Heydər Əliyevin uğurlu neft strategiyası

 

Və Azərbaycanla Türkiyənin dünyanın önəmli enerji oyunçusuna çevrilməsi

 

Həftəsonu dünyanın diqqət mərkəzi yenə türk dünyası, bu coğrafiyanın, regionun əsas lokomitivi sayılan Türkiyə və Azərbaycanda idi. Səbəb Avropanın enerji təhlükəsizliyinin təminatı prosesində iki qardaş ölkə, Türkiyə və Azərbaycanın birgə iştirak etdiyi TANAP layihəsinin Avropa hissəsinin istifadəyə verilməsi mərasimi idi. Hər iki ölkə prezidentləri, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirak etdiyi bu mərasim bir tərəfdən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolu, mühüm əhəmiyyətini bir daha sübut edirdisə, digər tərəfdən Ankara və Bakının dostluq və qardaşlığı, strateji müttəfiqliyini bir daha dünyaya bəyan edirdi. Eyni zamanda bu hadisə ümummilli lider Heydər Əliyevin şah əsəri sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən başlayan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi önəmli layihələrə imza atan iki qardaş ölkənin qarşılıqlı faydalı, strateji əməkdaşlığının uğurla davam etdiyi,  eyni zamanda yeni perspektivlərə yol açdığını aydın şəkildə göstərirdi. 

TANAP-ın Avropa hissəsinin istifadəyə verilməsini mühüm əhəmiyyətli hadisə kimi xarakterizə edən ekspertlər, siyasilər bu kimi önəmli layihələrin reallaşmasında Türkiyə və Azərbaycan əlaqələrinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Qeyd edilir ki, məhz Ankara-Bakı münasibətlərinin bu cür yüksək səviyyədə qurulması regional və beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsinə yol açır. Xüsusi olaraq bir fikir də qeyd edilir ki, hər iki ölkənin dövlət başçıları qarşılıqlı faydalı və strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərir, bu istiqamətdə əmək sərf edir.

 

Millət vəkili Sahib Alıyev də TANAP-ın Avropa hissəsinin istifadəyə verilməsini xüsusi əhəmiyyətə malik hadisə kimi qiymətləndirməklə yanaşı, bu layihənin gerçəkləşməsində Ankara və Bakının yaxından əməkdaşlığını, bu əməkdaşlığın perspektivlərini xüsusi qeyd edir: "TANAP qaz kəmərinin Avropayla birləşən hissəsinin açılış törənində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın yüksək liderlik keyfiyyətini nəzərdə tutaraq bu fikirləri səsləndirdi: "Bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin sözünün çəkisi artır, imkanı genişlənir və hər kəs bilməlidir, heç kim unutmamalıdır ki, bu qardaş ölkə buna görə kimə borcludur". Bəli, Rəcəb Tayyib Ərdoğan Türkiyə tarixində iz qoyan liderlərdən biri kimi qalacaq və bu gün dünya güclərinin təzyiqlərinə rəğmən qardaş ölkənin müstəqil siyasət yeritməsi həm də onun şəxsiyyətilə bağlıdır". Millət vəkili bu gün Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi neft və qaz layihələrinin belə uğurla reallaşmasında Heydər Əliyev faktorunun da nəzərə alınmalı olduğunu vurğulayıb. Bildirib ki, məhz ümummilli liderin uğurlu neft strategiyasının məntiqi nəticəsidir ki, günümüzdə Ankara və Bakı bu kimi önəmli layihələrə imza atır: "Mütləq mənada onu da qeyd etməliyik ki, Azərbaycanla yanaşı digər türk dövlətlərinin, o sıradan da Türkiyənin müstəqillik potensialının artmasında, bu gün dünya çapında sözü keçənlərdən birinə çevirilməsində ulu öndər Heydər Əliyevin böyük rolu var. Məhz onun işləyib-hazırladığı, reallaşdırdığı neft-qaz strategiyası heç bir karbohidrogen ehtiyatı olmayan Türkiyəni milyardlar qazandırmaqla əsas və önəmli enerji oyunçusu etdi. Eyni zamanda da Xəzərin o tayındakı dövlətlərə istehsal etdikləri yanacağı Bakı-Tbilisi- Ceyhan kəməri ilə dünyaya çatdırmaq perspektivi yaratmaqla onları ancaq bir ölkədən tranzit asılılığından qurtardı. Məhz Bakı-Tbilisi-Ceyhanın açılışından sonra həmin dövlətlər istehsal etdikləri neft və qazı əvvəlkindən bir neçə dəfə artıq qiymətə dünya bazarına çıxara bildilər".

 

***

Sahib Alıyev onu da diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Ceyhan təkcə Xəzər neftinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb etmir: "Cənab İlham Əliyevin də vurğuladığı kimi əgər zamanında o kəmər çəkilməsəydi, nə TANAP qarışıq Cənub Qaz Dəhlizi, nə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşasıydı. Yenə də həm Xəzərin o tayındakı qardaşlarımız, həm də Türkiyə üçün böyük perspektivlər açan sonuncu iki layihənin əsas təşəbbüsçüsü və maliyyə yükünü öz üzərinə götürən isə Azərbaycan Prezidenti, Azərbaycan dövləti oldu. Beləliklə, bir daha təkrar edirəm ki, bu gün qardaş Türkiyənin müstəqil və iddialı siyasət yeritməsində adını çəkdiyim layihələrin, o layihələri reallaşdıran ulu öndər Heydər Əliyevlə cənab İlham Əliyevin rolları danılmazdır, unudulmamalıdır".

Millət vəkili Kamilə Əliyeva da TANAP layihəsinin Avropa hissəsinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimi ölkəmiz, xalqımız üçün mühüm əhəmiyyətli hadisə kimi qiymətləndirib. Millət vəkili qeyd edib ki, xalqımız, dövlətimiz, cəmiyyətimiz son günlər yenə tarixi anlar, tarixi hadisələr yaşayır. Onun sözlərinə görə. uğurlarımızın, zəfərlərimizin üzərinə növbəti uğurlar, zəfərlər gəlir: "Belə ki, Azərbaycanın uğurlu neft strategiyası, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi siyasəti nəticəsində həftə sonu daha bir uğura imza atıldı. Bölgənin, Avropanın, ümumilikdə dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinin əsas aktorlarından birinə çevrilən ölkəmiz Türkiyə ilə qardaşlığımızın, dostluğumuzun, həmrəyliyimizin birgə məhsulu olan TANAP-ın Avropa ilə birləşən hissəsini işə saldı. Bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində yüksək səviyyəli və təntənəli açılış mərasimi reallaşdırıldı. Dörd il bundan əvvəl  iki qardaş ölkənin iştirakı ilə birlikdə təməli qoyulan TANAP Avropa sərhədinə çatdı". Kamilə Əliyeva bildirib ki,  bu, tarixi və çox şərəfli bir hadisədir. Millət vəkilinin sözlərinə görə, əslində TANAP-a aparan yol 2012-ci ildən  başlansa da, tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı: "Tarixi İstanbul anlaşması isə  məhz  Türkiyə və  Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdu. Belə ki, TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci ilin dekabrında, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş isə  2012-ci ilin  iyununda İstanbulda imzalanmışdı. Eyni zamanda, məlum saziş hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənmişdi. Bununla yanaşı, layihə üzrə yekun investisiya qərarı 2013-cü ildə qəbul edilmiş, 2015-ci ildə isə  Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılmışdı. Onu da qeyd edim ki, Cənub Qaz Dəhlizinin (CQD) əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Həmçinin, qeyd edim ki, TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir". Millət vəkili Kamilə Əliyeva onu da diqqətə çatdırıb ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir: "Ötən il  təntənəli açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi də öz növbəsində nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, dünən isə TANAP tam istifadəyə verildi. Dördüncü layihə olan TAP-ın icrası  da artıq 90 faizi keçib və heç şübhəsiz ki, TAP da vaxtında istismara veriləcək.  Açılış mərasimində də Azərbaycan Prezidenti cənab İlham Əliyevin  bəyan etdiyi kimi, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcək.  Eyni zamanda, bundan sonra  iki qardaş və dost ölkənin birgə həyata keçirəcəyi  bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq. Buna kimsənin şübhəsi olmasın. Bu günə kimi belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq. Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi hələ çox xariqələr yaradacaq".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP-ın ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək. Ötən il iyunun 30-dan indiyədək TANAP vasitəsilə Türkiyə bazarına 3,3 milyard kubmetr Azərbaycan qazı nəql edilib. 2021-ci ildən isə Türkiyə üçün bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Kəmərin ötürücülük gücünün əlavə sərmayələrlə əvvəlcə 24 milyard kubmetrə, sonra isə 31 milyard kubmetrə çıxarılması planlaşdırılır. Bunun üçün isə əlavə kompressor stansiyaları inşa olunmalıdır. Hazırda TANAP-ın biri Ardahanın Damal ərazisində və digəri isə Eskişəhərin Seyidqazi ərazisində yerləşən iki kompessor stansiyası var. TANAP-ın ötürücülüyü maksimal nəzərdə tutulan 31 milyard kubmetr layihə gücünə çatdırıldıqda kompressor stansiyalarının sayı 7 olacaq.

Hesablamalara görə TANAP hər il 1,45 milyard dollar dəyərində gəlir gətirəcək. Bu miqdarın 96,4 milyon dolları isə Türkiyəyə vergi olaraq ödəniləcək. Bu gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

TANAP layihəsində "Cənub Qaz Dəhlizi" QSC 51 faiz, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" 7 faiz, BOTAŞ 30 faiz, BP 12 faiz paya malikdir. "SOCAR Turkey Enerji" 2018-ci ilin martın sonunda TANAP-ın səhmdarları arasına qoşulub. Şirkət "Cənub Qaz Dəhlizi" QSC-dən pay alıb. QSC-nin səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsusdur.

 

Füzuli

Olaylar.- 2019.- 3-4 dekabr. S. 9.