Aktyorlar “Nəsimi ili-Nəsimi
dili” dedilər
2019-cu ilin "Nəsimi ili" elan
edilməsi ilə Azərbaycanın ədəbi-mədəni
fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində
layiqincə qeyd edilməsi məqsədilə müxtəlif tədbirlər
həyata keçirilir. Bu tədbirlərin əsas hədəfi
Nəsimi irsini müasir dünyaya çatdırmaq, onun fəlsəfi
görüşlərini təqdim etmək, Nəsimişünaslığı
inkişaf etdirməkdir. Bu minvalla keçirilən tədbirlərin
siyasına "Nəsimi ili-Nəsimi dili" festivalı da əlavə
olundu. Bakı Uşaq
Teatrının "Bir teatr, bir
festival" layihəsi çərçivəsində Azərbaycan
şairi İmadəddin Nəsimiyə həsr etdiyi festival
Aktyorlar evində başladı.
Bakı
Uşaq Teatrı festivalının quruluşçu rejissoru,
teatrın bədii rəhbəri-direktoru, Əməkdar artist
İntiqam Soltan, musiqi tərtibatçısı Rauf
Hüseynli, qəzəllərin seçimi və tədbirin ədəbi
tərtibatçısı Arzu Soltan, rəqslərin
quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı
Sevda Məmmədova idi.
Festival
gözləniləni doğrultdu və Nəsimi irsini,
yaradıcı heyətin potensialı ilə
tamaşaçıya nümayiş etdirdi.
Festivalın
başlanğıcından sonuna qədər Nəsimi
yaradıcılığına fərqli yanaşma hiss olunurdu.
Aktyorlar Nəsimi poeziyasından nümunələrlə
müstəqil qəzəl təqdimatlarını
nümayiş etdirərək öz yaradıcılıq
istedadını ortaya qoydular. Müxtəlif kompazisiyalar isə
tamaşaçılar tərəfindən daha da maraqla
qarşılandı. Səhnədə alternativ musiqi ilə əruzun
sintezi başlıca bir yenilik idi.
Aktyorlar
evində hər yaş qrupundan olan tamaşaçılar var
idi. Tamaşaçıların reaksiyaları onu göstərirdi
ki, festival izləyicilərin əksəriyyətinin maraq dairəsini
təmin edə bilib.
Tamaşaçı
bədii söz sənətinin qiymətli incilərini meydana gətirən
İmadəddin Nəsimini onun obrazına
bürünmüş aktyorlarda hiss edirdilər.
Çıxışlarda şairin
yaradıcılığında tərənnüm edən
insanın əzəmətini, insani məhəbbət və
şəxsiyyət azadlığı nümayiş etdirilirdi.
Nəsimi öz üslubunu xalq ruhundan almışdısa,
aktyorlar bu üslubu təbliğ etmək üçün
tamaşaçı ruhundan istifadə edirdi.
Hər
zaman mətndən oxumağa ehtiyac yoxdur. Nəsiminin anadilli
şeirin zənginləşməsində xidmətləri onun
poeziya nümunələrində
çatdırılırdı.
Dinlədikcə
əmin olunurdu ki, Nəsimi milli-mənəvi
varlığımızın ayrılmaz tərkib hissəsidir.
Nəsiminin yaddaqalan obrazı yaradıldığı
eyniadlı gözəl film, Bakının mərkəzində
şairin əzəmətli ucaldılan heykəli,
Bakının ən böyük və mərkəzi rayonlarından birinin
uzun illərdir onun adını daşıması, həmçinin
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik
İnstitutunun Nəsiminin adına olması da deyilənləri
təsdiq edir.
Festival
boyu müxtəlif qəzəl təqdimatlarında Nəsiminin
panteizmində hürufi rəmzlərindən istifadə edilməsi
28, yaxud 32 hərf, onun mühüm ifadə vasitələri
özünü göstərirdi.
Qəzəllərdə
çatdırılan İNSAN və YARADAN münasibətlərinə
fərqli baxışlar, ilahi hisslər, insan sevgisinin,
tamaşaçıların yaddaşından silinməyəcəyini
düşünürəm.
Kompozisiyalarda
özünü dərk edən ağıllı və
güclü insan təbliğ olunurdu.
Öz
ardıcılları tərəfindən "eşqin cəsarət
simvolu", "məhəbbət fədaisi"
adlandırılan Nəsimi səhnənin hər tərəfində
hiss edilirdi.
Səsləndirilən
bütün qəzəllərdə Allah aşiqi olan
insanları ilahi hesab edən şairin bu müqəddəs
sevgisi tərənnüm olunurdu.
Öz
inancına və düşüncəsinə sadiq olan mütəfəkkir
Nəsiminin obrazına bürünənlər bu sədaqəti
tamaşaçıya hiss etdirirdi.
Aktyor
işi bir daha sübut etdi ki, Nəsimi qəzəlləri
insan qəlbini ovsunlamağı bacarır, dövrün saxta
sevgilərinə bu gün də meydan oxuyur.
Festivalın
başlanğıcında əsasən, dünyəvi məhəbbətin
tərənnümünə həsr olunmuş, "Etməgil"
qəzəlini Mehman Dilqəmoğlu səsləndirdi. Maddi həyat aşiqinin hiss və
duyğularını ifadə edən məşhur qəzələ
aktyor öz ifası ilə damğasını vurdu. Bakı
Uşaq Teatrının aktrisası Flora Hüseynova da Nəsiminin "İstəməz"
qəzəlini özüməxsus formada səsləndirdi.
Səhnədə
izlənilən ilk kompozisiya Sənan
Fərzəliyev və Turəxanım Qasımovanın
nümayiş etdirdiyi "Yaralı Könlüm" idi.
Aktyorların səhnə
çıxışları tamaşaçıya bundan
sonrakı kompozisiyaların mesajını
ötürmüş oldu.
Bu mesajla
Niyaz Novruzov, Günay Pirizadə və Rauf Hüseynov
"Sübhdən dildarımı gördüm"
kompozisiyası ilə tamaşaçıların diqqətinin
səhnədən ayrılmasına icazə vermədilər.
Ardınca
Rauf Hüseynli qolları bağlı şəkildə səsləndirdiyi
qəzəllə səhnədə öz sözünü
dedi. Tamaşaçıların alqışları da bu
sözü deməyə əsas verir ki, ifa təklikdə bir
tamaşa idi.
Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının aktyoru Əmrah
Dadaşovun üzərinə daha böyük məsuliyyət
düşürdü. Çünki aktyor özündən əvvəlki
ifanın sehrini qorumalı idi. "Neylərəm" qəzəlini
içdən və səmimi səsləndirən aktyor
tamaşaçıların alqışının davam etməsinə
səbəb oldu.
Festivalı
yadda qalan və maraqlı edən yalnız aktyor seçimi
deyil, həm də libaslardır. Bütün geyimlər qəzəl
təqdimatları və müxtəlif kompozisiyalara uyğun
seçilmişdi.
Ağ və
qara geyimlərdə səhnəyə çıxan Arzu Soltan
və Cəlal Baba "Kamalın arzuları" musiqili
kompozisiyasını təqdim etdilər. Bu kompozisiyanı
festivalın ən uğurlu və maraq doğuran
çıxışlarından hesab etmək olardı. Aktyor
ifası bu kompozisiyaya öz möhrünü vurdu.
Festival səhnədə
artıq öz sözünü demiş aktyorlarla
yanaşı tələbələrə də
özünü göstərmək imkanı tanımışdı.
Tələbələr də bu imkandan məharətlə
istifadə etdilər. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin 6 tələbələsinin
ifa etdikləri musiqili kompozisiya qürurverici idi. Bunu aktyorların reaksiyalarından
da hiss etmək mümkün idi.
Tələbələrin
ardınca BUT-un aktyoru Emin Balayev "Apardı
könlümü məndən", Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının aktrisası Mehriban Zalıyeva
"Allahu əkbər, ey sənəm" qəzəlini səsləndirərək
tamaşaçıya öz
peşəkarlıqlarını nümayiş etdirdi.
Bakı
Uşaq Teatrının aktrisası Gülər Ləzgiyeva
"Allahü
əkbər, åy sənəm,
hüsnündə håyran olmuşam
Qövsi-qüzåhdir qaşların, yayına
qurban olmuşam."
dediyi an
"Sənəm" adlı kompozisiya ilə Şərq mədəniyyətini
tamaşaçı ilə bölüşdü.
Uğurla
seçilmiş kompozisiyalar Aktyorlar evinin tamaşaçılarını
növbəti kompozisyanı gözləmək
üçün daha da həvəsləndirirdi.
Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının aktrisası Elnarə
Nağdəliyevanın "Hardasan", Bakı Uşaq
Teatrının üzvləri Gülnarə Abbasova və
Ədalət Ağaverdizadənin "Yanaram" kompozisiyaları
da ardıcıl olaraq tamaşaçının
zövqünü oxşadı.
Festivalda
bir kompozisiya var idi ki, sanki bütün tamaşaçılar
ilk dəqiqələrdən bu ifanı gözləyirdi. Hər
yaş qrupundan olan tamaşaçı kütləsi bu
çıxışı səssiz izlədi və
böyük alqışlarla yola saldı. Niyaz Qasımov,
Könül Şahbazova və Şahin Kazımov
"Ya-hu" kompozisiyasını tamaşaçı ilə
vəhdətdə ortaya çıxardılar.
Bakı
Uşaq Teatrının aktyorları Elçin Cəfərovun
"Mərhəba" qəzəli və Əliqulu Səmədovun
"Ayrılıq" kompozisiyası da festivalın Nəsimi
irsini qoruyaraq tamaşaçı zövqünü
oxşadı.
Sumqayıt
Dövlət Dram Teatrının aktyorlarının
"Şair və sultan" kompozisiyası isə "Nəsimi"
filmini xatırlatdı. Peşəkar aktyor ifası
tamaşaçının bir anlıq "Nəsimi" filminə
apardı. Bu minvalla səhnə festivala yenilik və fərqlilik
qatmağı bacardı.
Bakı
Uşaq Teatrının aktrisası Sovqat Səmədova
"Üz döndərmərəm" qəzəli, Azərbaycan
Dövlət Dərbənd Teatrının aktyoru Sərxan Səmədovun
səsləndirdiyi "İstəməz" qəzəli,
tamaşaçını yenidən böyük mütəfəkkirin
şer yaradıcılığına apardı.
"Fly
to stay alive"( "Yaşamaq üçün
qanadlan") kompoziyası
festivalın son dəqiqələrində yeni bir canlanma
yaratdı. Bakı Uşaq Teatrının üzvləri Qurban
Əhmədov, Nərminə Məhərrəmovanın bu
ifası sanki festival hələ bitməyib işarəsi
verirdi.
Festivalın
qürurverici daha bir tərəfi İncəsənət
Gimnaziyası şagirdlərinin musiqili kompozisiyası ilə
çıxış etməsi oldu.
Festival bu
şagirdlər, eləcə də tamaşaçı qismində
oturan digər şagirdlərlə sübut etdi ki, Azərbaycan
milli irsinin, milli musiqisinin
keşiyində dayanan bu uşaqlar dahi şair və
filosof İmadəddin Nəsimini ucuz və bayağı "Pəncü-şeş"lərlə
xatırlamayacaq!
Nəsimi
irsi bu xalqın tarixi sərvətidir. Bu irsi daim yaşatmaq
xalqın tarixi qarşısında mənəvi borcudur...
Nigar Orucova
Olaylar.- 2019.- 16-17 aprel.- S.10.