Nizami Gəncəvinin
türk dilində "Xəmsə"si
təqdim edildi
Dekabrın 6-da Azərbaycan
Milli Kitabxanasında Nizami
Gəncəvinin türk dilinə tərcümə
edilmiş "Xəmsə"sinin təqdimat
mərasimi keçirilib.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, tanınmış mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.
Mədəniyyət naziri Əbülfəz Qarayev Azərbaycan cəmiyyətində kitaba marağın heç vaxt azalmadığını bildirib: "Bu, belə də olmalıdır. 2019-cu ildə Azərbaycanda, eləcə də Milli Kitabxanada kitabla bağlı bir sıra tədbirlər keçirilib. Onlardan biri də 6-cı Bakı Kitab Sərgi Yarmarkası oldu. Sevindirici haldır ki, Azərbaycan kitabı tək bizim oxucular tərəfindən deyil, beynəlxalq aləmdə də tanınır, müxtəlif dillərə tərcümə olunaraq təqdim olunur. Sözsüz ki, bu da dünyada Azərbaycan kitabına marağı artırır. Lakin məqsədimiz fəaliyyəti daha da genişləndirməkdir".
Nazir son illərdə Mədəniyyət Nazirliyi və Türkiyənin nəşriyyatları tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb: "Xüsusilə "Zengin Yayıncılık" nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu nəşriyyat Azərbaycan kitablarının Türkiyədə nəşr edilməsi sahəsində böyük işlər görüb. Son illərdə "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 30 müəllifin kitabı türk dilində çap edilib. Belə nəşrlərdən biri də bu gün təqdimatı keçirilən, Azərbaycan mədəniyyətinin, fəlsəfəsinin zirvəsi Nizami Gəncəvinin əsərləridir. "Xəmsə" Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi çərçivəsində nəşr edilib. "Xəmsə" türk dilinə tərcümə olunaraq Türkiyə oxucuna təqdim edilib. Bu işlərdə əməyi keçmiş hər kəsə təşəkkür edirəm. Mən əminəm ki, Nizaminin ədəbi irsi türk oxucusu tərəfindən yenidən rəğbətlə qarşılanacaq və Azərbaycan xalqının böyük mədəniyyətə malik xalq olduğu bir daha sübuta yetiriləcək".
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə iki qardaş ölkənin xalqlarını bir-birinə bağlayan ən möhkəm bağlardan birinin də mədəniyyət olduğunu qeyd edib: "Türkiyədə klassik ədəbiyyatdan yazarkən Nizaminin, Füzulinin adını çəkməmək mümkün deyil. Biz bu şairlərin mədəniyyətimizin ən dəyərli parçaları olduğunu bilirik. Lakin Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması məqsədi ilə hələ çox işlər görülməlidir. 70 illik Sovet dövrü bu iki xalqı bir-birindən ayırıb. Biz bir-bizimizi daha yaxşı tanımaq, daha da yaxınlaşmaq üçün keçmişimizi dərindən öyrənməliyik. Bu gün təqdimatı keçirilən Nizami Gəncəvinin "Xəmsə"si də bir-birimizi yaxından tanımağa vəsilədir".
Xalq yazıçısı Elçin Nizaminin "Xəmsə"sinin Türkiyədə çap olunmasını böyük mədəniyyət hadisəsi deyil, böyük ictimai hadisə adlandırdı: "Türkiyədə Nizamini böyük şair kimi tanıyırlar, amma Azərbaycan şairi kimi geniş tanımırlar. Nizaminin tanıdılması Azərbaycanın tanıdılması deməkdir. Avropada Nizami Gəncəvinin heykəlinin qarşısında böyük Azərbaycan şairi yazılırsa, bu Azərbaycanın tanıdılması deməkdir. Bu, indiki dövrdə böyük hadisədir. Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəvi geniş tətqiq olunur, haqqında araşdırmalar aparılır, məqalələr yazılır. Burada Mədəniyyət Nazirliyinin xidmətləri böyükdür."
Tərcümə Mərkəzinin sədri, xalq yazıçısı Afaq Məsud çıxışı zamanı bu əlamətdar gün münasibəti ilə Azərbaycan və Türkiyə oxucularını təbrik etdi: "Azərbaycanı dünyaya yalnız söz sərvəti ilə təqdim edə bilərik. Tərcümə Mərkəzi ilə Mədəniyyət Nazirliyi Azərbaycan şairi Nizami Gəncəvinin dünya tanıdılması istiqamətində birgə əməkdaşlıq edə bilər. Tərcümə Mərkəzi Nizami Gəncəvi irsini alman dilində dərc etməyi düşünür. İlk olaraq Türkiyədə dərc olunması uğurlu bir işdir."
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli Mədəniyyət Nazirliyinin Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması layihəsini Azərbaycan-Türk mədəni əlaqələrinin genişlənməsi kimi dəyərləndirdi: "Etiraf edək ki, Azərbaycan müəllifləri Türkiyədə dərc olunur. Amma bu pərakəndə, şəxsi vəsaitlər hesabınadır. Bu işi daha dərindən və sistemli şəkildə etməliyik. Bu gün Türkiyədə dərc olunan kitablar içərisində klassiklərimizin kitablarını görəndə düşündüm ki, bu kitablar vasitəsilə türk oxucuları Azərbaycan ədəbiyyatı haqqında dolğun məlumat alacaqlar. Gələcəkdə dahi yazarlarımız haqqında yazılan elmi məqalələrin, tənqidi yazıların dərc olunmasını arzulayıram. Nizami Gəncəvi Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatında təmsil edən dahi şəxsiyyətdir. Heç kəsə sirr deyil ki, bu gün Nizamiyə sahib çıxmaq istəyən bir neçə ölkə var. Türkiyədə dərc olunan bu "Xəmsə" ilə biz Nizaminin Azərbaycan şairi olduğunu bir daha sübut edirik. Bu işi çox yüksək qiymətləndirirəm. Nizami irsi Türkiyədən başqa, Rusiya və Özbəkistanda da dərc olunub. Bu marafonun Mədəniyyət Nazirliyinin dəstəyi ilə Avropa ölkələrində davam etməsini arzulayıram. Bu gün bu kitabların dərc olunması iki qardaş xalqın böyük ədəbiyyat hadisəsidir".
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov bildirdi ki, bu gün Koreya, Yaponiya və Çində türk dili akademik səviyyədə öyrənilir: "Ona görə də Azərbaycan ədəbiyyatının türk dilində yayımı böyük uğurdu. Formal olaraq Sovet ədəbiyyatı dediyimiz ədəbiyyatı da Türkiyədə tanıtmalıyıq. Nizami Gəncəvi əsərlərinin "Zəngin Yayıncılıq" nəşriyyatında yayımı ədəbiyyat tariximizə olan böyük ehtiramımızdır. İran ədəbiyyatçıları da etiraf edirlər ki, Nizaminin dili fars dili deyil, onun əsərlərindən türk qoxusu gəlir. Nizamişünaslıq Azərbaycanşünaslıq kimi meydana çıxmalıdır. Bu kitablar heç bir komersiya maraqları güdülmədən, ədəbi, mədəni və milli vicdanla dərc olunub."
Şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi 2016-cı ildən həyata keçirilir. Layihə çərçivəsində 30 müəllifin 46 adda kitabı türk dilində çap olunub.
Nigar Adil
Olaylar.- 2019.- 7-9
dekabr.- S.11.