“Bugünkü filmlərdə yumor
inkişaf edib”
Arif Əli oğlu Quliyev 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilmişdir. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirmişdir.
Müxtəlif səpgili və müxtəlif
xarakterli obrazlar yaratmışdır. Yaradıcılığında
Azərbaycan Televiziyası da geniş yer tutur.
Hazırda İrəvan Dövlət Azərbaycan Dram
Teatrında işləyir. 1988-ci ildən Özəl
Satira Teatrının bədii rəhbəridir.
1982-ci ildə
o, Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar
artist fəxri adına, 1993-cü ildə
isə "Humay" mükafatına layiq
görülmüşdür.
1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram
Teatrına dəvət olunmuşdur. Elə həmin il
Xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə teatrdakı qazandığı
uğurlara görə "Qızıl Dərviş", 2012-ci
ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar
medalına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
Olaylar.az
Arif Quliyevlə müsahibəni təqdim edir:
- Arif müəllim, son illər mədəniyyət
aləmində fəaliyyətinizi necə dəyərləndirirsiz, tez-tez film, serial
təklifi alırsızmı?
-
Baxmayaraq ki, təqaüdə çıxmışam, lakin mədəniyyət,
incəsənət aləmindən uzaq düşməmişəm.
Kifayət qədər filmlərdən təklif
alır, müxtəlif verilişlərə dəvət edilirəm.
Hər şənbə günü Xəzər
Tv-də yayımlanan "Ay yay yay" romantik komediyasında
rol alıram. Burada Qənaət
obrazını canlandırıram. Son illər
ərzində bir çox özəl filmlərdə çəkilmişəm. "Yumurta", "Bəxt
üzüyü 2", "Nazlı", "Halal pullar",
"100 Kağız", "Bizmesmen", "İki
tüstü" kimi filmləri bu siyahıya daxil edə bilərik.
Bunlardan əlavə, dövlət filmlərindən
2014-cü ildə ekranlaşdırılmış
"Axırıncı dayanacaq" filmində rol
almışam.
Film İlqar Fəhmi və Fikrət Əliyevin
ssenarasi əsasında "Azərbaycanfilm"
kinostudiyasında istehsal edilib. Olduqca
peşəkar heyətə malik olan filmdir. Tofiq
Hüseynov, Qorxmaz Əlili, Səmayə Musayeva, Zemfira
Sadıqova, Tariyel Qasımov, Fuad Poladov, Zemfira Nərimanova, Bəhram
Bağırzadə və Ağaxan Salmanlı öz
rollarını ustalıqla ifa ediblər.
Burada baş rollardan birini canlandıraraq Tapdıq
obrazını ifa etmişəm. Tamaşaçıların
filmi sevərək izlədiyini düşünürəm.
- Son vaxtlar kommersiya məqsədilə
çəkilən komediya filmlərinin sayı artıb. Belə filmlərdə yumorun keyfiyyəti hansı səviyyədədir?
- Çəkildiyim
bütün komediya filmlərində keyfiyyətli yumoru hiss
edirəm. İronik
gülüşün daxilində islah edici elementlər
olduğunu duyuram. Bir çox komediya filmlərinin
izləyiciyə ibrətamiz tərzdə gülüş
ötürməsi müsbət haldır. Deyə bilərəm
ki, yumor elə bir güclü məvhumdur ki, insanların
iç üzünü ustalıqla ifşa edir. Gənclik illərimdə aktyor kimi bir çox
komediya filmlərində rol almışam. Bu
gün də rol almağa davam edirəm. Deyim
ki, mən elə böyük bir fərqi hiss etmirəm. Daha dəqiqi bu fərqi teatrşünasların
öhdəsinə buraxıram. Biz sadəcə
öz rolunu məharətlə ifa etməyə
çalışan aktyorlarıq. Lakin indi
yumor anlayışı əvvəlki komediya filmlərinə
nisbətən daha da inkişaf edib. Bu
gün yumor təkcə güldürmür, həm də
düşündürür. Qədim yunan
filosofu Heraklit deyib ki, "hər şey dəyişir və
inkişaf edir". Gülüşün
obyekti də, yeri də dəyişə bilər, lakin onun məğzi,
daxili təsir edici qüvvəsi dəyişməmlidir. Yumor hər zaman dərk edilən olmalıdır.
- Ötən illərə nisbətən
teatrlara axın artıb. Demək olar ki, bir çox teatr
tamaşaçı sarıdan əziyyət çəkmir.
- Teatr mənəvi
zövq, inkişafın mərkəzidir. Onun hər
zaman öz xüsusi tamaşaçısı olub. Çünki insanlar burada sevimli aktyorları ilə
canlı ünsiyyət qurmaq imkanına malik olurlar. Tamaşaçı teatrda canlandırılan əsəri
görüb, hiss edərək mənimsəyir və nəticə
çıxarır. Teatrlara axının
çoxalmasının bir çox səbəbi ola bilər. Əvvəlcə onu
deyim ki, teatrlarda bu gün mədəni inkişaf nəzərə
çarpır. Zəngin və yeni repertuar
da tamaşaçı cəlb etməkdə əvəzsiz rol
oyanayır. Bir baxın internet erasında
istənilən filmi evdə rahatlıqla izləmək olar.
Lakin insanlar tamaşa izləmək üçün tetarlara
can atırlar. Əgər inkişaf olmasaydı
bu hal da baş verməzdi.
Dövlət
və müstəqil teatrlarda kifayət qədər peşəkar aktyorlar
fəaliyyət göstərir. Yəni,
yaradıcı və ziyalı aktyorluq dövlət və
müstəqil teatrlardakı fəaliyyətə görə dəyişmir.
Gənc aktyorların
yaradıcılığına qarşı hər zaman tələbkar
yanaşmışam. Bu minvalla Planet Parni iz
Baku KVN teatrını xüsusi olaraq bəyənirəm.
Tamaşaçını intellektual yumorla təmin
edirlər. Burada
İmanov qardaşlarının istedadı və
yaradıcılıq qabiliyyətləri əhəmiyyətli
rol oynayır.
Sevindirici haldır ki, Azərbaycanda peşəkar aktyor nəsli
yetişir. Bu
gün gənc aktyorların qazandıqları uğurların təməlində gəldikləri
mədəniyyət, teatr ocağına məhəbbət
dayanır.
Aktyorlar hərtərəfli inkişaf etməlidir ki, istənilən
obrazı təbii canlandırmağı bacarsınlar. Bundan sonra
onların istedadı teatra tamaşaçı
axınını gücləndirəcək.
- Televiziya izləyiciləri illərdir
türk seriallarına daha çox maraq duyur. Yerli
seriallar bu tamaşaçı kütləsini nə
üçün toplaya bilmir?
-
Bilirsiniz, hər filmin, hər tamaşanın öz izləyicisi
var. Bu gün Azərbaycan, türk, rus və s. ölkələrin
filmlərinin öz xüsusi izləyiciləri var. Doğrudur,
yalnız bir ölkənin seriallarını izləməyə
qapılaraq öz seriallarımızı yaddan
çıxartmaq olmaz. Çünki Azərbaycan
seriallarının inkişafı göz önündədir.
Yetərli qədər tamaşaçı
marağını qazanan yerli seriallar kifayət qədər
var.
- Arif müəllim, aktyorun sevilməsində
oynadığı obraz xüsusi əhəmiyyət kəsb
edir. İfa etdiyiniz hansı roldan sonra
tamaşaçı sevgisini daha çox duydunuz?
- Ceyhun
Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə
ekranlaşdırılmış və "Azərbaycanfilm"
kinostudiyasında istehsal edilmiş "Bəyin
oğurlanması" filmindən sonra daha çox sevildiyimi
hiss etdim. Miriş obrazı ilə daha çox
tanındım.
Bilirisiniz, o sevgi ki, əvvəldən sən tərəfindən
qazanılıb o daimidir. Əgər o sevgi qismət olmasaydı əvvəl
də onu görməzdin. Yəni, sevilmənin
dünəni, sabahı yoxdur.
Bu sevgi yalnız efir adamlarına aid deyil.
Hər sahədə fəaliyyət göstərən
insanlara qarşı xüsusi dəyər mövcuddur. İncəsənətin başqa sahələrdən
fərqi odur ki, burada yaratdığın peşəkar və
içdən əsərlər hər zaman
tamaşaçı yaddaşında canlı və silinməz
qalır. Qəlb sevgisi ilə yaradılan
hər şey qalıcıdır.
İnsanın seçdiyi sənət özünə
uyğun olmalıdır. Birdə görürsən deyirlər
istedadlı aktyor, istedadsız aktyor. Burada
fərq nədir? Fərq ondan ibarətdir
ki, istedadlı aktyor bu sənət üçün
seçilmiş adamdır. O bu iş üçün
yaradılıb yəni, çox çalışmasına
ehtiyac yoxdur. Bu onun daxilindən gəlir. İstedadsız aktyor isə öz üzərində
daha çox çalışır. Obrazı
əzbərləyir, mənimsəyir və onun öz daxili
dünyasından aldığı güc ilə deyil, kitab
üsulu ilə ifa edir. Bu isə çox
zaman tamaşaçı üçün suni təsir
bağışlayır. Ona görə
aktyorun ifası bəyənilmir. Aktyorluqda
başlıca faktor insan və onun daxili inkişafı,
istedadıdır. Xatırlayıram ki, bir dəfə
gözəl yazıçımız Anar müəllim dedi ki,
aktyorlar bizə şərik çıxırlar. Bizim yazdığımızı yaxşı ifa edərək
onu insanlara özününkü kimi təqdim edirlər. Fəxr edirəm ki, məhz aktyorluq
sənətinin yolunu tutmuşam..
- İllər əvvəl
aktyorluqdan başqa hansı sənətə maraq duymusuz?
Qabilin
çox sevdiyim şeirində deyildiyi kimi,
Tarın
pərdələrini
Düzənə
qurban!
Yerdəyiş
et birini,
Xaric vurarsan.
Xaric səslənirik
biz,
Səhv düşəndə yerimiz.
Yəni, əsas
olaraq insan anlamalıdır ki, onun yaradıcılığına hansı sahədə ehtiyac
var. Mən özümü bu sahədə hiss etmişəm. Başqa bir sahədə özümü indiki kimi
ifadə edə bilərdim mi? Düşünürəmki
yox.
Onu da
deyim ki, gənc yaşlarımda
jurnalistikaya böyük marağam olub. Mədəni-Maarif
Texnikumunu bitirdikdən sonra Mingəçevir teatrına təyinat
aldım. Burada şəhər qəzetinə,
şəhərin mədəni həyatından yazılar
yazırdım. "Mingəçevir
işıqları"qəzetində əvvəlcə ictimai
müxbir daha sonra isə xüsusi müxbir kimi
çalışmışam. Həmin vəsiqəni
bugünkü günə kimi xoş xatirə və qürurla
qoruyub saxlayıram. Hərbi xidmətə
yollandığım zaman da faəliyyətimi davam etdirdim.
Bir sıra qəzetlərə hərbi hissəinin
mədəni həyətından məqalələr
yazırdım.
Lakin sonradan davam etmədim. Dediyim ki, özümü
yalnız teatrda görürdüm. Bu məqsədlə
bugünkü Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinə qəbul oldum.
- Dediniz ki, tez-tez televiziya verilişlərinə
dəvət alıram. Verilişlərdə efir
mədəniyyətini necə dəyərləndirirsiz?
Çox verilişlərə dəvət alsam da bu barədə
seçiciyəm. Hər verilişə qatılmıram.
Birdə görürsən aparıcı reytinq
üçün intiriqalı şou ilə qonağı
alçaltmağa çalışır və bir çox
hallar da buna nail də olur. Belə
verilişlərə əlbətdə ki qatılmıram.
Aparıcı qonağı yüksəltməlidir,
aşağılmalı yox.
- Arif müəllim, son olaraq nə
demək istərdiz?
Demək istəyirəm ki, son dövrlərdə online
media sürətlə inkişaf edir, bunun qarşısında
qəzetlər öz gücünü saxlıya bilirsə bu
böyük və sevindirici hadisədir. Mən bu
çətin yolda bütün qəzetlərə uğurlar
arzulayıram.
Nigar Orucova
Olaylar.- 2019.- 27-29
aprel.- S.12.