Azərbaycanda azad mətbuat inkişaf edir və onun qarşısını heç bir qüvvə ala bilməz

 

Söz və mətbuat azadlığı İnsan haqqlarının mühüm qoludur. Azad sözün və azad mətbuatın mövcud olmadığı məkanda hər hansı demokratik təsisatlardan danışmaq yersizdir. Artıq dünyanın siyasi və ictimai düzümü elə bir səviyyədədir ki, "Azad mətbuat nə üçün lazımdır" sualı öz aktuallığnı tamamilə itirmişdir. Çünki, indi mətbuat hər hansı bir demokratik ölkədə yalnız "dördüncü hakimiyyət" rolunu oynamır. Mətbuat həm cəmiyyətin inkinşaf göstəricisidir.

Azərbaycanda KİV-lə bağlı qanunlar Avropa standartlarına cavab verir. Əslində bu cür qanunların mövcudluğu ölkəmizdə mətbuatla bağlı problemləri arxa plana keçirməlidir. Lakin mətbuat cəmiyyətin bir hissəsi olduğundan, cəmiyyətdəki problemlər özünü mətbuatda da biruzə verir. Azərbaycanda söz azadlığı və mətbuatla bağlı problemlərin yaranmasında fikrimizcə bir neçə amil rol oynayır.

Fikir və ifadə azadlığı fərdin zehnində formalaşmış düşüncələrinin yalnız o istədiyi təqdirdə başqaları tərəfindən bilinməsi aktının əsasıdır. Bu anlayışa hələ qədim zamanlardan müxtəlif filosofların, sosioloqların fərqli yanaşmaları olub. Ümumiyyətlə, tədqiqatçılar fikir azadlığının araşdırılmasında dörd mərhələ müəyyən ediblər: klassik, orta əsrlər, müasir və ən müasir dövr. Klassik dövrün Platon, Aristotel kimi filosofları azadlıq anlayışının fəlsəfi yönlərini qabardıblar. Platon ifadə azadlığının fərdin intellektual imkanları ilə müəyyənləşdiyini vurğulayıb. Onun fikrincə, hər bir şəxs məxsus olduğu sosial təbəqənin ümumi rifahı naminə sahib olduğu potensial qədər azaddır. Aristotel isə kişi, qadın və uşaqlardan təşkil olunan cəmiyyətdə azad davranmağa layiq fərd kimi yalnız kişiləri görürdü.

İfadə azadlığı XVI əsrdə Reformasiya dönəminin məhsuludur. Hakim dairələrdən fərqli düşünən və müxalif fikirlərini ifadə etmək haqqı qazananlar protestant hərəkata mənsub şəxslər idi. Bu baxımdan ifadə azadlığı anlayışının müasir hüquqi aspektlərinin formalaşmasını protestant hərəkatla əlaqələndirirlər. 1689-cu ildə İngiltərə parlamentinin qəbul etdiyi "Hüquqlar haqqında bill" ilə əslində fikir və söz azadlığına ilk dəfə hüquqi qiymət verilmiş oldu.

Sonrakı dövrlərdə cəmiyyətin inkişaf etməsi ilə azadlıq anlayışına yanaşmalar da dəyişir. Fikir azadlığının ən qızğın tərəfdarlarından olan ingilis filosofu Con Stüart Millin düşüncələri müvafiq mövzunun mahiyyətini dərk etməyə kömək edir. O, söz azadlığını insan hüquqlarının ayrılmaz hissəsi və özünüidarə məfhumunun əsası kimi görürdü. Hesab edirdi ki, fikrin azad şəkildə ifadə edilməsi aktı yalnız mülayim olduğu və ədalətli müzakirənin sərhədlərini keçmədiyi təqdirdə yolveriləndir. Mill hər hansı şəxsin ifadə azadlığının digərlərinə zərər verəcəyi halda məhdudlaşdırılmasına da haqq verirdi. Fikir azadlığının siyasi rejimlər çərçivəsində təhlili zamanı filosof bildirir ki, demokratik quruluşlarda sivil cəmiyyətin hər bir üzvünü idarə etməyin ən düzgün yolu ifadə azadlığına imkan yaratmaqdır. Bu cür sistemlərdə öz düşüncələrini sərbəst şəkildə irəli sürənlər dövlət tərəfindən qorunur. Müasir dövrün fikir azadlığı konsepsiyasında isə fransız filosof Jan-Pol Sartrın yanaşması maraq doğurur. O, insanın mütləq azadlığı ideyasını irəli sürür və azadlıq anlayışını ruhun azadlığı kimi deyil, şəxsin seçim etmək, qərar qəbul etmək sərbəstliyi kimi dəyərləndirir.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, ictimai-siyasi sabitliyin bərqərar olması, sosial-iqtisadi problemlərin həlli istiqamətində atılan addımlar ölkəmizdə söz və mətbuat azadlığının müdafiəsi, cəmiyyət həyatına digər demokratik dəyərlər kimi fikir plüralizminin də daxil olması üçün əsaslı zəmin formalaşdırdı.

Həmin dövrdən etibarən ölkəmizdə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində əməli tədbirlər həyata keçirildi.

Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olundu. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.

Azərbaycan Avratlantik məkana inteqrasiya olunduqdan sonra söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiyalara və sazişlərə də qoşuldu. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı. Bu fərman Azərbaycanda mətbuatın sürətli inkişafına ciddi təkan verdi və cəmiyyət həyatında KİV-in səmərəli rolunun artırılması sahəsində böyük rol oynadı.

Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi istiqamətində verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. O, mətbuatda sərt, ziddiyyətli meyilləri duyan kimi dərhal buna reaksiya verir, KİV nümayəndələri ilə görüşür, onlarla canlı dialoq keçirirdi.

Prezident İlham Əliyev redaksiyaların və jurnalistlərin maddi durumunu yaxşılaşdırmaq məqsədilə mühüm addımlar atmışdır. Ölkə başçısı 31 iyul 2008-ci ildə imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam bu baxımdan əhəmiyyətli sənəd oldu. Konsepsiyaya müvafiq olaraq 3 aprel 2009-cu ildə dövlət başçısı tərəfindən imzalanan digər sənəd - "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncam ölkəmizdə müstəqil mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Mətbuatın inkişafına hərtərəfli dəstək verən dövlət başçısı qarşıya qoyduğu məqsədin "dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi" olduğunu bildirmişdir. Ölkə başçısının sərəncamı ilə dövlət orqanlarından, kütləvi inflormasiya vasitələrindən və jurnalist təşkilatlarından hər birindən 3 nəfər olmaqla 9 nəfər müəyyənləşdirilərək KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası yaradıldı. Fond səmərəli fəaliyyəti ilə KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına kömək göstərməkdədir.

Bütün bunlar bir daha sübut edir ki, bu gün Azərbaycanda azad mətbuat inkişaf edir və onun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu, sosial sifarişə, ən əsası isə Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Həmin sənəd əsasında 2009-cu il aprelin 3-də "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" dövlət başçımızın fərmanı bu istiqamətdə atılmış mütərəqqi addımlardan biridir. Həmin fondun əsas məqsədi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasının, o cümlədən mediada çalışan jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 7-9 dekabr.- S.15.