Milli ideologiya probleminə
tarixi-fəlsəfi baxış
Azərbaycanda milli ideologiyanın
yaranmasınaqədərki dövrdə (XIX yüzilliyə qədər)
milli mənəvi dəyərlərin rolu
Etnos, millət, milli ideya, milli
ideologiya
və b. anlayışların məzmunu və təkamülü
Qeyd edək ki, ideologiya ideyalar, milli ideologiya isə milli
ideyalar nəticəsində, yenə də Avropada
yaranmışdır. Ayrı-ayrı obrazları, təsəvvürləri
və s. ilk dəfə formulə edərək ideologiya
adlandıran isə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində,
fransız filosofu və iqtisadçısı A.Destyuq de Trasi
olmuşdur. Trasi "İdeologiya elementləri"
kitabında ilk dəfə "ideologiya" terminindən
istifadə etmişdi. O, dünyanı qavramaqda və
şüur hadisələrində etikanın, əxlaqın,
siyasətin əsasını tapmağa, onların məntiqi və
psixoloji izahını verməyə cəhd edirdi [218, 232]. Onun fikrincə, ideologiya ideyaların ümumiliyi,
ideya haqqında anlayış və fikirdir. Trasinin davamçıları Kabanis, Volney, Helvetsi və
b. olmuşdur.
Almaniyada
ideologiyanın inkişafında mühüm rol oynamış
klassik alman filosofu Hegel isə ideya, ideologiya, mənəviyyat və
s. məsələləri şərh etmiş, onların
qarşılıqlı bağlılıq məsələsinə
toxunmuşdur. Hegelə görə, cəmiyyətdə,
dövlətdə ideologiya önəmli yer tutur [203, 481].
Ümumiyyətlə, klassik alman filosofları
ideologiyanı tarix və fəlsəfənin qovşağında
mövcud olan ideyalar sistemi kimi tədqiq edirdilər.
K.Marks və F.Engels əvvəlcə ideologiyanın
"iqtisadi bazisə" malik olan gerçəkliyin obyektiv əksi
olduğunu söyləmiş, daha sonra "sinfiliyini"
"materialist" mövqedən izah etmişlər. Marksizmin banilərinə
görə, ideologiya maddi zəminə söykənir və
müəyyən sinif və sosial qrupların yaratdıqları
obyektiv gerçəkliyin təhrif olunmuş inikası olan
sosial konsepsiyadır. İdeologiya
üstqurma aiddir ki, onun formalaşmasının əsasını
bazis, yəni iqtisadiyyat təşkil edir [203, 503-504]. Marksist filosoflar ideologiyaya cəmiyyətdə mütərəqqi
və mürtəce ictimai qüvvələr arasındakı
ideya-siyasi mübarizə forması kimi baxırdılar.
Onlar "hakim" və "məhkum", "mütərəqqi"
və "mürtəce" siniflərin ideoloqlarını fərqləndirirdilər
[260]. Onlar yazırlar: "Fəhlənin vətəni yoxdur. Fəhlələrin olmayan bir şeyini onların əlindən
almaq da olmaz. Proletariat ən əvvəl
siyasi hökmranlığı ələ almalı, milli sinif vəziyyətinə
çatmalı və bir millət kimi təşəkkül
tapmalı olduğundan özü hələ millidir, hərçənd
bu millilik heç də burjuaziyanın anladığı mənada
deyildir" [70, 105].
Liberalizm ("azadlıq", "azad seçmək
hüququ") isə iqtisadi, siyasi, mənəvi sahələrdə
yeniliyi, inkişafı ifadə edirdi. Mənəvi, iqtisadi və
siyasi inhisarın əleyhinə çıxan liberalizm cərəyanında
fərdin həddən artıq azadlığı, vətəndaşların
hüquq bərabərliyi, dövlətin müqavilə əsasında
təşkili prinsipləri əsas yer tuturdu [203, 402-415].
Qeyd edək ki, liberalizm özü də bir neçə
istiqamətdə: 1) klassik; 2) utilitarizm; 3) iqtisadi; 4) sosial
liberalizm; 5) neoliberalizm və s. inkişaf etmişdir. Klassik liberalistlərdən T.Hobbs cəmiyyətdə
fərdin yerini müəyyənləşdirməyə
çalışmış, fərdlə dövlət arasında
ictimai müqavilə bağlanmasının vacib hesab
etmişdir. İctimai müqavilə cəmiyyəti
konstitusiyalaşdırmaqla yanaşı, fərdin dövlət,
dövlətin isə fərd qarşısında
azadlıqlarının sərhədlərini müəyyənləşdirmiş
olur [203, 284]. Liberal demokratiyanın atası hesab olunan Con
Lokk isə T.Hobbsdan fərqli olaraq, dövlətlə
müqayisədə fərdin azadlıqlarına daha çox
üstünlük vermişdir: "İnsan dünyanın hər
hansı bir insanı kimi tam azad yaşamaq, təbii qanunun
bütün hüquq və imtiyazlarından digər insanlar
kimi eyni dərəcədə qeyri-məhdud bəhrələnmək
hüququ ilə birgə doğulur və o, fitrətən
öz mülkiyyətini, yəni öz həyatını,
azadlığını, əmlakını digər
insanların qəsd və hücumlarından yalnız qorumaq
deyil, həm də başqaları bu qanunu pozduqda onları
mühakimə etmək... hakimiyyətinə malikdir" [70,
52]. Sosial liberalizmin nümayəndəsi Con
Sütuart Mill isə şəxsi azadlığı, yəni
söz azadlığını, mətbuat
azadlığını, ləyaqət hissini, düzgünlüyü
və sosial rifahı liberalizmin mərkəzi və
mühüm dəyərləri hesab etmişdir [203, 408].
Çağdaş liberal nəzəriyyəni inkişaf etdirən
C.S.Millin fikrinə görə, insan hüquqları hər
cür hörmətə layiqdir, çünki bunlar cəmiyyətin
sabit inkişafı və ümumi xoşbəxtliyin əldə
edilməsi üçün zəruridir: "Fərdin...
yalnız özü üçün zərərli olan, lakin
bu və ya digər fərdə birbaşa ziyan gətirməyən
hərəkətlərinə gəldikdə isə, bu hərəkətlərin
cəmiyyətə yetirəcəyi bəla yalnız təsadüf
nəticəsində ola bilər... cəmiyyət digər Ali
Xeyrin - fərdi azadlığın qorunub saxlanılması
naminə bu bəlaya dözməlidir" [70, 110]. Gördüyümüz
kimi, bütövlükdə liberalizmin əsasında fərdi
azadlıq ilə iqtisadi sərbəstlik dayanır, burada
"millət", "milli ideya" anlayışı, demək
olar ki, xüsusi məna kəsb etmir.
XIX əsr Azərbaycan filosofu M.F.Axundzadə bütün
müsəlman Şərqində, o cümlədən Azərbaycan
fəlsəfi fikir tarixində modernizmin, yəni demokratik və
liberal ənənələrin banisi hesab olunur. Buna səbəb M.F.Axundzadənin
müsəlman mütəfəkkirləri arasında ilk dəfə
Qərb mədəniyyətinə fəlsəfəsinə aid
anlayışları, yəni "liberalizm", "demokratiya",
"parlament", "sivilizasiyon", "patriot",
"revolyusiya" və s. şərh etməsi, eyni zamanda
Avropa dəyərlərinin islam Şərqi ölkələrində
də tətbiq olunmasının zəruriliyini göstərməsi
olmuşdur [2, 248; 246].
M.F.Axundzadə
Qərbin liberal və demokratik ənənələrini təftiş
etmədən müsəlman ölkələrində həyata
keçirilməsini vacib hesab etdiyi halda, XX əsrin əvvəllərində
Azərbaycan türkçülüyünün ideoloqu
M.Ə.Rəsulzadə həmin dəyərlərə bir qədər
tənqidi yanaşaraq, daha çox Şərq və Qərbin
mütərəqqi ideyalarının sintezindən
çıxış etmişdir. Bu baxımdan M.Ə.Rəsulzadə
cəmiyyətin siyasi təşkili və idarə edilməsi
ilə bağlı marksizm-leninizm və liberalizm nümayəndələrinin
irəli sürdükləri bəzi mülahizələri tənqid
etmişdir: "Liberal dövlət bizzat kəndi sisteminin məhsulu
olan kapitalizmin doğurduğu böhranla mücadilədən
acizdir. Bu təzada yenə cəmiyyət
içərisində doğan yeni qüvvətlər qarşı
gəlirlər. Kapitalizmin doğurduğu
proletar sinfinə dayanan inqilabçı sosializm ideolojisi
doğur. Digər adı kommunizm olan bu
ideolojiyə görə, burjua cəmiyyətini iztirablar
içində tutan şey liberalizmin istehsal sahəsindəki
anarxiyaya izn verən fərdiyyətçiliyidir. İstehsal alətləri üzərindəki şəxsi
mülkiyyət haqqı baqi qaldıqca-kommunistlərə
görə-insan cəmiyyətinin iztirabına son gəlməz.
Cəmiyyətlərin bir millət və
dövlət içində vəhdətləri onlarca bəhs
mövzusu olmaz" [191, 14-15]. M.Ə.Rəsulzadə
yazır ki, vətən və millət hissini deyil, sinifləri
əlində bayraq edən kommunizm kimi, fərdləri əsas
olaraq qəbul edən liberalizm də daha kosmopolit və
internasionaldır: "Solidarizm isə millidir. Çünki
sadə şəxslərin və siniflərin maddi mənfəətə
bağlı xüsusiyyətlərinə deyil, siniflər və
fərdləri bir cəmiyyət halına gətirən mənəvi
qüvvətlərə böyük qiymət verir. Bu mənəvi qüvvətlər isə millət və
dövlətlərin gerçəkləşməsində
birləşdirici amil olaraq təsir edən dil, din, tarix və
ümumiyyətlə, kültür və ortaq ideal kimi mənəvi
qüvvətlərdir" [191, 16]. Rəsulzadənin
fikirlərindən belə çıxır ki, liberalistlər
və marksistlər "millət"dən daha çox fərdiyyətçiliyə
və sinfə üstünlük veriblər. Ancaq soldarizmdə "millət" öz tarixi
rolunu qoruyub saxlayır. Ona görə də, M.Ə.Rəsulzadə
dünyada hakim olan iki əsas sistemdən fərqli olaraq belə
bir müddəa irəli sürür: "Madam ki, millətçiyiz, diyoruz; madam ki, milli
dövlət istiqlalını müdafiə ediyoruz, o halda
bizim üçün nə kosmopolit liberalizmə və nə
də kommunizmə təhəmmül caiz olamaz. Bizcə
müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd
sistemidir" [191, 16].
Müstəqillik dövründə də milli ideologiya və
ideologiya anlayışları öz əhəmiyyətini itirməmişdir. Məsələn,
bir sıra kitablarda, o cümlədən "Politologiya.
İzahlı lüğət"də milli ideologiya millətin
dövlət hakimiyyətində maraqlarını və dəyərlərini
ifadə və müdafiə edən ideyalar sistemi kimi, eləcə
də milli siyasi hərəkatların mənəvi əsası
kimi verilir: "Milli ideologiya özlərinin sosial
statuslarının yüksəlməsini milli mənsubiyyətlə
bağlayan vətəndaşların siyasi tələblərini
ifadə edir. Xarici şəraitdən və əhalinin
milli özünüdərkindən asılı olaraq siyasi
qüvvələr millətin mədəni özünəməxsusluğunun
qorunmasını, millətin həyati mənafelərinin təmin
olunması naminə geosiyasi məkanı genişləndirməyi
və ya öz ərazisini və milli suverenliyini xarici
müdaxilələrdən qorumağı, "yerli millət"
üçün imtiyazlar yaradılmasını tələb
edə bilərlər" [189, 207]. Digər
kitablara görə, ideologiya "bu və ya digər qrupun
hakimiyyət iddialarına haqq qazandırmağa istiqamətlənmiş
ideya və fikirlər məcmusu" [190, 223], yaxud da siyasi,
hüquqi, əxlaqi, estetik, dini, fəlsəfi baxışlar və
ideyalar sistemidir [93, 170].
Çağdaş Azərbaycan alimlərinin əksəriyyətinin
əsərlərində milli ideya, ideologiya və milli
ideologiya anlayışları ilə bağlı irəli
sürülən mülahizələr isə, müəyyən
cüzi fərqləri nəzərə almasaq,
yuxarıdakı müddəalardan ciddi şəkildə fərqlənmir. Məsələn, ideologiya
haqqında klassik baxışa əsaslanan R.Mehdiyevə görə,
ideologiya baxış və ideyaların rasional şəkildə
əsaslandırılması kimi yaranır, tam dünyagörüşü
kimi isə sosial aləmin mənzərəsi, şəxsiyyətin
obrazı, eləcə də daha çox siyasət, siyasi dəyərlər
və proseslərlə bağlıdır: "İdeologiya
müəyyən sosial funksiyaları yerinə yetirərək,
sosial qrupların və ictimai-siyasi cərəyanların maraqlarına
uyğun gələn təfəkkür və davranış tərzi
tipləri, yaxud hətta sosial fəaliyyət proqramı
hazırlayır" [156, 29]. Başqa bir müəllif
Y.Rüstəmov isə yazır ki, ideologiya siyasi prosesdə
öz yerini partiyaların rəqabətinə verir: "Lakin
bu o demək deyildir ki, ideologiya, ümumiyyətlə yox olur. İdeologiya siyasi, hüquqi, fəlsəfi, əxlaqi,
dini, estetik ideya və görüşlər sistemi kimi
qalır. Bu o deməkdir ki, ideologiyasız
cəmiyyət mümkün deyil" [197, 346-347]. Yuxardakı müddəalardan bir qədər kənara
çıxmaq istəyən A.Şükürov isə bir tərəfdən
iddia edir ki, milli ideologiya millətlə birlikdə meydana gəlir
və millətin mənəvi tərəqqisi milli ideyanın
başlıca vəzifəsidir. Digər tərəfdən
yazır ki, milli ideya "milliyyətindən, dinindən
asılı olmayaraq hamının başa düşüb
danışdığı dilə, eyni, yaxud oxşar adət-ənənəyə,
ümumi psixoloji amillərə malik olan cəmiyyətin mənafeyini
təmsil, müdafiə edir" [218, 231].
Fikrimizcə, A.Şükürov unutmuşdur ki, milli
ideologiyanın yaranmasında, müəyyən mənada
başqa etnik qruplar iştirak edə biləcəyi halda, milli
ideya yalnız bir millətin məhsuludur. Bu baxımdan
Y.Türkel doğru qeyd edir ki, "milli ideya - milli
özünütəsdiq məqsədilə
yaradılmış milli-mənəvi dəyərlər
sistemidir. Bir yandan əhalinin uzun tarixi
varlıq tək keçdiyi yolu, sosial-siyasi birlik kimi
özünüdərkini, o biri yandan millətin
varlığını, maraqlarını, iqtisadi, siyasi, mədəni
inkişaf yönünü göstərir. Məsələn, rus milli ideyası,
türkçülük və b." [224,
316]. Akademik Əfrand Daşdəmirov da doğru olaraq
milli ideyanın yaranmasında milli özünüdərkin
rolunu qeyd etmişdir: "Milli ideya etnosun məqsədinin və
özünüdərkinin ən ideologiyalaşmış sahəsi
kimi millətin ideya-mənəvi, ruhi həyatının
spesifik fenomeni, ictimai-siyasi şəraitin etnikləşməsi
amilidir" [248, 4]. Bu müəlliflərin fikirlərinə
qatılaraq, biz də hesab edirik ki, milli ideya konkret bir millətlə
(türk, rus, fars və b.) bağlı
yaranır.
Ardı var...
Faiq Ələkbərli,
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi, dos., dr.
Olaylar.- 2019.- 18-19 aprel.- S.12.