Milli ideologiya probleminə
tarixi-fəlsəfi baxış
Azərbaycanda milli ideologiyanın
yaranmasınaqədərki dövrdə (XIX yüzilliyə qədər)
milli mənəvi dəyərlərin rolu
Etnos, millət, milli ideya, milli
ideologiya
və b. anlayışların məzmunu və təkamülü
əvvəli ötən saylarımızda
Ə.Tağıyev, A.Mustafayev və M.Balayevin həmmüəllifləri
olduqları əsərdə milli ideya ilə bağlı irəli
sürdükləri fikirlə də tam razılaşmaq olmur. Onlar yazırlar: "Milli
ideyalar millətin yaranıb inkişaf etməsi ilə birlikdə
formalaşır, millətin milli mənlik şüurunun
formalaşmasını, özünüdərkini sürətləndirir.
Milli ideyalar saf ideyalar şəklində deyil,
çox vaxt müxtəlif formalarda və bayraqlar altında
yaranıb inkişaf edə bilər. Onların
ilkin formalarından milli-dini təəssübkeşlik
ideyalarını, vahid dövlətə və xalqa mənsubluq
şüurunu, ümumbəşəri sərvətlərə
malik olmaq uğrunda mübarizə aparmaq əzmini də
göstərmək olar" [220, 5]. Fikrimizcə,
milli ideya ilə bağlı "saf və qeyri-saf
ideyalar"dan danışmaq doğru deyildir. Çünki qeyri-saf ideya artıq milli ideya deyil, o,
beynəlmiləlçidir, kommunistdir, liberalistdir və s. Bu mənada
saf və qeyri saf ideyalardan deyil, milli və bəşəri
ideyalardan söhbət gedə bilər. Belə
olduğu təqdirdə, milli ideyadan fərqli olaraq milli
ideologiya da həm milli, həm də bəşəri ideyalar
(demokrtiya, insan hüquq və azadlıqları və s.) öz
əksini tapa bilər. Bu baxımdan
başqa bir əsərində Ə.Tağıyevin yazması
ki, ideologiya - ideyaların toplusundan təşəkkül
tapır və onun hərtərəfli tədqiqi
üçün birinci növbədə milli etnik ideyalar
öyrənilməlidir [227, 21], bu fikirlə razılaşmaq
olar.
Fikrimizcə, aşağıda adını çəkdiyimiz
müəlliflər də adı çəkilən
anlayışlarla bağlı yeni bir söz deyə bilməmişdir. Əgər
N.Babayevə görə, milli ideologiya həmişə
xalqın mənəvi cəhətdən formalaşmasına
xidmət edən və əsrləri, nəsilləri bir-birinə
mənən bağlayan ən dəyərli sərvətdirsə
[48], A.Ə.Şirinovun fikrincə, "ideologiya dedikdə
insanların bütövlükdə gerçəkliyə olan
münasibətlərinin ümumiləşdirilmiş və həm
də sadə, anlaşıqlı şəkildə ifadə
olunmuş əqli və mənəvi-ruhi dəyərlər
sistemi nəzərdə tutulur" [227, 49]. İdeologiyanı mənəvi hadisə sayan
D.İsmayılov isə hesab edir ki, ideologiyalar idraki
baxımdan elmi və qeyri-elmi, həqiqi və yanlış,
doğru və illüziyalıdır [120, 77-78]. V.Abdullayev isə, milli ideya və ya millət
ideyasının "cəmiyyətin sosial, siyasi, iqtisadi, hətta
əxlaqi-mənəvi birliyi hesabına nail olunduğunu, əsil
"millət" adı ilə həyata keçirilən tərəqqinin
meyarı rolunda çıxış etdiyini [18, 9] iddia edir.
Fikrimizcə, müəyyən mənada Əbülhəsən
Abbasov bu anlayışları elmi-fəlsəfi baxımdan təhlil
edərkən yeni söz deməyə yaxın olmuşdur. Doğrudur, o da, əsasən
əvvəlki müəlliflərin fikirləri ilə
üst-üstə düşən belə bir ifadə işlədir
ki, "ideologiya" dedikdə, ilk növbədə və
başlıca olaraq dövlətin ideologiyası, "milli
ideologiya" nəzərdə tutulmalıdır,
çünki onun əsasında dayanan ictimai mənafe daha
geniş və dərin məna daşıyır: "Belə
ki, bu ideologiya yalnız ayrı-ayrı qrup və təbəqələrin,
icma və birliklərin maraqlarını deyil, dövlətin ərazisində
yaşayan bütün sosial, etnik, dini qrup və birliklərin
mənafeyini ifadə edir. Onu "milli dövlətçilik
ideologiyası" da adlandırmaq olar [227, 28]. O, daha
sonra yazır: "Milli dövlətçilik ideologiyası
bütövlükdə cəmiyyətin həyat və fəaliyyətini,
ictimai münasibətləri zəruri olan istiqamətdə və
məzmunda təşkil etmək, milli maraqların həyata
keçirilməsini gerçəkləşdirmək
üçün praktiki vəzifələrin həll edilməsinə
yönəldilmiş biliklərin sintezidir. Yalnız
ümummilli mənafeyə, milli birlik və ictimai tarazlıq
tələblərinə cavab verdikdə, milli ideologiya öz
missiyasını daşımağa qadir olur. Məhz bu mahiyyətdə və statusda milli ideologiya
hakim ideologiya səviyyəsinə yüksəlir, bir sosial
qrupun və yaxud da ayrıca bir siyasi partiyanın deyil,
bütöv xalqın maraqlarını ifadə və
müdafiə edir" [227, 29]. Bizə isə
elə gəlir ki, milli ideologiyanın dövlətçilik
ideologiyası ilə əlaqələndirilməsi doğru
olsa da, dövlət ideologiyası və milli ideologiya
arasındakı bəzi fərqləri də nəzərə
almaq lazımdır.
Ə.Abbasov isə, yuxardakı fikirləri ilə
yanaşı, bu anlayışlarla bağlı yeni mülahizələr
də irəli sürməyə cəhd göstərmişdir. Məsələn,
o, hesab edir ki, milli ideologiya milli dövlətin ən
yaxşı zəkalarının böyük zəhməti
hesabına materiyanı ruhi qüvvəyə çevirən,
mənəvi-əxlaqi potensialı qoruyub saxlayan, bu
potensialı lazımınca yeniləşdirən və zənginləşdirən
fenomendir. Milli ideologiyanın kamilləşməsi və
bu qismdə əhəmiyyət kəsb etməsi həm nəzəri,
həm də praktiki müstəvidə baş verir:
"İnsana öz həyatının mənasını anlamaqda,
axtarıb tapmaqda və reallaşdırmaqda fundamental əsası
olan milli ideologiya, hər şeydən əvvəl, insanda və
cəmiyyətdə insanlıq uğrunda mübarizədir,
vicdana və məsuliyyətə
çağırışdır. Bu
çağırış bir çoxları
üçün nə nədər də arxaik, dəbdən
düşmüş olsa da, onsuz heç bir dolğun, mütərəqqi
həyat mümkün deyil. Vicdan susanda və
məsuliyyəti itəndə artıq insan həyatını
mənasından, cəmiyyətin tərəqqisindən
danışmaq əbəsdir" [19]. Onun fikrinə
görə, "milli ideologiya məhz o fenomen-varlıqdır
ki, bir tərəfdən ictimai əhəmiyyətli,
taleyüklü problemlər üzərində
düşünməyi cəmiyyət üzvlərinə
aşılayır, məna axtarışında və reallaşmasında
insanı öz "həcm"indən kənara
çıxmağa - transendləşmə prosesinə
sövq edir və ona yardımçı olur, digər tərəfdən
unikal insan mövcudluğunun özü üçün
oriyentirlər verir, istiqamətverici və ideya və prinsiplər,
təsəvvürlər sistemi ortaya qoyur" [19].
Yeri gəlmişkən, milli ideologiya anlayışı
ilə yanaşı, "milli konsepsiya" termininə də
rast gəlirik.
Hətta bəzi tədqiqatçılar milli
ideologiya və milli konsepsiya anlayışlarını eyniləşdirirlər.
Buna səbəb də, "konsepsiya" sözünü
daşıdığı mənadır: "Konsepsiya (lat.
conseptio - aparıcı fikir, sistem, anlama) - hadisələr,
proseslər, ideyalar haqqında baxışlar sistemidir"
[224, 288]. Fikrimizcə, "milli konsepsiya"
milli ideologiya anlayışı ilə müqayisədə bir
qədər konkret məna daşıyır. Burada mövcud ideyalardan biri, yaxud bir neçəsi
daha konkret şəkilə, formaya salınaraq lokomotiv rolunu
oynayır. Bu mənada "milli konsepsiya"nı milli ideologiyanın daha konkretləşdirilmiş
forması hesab etmək olar.
Milli ideya, ideologiya və milli ideologiya ilə
bağlı fikirləri isə ümumiləşdirərək
belə qənaətə gəlmək olar ki, milli mənəvi
dəyərlə milli mentalitet, milli mentalitetlə milli
özünüdərk, eləcə də həmin
anlayışlarla milli ideya və milli ideologiya arasında
müəyyən əlaqlər vardır. Fikrimizcə,
milli mənəvi dəyər də, milli özünüdərk
də, milli ideya da xalqın soykökü, dili və b. vacib əlamətlərini
əks etdirir. Hər bir xalq özünün milli
varlığını qoruyub saxlamaq üçün bir
çox sərvətlərini - dilini, dövlətçiliyini,
dini-fəlsəfi dünyagörüşünü, mədəniyyətini
və s. milli mənəvi dəyərlər, yaxud da milli
mentalitet kimi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə
ötürür. Ancaq elə milli mənəvi
dəyərlər var ki, bu günə qədər qorunub saxlansa
da, onları bu mənada milli ideya kimi qəbul etmək
doğru olmazdı. Məsələn, bunlardan
yaşlı insanlara, ağsaqqallara hörmət, qadına
münasibət, namusluluq, toy və yas mərasimlərinə
münasibət və s. göstərmək olar. Bütün bunlar daha çox, milli mentalitet
anlayışına aiddir.
Milli mənəvi dəyərin, o cümlədən
milli mentalitetin milli ideyaya çevrilməsi məsələsində
onun miqyasına, əhəmiyyətinə və xalqın
bütün təbəqələri tərəfindən qəbul
edilib-edilməməsinə diqqət yetirmək
lazımdır. Çünki yalnız bu halda hər
hansı bir anlayış milli mənəvi dəyərdən
daha yüksək səviyyəyə qalxaraq, milli ideyaya və
nəticədə milli ideologiyanın tərkib hissəsinə
çevrilə bilər. Eyni zamanda o mənəvi
dəyərlər, anlayışlar milli ideya, sonrakı mərhələdə
milli ideologiya kimi qəbul edilə bilər ki, onun da yalnız
milli mənəvi mənada deyil, həm də elmi, fəlsəfi,
siyasi və ideoloji baxımdan da əsası olsun. Fikrimizcə, milli ideya konkret bir millətə aid
anlayış kimi yaranır və həmin millətin
oyanışının və inkişafının istiqamətvericisi
olur. Milli mənəvi dəyərlərdən, milli sərvətlərdən
millətin tərəqqisi, milli kimliyi və ləyaqətinin
müdafiəsi, milli dövlətini yaşatması və s.
üçün istifadə olunarsa, onda onlar milli ideyaya
çevrilə bilər.
Milli
ideologiya dedikdə isə, xalqın fəlsəfi, dini, siyasi,
mədəni və iqtisadi görüşlərinin nəticəsində
meydana çıxan, məzmun və formasına, mahiyyətinə
görə təşəkkül taparaq, siyasii-deoloji mənada
millətin formalaşmasına yardım edən təsəvvürlərin,
obrazların, mənəvi dəyərlərin, özünəməxsus
olanların bütövlüyüdür. Müstəqillik əldə
edərək azad şəkildə yaşayan bir dövlətdə
"milli ideologiya" anlayışını iki mənada
başa düşmək olar: 1. Dövlətin, hakimiyyətin
maraqlarını özündə əks etdirən,
siyasi-ideoloji yönlü milli ideologiya; 2. Heç bir direktiv-məmur,
hakimiyyət göstərişi olmadan millətin
özünün tapındığı və
inandığı milli mənəvi ideyalar.
Bunun
örnəyi, birinci halda vətəndaşlar istəyərəkdən
və yaxud istəməyərəkdən, məcburi şəkildə
bir çox mühüm məsələlərə (məs.,
millətin dövlətçilik, tarix, etnogenez, dil, mədəniyyət,
fəlsəfə, din və s.) münasibətdə milli mənafeni,
dövlətin maraqlarını nəzərə almalı, bir
sözlə hakim və vahid konsepsiyadan kənara
çıxmamalıdır. Bu halda (sovet
dövründə olduğu kimi) bir millətin tarixinə,
etnogenezinə, dilinə, həmin xalqın formalaşmasına
münasibət bütün dairələrdə, o cümlədən
elm sahələrində (tarix, fəlsəfə, siyasət, ədəbiyyat,
dilçilik, etnoqrafiya və s.) birmənalı olur.
Şübhəsiz, burada hakimiyyətin, bir partiyanın müəyyənləşdirdiyi
direktiv-məmur göstərişləri həlledici rol
oynadığı üçün həmin millətin tarixi,
etnogenezi, dili, onun formalaşması və s. məsələlərdə
obyektiv şəkildə öz əksini tapa bilmir. Bu baxımdan müstəqil dövlətdə milli
ideologiyanın yuxarıdan müəyyənləşdirilməsi,
adətən birmənalı qarşılanmır. Ona
görə də, demokratik dövlətlərdə hakim
qüvvələr yalnız ölkənin birbaşa mənafeyinə
toxunan, onun gələcək taleyi, dövlət
təhlükəsizliyi üçün təhlükəli
olan və s. vacib məsələlər baxımından milli
maraqların ifadəçisi kimi çıxış edərək,
yerdə qalan məsələlərdə, özəlliklə
elmi mübahisə doğuran məsələlərə
(tarix, ədəbiyyat, etnogenez, dil, mədəniyyət, fəlsəfə,
din və s.) müdaxilə etmirlər.
İkinci halda isə milli ideologiya millətin
ziyalıları, alimləri və b. tərəfindən milli
mənəvi ideyalar əsasında müəyyənləşdirilir. Bu halda millətin
öz içindən qaynaqlanan, milli mənəvi dəyərlərinə
söykənən, əsasən hər hansı hakimiyyət
maraqlarına əsaslanmayan və milli vicdanın öhdəsinə
buraxılan mənəvi-ideoloji ideyalar həlledici rol
oynayır. Bu zaman millətin maraqlarını ifadə
etmək baxımından müraciət olunan vacib, o cümlədən
elmi cəhətdən mübahisə doğuran məsələlərə
- Azərbaycan elminin bəzi sahələrindəki tarix (qədim
dövlətlərlə çağdaş dövlətin
hüquqi və mənəvi bağlılığı,
etnogenez, dil və xalqın formalaşması məsələləri),
fəlsəfə (xalqın qədim dövr, orta əsr və
yeni dövr fəlsəfi dünyagörüşü ilə
bugünkü dünyagörüşü arasında hansı
bağlılıqların olması), ədəbiyyat (qədim
dövr, orta əsr və yeni dövr ədəbiyyatı ilə
çağdaş ədəbiyyatın varisliyi), dilçilik
(xalqın qədim dövr, orta əsr və
çağdaş dövrlərdəki dil
bağlılığı), mədəniyyət (xalqın qədim
dövr, orta əsr və yeni dövr mədəniyyətinin
çağdaş dövr mədəniyyəti ilə
bağlılığı), din (islamaqədərki mifoloji və
dini dünyagörüşlərin, o cümlədən
islamın Azərbaycan xalqının həyatındakı
bağlılığı) və s. problemlərə
münasibətdə "vahid konsepsiya" yuxarının,
hakimiyyətin göstərişləri əsasında deyil,
milli mənəvi ideyalar əsasında müəyyənləşdirilir.
Bu gün
Azərbaycan elmində ikinci məsələ daha aktual xarakter
daşıyır və "milli ideologiya"nın
qeyd etdiyimiz məzmunda başa düşülməsinə
ehtiyac var. Yalnız bu halda, Azərbaycan xalqının etnogenezi,
dili, bu xalqın formalaşması, dini-fəlsəfi
düynagörüşmüz və s. məsələlərlə
bağlı Azərbaycan elmində, xüsusilə humanitar və
ictimai elmlərdə mövcud olan ziddiyyətlər,
anlaşılmazlıqlar aradan qaldırıla bilər. Bir
sözlə, Azərbaycan ziyalıları, alimləri elmin bəzi
sahələrində mövcud olan problemlərin həlli
üçün, həmin problemlərin Azərbaycan
xalqının milli maraqları ilə birbaşa
bağlılığını nəzərə almaqla,
öncə milli-mənəvi ideyalardan çıxış
etməli və sovet dövrünün məhsulu olan,
yalnız "direktiv-məmur göstərişləri" əsasında
milli məsələlərə yanaşmaqdan kənar
qaçmalıdırlar. Əgər bu gün
ictimai və humanitar elmlər üzərində dövlət
nəzarəti yoxdursa, bu o demək deyil ki, millətin
maraqları müxtəlif nəşrlərdə bir-birinə
zidd şəkildə öz əksini tapmalıdır. Bu mənada tədqiqatçılar ictimai və
humanitar elmlər üzərində dövlət nəzarəti
olmadığı bir şəraitdən sui-istifadə etməməli,
milli mənəvi ideyalar əsasında tədqiqatlar
aparmalı və mənəvi-ideoloji mənada vahid konsepsiyadan
çıxış etməlidirlər.
Faiq Ələkbərli,
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi, dos., dr.
Olaylar.- 2019.- 27-29 aprel.-S.13.