Tovuz dağlarında qara zurna səsi
Tovuz səfərimdən
təəssüratlar
Millət vəkili Qənirə Paşayeva Tovuzun kitabsevərlərilə görüşə dəvət edəndə tərəddüd etmədən razılıq verdim. Yayın istisi məni və xanımımı qorxutmadı. Getməyə bilməzdik, çünki yazıçının oxucularla görüşü hər dəfə yeni bir stimuldur. Özü də bu stimulu Tovuz rayonunun cəfakeşi, əhalinin hər dərdinə-sərinə, sevincinə və kədərinə şərik olan Qənirə xanımla bir yerdə alacaqdıq. Əlimdə yazılarımın olmasına baxmayaraq, hamısını bir kənara qoyub avqustun 3-də xanımımla Tovuza yola düşdük. Xanım əfəndi bizdən bir qədər gec Bakıdan yola düşdü, amma hər saat zəngləşirdik. Hər dəfə suallar verirdi: "Hardasız, aç deyilsiz ki?" deyə ana kimi qayğımıza qalırdı. Hərdən mənə elə gəlirdi ki, sözün əsl mənasında böyük hərflə yazılmağa layiq olan bu XANIM ƏFƏNDİ hər bir azərbaycanlının, hər bir türkün qayğısına qalmağa tələsir, düşünür ki, nə isə etməsə, kiməsə yardım (mənəvi və maddi) əlini uzatmasa fikirləri qarmaqarışıq olacaq, ürəyi təskinlik tapmayacaq, onsuz da az olan yuxusu da ərşə çəkiləcək. Onu lap çoxdan tanımağıma baxmayaraq səfər yoldaşlığı insanın yeni keyfiyyətlərini aşkarlayır, kəşf edir.
Telefonda cavab verdim ki, Gəncədə Şeyx Nizaminin məqbərəsini ziyarət edəcəm. Dedi ki, əhsən sizlərə! Gərəkdir ki, hər kəs Gəncəyə gələndə bu müqəddəs yeri ziyarət etsin. Məqbərəüstü gəzinti insanın aurasını dəyişir, düşüncələrə vadar edir, böyük ustadın əbədiliyini, bizimsə faniliyimizi bir daha düşüncələrimizdə bərqərar edir. Amma bizimlə ziyarətə yetişə bilmədi...
Maşınla yola düşdüyümüzdən yol boyu müşahidə etdiklərimi yazmaya bilmərəm. Yollarımız çox abadlaşıb, ətrafdakı torpaqlar becərilib, ilan mələyən çöllərə su kanalları çəkilib. Bir sözlə bəlkə on illərlə boş qalan torpaqlar canlandırılıb, vacib kənd təsərrüfatı obyektinə çevrilib. Bu vacibliyi ona görə vurğulayıram ki, qeyri-neft sektoru olan kənd təsərrüfatı dirçəlir. Bunu nazirə xoş gəlməsi üçün yazmıram, cənab nazirin görəcək işləri çoxdur, axsaq işlərimiz düzələn işlərimizdən çoxdur, amma buz yerindən tərpənib və bu dirçəliş (görəsən köhnə nazir hardadır?) göz görəsi hiss olunur.
Yolda polisə rast gəlməzsən. Bircə Kürdəmir-Ucar arası məsafədən başqa. Zalım uşaqları iyirmi beş il öncəsi kimi elə yerdə gizlənirlər ki, bir də görürsən ki, Ələddinin cini kimi qarşında zühur etdilər. Ümumilikdə isə gözəldir. Hər dörd-beş kilometrdən bir radar və sürət nişanları qoyublar. Qaydanı pozdun, cərimə evinə gələcək, yaxud telefonunda SMS görünəcək. Hə, arada nömrəsiz maşınlar 150-160-la şütüyürlər. Deyilənlərə görə belə maşınlarla razılaşıblar. Düzünü mən bilmirəm. İstənilən halda yollarımız şüşə kimidir. Amma bu nə qədər çəkəcək bilmirəm. Çünki yükçəkən maşınların məntəqələrində bir dənə də olsun maşın görmədik, baxmayaraq ki, Şağman və KAMazlar yollarda kifayət qədər idi.
Ucardan sonra Yevlaxda "Kür" qəzetinin baş redaktoru Əminə xanıma telefon açsam da telefonu bağlı idi. Ona kitab söz vermişdim. Yaydı, görünür, məzuniyyətdə olduğundan dağlara çəkilib.
Gəncəyə çatanda maşını birbaşa məqbərəyə sürdük. Məqbərəni və muzeyi ziyarət etdik. Oranın işçiləri bizi tanıdılar. Hələ bir gileylərini də etdilər ki, bəs ziyalılarımız rəsmi tədbirlər olmasa sizin kimi fərdi qaydada ziyarətə gəlmirlər. Gileyi qəbul etdim. "Keşmişi gələcəyə öturməyin bir yolu da budur. İnsanlarımız qaloş pirinə gedirlər, amma Şeyxin - dahi söz ustasının ziyarətinə gəlmirlər. Sözü anlamayan əşyanı özünə büt edəcək. Bu da nəticədə milləti ruhundan uzaqlaşıb bizi meşşana (əşyalara aludə) çevirəcək. Ondan sonra başımızı qapazaltı etmək heç də çətin olmayacaq". Bu fikirləri də özlüyümdə Şeyxin qəbri üstə söylədim.
"Şeyxin ərəblərlə qohumluğu varmı, uzaqdan-yaxından olan bir bilgi varmı?" Bələdçi bu sualıma gülümsündü və söylədi ki, yox. Söhbətin davamını mən etdim. Dedim: "Ona görə Şeyx Nizami deyirlər ki, o sözün və qəlblərin Şeyxidir". Bu fikirdən özümün də xoşum gəldi. Onlara da kitablar (əsasən də "Atabəy Eldəniz və "Nadir şah" romanlarını - çünki birincidə Şeyx Nizami obrazı, hər ikisində isə Gəncə təsviri vardı) hədiyyə edib yolumuza davam etdik.
Qoşa yol bitdi Gəncədən sonra, amma iş gedirdi və deyirdilər ki, ta Qırmızı Körpüyə qədər qoşa yol çəkiləcək və bunun da əyani şahidi olduq.
Şəmkirdə bizi başqa aləm gözləyirdi. Yol boyu istixanalar göz oxşayırdı, özü də sayı-hesabı yox idi. Şəmkirlilərə halal olsun! Çalışqandırlar. Nə deyirsən yetişdirib Rusiyaya göndərirlər. Burdakıları da, ordakıları da işlə təmin edirlər, dolandırırlar.
Gəlib Tovuza çatdıq. Şəhər təmizdi, insanları mehriban və səmimidirlər. Şəhərdə hamı bir-birini tanıyır deyə nabələd adam dərhal tanınır, xoş rəftarları ilə qonağı bir az da utandırırlar.
Qənirə xanım öncədən söyləmişdi ki, Tovuzda "Ayan" palasda qalacaqsınız. Gözəl, beş ulduzlu oteldir. Arxitekturası da möhtəşəmliyi, qədimliyi və duruşu ilə seçilir. Qiymətləri də Göy-Göl turist marşrutları üstündə olan otellərdən iki dəfə ucuzdur, xidmət keyfiyyəti də iki dəfə artıqdır. Burda hiss edirsən ki, sənə qonaq kimi yanaşırlar, cibi dolu olan pullu adam kimi yox. Hətta xanımım İstanbul və Tovuz otellərini müqayisə etdi. İkisi də eynidir. Biri dünyanın böyük meqapolisi, o birisi isə Azərbaycanda əyalət şəhəri, amma fərq yoxdur. Ölkəmiz beləcə göz görə-görə dəyişir. Otelin qarşısında isə Heydər Əliyev parkı göz oxşayır. Təmiz və səliqəli bir park. Axşam olan kimi bura adamla dolu olur. Parkın içində göl və orada süni bir ada salınıb. Tovuzluların bura istirahət etmək üçün sevimli yeridir. İnsanların üzlərinə tez-tez baxıram. Aqressivlik hiss etmirəm. Gündəlik qayğılarının biri də, bəlkə bura gəlməkdir ki, qayğı istirahətə çevrilsin.
Heç otelə
yerləşməmiş Qənirə xanımdan zəng gəldi. Dabanbasma
özünü yetirmişdi...
...Tovuzlu
dostlarım, başda təpədən dırnağa qədər
milli ruhlu olan Arzu Nağıyev bilirdilər ki, buralara gələcəm.
Zəng
zəng dalınca ki, bəs bu gün qonağımsan. Yumşaq şəkildə
təşəkkürümü bildirib, Qənirə
xanımın "sərəncamında" olduğumuzu
dedim. Ta neyləyə bilərik? Başqa cürə
mümkün deyildi axı, oxucularla görüşə gəlmişik,
özü də Qənirə xanımın təşəbbüsü
ilə.
...XANIM
ƏFƏNDİnin diqqəti bir an üzərimizdən əskik
olmur. Otelin foyesinə düşən kimi marşrutumuz bilindi:
Tovuzun füsunkar gözəlliyi ilə seçilən
Əsrik meşəsinə yollanırıq. Yolda
Qənirə xanım Tovuz və insanları haqqında
şövqlə və fəxrlə danışır, hiss
edirəm ki, buralı olmağı ilə qürurlanır.
Amma telefon hər üç dəqiqədən
bir "qışqırır". Arada
öz-özümə deyirəm ki, Allah eləməsin telefon
bu qızın qulağında partlasın. Rayona xəbər düşmüşdü ki, Qənirə
xanım Tovuzdadır.
Bəhanə
ilə yeməyə gəlib onunla görüşənlərin
də şahidi olduq. Əvvəl şəkil
çəkdirib, sonra da problemlərindən
danışırlar. Onu gözaltı izləyirdim.
İnsanları səbrlə,
aramla dinləyir, hər kəsin
dərdinə əlac etməyə
calışırdı. Əsəbləşən
görmədim, hirslənməyini hiss etmədim. Bir sözlə, Allah bu qıza səbr verib. Yemək də yeməyə qoymurdular. İki məsələdə
onun qəti barışmazlığını gördüm:
biri övladının ön cəbhədən başqa yerə
köçürülməsi xahiş ediləndə onun qəti
cavabı sərt şillə kimi xahiş edənin
üzünə çırpılırdı: "Nədi, sənin
uşağın olmazsa, o biri ananın uşağı olmazsa,
bəs bu sərhədləri kim
qoruyacaq?" Düz də deyirdi. Halal
olsun! İkincisi, təhsil, ali məktəbə
qəbulla bağlı edilən xahişlərə qəti rədd
cavabı verirdi... "Oxuyaydı, yüksək
bal toplayaydı. Milləti cahillikdən yalnız oxumaq
qurtara bilər!" Bu da onun sözləridir.
...Əsrik meşəsinin şırıltılı
çay suyunun səsi altında özümüzü təbiətin
içində əritmək, bir anlığa buranın
gözəlliyinin bir parçasına çevrilmək istəyirik. Bura həm də
sayı-hesabı bilinməyən istirahət yerləridir.
Tovuzdan və ətraf yerlərdən gələn
qonaq-qara əskik olmur, baxmayaraq ki, dağın o biri tərəfi
Ermənistan əraziləridir. Sevindirici haldir ki,
tovuzlular bir qarış torpaq da ermənilərə verməyiblər.
Eşq olsun tovuzlulara!
...Qənirə
xanımla xalqın millətə çevrilməsindəki əngəllərdən,
tarixdən, etnososial psixologiyadan, keçmişimizin və
bunun gələcəyə daşıyacağı problemlərdən
danışırıq. Çox
hazırlıqlıdır. Hansı əngəldən
söhbət edirsə, əvvəlcə onun skiletini qurur,
sonra ətə-qana dolduraraq tezis şəklində fikirlərini
bildirir. Hiss edirəm ki, mənim və
xanımımın belə söhbətlərə ehtiyacı
olduğu kimi, onun da belə mənəvi mükamiləyə
ehtiyacı var. Biz bir növ yorğunluğumuzu belə
çıxardırıq.
Söhbəti yaslarımız və
toylarımızın üzərinə gətirəndə
bizi düşüncələrimizdən və söhbətimizdən
dağlara səs salan qara zurnanın və davulun səsi
ayırdı.
Daha danışmayıb diqqətimizi qara zurnaya
kəsdik. Allah, burada nələr
yoxmuş. Qara zurnanın səsi şəhərdə
və tarixdə itmiş ruhunu özünə qaytarır.
Sən musiqiyə qoşulub itmiş, çox
zaman parçalanmış ruhunu dağda, bağda axtarmağa
başlayırsan. Bu səs səni qəhrəmanlıq,
müdriklik, səmimiyyət, bəzəksiz-düzəksiz
dünyaya aparır. Burada
saflığının beşiyindəsən, törələr
sənin başının üstündədir, heç kimin
bu törələri pozmağa, ayaqlayıb keçməyə
ixtiyarı yoxdur. Yazılmamış qanunların
pozulmasına heç kim izn verməz. Zurna səsi törə qaydalarını sənə
səslə başa salır, davul da guruldamaqla sənə xəbərdarlıq
edir ki, yolunu azmayasan, yatmayasan.
Zurna-davul səsi kəsildi. Ruhum o sehrli səsdən
ayrılaraq xanımların yanına qayıtdı.
Zarafatla dedim ki, burada şeir yazmağa nə var? Sözlər öz-özünə gəlir. Qənirə
xanım zarafatıma tovuzluların bir məsəli ilə
cavab verdi. ...Xeyli güldük.
Yenə qara zurnanın, davulun səsi diqqətimizi kəsdi. Arada gəlib
XANIM ƏFƏNDİ ilə şəkil çəkdirənlər
də öz yerində. Öz-özümə sual verdim:
"Niyə toylarımızı gəlib bu dağlarda etmirik?
Şadlıq saraylarının musiqi səsləri az qalıb qulağımızı kar, gözlərimizi
kor etsin. Niyə hamımız şadlıq
saraylarına qaçırıq?" Özüm də
cavabını verdim: "Rahatlıq axtarırıq. Özümüzün əlavə yüklənməyimizi
istəmirik. Axı bunun üçün qonum-qonşu
tökülürdü toy sahibinin evinə, bir ay öncədən
hazırlıq gedirdi. İndi hər şeyi özün təkbaşına edirsən. Əvəzində isə doğmalıq,
təmas, səmimiyyət, saflıq əlimizdən
alınır". Heç bunu düşünmürük...
Musiqi sədası altında Tovuza otelə
dönürük. Parkda gəzməyə imkan vermirlər.
Yenə də fotosessiya.
...Yolda
millət vəkili yenə öz ampluasındadır. Telefona cavab verir, kimlərəsə zəng edir,
çox zaman da kimlərinsə problemini həll edir.
Gecə yarıdan keçib, başımız söhbətə
necə qarışıbsa artıq zamanla vaxtın yerini səhv
salırıq.
İntellektual söhbətə çay süfrəsinin
arxasında polis rəisi, səhəri gün isə tədbirdən
sonra icra başçısı da qatılır...
Gecə yarısı bizdən sonra hara getdiyini səhər
tezdən bizim arxamızca gələndə bildik. Hansısa kəndə
dərd ovutmağa getmişdi. Bax belə.
Tədbirdən çox yazmıram,
çünki şəkillər və dərc olunan xəbərlər
hər şeyi deyir.
Bircə
onu deyim ki, tədbir möhtəşəm idi, həm insan
axını, həm də Azərbaycanın ən qədim təhsil
ocaqlarından olan 110 yaşlı Puşkin adına orta məktəbdəkeçirilməsi
məclisə xüsusi rəng qatırdı. Hiss edirsən
ki, Tovuzda kitab aclığı var, bilmək, öyrənmək
həvəsi var, oxumaq onlar üçün gələcək
deməkdir. Kaş bütün Azərbaycanda belə
olaydı. Oxumaq və savadlanmaq, bilik yiyəsi
olmaq millətimizin qurtuluşudur. Çıxışlarımız
da möhtəşəm oldu. Xalqın başa
düşdüyü dildə "Tarix nədir?" , "Tarixi bilmək niyə
lazımdır?" kimi mövzularda danışdıq. Düşünürəm akademik dildən, pafosdan kənar
danışmaq xalqla ziyalılar arasında körpü və
doğmalıq yaradır və hamını dövlətə,
vətənə, millətə daha sıx bağlayır.
Çıxışımda dediyim kimi: "Tarix sevgi
ölşüsüdür!"
Beləcə
iki günlük səfərimiz başa çatdı...
P.S. Bu səfərə
görə Qənirə xanıma, şəhər ictimaiyyətinə,
icra başçısına təşəkkürümüzü
bildiririk.
Bakı-Tovuz-Bakı
07.08.2019
YUNUS OĞUZ
Olaylar.- 2019.- 8-9 avqust.- S.4; 8.