Publi Maron Vergili
Türksoylu İtaliya
şairi
Antik dövrün böyük
şairi, "Eneida" eposunun yazarı Publi Maron Vergilinin
etnik mənsubiyyəti haqqında fərqli fikirlər var.
Əsərlərini latın dilində
yazıb-yaradan şair bəzi tədqiqatçılara görə
latın, bəzilərinə görə etrusk mənşəlidir.
Vergili latın mənşəli deyildi. Bu barədə Roma dövrü tarixçilərinin
əsərlərində, eləcə də şairin
"Eneida" eposunda yetərincə bilgilər var. Ancaq
şair etrusk əsilli də deyildi. Ədəbiyyat
tarixçiləri yanlış olaraq Troyadan İtaliyaya
köçən Asiya mənşəli etnosları
çoxunu etrusk adlandırırlar.
İlionun süqutundan sonra yalnız etrusklar yox, Ön
Asiyanın bir çox döyüşkən nəsilləri
Aralıq dənizindəki adalara, İtaliyaya, İspaniyaya,
Tunisə köçmüşdülər. Onlar sarıçinlər,
karamanlar, danaylar, dunaylar, itallar, sabaçilər, albanlar,
toskanlar, tiberlər, iberlər, qumlular, şuşalılar, bərdəlilər
və b. idilər [1.S.15; 2.S.108, 345; 3.S.378, 440; 4.S.12; 5.S.11-12].
Vergili yazır ki, Eney öz donanması ilə Karfagendən
Siciliyaya gəldi. Orada atası an-Kızın qəbrini və
ilahə Ananın məbədini ziyarət edib, İtaliyaya
üz tutdu. O zaman Tiber adlanan Tibr çayının dənizə
töküldüyü yerdə sahilə çıxdı. Bu zaman cəsur etrusklar ona qoşuldular [1.S.108; 2.S.15,
108, 345; 5.S.189].
Bu sətirlər aydın göstərir ki, etrusklar Eneyin
nəslindən deyillər. Eneyin müttəfiqidirlər.
Şuşa, Bərdə alpları da Eneyin nəslindən
deyildilər. Onlar Elamdan Troyanın
müdafiəsinə gəlmiş, orada Eneyin və Parisin
müttəfiqləri kimi döyüşə girmişdilər.
Homer
yazır ki, İlion şəhərini Assuriyanın himayəsi
altında Şuşa cəngavərləri
qoruyurdular. Onlar öz döyüş
arabaları ilə Suzianadan Troya çarı Pirama köməyə
gəlmişdilər. Şuşa cəngavərləri
döyüşlərdə yunanların tərəfdarı
Axillə ağır zərbələr vurdular [6.S.100].
Yunan
dilində "ş" səsi olmadığına görə,
"İliada" eposunda Şuşa zadəgan
nəslinin adı Susa, Suza formalarında yazıya
alınmışdır. Şuşa mahalı isə
Suziana adlandırırlır.
V.İ.Masson yazır ki, Suziana Elamın mərkəzi
vilayətinin yerli dildəki adı deyil, yunanlaşmış
adıdır [7.S.308]. Z.A.Raqozinaya görə, qədim
yazılı mənbələrdəki Suz və Suziana eyni
şəhərdir [8.S.298, 311]. B.A.Turayevin fikrincə,
Şuşa şəhəri bəzi mənbələrdə
Suz, bəzilərində Suza kimi yazıya alınmışdır[9.S.79].
Yunan tarixçilərinin əsərlərindəki
Suziana indiki Xuzistandır. Kvinta Kursiya yazır ki, Xuzistan
ölkəsinin qədim adı Şuşa
olmuşdur [10.S.521].
Şuşa və şuşalılar haqqında ilkin mənbələrdən
biri Xuzistanın Yeddi təpə yaşayış məskənindən
tapılan mixiyazılı kitabədir. E.ö. II minilliyin əvvəllərinə
aid həmin kitabədə Xuzistan Şuşa kahin və zadəgan
nəslinin ölkəsi kimi xatırlanır[11.s.135].
İlk
orta əsr mənbələrində də Xuzistan Suziana yox, Şuşa adlandırılır. Cahiz əl-Bəsri
Xosrov Pərvizin zamanında yaşamış Səhm bin-Şəfran
ət-Tirmizinin dilindən belə bir cümlə verir: - Biz
onların Mədaində və Şuşada nə məqsədlə
zeytun ağacları əkdiyini bilirik [12.S.55].
Assuriya
hökmdarı Aşşurbanipalın e.ö. 653-cü ildə
yazdırdığı kitabədə deyilir: - Mən
çar Tumanın (mətndə te-um-man) əsgərlərini
qırdım, qanlarını Ulaya çayına
axıtdım, cəsədlərini Şuşanın
çöllərinə səpələdim [13.S.324, 326].
Aşşurbanipal kitabədə Şuşanı nəhəng
şəhər adlandırır. Şəhərin əhalisi
e.ö. VII əsrdə 45 min nəfərə
çatmışdı. Bu, o zaman
üçün meqapolis idi.
Şuşa cəngavərləri Troyanın
işğalından sonra Elama qayıtmadılar. Eneyin
arxasınca Afrikanın şimalına köçdülər.
İndiki Tunisin yerində Şuşa şəhərini
saldılar. Publi Maron Vergilinin baralyefi həmin
Şuşadan tapılmışdır [3.S.5].
Abidə qoyulanda şair Romada yaşayırdı. Şuşalılar
onun soydaşları olmasaydılar, öz şəhərlərində
abidəsini qoymazdılar. İtaliyaya
köçəndə barelyefini söküb, özləri ilə
aparmazdılar.
Necə oldu ki, şuşalılar yüz illərlə
qan töküb qoruduqları şəhəri buraxıb, Tunisdən
İtaliyaya köçdülər. Buna səbəb Pun
müharibəsi oldu. Şuşa alpları
III Pun müharibəsində italiklərin tərəfini
saxlayırdılar. Bu fədakarlığın
qarşılığında onlara İtaliya vətəndaşlığı
verildi.
Fasilələrlə
145 il davam edən Pun müharibəsi qurtardı.
Şuşalılar İtaliyanın şimalına
köçüb, Toskana ilə İsveçrənin
arasında yeni Şuşa şəhərini
saldılar [5.S.189; 14.S.110].
Maraqlıdır
ki, tarixən harda Şuşa şəhəri
salınırdısa, onun yaxınlığında Bərdə
şəhəri də olurdu. Elamda həm Şuşa,
həm Bərdək şəhəri var idi. Həmin şəhərlərin
əhalisi Qafqaza köçüb, əvvəl İberiyada,
sonra Albaniyada Şuşa və Bərdək
şəhərlərini saldılar. Bərdə
Bərdək şəhərinin adının ərəb
variantıdır.
Şuşa və Bərdək
döyüşçüləri Troyanın müdafiəsinə,
oradan İtaliyaya birlikdə getdilər. Onların Aralıq dənizi
hövzəsində saldıqları şəhərləri
yunan latın tarixçiləri Parteoniya və
Parteqoniya adlandırırlar [3.S.9]. Parteqoniya Bərdə,
Parteoniya Bərdək nəslinin ölkəsi deməkdir.
Politeizm
dövründə Şuşa alplıq və
ərənlik, Bərdək gözəllik kultu idi. Əcdadlarımız bardaq adlandırdıqları
qadın bütlərinə sitayiş edirdilər.
Maraqlıdır ki, Troya hökmdarı Piramın xəzinəsi
belə bardaqlarda - saxsı küplərdə saxlanırdı
[bax: qadına bənzər saxsı küplər].
Yunanlar ilahə Bərdəkin adını Breseida
formasında öz dillərinə daxil etdilər. İlahə
Breseida İlion şəhərini tutmaq istəyən
yunanların yox, troyalıların tərəfini
saxlayırdı. Vergili öz əsərində
ilahə Breseidanı troyalıların himayədarı kimi təqdim
edir.
Vergilinin
sağ çiyini üzərində ilahə Melibey dayanıb.
Melibey ilham pərisi kimi epik poeziyanı himayə edirdi [bax:
Vergili və pərilər].
İlahə Melibeyə sitayiş edən türklər
özlərini Melıbeyli adlandırır və Troyanın
süqutundan qabaq hardasa İlion yaxınlığında
yaşayırdılar. Afina şəhərinin yerində qədim
Malica qalasını onlar salmışdılar.
Laçının
Malıbəy, Şuşanın Malıbəyli kəndlərinin,
Nic kəndinin Melibey məhəlləsinin avtoxton əhalisi qədim
malıbəylərin son qalıqlarıdır.
Alban, Bərdək,
Şuşa, Aran müdrikləri Avropada qədim
mədəniyyətin təməlini qoydular. İllər
keçdi, onlar latın mənşəli
çoxluğun içində əriyib itdilər. Saldıqları şəhərlər romalılara vətən,
özlərinə məzarlıq oldu.
Həmin mədəniyyətdən yalnız arxeoloji
tapıntılar, bir də Vergilinin "Eneida" poemasında
sözlər qalmışdır. Həmin sözlər
bəs edir ki, biz İtaliyanın romalılara qədərki
tarixinə və mədəniyyətinə varislik
iddialarımızı irəli sürək.
Durna -
Vergilidə: 1. Eneyin düşməni, 2. etnos, 3. şəhər
[1.S.432; 3.S.143].
Durna Eneyi Asiya satqını adlandırır. Çünki
Eney Durna kimi asiyalı və türk olaraq
qalmamışdı. Əcdadlarının dinindən
üz döndərmiş, latın
qızı Lavina ilə evlənmiş, yeni hibrid bir din
yaratmışdı.
Durna nəsli Elladaya [15.S.70], oradan İtaliyaya [3.S.432]
Ön Asiyadan getmişdir. Yəməndə Sana
yolu üstündəki Azaf şəhərinin qədimdə
Durna adlanması [16.S.317] fikrimizi təsdiq edir.
Xəzər xaqanı İosif Kordova xəlifəsinin
maliyyə vəziri Xasday ibn-Şafruta məktubunda yazır ki,
Torna Xəzər tayfalarından biridir [17.S.5-7; 18.S.23].
Əbdürrəşid Bakuvi (XIV əsr) yazır ki,
Torna başqurd tayfasıdır. Onlar durnaya sitayiş
edirlər [19.S.111, 147]. Durnaya sitayişin
izləri türk xalqları arasında XVI əsrə qədər
qalırdı. Təriqət şeyxi
Əhməd Yəsəvi ayin zamanı durna lələyi
sancılmış papaq qoyar, öz hərəkətləri
ilə durnaları yamsılayardı [20.S.29].
Kalkan - Aplu (Apollon) məbədinin kahini, Eneyin və troyalıların
tərəfdarı [21.S.129]. Kalkan totem mənşəli
ad olub, qalxana sitayişlə bağlıdır. Türk
dillərinin tarixi leksikasında qılınc ilə
yanaşı Qalxan kişi adına təsadüf
edirik.
Xer - kahin Kalkanın qızı, Eneyin və çar
Piramın tərəfdarı [21.S.129]. Bulqar və
çuvaş türkləri qıza xer deyirlər. Yunanlar ilahə Xerin adını Xreseida formasında
öz dillərinə daxil etdilər.
Karaman - Vergilinin əsərlərində Afrikanın
şimalında yaşayan xalq. Onlar gəmilərlə
üzərək Siciliya, Korsika adalarına gəlib
çıxır, sonra geri qayıdırlar [2.S.21].
Karamanlar Afrika xalqı deyildilər. Onlar Vergilidən
çox qabaq Türkiyə ilə Suriya arasında
yaşayırdılar. Makedoniyalılarla
vuruşa-vuruşa Tunislə Liviya arasına çəkilmişdilər.
Suriyalı
yepiskop Mixail yazır: - E.ö. 227-ci ildə Makedoniya ağalığına
son qoyuldu. Şərqin bir sıra xalqları, o
cümlədən karamanlar əsarətdən xilas oldular
[22.S.21, 28].
Faruk Sümər yazır ki, bəzi Karaman bəyləri
özlərini Oğuz nəslindən sayırdılar, bəziləri
isə saymırdılar [23.S.177]. Karamanların özək
boyları Aran nəslindən çıxmışdır.
Onların həyatından bəhs edən "Karaman"
dastanı "Oğuznamə"lərdən qabaq
yaranmış, VII əsrin sonlarında İber, daha sonra
İtalyan dillərinə tərcümə olunmuşdur
[24.S.86, 91; 25.S.275; 26.S.20, 23; 27.S.222, 229; 28.S.7].
İmer - Eneylə birlikdə Troyadan Siciliyaya, oradan
İtaliyaya imerlər də tayfa [5.S.195.196; 21.S.735].
İmer qədim türk boylarından biridir. Onların adı qədim
yunan, latın və orta əsr müsəlman
mənbələrində imer, imir, imirli formalarında
yazıya alınmışdır [5.S.11; 29.S.76; 30.S.195].
İ.M.Dyakonov yazır ki, Skandinav miflərində
İmir adlı yenilməz qəhrəman obrazı vardır
[31.S.133]. Bu məlumat onu göstərir ki, imirlər 2 qola
ayrılaraq Ön Asiyadan Aralıq dənizi adalarına və
Baltik dənizi sahillərinə köçüblər.
Kur - qurultay, yığıncaq. Eney donanma ilə
İtaliyaya gəlib çıxanda tərəfdarlarını
kura-xalq məclisinə toplamışdı [2.S.106; 14.S.343].
Kur türk dillərindəki qurultay
sözünün köküdür.
Aqa - Eneyin silahdaşıyanı Pandar ona müraciət
edəndə aqa deyir [21.S.134]. Aqa, yəni ağa
türk dillərinə aid tituldur.
Tolmaç - Siciliyalı Diodor şərq kahinlərini
tolmaç adlandırır [21.S.60]. Sonrakı forması
dilmanc olan tolmaçi türk sözüdür. Slavyan salnamələrində tiverli tərcüməçilər
tolmaçi adlandırılır.
Tula oba - Etrusk güzgü mətnlərində romalıların
mifik anası Kapitoli qancığı əmizdirdiyi oğlan
uşaqları ilə birlikdə Tula oba adlanır. Tula və oba
türk sözləridir. Kızıl
Ordanın Tula adlı xanı var idi. O, 1287-1290-cı illərdə
ordanı idarə etmişdir [32.S.85, 86].
İbn-Rustanın yazdığına görə, Tula tayfası
xəzərlərin şimalında yaşayırdı
[33.S.16]. Rusiya Federasiyasının Tula vilayəti onların qədim
yurdudur. Murad Adcı yazır ki, ruslar Tulada
yaşayan qıpçaqları Tula tatarları
adlandırırdılar [34.S.243].
Misirin "Ölülər kitabı"nda Tula adlı
mifik qəhrəman var. O, Kur çayı ilə yuxarı
üzərək Dadu adlı yerə gəlib çatır
[35.S.37]. Bu məlumat onu göstərir ki, Tula nəsli Kənan
övladlarına qoşulub Nil çayının
deltasını tutmuş, sonra oradan Anadoluya və Qafqaza
qayıtmışdır.
Musa Xorenliyə görə, Tola Kənan mənşəli
knyaz və Avimelexin əmisi oğludur. O, e.ö. 1349-cu ildə
hakimiyyətə gəlmişdir [6.S.123; 36.S.48; 37.S.35, 84;
38.S.127].
Nəzərə alsaq ki, Misirdə yaşayan bəzi Kam
mənşəli etnosların totemi it olmuşdur [38.S.58], deməli
it və qurd haqqında miflər İtaliyaya Ön Asiyadan
getmişdir.
Bars -
Vergili yazır ki, Eney troyalı Paris kimi çiyninə bars dərisi
salırdı. Çünki uşaq vaxtı ona bir dişi
bars süd verib böyütmüşdü. Eney gözəl
üzü, boy-buxunu, çiynindəki ağappaq bars dərisi
ilə Parisə bənzəyirdi [21.S.131].
Totemi bars
olan troyalılar Ön Asiyadan Avropaya köçdülər.
Fransada Paris, İspaniyada Barselona şəhərlərini
saldılar.
At quyruğu - Homer yazır ki, troyalı Paris dəbilqəsinə
at quyruğu taxırdı [21.S.131]. Eney də Paris kimi dəbilqəsində
at quyruğu gəzdirirdi. Vergili yazır
ki, Eney gözəl geyimi və dəbilqəsindəki at
quyruğu ilə Parisə bənzəyirdi.
Türk dövlətçilik tarixində bayraqla
yanaşı tuğlar olmuşdur. Tuğların
başına at quyruğu taxılardı. Tuğ qalxanda
döyüş başlayar, tuğ enəndə savaş bitərdi.
An
Kız - Eneyin atası. An Kız yunanlara
görə Afroditanın, latınlara görə Veneranın,
troyalılara görə Bay Ananın oğludur [3.S.412;
5.S.195-196]. An Kız "göylər
qızının oğlu" deməkdir.
Afrodita
Ana teoniminin yunan, Venera latın dilinə tərcüməsidir
[6.S.293; 39.S.178]. Eneylə birlikdə Troyadan
İtaliyaya köçən türklər öz ana ilahələrini
Venera yox, Bay Ana, Ersək, Erqiçi adlandırırdılar
[40.S.18]. Ersək, Erqiçi Bay Ananın
epitetləri idi. Azov dənizi sahilində
yaşayan xristian urumlar cazibəli gözəl qadınlara indi
də ersək, yəni ərləri özünə cəlb
edən deyirlər.
Araz - Eneyin qalxanında körpüsünə
sığmayan Araz çayının təsviri vardı
[6.S.323]. Araz Ön Asiyanın qədim tanrılarından
biridir [41.S.272; 42.S.417]. Yunanlar onun
adını azca dəyişdirərək Ares formasında
öz panteonlarına daxil etdilər [43.S.217; 44.S.101].
N.Y.Marr yazır ki, tanrı Araza və tanrı Uruza
tapınan etnoslar İtaliyaya yuxarı Araz çayı vadisindən
köçüblər [45.S.34-35, 37].
İlahi Araza və Uruza tapınan türklərin
qalıqları e.ö. IX əsrdə Urartu tayfa ittifaqına
daxil oldular. Onların ölkəsi mixiyazılı abidələrdə
Araza və Uruza formalarında yazıya
alınmışdır [42.S.417; 45.S.35, 42]. Urartu yazılarında -a şəkilçisi teonimlərdən
etnonimlər yaradır.
Azil - etrusklarla birlikdə İtaliyada Eneyə qoşulan
tayfa. Onlar
Tiber, indiki Tiber çayının dənizə
töküldüyü yerdə yaşayırdılar [1.S.105].
Azıl türk etnosudur. Cəlilabad
rayonu onların adı ilə Asıllı adlanırdı.
Tus - Eney
İtaliyaya gələndə orada Tus mahalı var idi [1.S.105]. Tus yalnız Əbülqasim Firdovsinin vətəni
deyildir. Qədim bir türk boyunun
adıdır.
N.Y.Marr yazır ki, qumuxlar özlərini tuzluler
adlandırırlar [46.S.34]. Musa Xorenliyə görə,
tuzluların ölkəsi h`ayların şərqində yerləşir
[37.S.223]. A.A.Bakıxanov yazır ki, Tus
dağıstanın bir mahalıdır [47.S.68].
XIX əsrdə Siciliyada Tuz adlı kənd vardı
[5.S.252]. Bu məlumat onu göstərir ki, tuzluların bir hissəsi
Troyanın süqutundan sonra Siciliya adasına, oradan
İtaliyaya köçmüş, bir hissəsi öz tarixi vətənində
- yuxarı Araz çayı boyunda qalmışdır.
Mənim fikrimcə, Van gölünün şərqindəki
Tuşpa şəhəri Tuz nəslinin tarixi vətəni
olmuşdur.
Urartu mixi yazılarında "s", "ş",
"z" səsləri eyni işarə ilə göstərildiyindən
bəzi mətnşünaslar Tuz şəhərinin
adını Tuş, bəziləri Tus kimi oxuyurlar. -pa, -ba Elam mənşəli şəkilçi
olub [11.S.76; 46.S.83; 48.S.14], sözlərdə etnik mənsubluq,
çoxluq anlamı yaradır.
İ.İ.Meşşaninova görə, Tuşpa şəhər
adının kökü tuzdur [48.S.89]. Əgər
Urartu kitabələrində Tuz şəhərinin adı
dingir işarəsi altında göstərilirsə (49.s.VII),
deməli Tuz teonim mənşəli etnonimdir.
Dədəmiz
Qorqudun kitabında belə bir cümlə var: - Ağca tozlu
qatı yayın vergil mana. Mahmud
Kaşğarinin lüğətində toz sözü "yay
sarığı" mənasında verilmişdir [50.S.563].
Faruk Sümər yazır ki, oğuzlar yayı elastik
saxlamaq üçün ona toz ağacının nəm
qabığını sarıyırdılar [23.S.376]. Toz
oğuzların müqəddəs saydıqları qayın
ağacının bir növüdür.
Platon İoseliani yazır ki, İberiyanın Toz
mahalında (Duşetidə) Homer mətbəxinin
kababını şişlik adlandırırlar [51.S.24]. Şişlik
türk sözüdür.
Xüsusilə maraqlıdır ki, çoxsaylı Toz
şəhərindən biri e.ö. II minillikdə Misirdə
salınmışdı [51.S.7]. Antik dövrün
tarixçiləri Toz nəslinin ölkəsini Tozarena, Tospitis
adlandırırlar. İ.İ.Meşşaninova
görə, Cənubi Qafqazdakı Toz şəhər
adları Suziana mənşəlidir [35.S.33, 37; 48.S.11, 76].
Əgər Suziana Şuşa nəslinin
şəhəridirsə, onda oğuzlar kimi qədim
şuşalılar da tozağacına toz deyiblər. Tozağacına tapınan əcdadlarımız
Albaniyada, İberiyada, Misirdə və İtaliyada Toz şəhərlərini
salmışlar.
Quzu - Eneyə qoşulub İtaliyaya köçən
etnoslardan biri.
Antik dövrün tarixçiləri onların
adını kozi və koza formalarında yazıya
almışlar [1.S.105; 2.S.332, 346; 3.S.440].
Quzu Albaniyanın hakim türk nəsillərindən biri
idi. "Kartlis tsxovreba"ya və X əsrə aid bir
gürcü salnaməsinə görə, 72-87-ci illərdə
İberiyanın hakimi olan Kaos Quzu nəslindən
çıxmışdır [52.S.159].
Plutarx Albaniya çarı Quzunu Kozis adlandırır. A.S.Xaxanova görə,
İberiyanın Kosidze və Kozişvili knyaz nəsilləri həmin
Quzunun törəmələridir [52.S.159].
Kapi - Eneyin babası, An Kızın atası. Yunan və latın
tarixçiləri onun adını Kapis formasında yazıya
almışlar. İtaliyadakı Kapis şəhərini
troyalı Kapi salmışdır [3.S.408, 440].
Kapi nəslinin bir hissəsi Troyadan İtaliyaya
köçmüş, bir hissəsi Qafqaz dağlarının
ətəklərinə çəkilmişdir. Orta əsrlərdə
Car-Balakən ərazisində qeydə alınan Kapuçi
icması [53.S.370] qədim kapuçilərin son
qalıqlarıdır. İberiyadakı Kapuçi monastırını [54.S.118]
onlar tikmişlər.
Gürcüstanın qala adlarının çoxunun tərkibində
Kapi sözü var. Kutais qalasının qədim adı Kide
Kapi olmuşdur. M.Q.Canaşvili yazır ki, kide kapi "daş
qapı" deməkdir
[55.S.32, 33].
Kide Kapi daş qapı yox, gədik qapı deməkdir. Kide Kapi tipli
qalalar gədiklərdə - iki dağın arasındakı
keçidlərdə tikilirdi.
Orta əsrlərdə Kaxetidə Tokuz Çoxra Kapi
adlı məbəd var idi [56.S.9]. Tokuz "doqquz",
çoxra "bulaq", kapi "qapı" türk sözləridir.
Sari -
İtaliyanın mərkəzində şəhər.
Tarixçilər romalılara qədərki həmin şəhəri
Sarat və Sarab da adlandırırlar [2.S.366].
Azərbaycanın Sərab şəhəri orta əsr mənbələrində
Sari, Sarat, Saruq, Sarov formalrında yazıya
alınmışdır. Kızıl İrmak çayı
boyundakı Boğaz köydən tapılan Xett mixi
yazılarında Sari nəslindən müğənni
qadınların adı çəkilir [57.S.22].
Vergiliyə görə, Sari Avropanın oğludur
[3.S.408]. Nəzərə alsaq ki, Avropa Aranın
qızıdır [21.S.30; 58.S.53], onda Müdrik Arana və
İbrahim peyğəmbərə qohum olan Sari övladları
[37.S.21; 59.S.278; 60.S.475, 485] İtaliyaya Aran tarixi mahalından -
Urmiya gölünün qərbindən
köçmüşdür.
Arqa - Vergiliyə və Homerə görə, danaylar və
arqoslar İnaxın övladlarıdır [2.S.326; 21.S.60-61].
Arqosların əsil adı Arqa idi, -os yunan şəkilçisidir. Türkoloji tədqiqat
üçün maraqlıdır ki, İberiyanın qədim
etnoslarından biri olan qurlar Nuhun gəmisinə arqa deyirdilər
[61.S.8-9]. Nuhun arxalı, yəni silsilə
dağlara ilişib qalan gəmisinə sitayiş edənlər
özlərini Arxa adlandırırdılar.
İosif Flavi (e.ö. I əsr) yazır ki,
Finikiyada Sidon yaxınlığında Arqa adlı şəhər
olmuşdur [62.S.252]. Həmin şəhər
Arqa ölkəsinin mərkəzi idi. Arqa
ölkəsini Avropaya köçəndən qabaq Aran və
Karan nəsilləri idarə edirdilər. Aran ana, Karan ata
xəttilə Makedoniya çarlarının əcdadlarıdır
[10.S.13-14]
Arqa nəslinin bir hissəsi Avropaya köçməmiş,
Ön Asiyada və Cənubi Qafqazda qalmışdır. Assuriya və
Urartu kitabələrində onların adı Arqa, Arxa
formalarında yazıya alınmışdır [41.S.273;
46.S.49].
Türk
dillərində: 1. arxalı sıra dağlara, 2. arxada duran,
öndəkini qoruyan adamlara arxa deyilir [63.S.174]. XIX
əsrin sonlarında Sibirdə, Orta Asiyada və Qafqazda Arxa,
Arqa, Arqali adlı kəndlər qeydə
alınmışdı [64.S.20; 65.S.22, 22; 66.S.14].
Eak - Axil Apollon məbədinə gəlib, Piramın
oğlu Troili öldürür, Paris də onu
öldürür [3.S.411]. Axilin atasının və
babasının ləqəbi Eak olmuşdur [2.S.338; 3.S.409].
Eak türk dillərindəki ayaq
sözünün arxaik formasıdır.
Yunanların Axilles adlandırdıqları Axil yunan deyil,
danayların alpıdır. Danaylar isə Aran nəslindəndirlər
[67.S.82, 88, 96]. Əgər Axilin ləqəbi
"yeyinayaq", atasının və babasının ləqəbi
Eak, yəni ayaqdırsa, biz ellinlərə qədərki
yunanların və latınlara qədərki italların arxaik
mədəniyyətinə varislik iddialarımızı irəli
sürməliyik.
Pir - Axilin oğlu [2.S.372]. Kam və Aran nəslindən
Misir fironları piramida mətnlərində pir
adlandırılır. Ölü fironlara
isə pireme deyilir [68.S.42, 428; 69.S.44, 123; 70.S.60]. Yunanlar
Kam dilindəki pireme sözünə -ida
şəkilçisi artırıb, piramida formasına
saldılar.
Zelik Yampolski yazır ki, pir İran və yunan mənşəli
söz deyil. Müəllif Misir piramidaları ilə Azərbaycanın
Pirə Bədil, Pirə Sora, Pirə Kəşkül pir və
ocaq adları arasında bir uyğunluq görür.
Firon sözünün sonundakı -on Kopt şəkilçisidir. Pir isə Aran
sözüdür. Arxaik dövrün
fironları həm kahin, həm hökmdar olduqlarından
kahinlik dövründə daşıdıqları pir titulunu
saxlayırdılar.
Pir
türk dillərində yalnız ziyarətgahlara, ocaqlara yox, həmin
ocaqların sahiblərinə, təriqət şeyxlərinə
də deyilirdi.
Qədim yunan dilindəki ocaq, səcdəgah mənasında
pir dini termini türk dillərindən alınmadır.
Burut -
Yuli Sezarı öldürən adam. Burut qırğızların ikinci etnik adıdır
[20.S.384].
Sabin -
Vergilidə: 1. İtaliyanın qeyri-latın etnoslarından
biri, 2. sabinlərin əfsanəvi əcdadı [3.S.431].
Sabin türk etnoslarından biridir. Onların bir
hissəsi İtaliyaya köçmüş, bir hissəsi
Ön Asiyada qalmışdır. İbn-Xordadbeh
(IX əsr) yazır ki, Bəhreyndə Sabun adlı şəhər
vardır [16.S.331].
II Şah Abbasın zamanında Azərbaycanda Sabunçu
adlı tərəkəmə elat yaşayırdı [71.S.45]. Krımdakı Sapın Kara,
Şimali Qafqazdakı Sapun kəndinin [64.S.218], Bakıdakı
Sabunçu rayonunun əhalisi qədim sabinlərin son
qalıqlarıdır.
Benak - çay tanrısı Mincinin atası [1.S.107]. Bundan əlavə,
İtaliyada Benaka adlı kənd və göl var idi. İndi həmin göl Lado di - Garda adlanır
[2.S.354]. Türkiyə türkcəsində
xallı marallara bənəkli maral deyilir. Benak
totem mənşəli ad olub, marala sitayişlə
bağlıdır.
Totemi bənək olan türklər Troyanın
işğalından qabaq Kızıl İrmak çayı
boyunda yaşayırdılar. Kül təpə mixi
yazılarında onların bir tacir icması Panaka
adlandırılır [72.S.100, 173]
Qədim Ön Asiya kitabələrindəki Panaka nəslinin
hamısı Avropaya köçməmişdir. Onların bir
qolu İberiyada, bir qolu Naxçıvanda yurd
salmışdır. XIX əsrdə kəngərlilər
arasında Panaklı oymağı qeydə
alınmışdı [6.S.538].
Əbdürrəşid Bakuvi (XIV əsr) yazır ki,
Türküstanda yerli qəbilənin adını
daşıyan Panək adlı dağ var [73.S.119].
Minçi - Vergilidə çay tanrısı [1.S.107]. Türkoloji tədqiqat
üçün maraqlıdır ki, Min teonimi "Eneida"
eposunda türk dillərinə aid -çi şəkilçisi
ilə işlənmişdir.
Tanrı Minçi İtaliyaya Ön Asiya panteonundan gəlmişdir. Krit adasının
Roma işğalından qabaq Min adlı çarı
olmuşdur. Yunanların Minos
adlandırdıqları həmin çarın əsil adı
Min idi [2.S.371].
Tanrı Minə qədim misirlilər də
tapınırdılar. Min Misir panteonunda ilahə İsidanın
oğludur. Əski inanca görə o,
bitkilərin və məhsulun hamisi sayılırdı
[74.S.5-6; 75.S.423].
Qədim Misirin Min ma-Ra adlı fironu vardı [74.S.5]. Nəzərə
alsaq ki, Misirin arxaik və orta çarlıq dövrü
fironları Asiya mənşəlidir, deməli Min kultu Avropaya
və Nil vadisinə Ön Asiyadan getmişdir.
Min qədim türk boylarından biridir. Onlar VII-VIII əsrlərdə
Tokuz Oğuz birliyinə aid idilər. XIV əsrdə
Kızıl Ordanın tərkibinə daxil oldular. XV əsrdə Orta Asiya Əmir Teymurla
Toxtamışın döyüş meydanına çevriləndə
Ceyhun və Seyhun çayları arasından Ural
dağlarına köçdülər.
K.Ş.Şaniyazov yazır ki, Min, Kırk, Yüz Fərqanənin
qədim türk boylarıdır [76.S.10, 103]. Minliləri bəzi
salnaməçilər Minq adlandırırlar. V.V.Radlova görə, Minq Səmərqəndin cənubunda
yaşayan qıpçaq tayfasıdır [77.S.104].
Azərbaycanda
Min, Minci, Mincivan kəndlərinin [78.S.48] və Mingəçevir
şəhərinin varlığı göstərir ki, minlilər
xalqımızın mənşəyinə daxil olmuşdur. Min, Qırx, Yüz etnonimləri müqəddəs rəqəmlər
sitayişlə bağlıdır. Minq
Çavır əslən Orta Asiyadan olub, Heydər ibn-Kavus
Afşinin yaxın qohumu idi. Babəkin və
Afşinin məğlubiyyətindən sonra o, Kür
çayı sahilində öldürüldü. Minq Çavırın adı Mingəçevir
şəklində Azərbaycanın tarixi coğrafiyasına
daxil oldu [79.S.56; 80.S.131].
Troyanın
süqutundan sonra Aralıq dənizi hövzəsi
xalqlarının həyatında böyük təlatümlər
baş verdi. Bəzi etnoslar məhv
olub tarixin səhifəsindən silindilər. Bəziləri öz vətənlərindən didərgin
düşdülər, yad xalqlar arasında əriyib itdilər.
Elamın
Şuşa zadəgan nəsli onlardan
biridir. Şuşa alpları etrusklar, albanlar,
toskanlar, itallar və b. ilə birlikdə qədim Roma mədəniyyətinin
təməlini qoydular. Ancaq həmin
bünövrə üzərində ucalan Roma imperiyası
onlara məzarlıq oldu.
İlhami Cəfərsoy
Olaylar.- 2019.- 25-26 aprel.- S.12; 14.