Regional proqramlar müasir

yol infrastruktunu təkmilləşdirir

 

Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurlu həyata keçirilmiş dövlət proqramları Respublikamızın regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunu inkişaf etdirib. Bölgələrimizdə magistral yolların tikintisi və yenidən qurulması, xüsusi ilə kənd yollarının tikintisi, əsaslı təmiri də bütün bunları deməsə əsas verir. Azərbaycanın hər bir bölgəsində yeni yolların çəkilişinə və istifadədə olan yolların təmirinə, infrastrukturun genişləndirilməsinə xüsusi diqqət ayırılıb. Müasir və beynəlxalq standartlara cavab verən yol infrastrukturu bu diqqətin əsas göstəricisidir. Regionlar sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün sahələr daxil olmaqla yol infrastrukturunun inkilafına da tövhəsini verməkdədir. Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişin daşımasının rahatlaşması istiqamətində verdiyi tapşırıq və sərəncamların icrası olaraq ölkə boyu kompleks tədbirlər icra edilməkdədir.

14 km uzunluğunda Salyan-Biləsuvar avtomobil yolunun yenidən qurulmasını da buna nümunə göstərə bilərik.

Hazırda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoliunun 81-ci km-də ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun yenidən qurulması işləri aparılır.

Avtomobil yolu II texniki dərəcəli olmaqla uzunluğu 14 km, hərəkət hissəsinin eni 7.5 metr olmaqla torpaq yatağının eni 15 metr təşkil edir.

Avtomobil yolunda yenidənqurma işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarıılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca karxana çınqılı materialından 16 sm qalınlıqda əsasın alt layı, 15 sm qalınlıqda optimal çınqıl qarışığından isə əsasın üst layı inşa edilib.

Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 90 min kub.m çınqıl və optimal-çınqıl qarışığı sərf edilib. Hazırda isə yol boyu iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Layihəyə uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində yol boyu 2 nöqtədə avtobus dayanacağı quraşdırılacaq, 118 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaq, hərəkətin normal təşkili üçün 42 km uzunluğunda bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə nişanlanma xətləri çəkiləcək.

Yenidənqurma işləri texnoloji ardıcıllığa uyğun şəkildə, birbaşa olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin şəxsi nəzarəti altında həyata keçirilir. Tərtib olunmuş qrafikə əsasən işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.

Bu yolun yenidən qurulması bölgədə 41 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

Bununla da regional proqramların əahlinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, sosial rifahın yüksəlməsində xüsusi rol oynadığını görürük. Bu yüksəliş və inkişafda dövlət başçısının uzaqgörən və düşünülmüş siyasəti dayanır.

Cənab prezidentin tapşırıq və sərəncamlarına uyğun olaraq, 2019-cu ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Məhz bu çərçivədə Şəki rayonunda Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulmasına başlanılıb.

Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu təqribən 33 km təşkil edir. Bu respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi abtomobil yolunu birləşdirən və 18 km uzunluğa malik Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 km olan Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı,Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan respublikası ilə dövlət sərhədi abtomobil yolunun 51-ci km-dən ayrılan Daşüz kəndinin yollarıdır.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq.

Çınqıl, qara örtük və asfalt-beton örtükdən ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulmuşdur.

Qeyd olunanlar nəzərə alınaraq yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması, eyni zamanda atmosfer və suvarma sularının yolun torpaq yatağına keçməsinin qarşısını almaq məqsədi ilə yaşayış məntəqələri daxilində zəruri yerlərdə beton küvetlərin çəkilməsi məqsədi ilə hazırlanmış layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kv.m-dən çoxdur.

Tikinti norma və standartlarına uyğun olaraq hazırda yollar boyu torpaq işləri aparılır, yolun mövcud dağılmış örtüyü sökülür, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının və yararsız hissələrin qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülür.

Layihə çərçivəsində yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlərin tikintisi, yol əsasın alt layının 20 sm hündürlükdə qum-qırmadaş, üst layının isə 16 sm hündürlükdə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla təmiri nəzərdə tutulur. Bundan sonra əlaqələndirici bitum səpilməklə 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işlərinə başlanılacaq.

Bundan başqa avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boryların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, dördbucaqlı su keçidinin inşası də layihədə nazərdə tutulmuş işlərdəndir.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.

Yol infrastruktunun inkişaf etdirilməsi üçün ölkəmizdə müasir texnikadan istifadə olunur. Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi və müasir texnikanın hesabına təmizlənərək hərəkət bərpa olunub.

Yol infrastrukturunda dəmir yollarının inkişafına da xüsusi önəm verilir. Bu cəhətdən Astara stansiyasında 6 stansiya yolunun və 10 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə start verilib. Stansiya parkının əsasını təşkil edən bu yolların hər birinin uzunluğu 950 metrdən ibarətdir. Şimal-Cənub layihəsi çərçivəsində icra edilən işlərə uyğun olaraq, stansiyada yolların tam hazır vəziyyətə gətirilməsi zərurətdən doğur.

Gələcəkdə bu istiqamətdə yük daşımalarının intensiv xarakter alacağına əsaslansaq, deməli təhlükəsiz daşınmalar üçün əsaslı bazanın olması çox vacibdir və dəmir yolu rəhbərliyi bu əməli işə böyük önəm verir.

Bütün görülən işlər ölkəmizdə həyata keçirilən uğurlu, uzaqgörən, düşünülmüş inkişaf strategiyasına dayanır. Regional proqramların qarşıya qoyduğu əsas vəzifələr, regionlarda yeni iş yerlərinin yaradılması, əhalinin sosial rifahının gücləndirilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasir Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyasını xarakterizə edən əsas cəhətlər bu gün özünü doğrultmaqdadır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 13-15 aprel.- S.15.