İctimai
nəzarətin effektiv təşkili və milli maraqların
qorunması
Demokratiyanın
təzahürü
İstənilən
dövlətdə ictimai nəzarətin təşkili və
milli maraqların qorunması prinsipinin kifayət qədər
böyük rolu var.İctimai nəzarət və milli
maraqların mövcudluğu ölkənin rifahına və hər
sahədə inkişafına yol açaraq, dövlətdə
baş verə biləcək ciddi bəla və təhlükələrdən
qoruyur,ölkə daxili xaosların,
özbaşınalıqların qarşısını
alır.İctimai nəzarətin təşkili və milli
maraqların qorunması demokratiyanın və
aşkarlığın təzahürüdür.
İctimai
nəzarətin və milli maraqların təmin edilməsində
ən çox istifadə olunan daxili ehtiyatlar və siyasət
vasitələrinə dövlət orqanları və
qeyri-hökümət strukturları,siyasi
partiyalar,vətəndaş cəmiyyəti
institutları,kütləvi informasiya vasitələri,milli
elita, sosial şəbəkələr və s.daxildir.
Məsələn
dövlət strukturları nəzdində yaradılan ictimai nəzarət
şuraları tanınmış,daha doğru desək, milli
elitadan və həmin dövlət idarəsində
çalışmayan üzvlərdən ibarət olur.QHT-lər
kimi ictimai nəzarət şuraların əsas vəzifəsi
şəffaflığı tam təmin edə bilmək, habelə,
ictimayyətin maraqlarının təmin edə biləcək
maarifləndirici layihələrin həyata keçirililməsidir.
Milli
idealımız
Azərbaycanın
milli maraq və milli təhlükəsizliyinin təmin edilməsi
birbaşa onun daxili və xarici maraqlarının düzgün müəyyənləşdirilməsi
və təmin olunması mexanizmlərinin yaradılmasından
asılıdır.
Milli maraqların məzmunu, çərçivəsi və
ölçüləri cəmiyyətin dəyərlərini
özündə əks etdirən "milli idealla" müəyyənləşir. Ümumi şəkildə
götürüldükdə, millətin və xalqın ən
mühüm "idealını"ilk növbədə
özünüqoruma, özünüyaşatma və
davamlı inkişaf maraqları təşkil edir.
KİV,
sosial şəbəkələr və informasiya təhlükəsizliyi
XXI əsr
informasiya əsridir desək yanılmarıq, çünki
geosiyasi, geoiqtisadi və hərbi-geostrateji proseslərin idarə
olunmasında, beynəlxalq məsələlərin tənzimlənməsində,
o cümlədən milli təhlükəsizliyin
qorunmasında, dövlətin və vətəndaş cəmiyyətinin
inkişafında informasiyaların ötürülməsi, qorunması və
onların təhlükəsizliyi əvəzsiz rol oynayır. Məhz Azərbaycan dövlətinin qəbul etdiyi və
icra etdiyi qərarlar ölkəmizin informasiya təhlükəsizliyini
təmin etmiş, bununla yanaşı ətrafımızda
hörülən mənfi xarakterli informasiya blokadasını
dəf etməyə müvəffəq olub. Şübhəsiz ki, dövlətin informasiya məkanı,
onun qloballaşması dövlətin sosial, siyasi, iqtisadi
inkişafından asılıdır və həmçinin
onun elmi-texniki, mədəni göstəricilərinin təzahürüdür.
Günümüzdə
ictimai nəzarətin əsas iki ən önəmli və ən
effektiv vasitələrindən
biri, deyərdim ki, KİV və sosial şəbəkələrdir.
Hazırda Azərbaycan dövlətinin müstəqil,
xarici siyasəti bir çox xarici qüvvələri qane etmir
və bu səbəbdən də antiAzərbaycan siyasətində
informasiya resurslarını var gücü ilə işlədirlər.
Təbii ki, bu sistemli müharibənin
aparılması heç də elə belə deyil. Azərbaycanın
müstəqil xarici siyasəti yürütməsi,
balanslaşdırılmış siyasəti, beynəlxalq tədbirlərə
ev sahibliyi etməsi və s. kimi səbəblər
göstərmək olar. Yaxud, başqa bir misal
çəkək. Azərbaycan müstəqillik yoluna qədəm
qoyandan dövlətimizlə
bağlı "siyasi məhbus" məsələsi
gündəmdən düşmür. Niyə?
AntiAzərbaycan informasiya siyasətində
ağlasığmaz üsüllardan istifadə etməklə
dövlətimizə siyasi və iqtisadi təsirlər göstərməyə
çalışırlar. Bəzən də
həyəcanlı, təşvişli xəbərlər
ötürməklə dövlətin içində
qarışıqlıq yaratmağa cəhd göstərirlər.
Son illər bu cəhdlər daha çox sosial
şəbəkələr vasitəsilə edilir ki, bu da
heç də ürəkaçan hal deyil. Heç istəməzdim ki, sosial şəbəkələr
hansısa qüvvələrin əlində
qarışıqlıq, qarşıdurma və ya terror alətinə
çevrilsin. Bir millət olaraq bizlərin
də boynuna müəyyən qədər yük
düşür. Borcumuz odur ki, əsassız,qızışdırıcı informasiyalara
uymayaq, onları yaymayaq! Sosial şəbəkələri
birlik aləti kimi istifadə edək. Aprel
döyüşlərində öz birliyimizi, milli
maraqlarımızı bir yumruq altında birləşdirərək
bütün dünyaya nümayiş etdiyimiz kimi!
Hərbi
təhlükəsizlik
Milli maraq-milli təhlükəsizlik siyasətinin əsas
istiqamətləri siyasətində Azərbaycanın hərbi
təhlükəsizlik siyasəti ilk yerdə dayanır. Hərbi təhlükəsizlik
siyasəti ölkə əhalisinin birbaşa xarici hərbi
müdaxilələrdən, hər hansı təhdidlərdən
qorunması, dövlətin hərbi təhlükəsizliyinin
təmin olunması və suveren hakimiyyət səlahiyyətlərinə
xarici müdaxilələrin qarşısını almaqdan ibarətdir.
Dövlətin hərbi təhlükəsizlik
siyasəti dövlətin yaşaması, onun inkişafı və
hər hansı müdaxilənin qarşısının
alınmasında vacib və ümdə şərtlərdən
biridir.
Sərhəd
təhlükəsizliyi
Milli maraqlar siyasətinin vacib tərkib hissəsi
sayılan hərbi təhlükəsizlikdən söz
açmışkən, sərhəd təhlükəsizliyi
siyasətini də qeyd etmək yerinə düşər.
Azərbaycan düşünürəm ki, olduqca vacib və
gərgin geosiyasi xəritədə yerləşir. Gərgin ona
görə ki, Azərbaycan bir kiçik dövlət kimi
dünyada hegemon sayıla biləcək dövlətlərlə
əhatə olunub və bu dövlətlərin əsas nəzər
mərkəzi məhz Azərbaycandır. Bu
baxımdan cənab İlham Əliyevin yürütdüyü
balanslaşdırılmış siyasəti sərhəd təhlükəsizliyini
özündə birləşdirərək, millli maraqlar
prisipini də özündə əks etdirir.
Enerji təhlükəsizliyi
Dövlətimiz Cənubi Qafqazın yeganə ölkəsidir
ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş
yanacaq energetika infrastrukturuna və özünü tam təmin
edə biləcək sistemə malikdir. Enerji təhlükəsizliyi
dedikdə, bütün ölkələrin, onun vətəndaşlarının,
cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı
vasitəsilə xarici və daxili təhdidlərdən
geosiyasi, xaricdən qaynaqlanan makroiqtisadi xarakterli problemləri,
daxili təhlükəsizliyə isə ölkənin milli
enerji sektoru ilə birbaşa bağlı olan məsələləri
aid edirlər. Azərbaycanın milli enerji
təminatı və təhlükəsizliyi siyasəti
haqqında bir çox rəsmi sənədlər və
qanunlar qəbul olunub. Bunların sırasında
"Energetika haqqında" Azərbaycan Respublikasının
Qanunu, "Alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunmasl üzrə" Dövlət
Proqramını, "2005-2015-ci illərdə ölkənin
yanacaq enerji kompleksinin inkişafı" Dövlət
Proqramını, "Şahdəniz 2" təbii qaz layihəsi
və s. göstərmək olar.
Geoiqtisadi
müstəqillik
Böyük mücadilədən sonra, əldə
etdiyimiz müstəqilliyin ilk illərində Azərbaycanda
sosial-iqtisadi böhran milli iqtisadiyyatımızı iflic vəziyyətə
salmışdı. Bir tərəfdən sosial-siyasi böhran altında
baş verən mitinqlər, müharibə şəraiti,
piketlər, Ali Sovet böhranı, hakimiyyət dəyişiklikləri,
digər tərəfdən də sovet birliyindən qalma
köhnə avadanlıqların dünya standartlarına cavab verməməsi, eyni zamanda bu
avadanlıqların sökülüb metal
qırıntısı kimi satılması sosial-iqtisadi
böhranı şərtləndirən amillərdən hesab
etmək olar. Azərbaycanın iqtisadi müstəqilliyi və
geoiqtisadi maraqlarının təhlükəsizliyinin bəhs
olunan dövr üçün ən uğurlu, səmərəli
və faydali yolu, təbii ki, ABŞ və Avropa Birliyi ölkələri,
Yaponiya, Çin və başqa beynəlxalq güclərlə
transmilli əməkdaşlıqdan keçirdi. Ölkənin
ciddi böhrana düçar edilmiş və dağılmaqda
olan iqtisadiyyatını da o dövrdə yalnız xarici
iqtisadi strukturlarının maliyyə-texniki imkanlarından
istifadə etməklə qaydaya salmaq olardı və elə də
oldu.
İctimai-siyasi,sosial,etnik və insan ehtiyatları
Sabitlik, məsələlərə
yaradıcı yanaşma, demokratik inkişaf, söz
azadlığının qorunması, dini tolerantlılıq,
etnik ayrı-seçkiliyə yol verilməməsi, insan
haqlarının qorunması demokratik inkişaf edən istənilən
dövlətin ayaq üstə durmasının
qarantıdır. Azərbaycan da belə dövlətlər
sırasındadır. Təbiidir ki,
ölkədə xaos yaratmaq arzusunda olanlara həm xaricdən,
həm də daxildən dəstək verən qüvvələr
hər zaman tapılacaq. Xarici qüvvələrin
marağını başa düşmək olar. Onlar Azərbaycanı yanlarında görməklə
yanaşı, həm də zəif görmək istəyirlər.
Bundan sonra isə ictimai rəy dövriyyəyə
buraxılır ki, biz olmasaydıq, Azərbaycan
dağılıb gedərdi. Lakin aparılan
düzgün siyasət yaxın keçmişimizdə baş
verən xaosun, qarışıqlığın,vətəndaş
münaqişəsinin təkrar olunmasına nəinki imkan
vermir, hətta bu sahədə, bu istiqamətin güclənməsində
daha da möhkəm və düzgün addımlar
atılır, qərarlar qəbul edilərək, onların həyata
keçirilməsinə çalışılır.
Azərbaycanda bir sıra etnik xalqların yaşaması
hər birimizə məlumdur və ölkənin milli
maraqları və təhlükəsizliyi üçün də
ən böyük təhdid etnik separatizmdir ki, bu separatizm
xarici qüvvələrin aktiv fəaliyyəti nəticəsində
meydana gəlir. Etnik siyasətinin düzgün aparılması və
etnik mənsubiyyətinə görə heç kimə fərq
qoyulmadan, Azərbaycan Konstitusiyasına əməl etməklə
"hər kəsin bacarığına görə cəmiyyətdə
və dövlət strukturunda yer tutması" prinsipi demək
olar ki, etnik separatizmə son qoydu.
Din məsələsinə
gəlincə isə tolerantlılıq hər bir Azərbaycan
vətəndaşına imkan verir ki, vicdanın səsinə
qulaq asmaqla istədiyi dünyəvi dini qəbul etsin və Azərbaycan
müsəlman aləmində bəlkə də yeganə
dövlətdir ki, sünni və şiələr bir məsciddə
namaz qılır; müsəlman, yəhudi və xrstianlar
bir-birlərinin bayramlarını təbrik edirlər.
Azərbaycan
dövlətinin sərvətlərindən,neft
və qazından qiymətli onun vətəndaşlarıdır,insan
ehtiyatlarının təhlükəsizliyidir və dövlət
bu sahədə durmadan işlər görür.
Ərzaq
təhlükəsizliyi
Ərzaq
təhlükəsizliyi Milli Təhlükəsizlik siyasətində
ən vacib istiqamətlərdən sayılmaqla yanaşı,
millətin sağlamlığını, dövlətin
uğurlu gələcəyini,milli insan
ehtiyatlarının təhlükəsizliyini özündə
cəmləşdirir. Ərzaq təhlükəsizliyi dedikdə
ilk növbədə əhalini keyfiyyətli, GMO-suz (Genetik
Modifikasiya Olunmuş) məhsularla təmin etmək,eyni zamanda
xarici bazardan asılılığı minimuma endirmək,
etibarlı və davamlı daxili və xarici ərzaq təminatı
mexanizmlərini yaradıb onları effektiv şəkildə həyata
keçirmək, qəbul edilmiş beynəlxalq normalara
uyğun olaraq, hər bir vətəndaşı lazımı
və zəruri ərzaq məhsulları ilə təchiz edə
bilməkdir.
Son illərdə nəinki ölkəmizdə, hətta
dünyada təhlükəsiz qida mövzusu olduqca öz
aktuallığını qoruyub saxlayır. Belə ki, son
zamanlar məhsuldarlığın artırılması və
tez inkişafı üçün GMO preparatlardan istifadə
olunur. Bununla da insan həmin ərzaqlardan istifadə
etdikdə aqressivləşir, intihara,cinayətə
meyl salır. Yaxud, Avropada GMO-dan istifadə edərək
elə maddələr hazırlayırlar ki, genetikaya təsir
edərək, nəsilartırmanı aşağı salır
və ya müxtəlif çarəsi olmayan xəstəliklər
meydana gətirir. Məlum məsələdir-kapitalizm
dövrünü yaşayırıq. Təəssüflər
olsun ki, çox zaman kapitalistləri yalnız gəlir mənbəyi
maraqlandırır, bəşəriyyətin sağlam genefondu
yox! Hər halda ölkəmiz də bu cür
xoşagəlməz hallara qarşı digər ölkələrə
qoşularaq qlobal şəkildə mübarizə aparır və
bu istiqamətlə kifayət qədər işlər
görür. Son illərdə görülən işlərə
nəzər salsaq kənd təsərrüfatının, daha
dəqiq desək heyvandarlığın sürətli
inkişafı, meliorasiya sistemlərinin tikintisi,əkin
sahələrinin genişləndirilməsi,su kəmərlərinin
çəkilməsi və s. kimi layihələrin
realizasiyası onu göstərir ki, Azərbaycan
üçün sağlam gələcək ən ali məqsədlərdən
biridir.
Ekoloji təhlükəsizlik
Qida və ekoloji təhlükəsizlik bir-birilə
sıx əlaqəli olsalar da, ekoloji təhlükəsizliyin
problemləri daha öndə və qlobaldır. Azərbaycanın ekoloji təhlükəsizlik
siyasətində əsas məqsəd insan həyatını və
sağlamlığını, cəmiyyəti,onun maddi dəyərlərini,ətraf
mühiti, həmçinin atmosfer havasını,kosmik fəza,su
obyektləri, torpaq, təbii landşaft, bitki və heyvan aləmini
yaranan hər bir hansı təhlükədən qorumaqdır.
Aparılan ekoloji qiymətləndirməyə, nəzər
yertirsək, ekoloji vəziyyətə görə Azərbaycan
180 ölkə arasında 31-ci yerdə müəyyənləşib. Bununla da
reytinq sıralamasına görə Azərbaycan Yaponiya,
Belçika, İsrail kimi dövlətlərdən ön
mövqe tutmuş olub. Eyni zamanda ölkəmiz
Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə
ikinci, MDB məkanı üzrə birinci yerdə qərarlaşıb.
Əldə olunan bu göstəricilər ölkədə
ətraf mühit sahəsində son illərdə baş verən
müsbət dəyişikliklərin çox qısa müddətdə
sürətlə və ciddi şəkildə aparılmasına
dəlalət edir.
Milli təhlükəsizlik
reytinqi
Sözsüz ki, vətəndaşlar dövlətindən,
onun əmin-amanlığından, ona güvənc hissindən,
yaxşı yaşamalarından, o cümlədən yaranan
problemlərin həll olunacağından əmindilərsə,
təbiidir ki, onun milli təhlükəsizlik reytinqi daha da
yüksələcək. Milli maraqlar və ictimai nəzarət
ön plana çıxdıqda isə bu güvənc daha da
artacaq. Diqqətəlayiq haldır ki, dövlət bu
qurumların hər biri ilə xüsusi iş aparır,
onların bəzi tələbatlərını ödəməklə,imkanlarından milli maraqların-milli təhlükəsizliyin
təmin olunması istiqamətində istifadə olunur. Göründüyü kimi, ictimai nəzarətin
effektiv təşkili bir tərəfdən demokratiyaya şəffaflığa
təkan verir, digər tərəfdən isə milli
maraqların və milli təhlükəsizliyin qorunmasında
önəmli rol oynayır.
Aysel Oğuz
Qeyd: Məqalə
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası "SƏLİS Jurnalist" nominasiyası
üzrə yazı müsabiqəsinə təqdim olunur.
Olaylar.- 2019.- 3-4
dekabr. S. 10.