadan yanaşan Əbülhəsən Abbasovun fikrincə, "millət"i ifadə edən "millilik" və "millətçilik" anlayışı bir çox hallarda qarış­dırılır, ix­ti­yari surətdə istifadə edilir: ""Millətçilik" anlayışı bir millətin keyfiyyətlərini şişirtmək, nöqsanlarına isə göz yummaq yolu ilə digər millətlərə qarşı qoymaqdırsa, "millilik" anlayışı millətin öz milli mənliyini, milli şüurunu, mədəniyyətini, dinini, tarixini, adət-ənənəsini və s. layiqincə qiymətlən­dirməsini, bu­nun­la yanaşı, digər millətlərə də hörmət və ləyaqətlə yanaşıl­masını ifadə edir" [227, 34]. Ə.Abbasova görə, millətləşmə, insanların milli ideya zəminində nizamlı birliyini, millətin bu gününə və gələcəyinə birgə məsuliyyətini nəzərdə tutur: "Millətləşmə - etnik müəyyənləşməni siyasi və hüquqi müəyyənləşmə səviyyəsinə, milli bütövlük dərəcəsinə yüksəldən prosesdir. Millətləşmə - əqli-intellektual, ruhi və fiziki gümrahlaşma, intibaha­qovuşma yoludur. Bu intibah isə M.Ə.Rəsulzadəyə görə, millətin hüquq və şərəfini müdafiə etməyə qadir gücdür, dünyaya məhəbbətdir. "Millət" olmaq mərhələsi və statusu yalnız milli dirçəliş, vahid dövlətçiliyə və mədəniyyətə mənsubluq vasitəsilə mümkündür ki, bu da hər şeydən öncə milli müstəqillik zəminində gerçəkləşə bilər" [227, 37].

"Etnos", "milliyyət", "millət", "xalq" və s. anlayışlara yuxarıda verilən onlarla təriflərdən görünür ki, bu məsələlərlə bağlı elmi, fəlsəfi ədəbiyyatda birmənalı fikir yoxdur. Hazırda bu anlayışlar, o cümlədən "millət"lə bağlı elmi ədəbiyyatda 300-dən çox tərif mövcuddur ki, bu da hər bir xalqın özünəməxsusluğu, dini-fəlsəfi dünyagörüşü, milli ideolo­iyası və s. ilə əlaqədardır. "Milliyyət", yaxud "etnos" dedikdə dili, soykökü, adət-ənənələri və əxlaqı, məişət ümumiliyi və s. bir olan tayfalar birliyi başa düşülməlidir. Ümumiyyətlə, etnosun sinonimi milliyyətdir və burada başlıca olaraq sırf dil, soykök, adət-ənənə, əxlaq və məkan birliyi nəzərdə tutulur. Lakin bu mənada "milliyyət" və "etnos" siyasi-ideoloji əhəmiyyət kəsb etmir. Fikrimizcə, etnos siyasi-ideoloji mənada meydana çıxanda "millət" anlayışı da yaranır ki, bu da, daha çox dövlətin yaranması ilə bağlıdır. Yəni "etnos" və "mil­liy­yət"ə yeni məna verən dövlət olduğu üçün, burada konkret olaraq yalnız bir etnosun hakimiyyətindən söz açmaq artıq çətinləşir, çünki ən yaxşı halda konkret bir etnosun hakim üstünlüyündən söhbət gedə bilər, ancaq həmin dövlətin tər­ki­bindəki bütün etnosları eyniləşdirmək, eyni bir soya, dilə, mədəniyyətə, dinə və s. malik olduğunu söyləmək isə qətiy­yən mümkün deyildir. Görünür, qədim dövrlərdə və orta əsr­lərdə mövcud olmuş dövlətlərdə bu məsələlər bir o qədər vacib olmadığı üçün, indi Midiya, Atropatena, Alba­ni­ya və b. dövlətlərin etnik tərkibi və dili ilə bağlı kifayət qə­dər uy­ğun­suzluqlar meydana çıxmışdır. Etnik kimlik və dilin müəy­­yənləşməsin­də etnos və milliyyət anlayışlarına dar mə­na­da, yəni kon­kret yanaşmaq lazımdır. Etnos və milliy­yət­lə müqayisədə isə "millət" daha geniş anlayışdır və dar çərçivə ilə məhdudlaşdırıla bilməz.

"Millət" tarixən müəyyən bir ərazidə yaşamağa məcbur olan, iqtisadi münasibətlərə malik, bir çox hallarda eyni bir dinə tapınan, zaman-zaman soykökə, dilə, mənəviyyata əsa­sən qohumlaşan və həm birsoylu, birdilli (məsələn, türksoylu, türkdilli) tayfaların, həm də fərqli soylu, fərqli dilli (türk­soy­lu-türkdilli, farsdilli, qafqazdilli və b.) tayfaların siyasi-ideoloji mənada birliyidir. Bu siyasi birliyin ən bariz nü­mu­nə­si dövlətin yaranmasıdır. Dövlətlərin, imperiyaların yaran­ma­sı ilə, hakim və ya qeyri-hakim vəziyyətdə olmalar­ın­dan asılı olmayaraq, eyni bir hakimiyyətin sərhədləri çərçi­və­sin­də yaşamağa məcbur olan (konkret Azərbaycan və İran dövlətlərinin timsalında), bəzən soykökü baxımından türk olmayan tayfalar türkləşərək daha çox türklüyü, azərbaycan­lı­lığı, başqa halda isə soykökü fars olmayan tay­fa­lar fars­laşaraq farslığı, iranlılığı təmsil etmişlər. Doğ­ru­dur, hansı etno­s­un və etnosların (türkdilli, farsdilli, qaf­qaz­dilli və b.) hakimiyyətdə olması, ümumilikdə həmin dövlətin əra­zi­sində yaşayan, ancaq hakim etnosla bağlı olmayan tay­fa­la­rın çox vaxt assimilyasiyası ilə nəticələnmişdir. Ancaq unut­maq olmaz ki, bu proses əsrlər boyu yalnız bir isti­qa­mət­də deyil, qarşılıqlı şəkildə baş vermişdir.

Beləliklə, müxtəlif dövrlərdə soykök və dil baxımından qohum və yad etnoslar bir-birilə qaynayıb-qarışmışdır ki, bu­nun da nəticəsində artıq "millət" anlayışı çərçivəsində farslaş­mış türklərə, türkləşmiş farslara, almanlaşmış fransız­lara, fran­sız­laşmış almanlara və b. rast gəlmək mümkündür. Bu baxım­dan, tarixən, soykökü fars, kürd, talış və s. olması­na baxma­yaraq Səlcuqlar, Səfəvilər, Osmanlı Türkiyəsi, Türkiyə, Azər­bay­can və b. türk dövlətlərinə xidmət edən ziya­lı­lar, dövlət adamları, eləcə də soykökü türk olub Əhə­mə­ni­lər, Sasanilər, Kiyev-Rus, çar Rusiyası, İran İslam Res­pub­li­kası və b. fars və rus dövlətlərinə xidmət edən tarixi şəx­­siy­yət­lər, mütəfəkkirlər də olmuşdur. Bütün bunlara bax­ma­yaraq əsrlər boyu "hakim millət", "əsas millət" anlayışı da öz yerini qoruyub saxlamışdır ki, bu da dövlətin özəyini təşkil edən aparıcı etnoslarla bağlıdır. Deməli, "millət" an­la­yışı dövlətin yaranması ilə bağlı nə qədər siyasi-ideoloji məna daşısa da, ona yad olan tayfalarla nə qədər qaynayıb-qa­rışsa da, o, özünün başlıca, qohum etnoslarından təşkil olun­masını heç vaxt inkar etməmişdir və edə də bilməz. Belə ki, "millət" anlayışı döv­lət­çilik baxımından nə qədər siyasi-ideoloji məna daşıyıb, bir-birinə qohum və qohum olmayan etnik qrupları özündə ehtiva etsə də, bir o qədər də onun yaranmasında və dövlət kimi meydana gəlməsində başlıca rol oynayan vahid etnos(lar) və milliyyətlə bağlıdır. Bir sözlə, heç vaxt inkar oluna bilməz ki, istər ən qədim dövrlərdə, istər erkən orta əsrlərdə və ya orta əsrlərdə hər hansı bir dövlət, imperiya yaranarkən əsasən, başlıca rolu bir etnos, yaxud da bir-birinə soykökü etibarilə qohum olan bir neçə etnos oynamış, hətta dövlət də etnosun-tayfanın adı yaxud da, et­no­sun başçısının adı ilə (osman-Osmanlılar, səlcuq-Səlcuqlar, ərəb-Ərəb Xi­la­fə­ti, türk-Türkiyə, alman-Almaniya, fransız-Fran­sa və b.) ad­lanmışdır. Ancaq zaman-zaman həmin döv­lət­də, imperiyada başlıca etnos və ona qohum olan et­nos­lar­la yanaşı, qohum olmayan yad etnos­lar, tayfalar da mühüm rol oynamış, hətta dövlətin, imperiyanın hökmdarları ilə qohumlaşaraq, müəy­yən mənada ona şərik olmağı bacar­mış­lar. Bütün hal­lar­­da isə, hakim etnos və etnoslar, hə­min dövlətdə, impe­ri­ya­da başlıca millət sayılmış­dır və bu gün də belədir, başqa cür də ola bilməz. Deməli, Azər­­bay­can­da milliyyət, etnos baxımın­dan türklər "əsas millət", "ha­kim millət"dir və siyasi-ideoloji məna­da "azər­baycanlı" adlanan millətin 90 faizindən çoxu­nu təşkil edir.

Bu baxımdan, çağdaş dövrümüzdə "millət" anlayışını iki cür fərqləndirmək olar: 1. Millət - vahid əraziyə, tarixə, soy­kö­kə və dilə, milli özünəməxsusluğa, adət-ənənələrə və əxlaqi dəyərlərə əsaslanan etnosların siyasi-ideoloji birliyidir; 2. Mil­lət - qarışıq və sinkretik mədəniyyətə, dini-fəlsəfi dünya­gö­rü­şə, bir-birinə yaxın adət-ənənələrə, bununla yanaşı vahid əra­ziyə, hətta bu ərazidə qədim dövrlərdə mövcud olmuş dövlətçilik ənənələrinə eyni şəkildə iddialı, ancaq soykökə və dilə görə bir-birinə yad olan, zaman-zaman qaynayıb-qarışan etnosların birinin müəyyən, yaxud da başlıca üstünlüyü (həmin etnoslardan birinin dilinin dövlətdə əsas dil olması, sayca çoxluğu, dövlət atributlarında təmsilçiliyi və s.) nətic­ə­sin­də meydana çıxmış siyasi-ideoloji birlikdir. Deməli, bi­rin­ci­ni "monomillət" (tək bir etnos, tək bir millət və s.) ikincini isə "polimillət", yaxud da "polietnos"lu mil­lət (çünki bu­ra­da "çoxmillətlilik" əsas deyil, tək bir mil­lət, ancaq bir-birinə soykök və dil baxımdan fərqli etnos­la­rın birliyi əsasdır) ad­lan­­dırmaq olar. Bəllidir ki, hazırda dün­­yanın çağdaş si­ya­səti, demokratik dəyərləri, qlobal­la­şa­ma, milli və dini dö­züm­lü­lük və s. amillər üstünlüyü "po­li­mil­lətə", daha doğru­su "po­li­etnos"lu millətə verir.

 

Ardı var...

 

Faiq Ələkbərli,

AMEA Fəlsəfə İnstitutunun

aparıcı elmi işçisi, dos., dr.

 

Olaylar.-2019.- 13-15 aprel.- S.13.