TANAP Azərbaycanın

enerji siyasətinin uğurudur

 

Pərvin Kərimzadə: "Bu layihənin həyata keçirilməsi ölkəmizin qarşısına qoyduğu hədəflərə çatmasına zəmin yaradır"

 

2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan strateji enerji əməkdaşlığına dair memorandum TANAP və TAP layihələrinin reallaşdırılmasına təkan verib. 2012-ci il iyunun 26-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya ediblər. 30 iyun 2013-cü ildə isə TAP layihəsi üzrə beynəlxalq saziş imzalanıb. Beləliklə TAP və Şahdəniz konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edib. Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşir. Trans-Anadolu Qaz Kəməri(TANAP) təkcə Şahdəniz layihəsi çərçivəsində hasil olunan qazı deyil, Azərbaycanın digər yataqlarından (Abşeron, Ümid, Şəfəq-Asiman və.s) hasil edilən təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasiiqtisadi əhəmiyyət daşıyır. 29 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentini Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında imzaladığı  Sərəncamda Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə icra olunmalı tədbirlər öz əksini tapıb. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılması nəzərdə tutulur.  2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. TANAP və TAP layihəsi çərçivəsində Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhəddində təhvil veriləcək. Məlumat üçün qeyd edək ki, artıq cari ilin noyabr ayının 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Millət vəkili Pərvin Kərimzadə qeyd edib ki, noyabr ayının 30-da tək Azərbaycan üçün deyil, həm də Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edən bir hadisə baş verdi. Belə ki,  Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi: "Türkiyə ərazisində 1850 kilometr məsafədə uzanan TANAP Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın növbəti uğurlu olmaqla yanaşı, yeni layihələrə, əməkdaşlıqlara imkan yaratdı, yeni bir nəfəs gətirdi. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, bu gün tarixi gündür. Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakı, Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftlə təmin edilməsində payın 25-30 faiz təşkili müasir Azərbayacan Respublikasının dünyada geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. "Enerjinin İpək yolu" adlandırılan TANAP-ın Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizi əfsanəni həqiqətə çevirib. Dünyanın diqqətini yenidən Azərbaycana yönəldən "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində onun mühüm seqmenti olan TANAP - Trans-Anadolu qaz boru kəməri layihəsi vasitəsi ilə Azərbaycanın təbii qazı qardaş Türkiyənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına qədər gedib çatdı. Azərbaycanın 16 milyard kubmetr təbii qazının 6 milyardı Türkiyə, 10 milyardını isə Avropa istehlakçıları tərəfindən istifadə edilməsi Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi oldu. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxışı zamanı bildirib ki, bu layihə ilə sahib olduğumuz zənginlikləri öz vətəndaşlarımızın, onlarla yanaşı, bütün bölgə xalqlarının, bütün insanlığın xidmətinə verməklə bağlı iradəmizi bir daha ortaya qoyduq". Onun sözlərinə görə, Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsulu olan, geniş beynəlxalq əməkdaşlığı rellaşdıran bu layihənin reallaşması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradıb: "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi ölkəmizin qarşısına qoyduğu hədəflərə çatmasının, dünyada enerji ölkəsi kimi əhəmiyyətinin, durmadan artan nüfuzunun göstəricisidir. Məhz bunu üçün TANAP - Trans-Anadolu qaz boru kəməri layihəsinin açılış mərasimində ölkə Prerzidenti İlham Əliyev TANAP-ın ömrünün uzun olacağını, Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəyini qeyd edib".

 

Nurlan

 

Olaylar.- 2019.- 5-6 dekabr.- S.10.