Oğuzlar və Türk kimliyi

 

Oğuz etnoniminin adı bizim eradan öncə II yüzillikdə əski Çin qaynaqlarında "O-kut", yəni Türklər kimi qeyd olunmuşdur. Bu, təbii ki, çin dilinin qrammatik şərtləri əsasında belə qeyd edilib. Əski türkcədə isə "Oqur kimi" xatırlanır. Doğu Türküstandakı əski türk qaynaqlarında, özəlliklə də Tarbaqatay və Kobdo bölgəsində "z" hərfi çox zaman "r" hərfi ilə əvəzlənir. Çinlilərin düşüncəsinə görə, "O-kut" deyimi, həm də "türklərin ərazisi" olaraq başa düşülür.

"Oğuz" sözünün mənşəyinin əski türklərdə "ok" (ox) kimi anlamının mövcud olması indi heç kimə sirr deyil. "Ok" sözü həm də əski türklərdə elat mənasını daşıyırdı. Misal üçün "Onok" deyimi on boy, yəni "on elat" demək idi. Beləliklə, "z" hərfinin də əlavə olunması sayəsində "Oğuz" sözü formalaşıb. Türk dilinin qrammatik şərtləri daxilində sözün əsas hissəsinə əlavə edilən şəkilçi həm də və hüquqi anlamda yeni məna qazanmış olur. Bu söz də beləcə etnik qavrama çevrilib.

"Oğuz" kəlməsinə Güney Sibir bölgəsində də rast gəlinir. Burada Barlık və Ulu Kem dağ çaylarının Yenisey çayına töküldüyü ərazilərdə tapılan daşlar üzərindəki yazılı abidələrdə "Altı Oğuz boyu" kəlməsi qeyd edilib. Bu vadidə yaşayan yerli türk toplumları olaraq, şor, telengit, mişar, çulum, barabinlər indinin özündə belə, öz xalq inanclarında bölgənin əski oğuzlara aid olduğunu qeyd edirlər.

Orhun abidələrində oğuzlar və gök türklər haqqında çox geniş mənada qeydlərə rast gəlmək mümkündür. Bir çox əski türk qaynaqlarında əslində gök türklərin elə oğuzların özləri olduğu da qeyd olunub. Əski Çin qaynaqlarında, özəlliklə də Tansülaləsinin yazılı abidələrindəki "Tanq Su" və "Kiy Tanq Şu" kitablarında bizim eranın VI-VII yüzilliklərinə aid nümunələrdə belə yazılır: "Gök Türklər elə Oğuz boyunun bir parçasıdır. Gök Türklər 9 boydan ibarət olsalar da, onların hamısı oğuzlardırlar".

Elə həmin Çin qaynaqlarında oğuzlar "toles" kimi də xatırlanırlar. Deməli, toleslər də oğuz boyunun bir adı olaraq qeyd edilib. Oğuzlarla bağlı Çin qaynağında "kui-sin" yəni 9 boy haqqında yazılan salnamədə onların hamısının "tu-kyue", yəni türklər kimi ifadə olunması xüsusilə diqqət çəkir. Daha sonra isə qeyd olunur ki, oğuzlar, yəni türklər Aşin Xaqanlığını yaratmaqla, bütün türk etnik qruplarını vahid bir dövlətdə birləşdirə bildilər. Çin qaynaqları Aşin Xaqanlığını həm də Oğuzların dövləti kimi qeyd edir.

Tarixi qaynaqlarda bizim eranın VI yüzilliyində Gök Türk Xaqanlığının yaranmasında əsas dominant rolu oğuzların oynadığını qeyd olunur. 630-cu ildən başlayaraq, Tolqa və Selenqa çaylarının vadiləri boyunca, çox geniş bir coğrafi məkanda İlteriş Xaqanın komandanlığı altında oğuzlar tarixdə ilk dəfə olaraq qüdrətli dövlət quruluşunu yaratdılar. Bu barədə İlteriş Xaqanın və Baz Xaqanın məzarları üzərindəki daş balbal abidələrində də xüsusi qeydlər var.

682-ci ildə Selenqa bölgəsində Kutluq Xaqanla oğuzlar daha geniş mənada ittifaq yaratmaqla Çinə məxsus orduların qarşısında daha güclü mövqe nümayiş etdiriblər. Özəlliklə də çinlilər və kitanlara qarşı bütün döyüşlərdə birgə iştirak ediblər. 682-ci ildə Tonyukuk Xaqanın dövlətin başına gəlməsi sayəsində Korov Gölü çevrəsində çinlilərə qarşı tarixin ən böyük savaşlarından biri oldu və demək olar ki, oğuzlar onlara ən ağır cəzanı verdilər. IX yüzilə kimi Selenqa şəhəri oğuzların paytaxt olmaqla özünün siyasi və hərbi qüdrətlərini qorumuş oldu.

Oğuzların bu möhtəşəm gücünü görən çinlilər hər zaman olduğu kimi zərif və incə taktika ilə mümkündür qədər fərqli türk boylarını üz-üzə qoymaqla, onların arasına nifaq toxumunu səpmək istəyiblər. Özəlliklə də 691-ci ildən başlayaraq, uyğurlarla oğuzlar arasında mövcud olan bir sıra qarşıdurmalar məhz bu səbəbdən baş verib.

Uyğurların Moen-Çur adlı tegini Uyğur Xaqanlığı dönəmində dəfələrlə çinlilərin yağlı

vədlərinə inanaraq, oğuzlara qarşı Börgü və Selenqa şəhərlərinə yürüşlər etməklə

savaşlar aparmışdır. 716-cı ildə Gültekin Xaqan, daha sonralar isə Bilgə Xaqan, 717-ci

yüzildə Kapaqan Xaqan, daha sonralar isə Tonyukuk Xaqan və İlteriş Xaqan oğuzların

ən güclü savaşçı boyu olan bayrıkların sayəsində çinlilərin türk boyları arasında

apardığı incə və zərif siyasətlərin qarşısını almaq üçün onlara dərin və sarsıdıcı

zərbələr vurublar. Özəlliklə də Ötükən vadiləri boyunca tarixdə Üç Oğuz və ya

Karluklar adlanan boylar bu savaşların əsil qəhrəmanlarına çevriliblər. Çünki çinli

döyüşçülərin sayı bu savaşlarda oğuzlardan ən azı on dəfələrlə çox olub. 717-718-ci

illərdə Çinin sınırlarına kimi oğuz boyları onları təqib edib.

775-ci ildə Orxon bölgəsindən Talas bölgəsinə kimi ərazilər tamamilə oğuzların

nəzarətində idi. Daha sonra oğuzlar Sır Dərya çayının vadilərinə qədər öz

hakimiyyətlərini genişləndirdilər. Bunun əsas səbəbi isə, ərəblərin islam bayrağı

altında bu dini qəbul edən bütün toplumları bir araya gətirməklə türkləri ya

ərəbləşdirmək, ya da tamamilə soyqırımı etmək niyyəti idi. Belə bir durumun

yaranmasında farslara məxsus əski əhəməni və sasani ideyasının daşıyıcısı olan,

çinlilər qədər zərif və incə siyasətə üstünlük verən indiki farsların da mühüm rolu

olmuşdur. Tarixi qaynaqlar da təsdiq edir ki, IX yüzillikdə oğuzların siyasi

hakimiyyətinə qalxan səlcuqlulara qədər, bölgədə Oğuz El Birlikləri tərəfindən islam

bayrağı altında hərbi yürüşlər edən ərəb-fars qoşunları darmadağın edilmişlər. 820-

821-ci illərdə Sır Dərya və Səmərqənd arasındakı savaşların özü belə bu gerçəklikləri

təsdiq edir.

X yüzillikdə oğuzların təsir dairəsi altında Karacuk (indiki Fərab), Sayram, Sabran,

Ürgenc kimi inkişaf etmiş böyük şəhərlər, Aral dənizinin hövzəsi, Cit və Börütekin

bozkırları oğuzların tam nəzarətində olmuşdur. Ərəb-fars birlikləri məhz oğuzların

sayəsində Türküstana daxil ola bilmirdilər. Xəzər dənizinin sahillərindəki Karacuk

bölgəsini ərəb qaynaqları "Məfəzül Ğuziyə", yəni Oğuz bozkırları adlandırmışlar.

975-ci ildə karluklar, yaqmamlar və oğuzlar Türküstanın doğusunda, batısında isə

toksullar və çigilmanlar 9 Oğuz El Birliyi düzənini yaratmış oldular. IX-XI yüzilliklərdə

Xəzər dənizinin quzeyi boyunca Oğuzların ən yüksək səviyyədə dominantlıq təşkil

edən boylarından biri kimi - Uzlar - Doğu Avropadan Balkanlara qədər olan coğrafi

məkanın əsas idarəedici gücü olaraq tanındılar. Faktiki olaraq, Orxon vadisindən

Seyhan çayının vadilərinə kimi bu geniş coğrafi məkan Oğuzların nəzarətində idi.

X yüzillikdə Oğuzların dövləti idarə etmə siyasətində YABQU anlamını ortaya

qoyuldu. "Eni (Yeni) Kent şəhəri mərkəz olmaqla oğuzların nəzarətində olan bütün

bölgələr el birliklərinin Geneşme, yəni Məsləhət Şurası tərəfindən yönləndirilirdi və

geneşme kurul başqanı Yabqu adlandırılırdı. Onun varisi isə Erkin adlanırdı. Erkinin

əsas vəzifəsi savaş dönəmində bütün el birliklərindən orduya döyüşçülərin dəvət

edilməsini təmin etmək və onlara komandanlıq etək idi. Eyni zamanda el birliyinə

daxil olan oğuz boylarında savaş hazırlıqlarına nəzarət etmək, yeni döyüş taktikalarını

tətbiq etmək də onun vəzifəsi idi. Hər bir ordu birliyinin yerli komandanı isə Subaşı

adlanırdı. Oğuzlarda dövləti idarəetmə siyasətində eyni kökdən olan Xəzər, Kimak,

Peçeneklərlə səmimi qonşuluq və strateji müttəfiqlik önəmli sayılırdı. Ərəb-fars və

eləcə də Avropa qaynaqları məqsədli şəkildə bu türk dövlətləri arasında daim

savaşların və intriqaların yaşanıldığını qeyd edirlər. Əslində, bu türk dövlətləri

öncələrdən çinlilərə qarşı birlik və bərabərlik içində savaş aparmaq təcrübəsinə malik

idilər. Ünlü türk salnaməçisi Mahmud Kaşqarlı da zatən öz yazılarında buna

toxunurdu.

XIV yüzillikdə yaşamış türk salnaməçisi Rəşidəddin Əlixan tərəfindən yazılmış Cami ət

Təvarix əsərində də qeyd edildiyi kimi, oğuz, karluk, kimak, xəzər, uyğur, karaxanlı və

digər el birlikləri bütövlükdə TÜRK adlanırdılar. Oğuzların səlcuq boyunu təmsil edən

Toğrul və Çağrı bəylərin dönəmində bu birliklər daha da gücləndi.

Mahmud Kaşğarlı qeyd edir ki, oğuzlar üç-ok və boz-ok qrupları şəklində mövcud

idilər. Bu iki çevrəni toplam 22 boy birləşdirirdi. Onların hər birinin ayrıca damğası

mövcud idi. Bunlar Kai, Bayat, Alka Evli, Kara Evli, Yazır, Döger, Dodurqa, Yaparlı,

Ovşar, Kızır, Bəydili, Karkın, Çaruklu, Bayandır, Peçene, Çavuldur, Salur, Eymur,

Alayuntlu, Yuregir, İqdır, Böyükdüz, İva boylarıdırlar.

XI yüzillikdə Səlcuqlu xanədanlığı dönəmində oğuzlar daha geniş coğrafi arealda

dövlət formalaşdırma siyasətinə üz tutdular. İlk addım kimi Xorasan bölgəsini

nəzarətə aldılar. Beləliklə, indiki Türkmənistan, Əfqanıstan, İran və Qafqazda böyük

bir gücə sahib oldular. Bu, həm də ipək yollarının nəzarətə alınması demək idi. Heç də

sirr deyil ki, Qara dəniz, Karpat dağlarının ətəkləri və Başkan yarımadasına kimi

böyük bir ərazini nəzarətdə saxlayan kumanların yarısı oğuz kökənlidirlər. Özəlliklə,

IX-XI yüzilliklərdə İssık Kul və Balxaş gölləri aralığında oğuzlara məxsus Türkeşlər

dövləti Çin istilasına qarşı tarixdə ən böyük dirənişlərdən birini aparmışdır.

Mahmud Kaşqarlı qeyd edir ki: "Mərkəzi Avropa, özəlliklə də Dunay çayının sahilləri

boyunca, eyni zamanda Balkan və Krımda türklərin ən böyük gücü peşeneqlər

olmuşlar. Peçenqlər isə Oğuz boyundandırlar. Onlar Vizantiya dövlətinin coğrafi

ərazilərini genişləndirmək siyasətinə qarşı ən böyük güc olaraq birləşmişdi. Peçeneqlər

İtil (Volqa) çayı və Xarəzm arasındakı ərazilərə də nəzarət edirdilər. Onların əsas güc

mərkəzi isə Don-Kama çaylarının vadiləri idi". Bu gün həmin tarixi faktlar coğrafi

məkan olaraq toponimik, hidrinomik və digər adlar altında öz mövcudluğunu

saxlamaqdadır. Qara dəniz boyu Kəngər adlanan məkanlarda Ertim, Çor, Yula

çaylarının adları hələ də mövcuddur. Don Dunay çaylarının qolları kimi mövcud

olan Çoban, Tolmaç, Külbey, Çor, Ertin, Kapan kiçik çaylar, Sulu, Börü, Bula, Yazı,

Yavdi, Kalqan göllərinin adları bir daha sübut edir ki, Oğuz Türkləri bu bölgədə

yaşamışlar.

Mərkəzi Avropaya hakim olan peçeneqlərin oğuz kökənli olmasını Almaniya, İtaliya,

Fransa, Norveç və Macarıstan alimləri də təsdiq edirlər. Peçeneqlərin tərkibindəki Aba,

Balçar, Bator, Bıçkılı, Eke, İlbeq, Kure, Karaca, Temir, Teber, Sol, Salma, Saqa, Kerbak el

birliklərinin adları da təsdiq edir ki, onlar Oğuz kökənli olublar. Avropa qaynaqları

onları Uzlar adlandırır. Uzların böyük bir qolu isə Oka çayının vadilərinə qədər uzanır.

 

Ardı var

 

Cahandar Bayoğlu

 

Olaylar.- 2019.- 15-16 avqust.- S.6.