Regional proqramlar bölgələrin
sosial-iqtisadi inkişafını təmin edib
Azərbaycanda həyata keçirilən
regionların üçüncü sosial-iqtisadi
inkişafı Dövlət Proqramı uğurla başa
çatıb və artıq yeni proqramın icrasına start
verilib. Həmin proqramlar çərçivəsində
bölgələrdə infrastruktur layihələrinin
icrası daha sürətlə həyata keçirilib, yüz
minlərlə yeni iş yerləri, sənaye müəssisələri
yaradılmış, kənd təsərrüfatında
müsbət nəticələr əldə olunub. Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı dövlət proqramlarının icrası
Şamaxı rayonunun inkişafına səbəb olub.
Sözügedən dövlət proqramlarının icrası
nəticəsində Şamaxı rayonunda da istehsal və xidmət
sahələrinin genişləndirilməsi, sosial obyektlərin
təmiri-tikintisi,
abadlıq quruculuq işlərinin aparılması
istiqamətində həyata keçirilən tədbirlər
davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin
olunub.
Regionların sosial iqtisadi inkişafı ilə
bağlı dövlət proqramlarının icrası çərçivəsində
Şamaxı rayonunda sosial-iqtisadi inkişaf sahəsində bir
sıra uğurlar qazanılıb. Rayonda aparılan
tikinti-quruculuq işləri, həyata keçirilən
infrastruktur layihələri rayonun xarici
görünüşünü tamamilə dəyişdirib.Bu
isə o deməkdir ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin müəyyənləşdirdiyi inkişaf
strategiyasının həyata keçirilməsi nəticəsində
Şamaxı rayonu üçün də uğurlu
olmuşdur. Belə ki, ötən ildə rayonun
ümumdaxili məhsulun həcmi 30,5 faiz
artaraq 261,4 milyon manat olmuşdur. Əvvəlki illə
müqayisədə sənaye müəssisələrində
məhsul istehsalı 16,4 faiz artaraq 7,8
milyon manat təşkil etmişdir. Əsas
kapitala investisiya qoyuluşu tikinti-quruculuq işlərinin
genişləndirilməsinə, rayonun aqrar sektorunun
inkişafına mühüm təsir göstərmişdir.
Bütün maliyyə mənbələri hesabına
ayrı-ayrı sahələrin inkişafına 93,3 milyon manat vəsait yönəldilmişdir.
2018-ci ildə tikinti-quraşdırma işlərinin həcmi
180,6 faiz artaraq 89,8 milyon manat olmuşdur.
Rayon ərazisində fəaliyyət göstərən ticarət
və iaşə obyektləri üzrə pərakəndə əmtəə
dövriyəsinin həcmi 265,3 milyon manat
olmuş, əvvəlki ilə nisbətən 2,4 faiz
artmışdır. İqtisadiyyatın başqa
sahələrində olduğu kimi əhalinin həyat səviyyəsini
xarakterizə edən əsas göstəricilərdən biri
olan pullu xidmətin həcmi xeyli çoxalmışdır.
Əhali 56,4 milyon manatlıq pullu xidmətdən
istifadə etmiş, ötən illə müqayisədə
5,2 faiz artım əldə olunmuşdur. Azərbaycanda
aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafına
göstərilən dövlət dəstəyi, sahibkarlar
üçün yaradılan əlverişli şərait digər
bölgələrdə olduğu kimi Şamaxı rayonunda yeni
iş yerlərinin açılmasına, əhalinin
məşğulluğunun artmasına imkan verir.2019-cu ilin
birinci rübündə Şamaxıda 127 yeni iş yeri
açılıb. Açılan iş yerlərinin
hamısı daimidir. Təzə iş yerlərinin 11-i yeni
yaradılan müəssisə və təşkilatlarda,
116-sı isə fiziki şəxslərdədir. Qeyd edək
ki, aqrar bölgə olan rayonda təsərrüfatın
ayrı-ayrı sahələrində yüzlərlə sakin
müvəqqəti iş yerlərində
çalışır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə,
Şamaxı tarixən böyük
üzümçülük ənənələrinə malik
olub. duğunu, Ötən əsrin 80-ci illərində
Azərbaycanda ən iri üzümçülük bölgəsi
kimi tanınıb. O vaxt rayonda 27 min hektardan çox
üzüm bağı olmuşdur. Hər il
orta hesabla 250-260 min ton üzüm istehsal edilmişdir. Bu gün, Azərbaycanda
üzümçülüyün yeni inkişaf mərhələsinin
yaşandığı bir vaxtda təsərrüfatın bu
sahəsinin əvvəlki şöhrətinin
qaytarılması ən ümdə vəzifələrdəndir.
Məlumatda o da bildirilib ki, "2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı"nın
icrası çərçivəsində rayonda xeyli iş
görülmüş və hazırda üzüm
bağlarının sahəsi 1793,6 hektara
çatdırılmışdır. Bağların
1612 hektarı məhsuldardır. 185 hektar
cavan üzüm bağı intensiv üsulla əkilmişdir.
Onu da qeyd edək ki, üzümçülüyün
Şamaxı rayonu üçün böyük iqtisadi səmərəsi
var. Şamaxı iqlimində 100 hektar məhsuldar bağdan hər
il orta hesabla 600 min manat gəlir götürülməsi
mümkündür. Kənd təsərrüfatının bu
sahəsi əhalinin il boyu məşğulluğu
baxımından da çox əhəmiyyətlidir. Məlumatda
vurğulanıb ki, hazırda respublikamızda kənd təsərrüfatında
yeni innovasiyaların, texnologiyaların tətbiqi ilə əlaqədar
iş aparılır. Məsələn,
artıq pambıqçılıqda Çin texnologiyası tətbiq
olunur. Üzümçülükdə də
yeni texnologiyaların tətbiqi, fermerlərə informasiya xidmətlərinin
göstərilməsi, onların yeni texnika barədə
mütəmadi olaraq məlumatlandırılması zəruridir.
Xatırladaq ki, Şamaxıda
üzümçülüyün və şərabçılığın
inkişafı ilə əlaqədar böyük layihələr
hazırlanaraq, müasir texnologiya ilə yeni, məhsuldar
bağların salınması, ixracyönümlü məhsulların
istehsalı istiqamətində tədbirlər
görülür. Artıq rayonda yeni
tingçilik təsərrüfatı
yaradılmışdır. Burada 120 mindən çox
ting əkilmişdir. Onu da qeyd edək ki, ötən il Şamaxı
rayonunda kənd təsərrüfatı məhsulları
istehsalı əvvəlki ilə nisbətən 11 milyon 682 min
manat və ya 20,2 faiz artmışdır. Ötən il 69 milyon 455 min manatlıq kənd təsərrüfatı
məhsulları istehsal edilmişdir. Bunun 40 milyon 41 min
manatı bitkiçilik, 29 milyon 414 min manatı isə
heyvandarlıq məhsullarıdır.Göründüyü
kimi, məhsul istehsalı ən çox bitkiçilikdədir.
Bu, həm də əkinçiliyə əvvəlki
ilə nisbətən 17 min 948 hektar əlavə torpaq sahəsinin
ayrılması ilə əlaqədardır. Nəticədə
ötən il rayonda 2017-ci ildəkindən 43 min 637 ton
çox olmaqla, 87 min 165 ton dənli və dənli paxlalılar
istehsal olunmuşdur. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramında nəzərdə
tutulan layihələrin icrası aqrar bölgə olan
Şamaxı rayonunda da infrastrukturun yenilənməsinə,
yeni sənaye sahələrinin yaradılmasına imkan verib.Yola
saldığımız 2018-ci ildə sənaye məhsulları
istehsalında və göstərilən xidmətlərin həcmində
artım qeydə alınıb. Belə ki, ötən il
rayonda 7 milyon 129,1 min manatlıq sənaye məhsulları
istehsal olunub və xidmətlər göstərilib ki, bu da
2017-ci ildəki göstəricidən 375,3 min manat çoxdur.
Rayonda ekoloji tarazlığın bərpasına da
xüsusi diqqət yetirilir. Aprelin 7-də
Şamaxıda Azərbaycan əhalisinin sayının 10 milyon
nəfərə çatması münasibətilə ağacəkmə
aksiyası keçirilmişdir. Aksiya
Şamaxı Rayon İcra Hakimiyyəti və 6 saylı
Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi
ilə birgə təşkil edilmişdir. Rayonun idarə,
müəssisə, təşkilatlarının kollektivlərinin,
rayonda təhsil alan yuxarı sinif
şagirdləri və tələbələrin, gənclərin,
habelə ictimaiyyət nümayəndələrinin
qatıldığı aksiya zamanı avtomobil yollarının
ətraflarında, şəhərin küçə və
parklarında 1000-ə yaxın həmişəyaşıl
ağac əkilmişdir.Ağacəkmə aksiyası mütəmadi
olaraq rayon mərkəzində və bütün
yaşayış məntəqələrində davam etdiriləcək.
Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində
rayonda sosial problemlərin həlli də diqqət mərkəzində
olub. Belə
ki, Şamaxı
rayonunun Çöl Göylər kəndi
qazlaşdırılıb. Kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında müxtəlif diametrli polad və polietilen
borularla daşıyıcı, eləcə də paylayıcı
qaz xətlərinin çəkilişi davam etdirilir. Kəndə
təbii qazın verilməsi əhalinin həyat şəraitinin
yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət
edəcək və 110-dan çox ev
"mavi yanacaq"la təmin olunacaq. İşlərin
qısa zamanda yekunlaşdırılması nəzərdə
tutulmuşdur. Yeni qazlaşdırılan
yaşayış sahələrində qaz şəbəkəsinin
qurulmasında "bir pilləli" tənzimləmə
sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən
istifadə etməsinə və istehlakçılara
ötürülən qazın sabit rejimdə saxlanılmasına
zəmin yaradacaq.
Rayonda əhalinin sağlamlıq məsələsinə
də önəm verilir. Qeyd edək ki, Şamaxı rayonunda əhalinin kütləvi
pulsuz tibbi müayinəsi uğurla davam edir və artıq 7831
nəfər bu humanist aksiyadan yararlanmışdır.105 min 154
nəfər əhalisi olan Şamaxıda 72 min 764 nəfər
tibbi müayinədən keçməlidir. Müayinə edilənlərin
1582 nəfəri ambulator, 104 nəfəri stasionar müalicəyə
cəlb olunmuş, 82 nəfərin üzərində cərrahiyyə
əməliyyatı aparılmış, 156 nəfər
ixtisaslaşdırılmış tibb müəssisələrinə
göndərilmişdir. Qeyd edək ki, əhalinin
tibbi müayinəsi mərkəzi xəstəxanada,
poliklinikada, Sabir, Mədrəsə, Şəhriyar qəsəbə,
Göylər, Çarhan, Çuxuryurd kənd xəstəxanalarında,
habelə Şamaxı Diaqnostika Mərkəzində
aparılır. Üç səyyar həkim
briqadası yerlərdə tibbi müayinəyə gələ
bilməyən ahıl insanlara evlərində xidmət
göstərir.
Yeri gəlmişkən xatırladaq ki, martın 7-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının
aradan qaldırılması ilə bağlı görülən
işlərlə tanışlıq məqsədilə
Şamaxıda səfərdə olublar. Bu il
fevralın 5-i və 6-da baş verən zəlzələlər
nəticəsində İsmayıllı və Ağsu
rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi
evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib.
İndiyədək Şamaxıda 4893 evə
baxış keçirilib. Müəyyən olunub ki,
Şamaxıda 244 ev kəskin qəzalıdır.
Onlardan da 96-sı şəhər, 35-i qəsəbələr,
113-ü isə kəndlər üzrədir. Hazırda şəhər üzrə kəskin qəzalı
hesab edilmiş evlərdən 6-sı inşa olunur. Rayonda, ümumilikdə, 1111 evin bərpasına və
gücləndirməsinə ehtiyac var ki, onlardan da 561-i şəhərdə,
87-si qəsəbələrdə, 463-ü isə kəndlərdədir.
Şamaxıda təbii fəlakətlə bağlı şəhər
üzrə 866, qəsəbələr üzrə 123, kəndlər
üzrə isə 811 olmaqla, ümumilikdə, 1800 evin təmirə
ehtiyacı var. Təbii fəlakətdən dərhal sonra
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə
əsasən görülən tədbirlər nəticəsində
artıq zəlzələnin fəsadları aradan
qaldırılır. Bu məsələdə
dövlət başçısının
imzaladığı müvafiq Sərəncam və Prezidentin
Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə
malikdir. Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun
"Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri
də zəlzələdən dərhal sonra təbii fəlakətdən
zərərçəkmiş ərazilərdə olub,
yeraltı təkanların vurduğu fəsadları
araşdıraraq sakinlərin müraciətlərini qeydə
alıblar. Toplanmış məlumatlar Fondun rəhbərliyinə
məruzə edilib. Sadalanan faktlar deməyə
əsas verir ki, ölkəmizdə uğurla həyata
keçirilən social iqtisadi inkişafla bağlı dövlət
proqramları sözün həqiqi mənasında bölgələrin
inkişafını təmin edir. Uğurla davam etdirilən
regionların sosial-iqtisadi inkişafı ilə bağlı
Dövlət Proqramları bölgələrdə
infrastruktur layihələrinin icrasını təmin etməklə
yanaşı, yüz minlərlə yeni iş yerlərinin, sənaye
müəssisələrinin yaradılması, kənd təsərrüfatında
müsbət nəticələrin əldə olunmasına
şərait yaradır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 25-26
aprel.- S.15.