Azərbaycanda söz, düşüncə və məlumat azadlığı hökm sürür

 

Demokratik dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə yüksə diqqət göstərmiş, inkişafı üçün ciddiprinsipial addımlar atmışdır. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoymuşdur. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradılmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqləmişdir. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın qəbul edilməsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatın inkişafına göstərilən diqqət və qayğının ən bariz nümunəsidir. Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, jurnalistlərə mənzillərin verilməsi. mətbuatın 130, 135 və nəhayət, 140 illik yubileylərinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması atılan addımlar sırasındandır. Bütün bular medianın inkişafına dövlət qayğısının ən bariz göstəricisi olmaqla yanaşı, sözmediaya verilən dəyər, fikir və ifadə azadlığına göstərilən diqqətdir. Ölkəmizdə söz, mətbuat azadlığının təminatçısı olan Prezident İlham Əliyev həm də jurnalistlərin ən yaxın dostudur. Dövlətimizin başçısının son on ildə iki dəfə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir. Məhz mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan demokratik inkişafın əsas göstəricilərindən olan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Azərbaycan internetin tam azad olduğu ölkədir əhalimizin 85 faizindən çoxu fəal internet istifadəçisidir. Azərbaycanda sosial mediadan istifadə edənlərin sayının 2 milyondan çox olması onu nümayiş etdirir ki, ölkədə azad medianın inkişafı üçün mühüm addımlar atılıb. Təsadüfi deyil ki, medianın rolunun günbəgün artması ilə məsuliyyətinin artdığını önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, bəzən mediada gördüklərimiz oxuduqlarımız reallıqdan fərqlənir: "Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı - burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir".

Xatırladaq ki, artıq Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür. 144 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. "Əkinçi" Azərbaycan dilində əsl milli demokratik xalq mətbuatının ilk təməl daşını qoydu. Cəmi 56 nömrəsi çıxan qəzet Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.  Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin "Əkinçi"nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı sonda qəzetin nəşrini dayandırdı. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet jurnallar "Əkinçi"nin ənənələrini davam etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə hadisələrə yeni baxışın təməli qoyuldu. "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi isə 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. Bu gün isə respublikamızda çoxlu sayda müxtəlif qəzet jurnallar nəşr olunur, onlayn media inkişaf edir. Mətbuat dövlət qayğısı ilə əhatə olunub. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb. Jurnalistlər üçün sayca üçüncü yaşayış binanın tikintisi davam etdirilir. Həmin binanın 2020-ci ilin iyulunda istifadəyə veriləcəyi gözlənilir.

Deputat Nəsib Məhəməliyev qeyd edib ki, Azərbaycan mətbuatı kifayət qədər şərəfli yol keçib, bu gün eyni missiyanın daşıyıcısı kimi çıxış edir: "Dövlətimizin tarixində qürur duyduğumuz, fəxarətlə andığımız, bəzən bir az irəlı gedib qurucu, yaradıcı millətlərdən biri oluğumuzun fərqini dərk edərək öyündüyümüz bu tarixdə, yəni özünə əbədilik statusu qazanmış 1872-ci ilin 22 iyulunda min bir əzab, maddi sıxıntı, müxtəlif təzyiqlər altında böyük Zərdabinin ərsəyə gətirdiyi "Əkinçi" qəzetinin Azərbaycanda intibah dövrünün başlanğıcıgının müjdəçısi olduğunu ifadə etsəm düşünürəm ki, yanılmaram.19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Uca Allahın lütfü ilə böyüyüb, başa çatmış, qlobal düşünən dünyada gedən proseslərdən məlumatlı, barmaqla sayılacaq çox az sayda ziyalılarımız min bir məhrumiyyətlərə dözərək, ağılasığmaz fədakarlıqlar edərək ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrdə tarix yazmışlar. "Əkinçi"nin işıq üzü gördüyü o zamankı tarixi, ictimai-siyasi şəraiti haqda düşünəndə böyük Zərdabinin hansı ağılasığmaz işin, məsuliyyətin altına girdiyini dərk edirsən və dərk etdikcə böyük fədakarlıq nümunəsi göstərmiş bu böyük tarixi şəxsiyyətlə qürur duymaya bilmirsən.Mətbuatın bir ölkənin, millətin inkişaf tarixindəki rolunun nədən ibarət olmasının izaha ehtiyacı yoxdur, bunu klassiklər qeyd ediblər və yaşadığımız zaman şəraitində bunsuz keçinməyin mümkünsüz olduğunun hər kəs fərqindədir. Heç də təsadüfi deyil ki, ənənəvi olaraq KİV-ni hakimiyyətin dördüncü qolu adlandırırlar". Onun sözlərinə görə, müstəqilliyimizin ilk illərində Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv etdi. Bu fərman KİV-nin surətli inkişafına ciddi təkan verməklə yanaşı onların rassionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin mart ayında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və mətbuat azadlığı şəraitini yaxşılaşdırmaq, bu sahəyə lazımı dövlət dəstəyini vermək idi: "Göründüyü kimi "Əkinçi" qəzeti ilə əsası qoyulan mətbuatımız çox böyük və mürəkkəb inkişaf yolu keçmişdir. Bu gün ölkəmizdə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib və onların bir hissəsi daimi olaraq nəşr olunur. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında" Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, onun iqtisadi müstəqilliyinin təmin edilməsi, bu sferada çalışan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə mütəmadi olaraq xüsusi proqramlar hazırlanır dövlət başçısına təqdim edilir. Bu da onun göstəricisidir ki, mətbuat, bu sferada çalışan hər bir kəs dövlətin, dövlət başçısının diqqət və qayğısı ilə daima əhatə olunur".

 

Olaylar.- 2019.-1-2 avqust.- S.7.