Heydər Əliyev – mənəvi dəyərlərimizə
böyük önəm
verən dahi şəxsiyyət
Azərbaycan
xalqı qədim tarixə, zəngin mədəniyyətə
malikdir. Milli-mənəvi və dini dəyərlərimiz bu mədəniyyətin
əsasını təşkil edir. Ümummilli Lider Heydər
Əliyev bütün həyatı boyu xalqımızın bu
tükənməz sərvətinin qorunmasına, dünyaya
layiqincə çatdırılmasına böyük önəm
verib. Ölkəmizdə bu sahədə görülən
ardıcıl işlər, atılan mühüm addımlar
anadan olmasının 96-cı ildönümünü qeyd etməyə
hazırlaşdığımız Ulu Öndər Heydər
Əliyevin adı ilə sıx bağlıdır.
Milli-mənəvi
dəyərlərə bağlı insan
Milli dövlətçilik tariximizdə yeri və müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyev əsl Azərbaycanlı kimi müqəddəs dinimizə, mili köklərimizə bağlı bir insan idi. Doğulub boya-başa çatdığı ailədə də bu ruhda tərbiyə almışdı. Məhz buna görə də harada yaşamasından, hansı yüksək vəzifədə çalışmasından asılı olmayaraq xalqımıza məxsus milli-mənəvi dəyərlərin yaşadılmasına ciddi fikir verirdi. Təsadüfi deyil ki, zəngin həyat təcrübəsinə, siyasi idarəçilik bacarığına malik bu dahi şəxsiyyət çıxışlarının birində deyirdi: " Hər xalqın öz adət-ənənələri var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə fəxr edirik".
Xalqımızın israrlı tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər digər sahələrə olduğu kimi, milli-mənəvi dəyərlərin qorunması və təbliği məsələlərinə də xüsusi diqqət ayırdı. Müstəqilliyini yenicə bərpa edən Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ilk görüşlərdən birini məhz Təzəpir məscidində dindarlarla keçirdi, sonuncu Peyğəmbərin (s) Mövludu münasibəti ilə təşkil olunan mərasimə qatılaraq dini dəyərlərimizə bağlı bir ölkə rəhbəri, təcrübəli dövlət xadimi və xalqının əsl oğlu olduğunu bir daha nümayiş etdirdi. Ümummilli Liderin Mövlud günü Təzəpir məscidinə ziyarəti zamanı xalqımızı Allah yolunda, müqəddəs İslam yolunda bir olmağa səsləməsi, milli-mənəvi dəyərlərimiz haqqında dəyərli fikirlər səsləndirməsi biz dindarlar üçün heç vaxt unudulmayacaq bir tövsiyə oldu.
Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin xeyirxah əməllərindən biri də müqəddəs məkanlardan sayılan Bibiheybət məscid-ziyarətgahının təmir-bərpa etdirməsi ilə bağlıdır. Məlum olduğu kimi, XIII əsrdə Şirvanşah II Fərruxzad tərəfindən inşa edilən məscidin ərazisində İmam Museyi-Kazımın (ə) qızı Xanım Həkimənin (ə) məzarı yerləşir. Ötən əsrin 20-ci illərində Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldıqdan sonra bir çox dini abidələrimiz Allahsız rejimin terroru ilə üzləşdi. İslam aləmi üçün mühüm dəyəri olan Bibiheybət məscid-ziyarətgahı da 1937-ci ildə sovet ideoloqlarının göstərişi ilə partladıldı. Bu tarixi dini abidə yalnız Heydər Əliyevin diqqət və qayğısı nəticəsində bərpa edildi və 12 iyul 1998-ci ildə Ulu Öndərin iştirakı ilə açılış mərasimi keçirilərək dindarlarımızın ixtiyarına verildi. Həmin gün təşkil edilən mərasimdə Ümummilli Lider bir daha bəyan etdi ki, onun rəhbərliyi altında Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizə daim diqqət və qayğı göstərəcək, ölkə ərazisindəki bütün dini-tarixi abidələr təmir-bərpa olunacaq: "Mən həyatda olmasam da siyasi davamçılarım bu işləri sona çatdıracaqlar".
Heydər Əliyev milli-mənəvi dəyərlərimizin təbliğinə də böyük önəm verirdi: "Dünya xalqlarını həm ölkəmizdə, həm də dünyada Azərbaycanın milli, mənəvi, dini dəyərlərinə hörmət etməyə çağıracağıq və buna nail olacağıq".
Ulu Öndərin ölkəmizə rəhbərlik
etdiyi illərdə din-dövlət münasibətlərinin
inkişaf mərhələsinin əsası qoyuldu, hər bir
vətəndaşın dini etiqad və vicdan
azadlığı təmin edildi, bununla bağlı
qanunvericilik bazası yaradıldı, mütərəqqi
qanunlar hazırlanıb qəbul olundu. Azərbaycanda dini etiqad
azadlığı sahəsində vahid dövlət siyasətini
formalaşdırmaq, din-dövlət münasibətlərinin
tətbiqini və inkişafını təmin etmək məqsədi
ilə dövlət komitəsinin yaradılması da Ulu
Öndərimizin adı ilə bağlıdır. Məhz Ulu
Öndərin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi fəaliyyətə başladı.
Ulu Öndərin yolu uğurla davam
edir
Xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin Bibiheybət məscid-ziyarətgahının
açılış mərasimində qeyd etdiyi kimi,
başlanan müqəddəs missiyanın onun siyasi
davamçıları böyük uğurla davam etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları
milli-mənəvi dəyərlərimizin qorunması, tarixi
köklərə malik multikultural mühitimizin dünyada təbliği
ilə bağlı mühüm addımlar atmaqdadır. Qədim
məscid və ziyarətgahlarımız təmir-bərpa
olunaraq yenidən qapılarını inanclı insanların
üzünə açır. Son illər ölkəmizdə
"Multikulturalizm İli", "İslam Həmrəyliyi
İli" təntənə ilə qeyd olunub,
paytaxtımız Bakı İslam Həmrəyliyi Oyunlarına
ev sahibliyi edib. Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin nəzdində Mənəvi Dəyərlərin
Təbliği Fondu yaradılıb və din xadimlərimiz bu
fond vasitəsi ilə maddi yardım alır.
Birinci
vitse-prezidentimiz, Ulu Öndərin adını əbədiləşdirən
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın bu sahədə gördüyü böyük
işlər də təkcə dindarlarımız deyil,
bütün xalqımız tərəfindən rəğbətlə
qarşılanır.
Bu gün
dünyanın müxtəlif ölkələrində Azərbaycandakı
din-dövlət münasibətləri, multikultural mühit
öyrənilir və ali məktəblərdə tədris
olunur.
Ölkə
başçımız, İlham Əliyev cənablarının
dəfələrlə qeyd etdiyi kimi, dini sahədə və
milli-mənəvi dəyərlərin qorunması sahəsində
Azərbaycanda həyata keçirilən dövlət siyasəti
zəngin tarixi köklərə və Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu prinsiplərə
söykənir. Sivilizasiyalar arası və dinlərarası
dialoqa töhfə verən ən nüfuzlu tədbirlər,
sammitlər Bakıda təşkil edilir, dünyanı narahat
edən aktual humanitar problemlər "Bakı prosesi"
çərçivəsində müzakirəyə
çıxarılır və mühüm
çağırışlar səsləndirilir.
Prezidentin
bu günlərdə imzaladığı Sərəncamla bu il
noyabrın 14-15-də Azərbaycan paytaxtında "Dünya
Dini Liderlərinin II Bakı Sammiti" keçiriləcək.
Bütün
sahələrdə uğurlara imza atan Azərbaycan Ulu Öndərimiz
Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin
qorunması ilə bağlı həyata keçirdiyi nailiyyətləri
davam etdirməkdədir. Ölkə Prezidenti İlham
Əliyevin qeyd etdiyi kimi, bu Azərbaycan dövləti
üçün prioritet məsələlərdən biridir:
"Bizi xalq kimi qoruyub saxlayan milli-mənəvi dəyərlərimizdir,
İslami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır.
Əgər biz bundan sonra da ölkəmizin uğurlu
inkişafını istəyiriksə, bu sahələrə
mütləq diqqət göstərilməlidir".
Ölkəmizdə
yaşayan hər bir dindar əmindir ki, Ulu Öndərin
başladığı bu iş Prezident İlham Əliyevin
yürütdüyü siyasət nəticəsində
uğurla davam edəcək.
Rövşən Mustafayev
Gədəbəy şəhər
"Cümə" məscidinin imamı,
"Cümə" məscidi dini
icmasının sədri
Olaylar.- 2019.- 18-19 aprel.- S.6.