Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış

 

Azərbaycanda milli ideologiyanın

yaranmasınaqədərki dövrdə (XIX yüzilliyə qədər)

milli mənəvi dəyərlərin rolu

 

Etnos, millət, milli ideya, milli ideologiya

b. anlayışların məzmunu və təkamülü

 

əvvəli ötən saylarımızda

 

Qeyd edək ki, ideologiya ideyalar, milli ideologiya isə milli ideyalar nəticəsində, yenə də Avropada yaranmışdır. Ayrı-ayrı obrazları, təsəvvürləri və s. ilk dəfə formulə edərək ideologiya adlandıran isə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində, fransız filosofu və iqtisadçısı A.Destyuq de Trasi olmuşdur. Trasi "İdeologiya elementləri" kitabında ilk dəfə "ideologiya" terminindən istifadə etmişdi. O, dünyanı qavramaqda və şüur hadisələrində etikanın, əxlaqın, siyasətin əsasını tapmağa, onların məntiqi və psixoloji izahını verməyə cəhd edirdi [218, 232]. Onun fikrincə, ideologiya ideyaların ümumiliyi, ideya haqqında anlayış və fikirdir. Trasinin davamçıları Kabanis, Volney, Helvetsi və b. olmuşdur.

Almaniyada ideologiyanın inkişafında mühüm rol oynamış klassik alman filosofu Hegel isə ideya, ideologiya, mənəviyyat və s. məsələləri şərh etmiş, onların qarşılıqlı bağlılıq məsələsinə toxunmuşdur. Hegelə görə, cəmiyyətdə, dövlətdə ideologiya önəmli yer tutur [203, 481]. Ümumiyyətlə, klassik alman filosofları ideologiyanı tarix və fəlsəfənin qovşağında mövcud olan ideyalar sistemi kimi tədqiq edirdilər.

K.Marks və F.Engels əvvəlcə ideologiyanın "iqtisadi bazisə" malik olan gerçəkliyin obyektiv əksi olduğunu söyləmiş, daha sonra "sinfiliyini" "materialist" mövqedən izah etmişlər. Marksizmin banilərinə görə, ideologiya maddi zəminə söykənir və müəyyən sinif və sosial qrupların yaratdıqları obyektiv gerçəkliyin təhrif olunmuş inikası olan sosial konsepsiyadır. İdeologiya üstqurma aiddir ki, onun formalaşmasının əsasını bazis, yəni iqtisadiyyat təşkil edir [203, 503-504]. Marksist filosoflar ideologiyaya cəmiyyətdə mütərəqqi və mürtəce ictimai qüvvələr arasındakı ideya-siyasi mübarizə forması kimi baxırdılar. Onlar "hakim" və "məhkum", "mütərəqqi" və "mürtəce" siniflərin ideoloqlarını fərqləndirirdilər [260]. Onlar yazırlar: "Fəhlənin vətəni yoxdur. Fəhlələrin olmayan bir şeyini onların əlindən almaq da olmaz. Proletariat ən əvvəl siyasi hökmranlığı ələ almalı, milli sinif vəziyyətinə çatmalı və bir millət kimi təşəkkül tapmalı olduğundan özü hələ millidir, hərçənd bu millilik heç də burjuaziyanın anladığı mənada deyildir" [70, 105].

Liberalizm ("azadlıq", "azad seçmək hüququ") isə iqti­sa­di, siyasi, mənəvi sahələrdə yeniliyi, inkişafı ifadə edirdi. Mənəvi, iqtisadi və siyasi inhisarın əleyhinə çıxan liberalizm cərəyanında fərdin həddən artıq azadlığı, vətəndaşların hüquq bərabərliyi, dövlətin müqavilə əsasında təşkili prinsipləri əsas yer tuturdu [203, 402-415]. Qeyd edək ki, liberalizm özü də bir neçə istiqamətdə: 1) klassik; 2) utilitarizm; 3) iqtisadi; 4) sosial liberalizm; 5) neoliberalizm və s. inkişaf etmişdir. Klassik liberalistlərdən T.Hobbs cəmiyyətdə fərdin yerini müəyyənləşdirməyə çalışmış, fərdlə dövlət arasında ictimai müqavilə bağlanmasının vacib hesab etmişdir. İctimai müqavilə cəmiyyəti konstitusiyalaşdırmaqla yanaşı, fərdin dövlət, dövlətin isə fərd qarşısında azad­lıq­larının sərhədlərini müəyyənləşdirmiş olur [203, 284]. Liberal demokratiyanın atası hesab olunan Con Lokk isə T.Hobbsdan fərqli olaraq, dövlətlə müqayisədə fərdin azadlıqlarına daha çox üstünlük vermişdir: "İnsan dünyanın hər hansı bir insanı kimi tam azad yaşamaq, təbii qanunun bütün hüquq və imtiyazlarından digər insanlar kimi eyni dərəcədə qeyri-məhdud bəhrələn­mək hüququ ilə birgə doğulur və o, fitrətən öz mülkiyyətini, yəni öz həyatını, azadlığını, əmlakını digər insanların qəsd və hücumlarından yalnız qorumaq deyil, həm də başqaları bu qanunu pozduqda onları mühakimə etmək... hakimiyyətinə malikdir" [70, 52]. Sosial liberalizmin nümayəndəsi Con Sütuart Mill isə şəxsi azadlığı, yəni söz azadlığını, mətbuat azadlığını, ləyaqət hissini, düzgünlüyü və sosial rifahı liberalizmin mərkəzi və mühüm dəyərləri hesab etmişdir [203, 408]. Çağdaş liberal nəzəriyyəni inkişaf etdirən C.S.Millin fikrinə görə, insan hüquqları hər cür hörmətə layiqdir, çünki bunlar cəmiyyətin sabit inkişafı və ümumi xoşbəxtliyin əldə edilməsi üçün zəruridir: "Fərdin... yalnız özü üçün zərərli olan, lakin bu və ya digər fərdə birbaşa ziyan gətirməyən hərəkətlərinə gəldikdə isə, bu hərəkətlərin cəmiyyətə yetirəcəyi bəla yalnız təsadüf nəticəsində ola bilər... cəmiyyət digər Ali Xeyrin - fərdi azadlığın qorunub saxlanılması naminə bu bəlaya dözməlidir" [70, 110]. Gördüyümüz kimi, bütövlükdə liberalizmin əsasında fərdi azadlıq ilə iqtisadi sərbəstlik dayanır, burada "millət", "milli ideya" anlayışı, demək olar ki, xüsusi məna kəsb etmir.

XIX əsr Azərbaycan filosofu M.F.Axundzadə bütün müsəlman Şərqində, o cümlədən Azərbaycan fəlsəfi fikir tarixində modernizmin, yəni demokratik və liberal ənənələrin banisi hesab olunur. Buna səbəb M.F.Axundzadənin mü­səlman mütəfəkkirləri arasında ilk dəfə Qərb mədəniyyətinə fəlsəfəsinə aid anlayışları, yəni "liberalizm", "demokratiya", "parlament", "sivilizasiyon", "patriot", "revolyusiya" və s. şərh etməsi, eyni zamanda Avropa dəyərlərinin islam Şərqi ölkələrində də tətbiq olunmasının zəruriliyini göstərməsi olmuşdur [2, 248; 246].

M.F.Axundzadə Qərbin liberal və demo­kratik ənənələrini təftiş etmədən müsəlman ölkələrində həyata keçirilməsini vacib hesab etdiyi halda, XX əsrin əvvəl­lərində Azərbaycan türkçülü­yünün ideoloqu M.Ə.Rəsulzadə həmin dəyərlərə bir qədər tən­qidi yanaşaraq, daha çox Şərq və Qərbin mütərəqqi ideyaları­nın sintezindən çıxış etmişdir. Bu baxımdan M.Ə.Rəsulzadə cəmiyyətin siyasi təşkili və idarə edilməsi ilə bağlı marksizm-leninizm və liberalizm nümayəndələrinin irəli sürdükləri bəzi mülahizələri tənqid etmişdir: "Liberal dövlət bizzat kəndi sisteminin məhsulu olan kapitalizmin doğurduğu böhranla mücadilədən acizdir. Bu təzada yenə cəmiyyət içərisində doğan yeni qüvvətlər qarşı gəlirlər. Kapitalizmin doğurduğu proletar sinfinə dayanan inqilabçı sosializm ideolojisi doğur. Digər adı kommunizm olan bu ideolojiyə görə, burjua cəmiyyətini iztirablar içində tutan şey liberalizmin istehsal sahəsindəki anarxiyaya izn verən fərdiyyətçiliyidir. İstehsal alətləri üzərindəki şəxsi mülkiyyət haqqı baqi qaldıqca-kommunistlərə görə-insan cəmiyyətinin iztirabına son gəlməz. Cəmiyyətlərin bir millət və dövlət içində vəhdətləri onlarca bəhs mövzusu olmaz" [191, 14-15]. M.Ə.Rəsulzadə yazır ki, vətən və millət hissini deyil, sinifləri əlində bayraq edən kommunizm kimi, fərdləri əsas olaraq qəbul edən liberalizm də daha kosmopolit və internasionaldır: "Solidarizm isə millidir. Çünki sadə şəxslərin və siniflərin maddi mənfəətə bağlı xüsusiyyətlərinə deyil, siniflər və fərdləri bir cəmiyyət halına gətirən mənəvi qüvvətlərə böyük qiymət verir. Bu mənəvi qüvvətlər isə millət və dövlətlərin gerçəkləşməsində birləşdirici amil ola­raq təsir edən dil, din, tarix və ümumiyyətlə, kültür və ortaq ideal kimi mənəvi qüvvətlərdir" [191, 16]. Rəsulzadənin fikirlərin­dən belə çıxır ki, liberalistlər və marksistlər "millət"dən daha çox fərdiyyətçiliyə və sinfə üstünlük veriblər. Ancaq soldarizmdə "millət" öz tarixi rolunu qoruyub sax­layır. Ona görə də, M.Ə.Rəsulzadə dünyada hakim olan iki əsas sistemdən fərqli olaraq belə bir müddəa irəli sürür: "Ma­dam ki, millətçiyiz, diyoruz; madam ki, milli dövlət istiqlalını müdafiə ediyoruz, o halda bizim üçün nə kos­mopolit liberalizmə və nə də kommunizmə təhəmmül caiz olamaz. Bizcə müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir" [191, 16].

Müstəqillik dövründə də milli ideologiya və ideologiya anlayışları öz əhəmiyyətini itirməmişdir. Məsələn, bir sıra kitablarda, o cümlədən "Politologiya. İzahlı lüğət"də milli ideologiya millətin dövlət hakimiyyətində maraqlarını və dəyərlərini ifadə və müdafiə edən ideyalar sistemi kimi, eləcə də milli siyasi hərəkatların mənəvi əsası kimi verilir: "Milli ideologiya özlərinin sosial statuslarının yüksəlməsini milli mənsubiyyətlə bağlayan vətəndaşların siyasi tələblərini ifadə edir. Xarici şəraitdən və əhalinin milli özünüdərkindən asılı olaraq siyasi qüvvələr millətin mədəni özünəməxsusluğunun qorunmasını, millətin həyati mənafelərinin təmin olunması naminə geosiyasi məkanı genişləndirməyi və ya öz ərazisini və milli suverenliyini xarici müdaxilələrdən qorumağı, "yerli millət" üçün imtiyazlar yaradılmasını tələb edə bilərlər" [189, 207]. Digər kitablara görə, ideologiya "bu və ya digər qrupun hakimiyyət iddialarına haqq qazandırmağa istiqamətlənmiş ideya və fikirlər məcmusu" [190, 223], yaxud da siyasi, hüquqi, əxlaqi, estetik, dini, fəlsəfi baxışlar və ideyalar sistemidir [93, 170].

Çağdaş Azərbaycan alimlərinin əksəriyyətinin əsərlərində milli ideya, ideologiya və milli ideologiya anlayışları ilə bağlı irəli sürülən mülahizələr isə, müəyyən cüzi fərqləri nəzərə almasaq, yuxarıdakı müddəalardan ciddi şəkildə fərqlənmir. Məsələn, ideologiya haqqında klassik baxışa əsaslanan R.Mehdiyevə görə, ideologiya baxış və ideyaların rasional şəkildə əsaslandırıl­ması kimi yaranır, tam dünyagörüşü kimi isə sosial aləmin mənzərəsi, şəxsiyyətin obrazı, eləcə də daha çox siyasət, siyasi dəyərlər və proseslərlə bağlıdır: "İdeologiya müəyyən sosial funksiyaları yerinə yetirərək, sosial qrupların və ictimai-siyasi cərəyanların maraqlarına uyğun gələn təfəkkür və davranış tərzi tipləri, yaxud hətta sosial fəaliyyət proqra­mı hazırlayır" [156, 29]. Başqa bir müəllif Y.Rüstəmov isə yazır ki, ideologiya siyasi prosesdə öz yerini partiyaların rəqabətinə verir: "Lakin bu o demək deyildir ki, ideologiya, ümumiyyətlə yox olur. İdeologiya siyasi, hüquqi, fəlsəfi, əxlaqi, dini, estetik ideya və görüşlər sistemi kimi qalır. Bu o deməkdir ki, ideologiyasız cəmiyyət mümkün deyil" [197, 346-347]. Yuxardakı müd­dəa­lardan bir qədər kənara çıxmaq istəyən A.Şükürov isə bir tərəfdən iddia edir ki, milli ideologiya millətlə birlikdə meydana gəlir və millətin mənəvi tərəqqisi milli ideyanın başlıca vəzifəsidir. Digər tərəfdən yazır ki, milli ideya "milliyyətindən, dinindən asılı olmayaraq hamının başa düşüb danışdığı dilə, eyni, yaxud oxşar adət-ənənəyə, ümumi psixoloji amillərə malik olan cəmiyyətin mənafeyini təmsil, müdafiə edir" [218, 231].

Fikrimizcə, A.Şükürov unutmuşdur ki, milli ideologiyanın yaranmasında, müəyyən mənada başqa etnik qruplar iştirak edə biləcəyi halda, milli ideya yalnız bir millətin məhsuludur. Bu baxımdan Y.Türkel doğru qeyd edir ki, "milli ideya - milli özünütəsdiq məqsədilə yaradılmış milli-mənəvi dəyərlər sistemidir. Bir yandan əhalinin uzun tarixi varlıq tək keçdiyi yolu, sosial-siyasi birlik kimi özünüdərkini, o biri yandan millətin varlığını, maraqlarını, iqtisadi, siyasi, mədəni inkişaf yönünü göstərir. Məsələn, rus milli ideyası, türkçülük və b." [224, 316]. Akademik Əfrand Daşdəmirov da doğru olaraq milli ideyanın yaranmasında milli özünüdərkin rolunu qeyd etmişdir: "Milli ideya etnosun məqsədinin və özünüdərkinin ən ideologiyalaşmış sahəsi kimi millətin ideya-mənəvi, ruhi həyatının spesifik fenomeni, ictimai-siyasi şəraitin etnikləşməsi amilidir" [248, 4]. Bu müəlliflərin fikirlərinə qatılaraq, biz də hesab edirik ki, milli ideya konkret bir millətlə (türk, rus, fars və b.) bağlı yaranır.

 

Ardı var...

 

Faiq Ələkbərli,

AMEA Fəlsəfə İnstitutunun

aparıcı elmi işçisi, dos., dr.

 

Olaylar.- 2019.- 25-26 aprel.- S.13.