Azərbaycanlıların birlik və həmrəyliyini təmin edən ideologiya

 

Hər bir xalqın milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fenomeninin fövqəladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev milli dövlətçilik düşüncəsini müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurdu. Ümummilli lider milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdi. Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik". Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etdi.

Azərbaycançılıq ideologiyası xalqı öz ətrafında cəmləşdirə bildi

Məlum olduğu kimi Sovet hakimiyyəti dağıldıqdan və Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycan xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşməyə başladı. Etiraf edilməlidir ki, Azərbaycançılıq ideologiyasının müasir dövrümüzdə təşəkkül tapması, inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Heç şübhəsiz ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra xalqın, millətin bir ideologiya ətrafında birləşməsi zəruri idi. Müstəqilliyin ilk illərində mövcud olan başıpozuqluq, qeyri-müəyyənlik, kənar təsirlərin, hətta yad ideologiyaların belə Azərbaycana sirayət etməsinə səbəb olmuşdu. Ancaq 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həmin mənfi, yad təsirləri tədricən kənarlaşdırmağa nail oldu. Ulu öndərin müasir dövrün tələblərinə uyğun olaraq irəli sürdüyü azərbaycançılıq ideologiyası xalqın, millətin bu ideologiya ətrafında toparlanması, cəmlənməsinə vəsilə oldu. 2001-ci ilin noyabr ayında ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının Birinci Quyrultayı isə azərbaycançılıq ideologiyasının daha da geniş yayılması, eyni zamanda xaricdə yaşayan soydaşlarımızın da bu ideologiya ətrafında birləşməsi, fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyətli bir toplantı oldu. Azərbaycançılıq ideologiyasının əsas üstün cəhətlərindən biri ondan ibarətdir ki, bu ideologiya etnik və milli ayrıseçkiliyə qarşıdır, ifrat millətçiliyi qəbul etmir. Ona görə də ölkəmizdə bütün digər xalqların nümayəndələri də azərbaycançılıq ideologiyası ətrafında birləşərək Azərbaycan dövlətində heç bir maneəsiz, qorxusuz yaşayırlar. Eyni zamanda onlar dövlətin, xalqın inkişafına öz töhfələrini verirlər. Sirr deyil ki, Azərbaycan dövlətçilik irsinin araşdırılması və təbliği, öz tarixinə və gələcəyinə, milli və mənəvi dəyərlərinə hörməti özündə əks etdirən azərbaycançılıq ideoliogiyası həm də milli dövlətçilik strategiyamızın təməl prinsiplərini təşkil edir. Ümumilli lider Azərbaycan dövlətinin təməlini qoymaqla yanaşı, həm də  milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi.

Azərbaycançılığın fəlsəfi mahiyyəti

Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru Əlimusa İbrahimov qeyd edib ki, Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur: "Dahi rəhbərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son illərdə müstəqil Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratmış, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirmişdir. Bu strategiya Azərbaycanda milli dövlətçiliyin siyasi, dini və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən formalaşmış demokratik idarəetmə fəlsəfəsini, milli-mənəvi dəyərlərin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar naminə səfərbər edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni iqtisadi inkişaf modelini, bir sözlə, qanunun aliliyini və hakimiyyətlə xalq arasında möhkəm vəhdət yaradılmasının fundamental əsaslarını özündə təcəssüm etdirir. Respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır".

Ə.İbrahimovun sözlərinə görə, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyil. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir: "Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Ulu öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş, dünya azərbaycanlılarının milli birliyi, diaspor və lobbi quruculuğu istiqamətində ardıcıl addımlar atmasına gətirib çıxarmışdır. Ulu öndərin irəli sürdüyü azərbaycançılıq ideologiyası bütün azərbaycanlıları  vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Ulu öndərin siyasi kursunu böyük müdrikliklə davam etdirən Prezident İlham Əliyev onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyatda həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır".

Azərbaycançılıq müasir çağırışlara cavab verən ideologiyaya çevrilib 

Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək azərbaycançılıq ideologiyasının əsas qayəsidir. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Təbii ki, bu dəyərlər sistemi Azərbaycanda demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Azərbaycançılıq ideologiyası həm də vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Məhz bu ideologiya ətrafında birləşmək Azərbaycanda müxtəlif  konfessiyaların dinc yanaşı yaşamasını, ölkədə yaşayan bütün etnosların qardaşlaşmasını, onların Azərbaycanın firavan gələcəyi uğrunda vahid cəbhədə birləşməsini təmin edə bilib. Çünki, Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Daha doğrusu, azərbaycançılıq ideologiyası özündə  bərabərhüquqlu vətəndaşlıq, qarşılıqlı əməkdaşlıq və həmrəylik sisteminin  ideya-nəzəri əsasını birləşdirib. Xatırladaq ki,  azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Məhz bu amil nəzərə alınaraq Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə rəsmiləşən azərbaycançılıq ideologiyası prezident  İlham Əliyevin siyasətində etnik, ideoloji və siyasi-mənəvi standart oldu. Müasir Azərbaycanda  heç bir azərbaycanlı özünü heç bir xalqdan əksik bilmir. Milli qürur hissi sözdə deyil, həm də  işdə, əməldə özünü  göstərir. Bu Ulu Öndər Heydər Əliyevin qürurla söylədiyi "Mən fəxr edirəm ki, azərbaycanlıyam" geniş siyasi fəlsəfəsində və cənab İlham Əliyevin "mən hər bir azərbaycanlının prezidentiyəm" strateji-məntiqi fikrində əks olunur. Qeyd edək ki, milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir. Hazırda çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.

 

Alim Hüseynli

Yazı "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" hazırlanıb.

Olaylar.- 2019.- 7-9 dekabr.- S.12.