Azərbaycan dilini qorumaq və gələcək
nəsillərə
çatdırmaq hər birimizin ən ali borcudur
Hər il ölkədə avqustun 1-i tarixi Azərbaycan əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən etibarən qeyd edilən bu günün qeyd edilməsi illər keçdikcə daha geniş miqyas alır və onun mütəşəkilliyi artır. Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bu günün əhəmiyyətindən danışarkən qeyd edib ki, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dili xalqımızın mənəvi sərvətidir. Onun sözlrinə görə, ana dilimizin saflığının qorunması dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü, ardıcıl işlər görülür, mühüm tədbirlər həyata keçirilir: "Ümumiyyətlə, Heydər Əliyevin verdiyi qərarlar, imzaladığı sənədlər təkcə dünənimiz və bugünümüz üçün deyil, o cümlədən gələcəyimiz üçün də çox aktualdır və xalqımızın mənafeyinə xidmət edir. Ulu Öndər Heydər Əliyev hələ sovetlər dönəmində respublikamıza rəhbərlik edərkən ana dilimizi qoruyub və təbliğ edib. Ölkəmizdə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Bu, Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalıb". Millət vəkili deyib ki, müstəqillik illərində də Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edilib: "Belə ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi təsbit olunub. Heydər Əliyevin Fərmanı ilə 1 avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması da çox önəmlidir. Biz bu günü qeyd edərkən yaddaşlarımızı saflaşdırırıq, yeniləyirik və bu dilin uğrunda aparılan mübarizəni unutmayaraq onu gələcək nəsillərə ötürməli olduğumuzu bu tarix bizə dönmədən xatırladır. Yəni 1 avqust tarixinin əhəmiyyəti bu günü ildə bir dəfə qeyd etməkdən ibarət deyil. Ulu Öndərimizin həmin qərarı onu ifadə edir ki, bu günə gətirən yol o qədər böyük, şərəfli və keşməkeşlidir ki, xalq öz dili uğrunda apardığı mübarizə üçün qürur, iftixar hissi keçirə bilər. Bu qürur və iftixarı da bizə yaşadan Ümummilli Liderimiz Heydər Əliyevdir. Ümumiyyətlə, bu gün Azərbaycanı dünyaya tanıdan, hörmət qazandıran amillərdən biri də dilimizə olan ehtiramdır və bu yöndə həyata keçirilən dövlət siyasətidir. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib". Millət vıkili müstəqillik illərində latın qrafikalı əlifbaya keçid məsələsinə də toxunub və qeyd edib ki, bu çox əhəmiyyətli məsələdir: "Biz 70 ilə yaxın müddətdə kirill əlifbasından istifadə etmişik ki, bu əlifba da sovetlər dövründə məcburən qəbul etdirilib. Kirill əlifbasının yaxından-uzaqdan soyumuzla bağlı heç bir əlaqəsi yoxdur. Müstəqillk illərində Ulu Öndərimiz Heydər Əliyevin qərarı ilə latın qrafikalı əlifbaya tam keçid Azərbaycanın dünyaya açdığı pəncərənin daha da genişlənməsinə səbəb oldu. Bu, dünya əbədiyyatına qovuşmaq, onu daha yaxın izləmək, eləcə də köklərimizə qayıtmaq nöqteyi nəzərindən latın əlifbasına keçid önəmli qərar idi. Ona görə də, eyni zamanda, Əlifba Günü kimi də 1 avqust tarixi bizim üçün dəyərlidir". Jalə Əliyeva onu da diqqətə çatdırıb ki, Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar da əvəzedilməzdir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, dövlət başçısı tərəfindən 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamın imzalanması da ayrıca qeyd edilməlidir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalayıb. Fərmanda göstərilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. Məhz bu təsirli tədbirləri görmək üçün ölkə başçısı tərəfindən imzalanan sözügedən Fərmana əsasən Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs yaradılması öz əksini tapdı. Şübhəsiz ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman ana dilimizin qorunması və inkişafına diqqət və qayğının bariz nümunəsidir. Digər tərəfdən, sözügedən Fərman Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsinə, mövcud nöqsanların və pozuntuların aradan qaldırılmasına xidmət edir. Bütövlükdə, dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və nöqsanların aradan qaldırılması diqqət mərkəzindədir". Millət vəkili deyib ki, Azərbaycan dilini qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin ən ali borcudur: "Eyni zamanda, Azərbaycan dilinin tətbiqi dairəsinin genişləndirilməsi və saflığının qorunması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə davamlı xarakter daşıyan mühüm tədbirlər həyata keçirilir və səmərəli nəticələr əldə olunur. Bütün bu işlərə görə, Azərbaycan dilinin saflığının qorunmasını daim diqqətdə saxlayan, ana dilimizin keşiyində duran dövlətimizə və dövlətimizin başçısına böyük minnətdarlığımızı bildiririk".
Süleyman
Olaylar.- 2019.- 1-2 avqust.- S.1; 5.