Milli ideologiya probleminə
tarixi-fəlsəfi baxış
Azərbaycanda milli ideologiyanın
yaranmasınaqədərki dövrdə (XIX yüzilliyə qədər)
milli mənəvi dəyərlərin rolu
Etnos, millət, milli ideya, milli
ideologiya
və b. anlayışların məzmunu və təkamülü
Fikrimizcə,
"xalq" anlayışı "etnos", "milliyyət"
və "millət" anlayışları ilə
müqayisədə daha geniş anlayışdır.
"Xalq" anlayışı bir tərəfdən
"milliyyət"dən (etnos olmaqdan) "millət"ə
(siyasi-ideoloji birliyə) keçiddirsə, başqa tərəfdən
"milliyyət" (etnos) və "millət"i ümumi
şəkildə ifadə edən bir məfhumdur. Yəni
soykök, dil, mədəniyyət, adət-ənənə, əxlaq
və s. baxımdan bir-birinə yad və ya
doğmalığından asılı olmayaraq onların vətəndaş
ümumiliyi "xalq" adlana bilər. Məsələn,
"Azərbaycan xalqı" dedikdə, hazırda burada
yaşayan, bu ölkənin vətəndaşı olan
bütün etnik qruplar, millətlər (türk, rus,
gürcü, fars, talış, tat, ləzgi, avar, kürd,
ukraynalı, latış, belorus və b.) başa
düşülür. Heç kim deyə
bilməz ki, hazırda onlardan hər hansı biri Azərbaycan
xalqının tərkibinə aid deyil. Fikrimizcə, "Azərbaycan
xalqı" termini çağdaş dövrün tələblərinə
uyğun şəkildə formalaşıb, müəyyən
status alana qədər Azərbaycanda yaşayan bütün
etnik qrupların və millətlərin ümumiliyini ifadə
etmək üçün, dini mənsubiyyətlərinə
görə "ümmət"-"müsəlman",
"Qafqaz müsəlmanları", "islam milləti",
etnik kimlik baxımından "tatar", "persiyan",
"türk"-"türk dili", "türk milləti"
və b. anlayışlardan istifadə olunmuşdur.
Millətin formalaşma prosesində milli mənəvi dəyərlər
və yaxud milli mentalitet (lat. "mens" sözündəndir,
ağıl, düşüncə, ruhi-mənəvi yanaşma
tərzi deməkdir) də mühüm rol oynayır. Yəni vahid
bir ərazidə yaşayan, eyni soykökə, dilə, iqtisadi
həyat birliyinə malik olan müxtəlif etnoslar
üçün mənəviyyatın, özünəməxsusluğun
olması və saxlanılması da vacibdir. Qeyd etmək lazımdır ki, millətin millət
olma səbəblərindən biri kimi məhz mənəviyyat
birliyi, onun mənəvi siması, mənəvi dəyərləri,
eləcə də yalnız bu insanlara məxsus keyfiyyətlər
(mentallıq) göstərilir. Azərbaycan türklərinin
başqa millətlərdən fərqli özünəməxsusluğu
kimi dini tolerantlıqlarını, yad etnoslarla tez qaynayıb-qarışmalarını,
qonaqpərvər olmalarını, əfv diləyənləri
bağışlamalarını və s. göstərmək
olar.
"Mentalitet" anlayışını geniş şəkildə
tədqiq edən f.e.d. H.Quliyevin fikrincə, onun arxetip
ünsürləri geniş zaman diapazonunda dəyişməz
qalır. Bu baxımdan "mentalitetin tərəqqiyə
münasibətdə xüsusi immunitetə malik olduğunu, ənənəvi
ictimai təsisatlara daxil olduğunu" görmək olar.
Alimə görə, keçid dövründə
baş verən yeniləşmə mentalitet anlamını
ortaya qoyub ki, bu da, keçmişin xüsusiyyətlərini
qorumağı, yaxud da bu günün tələblərini
mentalitetin xüsusiyyətlərinə uyğunlaşması zərurətini
yaratmışdır [254, 120]. R.Aslanova da H.Quliyev kimi
ideologiyanı arxetipliklə əlaqələndirərkən
mentalitet məsələsinə də toxunmuşdur:
"Mahiyyətcə ictimai fenomen olan mentalitet, ictimai
şüurun yüksək səviyyədə
rasionallaşdırılmış formalarını (elmi, dini,
fəlsəfəni, siyasəti, mədəniyyəti,
ideologiyanı və s.) təhtəlşüur
aləminin dərin qatları ilə arxetip "mədəni
simvol və kodlarla" əlaqələndirərək
insanın bütövlükdə həyat tərzini
formalaşdırır" [12, 87]. Y.Türkel isə
yazır ki, milli mentalitet "millətin tarix boyu
yaşadığı təbii şəraitin, uğurlu,
ağrılı-acılı, mədəni, iqtisadi, sosial,
dini, ruhimənəvi həyat proseslərinin təsirilə
formalaşıb, onun davranış və fəaliyyətində
görünür" [224, 319]. Deməli,
mentalitet hər bir xalqa aid milli mənəvi dəyərlərin
özünəməxsus şəkildə ifadəsidir. Başqa bir tədqiqatçı Q.C.Əliyevin
fikrincə, mentalitetin fəlsəfi-tarixi, mədəni-etnik səviyyələrdə
öyrənilməsi vacibdir. Onun fikrincə, mentalitet
sosial-fəlsəfi fenomen olmaqla yanaşı, həm də adətlərin,
əxlaqi sərvətlərin, dini etiqadların,
şüurun, vərdişlərin sayəsində formalaşmışdır:
"Mentalitet əsasən, orijinal təfəkkür
üsulunu, ağıl tərzini, hətta sosial-psixoloji
ovqatı bildirmək üçün işlədilir" [89,
29].
Fikrimizcə, milli mənəvi dəyərlər və
milli mentalitet əsasən, bir-birlərinə yaxın
anlayışlardır. Həmin bu anlayışlarda millətin keçmişə
aid irsi, dini-fəlsəfi dünyagörüşü, özünəməxsus cəhətləri və
s. öz əksini tapır. Sadəcə olaraq, milli mənəvi
dəyərlər daha geniş məna daşıyır və
millətin bütün tarixini, mədəniyyətini, fəlsəfəsini,
ədəbiyyatını və s. özündə əks
etdirir. Milli mentalitet isə daha çox
insanların ictimai şüruundakı
dünyagörüşün özünəməxsusluğunun
ifadəsidir. Bu baxımdan, milli mentalitet
milli mənəvi dəyərlərdən milli
özünüdərkə bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər
o vaxt milli özünəməxsusluq səviyyəsində
meydana çıxır ki, həmin xalqda milli oyanışa,
milli özünüdərkə ehtiyac yaranır. Yəni
millət etnik kimliyinin, dilinin, mədəniyyətinin və s.
assimilyasiya olunmasını sövqi-təbii hiss edərək
özünümüdafiəyə cəhd edir. Bu
zaman milli mənəvi dəyərlər milli mentallıq
formasında - etnik mənşəyi, dili, mədəniyyəti,
dini ideologiyası, sosial həyatı, məişət
münasibətləri və s. ilə bağlı
keçmişini şüurunda canlandırıb onu yalnız
ona aid olan milli mənəvi dəyərlərlə, milli sərvətlərlə
mübarizə aparma səviyyəsinə yüksəldir.
Bu isə, istər-istəməz milli
oyanışa səbəb olur. Ümumiyyətlə,
mentallıq hər bir millətin özünəməxsus
psixoloji, mədəni, dini və fəlsəfi həyat tərzidir.
Bu mənada hər hansı bir millət
özünü başqa xalqlardan fərqləndirmədən,
yalnız onun keçmişinə məxsus olan milli xüsusiyyətləri
müəyyənləşdirmədən milli istiqlal
uğrunda mübarizə apara bilməz. Milli
mentalitetin yüksək səviyyəyə qalxması ilə
milli özünüdərk prosesi başlayır. Bu mənada milli mentalitetə aid olan hər bir
anlayış milli özünüdərk səviyyəsinə
qalxıb milli ideyaya çevrilə bilməz. Yalnız o
anlayış, milli mentalitet səviyyəsindən milli
özünüdərkə qədər yüksələ bilər
ki, onun ciddi elmi, fəlsəfi və s. əsasları olsun. Çünki milli mentalitetdən fərqli olaraq milli
özünüdərk hər hansı bir etnik toplumun başqa
etnoslardan fərqli özəlliklərini dərk edib,
özünü bir millət kimi təsdiq etməsidir.
Fikrimizcə,
milli mənəvi dəyər(lər)
dedikdə isə, ilk növbədə milli ideologiyanın
yaranmasında mühüm rol oynamış milli sərvətlərimiz,
mədəniyyətimiz, mənəviyyatımız, dilimiz, adət-ənənələrimiz,
dini-fəlsəfi dünyagörüşümüz və s.
başa düşülməlidir. Əslində
burada başlıca, önəmli olan milli mənəviyyat,
milli sərvətlər, milli özünəməxsusluq, yaxud
da milli mentalitetdir. Bu mənada "milli mənəvi dəyər"
anlayışındakı "dəyər" sözü isə
qiymətləndirmədən daha çox hər bir xalqa məxsus
sərvəti, özünəməxsusluğu,
mentallığı və s. ifadə edir. Bu baxımdan "Azərbaycanda
milli ideologiyanın yaranmasına qədərki dövrdə
milli mənəvi dəyərlərin rolu" dedikdə, Azərbaycan
xalqına məxsus olan sərvətlərin, adət-ənənələrin,
mədəni irsin, dini-fəlsəfi baxışların və
s. ideologiyaya çevrilməsi prosesi nəticəsində
bütövləşməsi, çulğalaşması və
vahid xətt üzrə formalaşmasına zəmin yaradan dəyərlər
nəzərdə tutulur. Burada irəli
sürülən müddəa Azərbaycan xalqında milli
ideologiya təşəkkül tapana qədər hər
hansı bir ideyanın və yaxud ideyaların olmaması demək
deyildir. Əksinə həmin dövrə qədər
mövcud olan mədəni irsin, dini-fəlsəfi təsəvvürlərin,
milli xüsusiyyətlərin və s. nə cür vahid şəkilə
salınması, bütövləşməsi, başqa
sözlə ideologiyalaşmasının təzahürlərinin
hansı mənəviyyat və milli sərvətlər nəticəsində
meydana çıxması ilə bağlıdır. Bir sözlə, mənəvi dəyərlər millətin
varlığını ortaya qoyan əsas faktorlardan biri olan mənəviyyatla
sıx bağlı olub, insanın özünü, təmsil
olunduğu etnik kimlik çərçivəsində təsdiqləməsidir.
Milli mənəvi dəyərlərin, milli sərvətlərin
yaradıcısı millətin ayrı-ayrı üzvləri
olsa da, həmin üzvlərin mənəvi-əxlaqi
ideyaları sonralar bütövlükdə cəmiyyətin
ümumi sərvətinə çevrilir. Azərbaycan
xalqı da milli dilini, milli mentalitetini, milli xarakterini, milli adət-ənənələrini
və s. məhz milli mənəvi dəyərlər şəklində
qoruyub saxlamışdır.
Yeri gəlmişkən, "milli" sözünə də
aydınlıq gətirilməsi zəruridir, çünki bu
söz bir sıra anlayışların - milli mənəvi dəyərlər,
milli mentalitet, milli özünüdərk və b. ayrılmaz
tərkib hissəsi kimi çıxış edir. Eyni zamanda hazırda
"milli" sözündən yalnız elmi-kütləvi ədəbiyyatda
deyil, başqa sahələrdə də geniş şəkildə
istifadə olunur: milli dövlətçilik, Milli Elmlər
Akademiyası, milli fond, milli mərkəzi kitabxana, milli ordu,
milli birlik və s. Bu qədər geniş çalarlara malik
olan "milli" sözü isə ərəb dilindən
götürülmüşdür və "millətə məxsus,
yerli" [20, 127] anlamını verir.
Milli ideya məsələsinə gəlincə, bu
anlayış da bir çox filosofların, politoloqların,
ideoloqların və b. araşdırma mövzusu olmuşdur. Qeyd edək
ki, milli ideya anlayışını ilk dəfə XVIII əsrdə
Fransada A.Vasyxaunt işlətmişdir. Həmin dövrdə
Fransada milli ideya dedikdə, milli təəssübkeşlik,
millətçilik və s. başa
düşülürdü. Bu dövrün tanınmış
fransız maarifçi-filosofu J.J.Russo isə hesab edirdi ki, milli
ideya sayəsində vətəndaş vətənə tabe
olur və vətən onu şəxsi aslılıqdan qoruyur:
"İctimai vətəndaş cəmiyyətinə
keçid onun insan hərəkətinin universal meyarı kimi ədalət
instinkti ilə əvəz olunması deməkdir [266, 221]. Sonralar başqa fransız alimi C.Mişle milli
ideyanı həm Vətənin, həm də dünya həyatının
başlıca amili kimi irəli sürmüşdür [266,
41]. Fransada yaranmış Annalılar məktəbinin
nümayəndələrinə görə isə, milli ideya mənəvi
ümumilik olmaqla millətin hər bir üzvünün hərəkətinin
könüllülüyünü və dərk
olunmasını tələb edir [241, 5]. Ümumiyyətlə,
XVIII-XIX əsrlərdə Fransada meydana çıxan milli
ideya anlayışı, çağdaş anlamda "millət"
anlayışının yaranması və inkişafında
mühüm rol oynamışdır. Bu
baxımdan tədqiqatçıların əksəriyyətinə
görə, kapitalist münasibətlərinin yaranması ilə
milli ideya və onun nəticəsi olan millət təşəkkül
tapmışdır. Rusiyada isə milli
ideya əvvəlcə Qərb əleyhinə çevrilmiş
slavyanofil ədəbiyyatda xüsusilə, XIX əsrdə
A.Danilevski, F.Dostoyevski, V.Solovyov, H.Berdyayev və b.
yaradıcılığında öz əksini tapmışdır.
XX əsrdə rus milli ideyasının
inkişafında İ.A.İlyin, A.Soljenitsin və b.
mühüm rol oynamışdır. İ.A.İlyin XX əsrin
ortalarında "Rus ideyası haqqında" əsərində
yazır: "Rus ideyası təsdiq edir ki, həyatda əsas
olan məhəbbətdir" [250, 436-437].
Ardı var...
Faiq Ələkbərli,
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi, dos., dr.
Olaylar.- 2019.- 16-17aprel.-
S.13.