Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə
ümumi bir
baxış
(əvvəli
ötən sayımızda)
Qeyd etmək lazımdır ki, ərəblərə qədərki müəlliflər öz əsərlərində şimalda Qafqaz dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbdə İberiya arasında olan ərazini müxtəlif şəkildə təqdim edirdilər. Antik mənbələrdə onu Albaniya, pəhləvi mənbələrində Ardan və Aran, Suriya mənbələrində Aran, gürcü mənbələrində Rani, erməni mənbələrində Ağvan adlandırırdılar.
Lakin A.M. Dyakonov qeyd edirdi ki, Atropat hökmdar kimi hətta indiki Şimali Azərbaycan ərazisində yaşayan xalqlar üzərində də hakimiyyətə malik idi.
R. Rəisniyanın fikrincə, Atropatena hakimləri parfiyalıların “Aran” adlandırdığı əraziyə də nəzarət edirdilər. Onun sözlərinə görə, bəzi hallarda “Azərbaycan” adı Qafqaza, Dərbəndə qədər olan ərazilərə şamil edilirdi, Arazın şimalı ilə cənubu vəhdət təşkil edirdi və Arazın hər iki tərəfində yaşayan xalq oxşar həyat tərzinə malik idi.
Yaxın Şərqin siyasi tarixində böyük rol oynayan Atropatena və Albaniya dövlətləri öz mövcudluqları dövründə Azərbaycan xalqının formalaşmasında, dini-mənəvi dəyərlərinin inkişaf etməsində, etnik-siyasi birliyin yaranması prosesində olduqca əhəmiyyətli rol oynamışlar.
İslamiyyət dövrü Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoyur. Bu dövrdən etibarən Azərbaycanın etnik-siyasi və coğrafi hüdudları vahid “Azərbaycan”adı altında birləşir. Bu dövrdən etibarən ərəb qaynaqlarında məmləkəti Azərbaycan və burada yaşayan qədim əhali türk etnosu kimi qeyd olunur.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, orta əsrlər dövründə Azərbaycan tarixi ilə bağlı yerli azərbaycanlı müəlliflər tərəfindən yazılmış tarixi əsərlər müxtəlif dövlətlərin arxivlərində gizli saxlandığı üçün, bu dövr tarixini əcnəbi müəlliflərin əsərləri əsasında araşdırmağa məcburuq.
Belə əsərlər sırasında Əbu-l-Xeyr Nimətullah ibn Muhəmməd əs-Səlmasinin XI əsrdə qələmə aldığı “Azərbaycan tarixi” əsərini, eləcə də “Marağa tarixi” və “Arran tarixi” adlı əsərləri misal göstərmək olar. Belə əsərlərdən biri də XII əsrdə yaşamış Fəxrəddin Əbu-l-Fəzl İsmayıl bin Müsənna ət-Təbrizi adlı Azərbaycan tarixçisinin “Azərbaycan tarixi” əsəridir. Həmin əsərlər aşkar edilərək ortaya çıxarılsa bu, Azərbaycan tarixi gerçəklərinin öyrənilməsi üçün böyük bir töhfə olardı.
İslamiyyət dövrü tarixi qaynaqlarda Azərbaycanın siyasi coğrafiyası “Şimalda Dərbənddən başlayaraq, cənubda Həmədana qədər, şərqdə Xəzər dənizi və qərbdə Ərzənruma qədər...” ərazilərlə hüdudlanır.
Azərbaycanın şimal hüdudlarının Dərbəndə qədər uzanması haqqında ilk məlumata Xəlifə ibn Xəyyat əl-Usfurinin əsərində rast gəlirik. O, yazır: “91-ci (709-cu) ildə Məsləmə türklərə qarşı yürüş etdi və Azərbaycan tərəfdən əl-Baba çatdı”.
Ət-Təbərinin əsərinin X əsrə aid fars dilindəki tərcümələrindən birində “Azərbaycan və Dərbəndin fəthi” adlı fəsil vardır. Həmin fəsildə Azərbaycanın şimal sərhədi aydın bir şəkildə Dərbənd sayılır. Orada deyilir ki, Həmədan və Zəncandan Dərbəndə qədər olan şəhərlərin hamısı Azərbayqana (Azərbaycana) aid edilir. Müəllif əsərində qeyd edir ki, “Məsləmə ibn Əbdu-l-Malik türklərə qarşı yürüş etdi, Azərbaycan nahiyələrindən olan əl-Baba çatdı və orada qalalar və şəhərlər fəth etdi”.
Nəşvan ibn Səid əl-Himyərinin “Muluku Himyər və əqyalu-l-Yəmən” (“Himyər padşahları və Yəmən hökmdarları”) adlı əsərində də Arazdan şimalda yerləşən və Dərbəndə qədər uzanan bütün torpaqlar “Azərbaycan türklər ölkəsinə” aid edilmişdir. Burada “Bab” (Dərbənd) şəhəri Azərbaycan ölkəsinin şəhəri kimi göstərilmiş və “türk şəhəri” adlandırılmışdır.
XIII əsr müəlliflərindən Yaqut Həməvi “Mucəm əl-buldan” əsərində Azərbaycanın sərhədlərini belə təqdim edir. “Azərbaycanın sərhədləri şərqdə Bərdədən, qərbdə Ərzincana qədər, şimalda isə Deyləm, Cibəl və Taromla həmsərhəddir”.
Dövrün tədqiqatçısı Ramil Ağayev ərəbdilli müəlliflərin əsərlərində verilən məlumatlara əsaslanaraq qeyd edir ki, “Artıq Ərəb xilafəti dövründə Azərbaycan dedikdə həm Araz çayından cənubdakı ərazilər, həm də Arran və Şirvan torpaqları da daxil olmaqla, Araz çayından şimaldakı Dərbəndə qədər olan ərazilər başa düşülürdü. Başqa sözlə, tarixi Azərbaycan torpaqları cənubda Zəncandan başlayaraq, şimalda Dərbəndə qədər, şərqdə Xəzər dənizi sahillərindən başlayaraq, qərbdə Tiflis şəhəri, Van gölü, Ərzincan, Dəclə çayı yaxınlığınadək olan əraziləri əhatə edirdi.
Dünya tarixçiliyində mövcud olan “elmi nəzəriyyə”yə görə, Azərbaycan türklərinin orta əsr dövlətçilik tarixinin formalaşması Səlcuq türklərinin Azərbaycana gəlişi ilə bağlıdır. Bu nəzəriyyə Azərbaycan türklərinin aborigen statusuna kölgə salır, dövlətçilik tariximizin inkişafında mühüm rola malik olan Kür-Araz mədəniyyətini inkar edir, səlcuqların gəlişinə qədər Azərbaycan ərazisində mövcud olan dövlətlər qeyri-türk əhalisinin yaratdığı dövlətlər kimi təqdim olunur. Bu nəzəriyyənin ən fəlakətli tərəfi ondan ibarətdir ki, əksər ərəb mənbələrində qeyd edilən, “Şimalda Dərbənddən başlayaraq, cənubda Həmədana qədər, şərqdə Xəzər dənizi və qərbdə Ərzincana qədər...” böyük bir ərazini öz hüdudları daxilinə alan Azərbaycan məmləkətində əhalinin türkləşməsini və azərbaycan-türk dövlətçilik sisteminin formalaşmasını səlcuq türklərinin bu bölgəyə gəlişi ilə bağlayırlar.
Vaxtı ilə linqvistik materiallara əsaslanan N.Y. Marr türk xalqlarının ata yurdunu Ön Asiyada müəyyənləşdirmişdir. Lakin elmdə ortaya atılan bir sıra nəzəriyyələr, o cümlədən, “Altay” nəzəriyyəsi türkologiyada bu fikrin inkişaf etdirilməsinə mane olmuşdur. Çünki həmin nəzəriyyələrin tərəfdarları türk xalqlarının mənşəyini və onların əzəli yurdunu yalnız şərqdə axtarırlar. Halbuki, qədim dil əlaqələrini əks etdirən faktlar türk xalqlarının ata yurdunu Ön Asiyada lokallaşdırır.
Təbəri qədim qaynaqlarda Azərbaycanın türk ölkəsi (məmləkəti) kimi verildiyini yazır. O yazır ki, “Musa peyğəmbərin vaxtında İranın mifik hökmdarı Mənuçehrə tabe olan və müharibələrdə göstərdiyi igidliklərə görə Er-Ra-iş ləqəbini alan Yəmən hakimi Haris bin Ebu-Südad yürüşlərindən birini Mosula yönəldir. Atlı bölüklərə Şemir bin Attaf adlı birini başçı təyin edib türk məmləkətinə göndərir... Şemir Azərbaycana sahib olan türklər üzərinə yürüdü, savaş ərlərini öldürərək çoluq-çocuqlarını əsir aldı. Sonra bu səfərdə olub-bitənləri iki daşın üzərinə yazdırdı ki, bunlar Azərbaycanda marufdur».
Futuhat ərəfəsində və Ərəb xilafəti dövründə Azərbaycanda yaşamış türkdilli əhali haqqında məlumat verən VII əsr müəlliflərdən biri də Übeyd ibn Şəriyə əl-Curhumidir. “Kitab ət-tican” əsərinin nəşrlərində I Müaviyənin Übeyd ibn Şəriyə ilə dialoqlarından biri aşağıdakı kimidir: Müaviyə dedi: “Sən Allah, Azərbaycan (haqqında) fikrin nədir”? (Übeyd) dedi: “O türk torpaqlarındandır. Onlar orada məskunlaşmışlar”.“Müaviyə dedi”: “Azərbaycan və türk nə deməkdir?”. Ubeyd dedi: “Ya əmirəlmöminin, hər ikisi onların ölkəsidir”.
Görkəmli şərqşünas Ziya Bünyadov haqlı olaraq qeyd edir ki, «Bəzi tədqiqatçıların qeyd etdiyi kimi, Azərbaycanda türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı”. Bu inkaredilməz faktlar ərəblərin hücumları ərəfəsində və onların hakimiyyəti dövründə Azərbaycan əhalisinin əsasən, türklərdən ibarət olduğunu birmənalı şəkildə sübut edir.
Dövrün tədqiqatçısı Ramil Ağayev qeyd edir ki, ərəb və farsdilli mənbələrdə eləcə də, Suriya mənbələrində “Azərbaycanın erkən orta əsrlər dövründə hər hansı bir qeyri-türk etnosun əlində olması” haqqında heç bir tutarlı fakta rast gəlmirik.
Orta əsrlər dövrü qaynaqlarının verdiyi məlumatlara əsaslanaraq deyə bilərik ki, səlcuqların gəlişinə qədər yerli Azərbaycan əhalisinin dili, dini, siyasi və fəlsəfi dünyagörüşü artıq formalaşmış, aborigen Azərbaycan türklərinin yaratdığı böyük şəhərlər, siyasi və mədəniyyət mərkəzləri haqqında dövrün tarixçiləri və coğrafiyaçılarının əsərlərində heyranlıqla təsvir edilmişdir.
Ümumiyyətlə, Sasani-fars mədəniyyətinin və İslam dini əsasında formalaşmış ərəb mədəniyyətinin qarşısında yüz illərlə rəqabət apararaq davam gətirmiş, hətta bu gəlmə mədəniyyətləri özünəməxsus mədəniyyəti içərisində əridən Azərbaycanın yerli türk əhalisinin mədəniyyətini və dilini səlcuq türklərinin qısa zamanda öz yarımköçəri həyat tərzi və tam formalaşmamış şəhər mədəniyyəti içərisində əritməsi fikri olduqca qeyri-məntiqlidir və dövrün tarixi əsərləri bu subyektiv təhlilləri təsdiq etmir. Digər tərəfdən Azərbaycanda yaşayan və mədəniyyət səviyyəsi Azərbaycan türklərinin mədəniyyət səviyyəsindən heç də öndə olmayan qeyri-türk etnoslarının səlcuqlar tərəfindən türkləşməyə məruz qalmaması və günümüzə qədər öz dil və adət-ənənələrinin mövcudluğu,Azərbaycan əhalisinin “türkləşmə” nəzəriyyəsi istiqamətində fikirlərin tutarlı elmi əsasının olmadığını bir daha ortaya qoyur.
Lakin qeyd edək ki, XI əsrin ortalarına doğru Səlcuq-Oğuz türklərinin Türküstan bölgəsindən Qərb istiqamətində yürüşləri, Azərbaycan və Anadolu tarixində əhəmiyyətli rol oynamışdır. Bu yürüşlər nəticəsində Yaxın Şərq bölgəsində qədimdən mövcud olan türk etnosunun etno-siyasi və hərbi mövqeyi daha da möhkəmlənmişdi. Xüsusilə də Anadolu bölgəsində oğuz-səlcuq türklərinin etnik siyasi gücə çevrilməsi Anadolu və Azərbaycan coğrafiyasında qeyri-islam və qeyri-türk faktorunun hegemonluq təşəbbüslərinə son qoydu. Səlcuq yürüşləri sonrakı dövrlərdə yüz illər boyu Yaxın və Orta Şərqdə hakimiyyət sürən türk siyasi hakimiyyətləri üçün böyük imkanlar yaratdı.
XII-XIV əsrlər Azərbaycan dövlətçilik
tarixi üçün
olduqca mürəkkəb siyasi
hadisələrlə zəngin olan bir dövrdür. XII əsrin birinci
yarısından etibarən Azərbaycanda, XI əsrin
ortalarında Səlcuq türklərinin gəlişi nəticəsində
ləğv edilmiş yerli
dövlət-idarəçilik sistemi yenidən
dirçəlməyə başladı. Bu
dövrdə Səlcuq imperiyasının süqutu
nəticəsində Azərbaycanda yerli
dövlətçilik ənənələrinin bərpası
istiqamətlərində siyasi təşəbbüslərin
şahidi oluruq. Səlcuq imperiyasının süqutundan
sonra Azərbaycan Eldənizlər dövlətinin
və Azərbaycanın şimal-şərq hüdudlarında
siyasi mövqeyini qorumağa çalışan Şirvanşahlar
dövlətinin siyasi müstəqillik təşəbbüsləri
yerli dövlətçilik ənənələrinin
bərpası istiqamətində atılmış əhəmiyyətli
addımlar idi. Lakin
XIII - XIV əsrlərdə Monqol
işğalları və Əmir Teymurun
Azərbaycana hərbi yürüşləri, Azərbaycanda yerli dövlətçilik sisteminin
formalaşmasını müəyyən müddətə qədər
təxirə saldı.
(ardı var)
Dos.Dr. Mübariz Zahid oğlu
Ağalarlı
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu
Palitra 2019.- 19 aprel.- S.10.