Özbəkistanda poeziya axşamı keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il "Nəsimi ili" elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə il ərzində dahi şairin yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Məndə sığar iki cahan" adlı şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi, habelə "Canımı qıldım fəda..." adlı təntənəli poeziya axşamı keçirilib.
Olaylar.az bildirir ki, tədbir çərçivəsində ilk öncə Mədəniyyət Mərkəzinin sərgi salonunda "Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda" adlı sərginin açılışı olub. Sərgidə Nəsimi yaradıcılığına dair çoxsaylı foto, rəsm və əlyazmalar nümayiş etdirilib.
Daha sonra Mərkəzin zalında giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov "Nəsimi ili" ilə əlaqədar Özbəkistanda keçirilən tədbirlər, həyata keçirilən layihələr haqqında məlumat verib, dahi şairin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə "Nəsimi ili" elan edilməsinin ədəbiyyat tariximizdə böyük hadisə olduğunu söyləyib.
O, bu münasibətlə cari ilin may ayında Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda "Məndə sığar iki cahan" adlı şeir müsabiqəsinin elan edildiyini və müsabiqəyə hər iki ölkədən Nəsimi yaradıcılığı, şairin dəst-xəttinə yaxın şeirlər toplanmış və Daşkənddə kitab halında çap edildiyini bildirib.
Tədbirdə çıxış edən Özbəkistan Yazıçılar Birliyinin üzvü, tanınmış alim Atxanbek Olimbekov Nəsiminin Özbək ədəbiyyatına təsiri, Özbəkistanda Nəsimi ədəbiyyat günləri çərçivəsində şairin əsərlərinin Özbək dilinə tərcüməsinin həyata keçirilməsi barədə fikirlərini bölüşüb.
Çıxış edən digər natiqlər - Azərbaycan Milli Elmlər Akademiyasının alimləri Kərimulla Məmmədzadə, Səadət Şıxıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Fərid Hüseyn Özbəkistanda Nəsimi irsinə dair tədbirlərin əhəmiyyətindən danışaraq Nəsiminin Özbək şairlərinə təsiri, xalqlarımız arasında ədəbi əlaqələr barədə məlumat veriblər.
Sonra "Məndə sığar iki cahan" adlı şeir müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi başlayıb.
Azərbaycan və Özbəkistandan müsabiqəyə təqdim olunan şeirlərin müəlliflərinə Azərbaycanın Özbəkistandakı Səfirliyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomları, pul mükafatları təqdim edilib.
Müsabiqənin birinci mükafatı Azərbaycanın İsmayıllı rayonunun Diyallı kənd müəllimi, şair Oktay İsmayıllıya, Özbəkistandan Namanqan Vilayəti Kasansoy rayonundan Özbək şair Mühiddin Amədə təqdim edilib. Tədbirdə qalib şeirlər müəlliflərin öz dili ilə səsləndirilib.
Nəsimi Poeziya axşamında Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyası təqdim edilib. Qeyd edək ki, "Şur" muğamından istifadə olunan və Azərbaycan xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivinin ifası ilə səsləndirilən ifa tamaşaçıların marağna səbəb olmuş və onların çoxsaylı alqışları ilə müşaiyət olunub. Sami Yusuf, Azərbaycanın əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın ifasında təqdim olunan kompozisiyadan sonra bədii proqramla davam edib.
Olaylar.- 2019.- 10-11
dekabr. S. 11.